Prezident İlham
Əliyev Quba Soyqırımı Memorial
Kompleksinin açılışında iştirak etmişdir
Prezident
İlham Əliyevin Quba rayonuna səfəri
Sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksinin açılışında iştirak etmişdir.
Son dövrlərdə Azərbaycan həqiqətlərinin dünyada yayılması istiqamətində görülən işlərin miqyası daha da artmışdır. Bu işdə Azərbaycan dövləti ilə yanaşı, Heydər Əliyev Fondu da çox mühüm və tarixi işlər görür. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi fond istər ölkədən kənarda, istərsə də respublikamızda bu istiqamətdə çox vacib layihələr reallaşdırır. Heydər Əliyev Fondunun dəstəyi ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılması fondun bu məsələyə nə dərəcədə həssas yanaşdığını nümayiş etdirir. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilmişdir. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə "Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı" təsdiq edilmiş, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınmışdır. 2007-ci ilin iyulundan etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işlərinə başlanılmış, 2008-ci ilin sentyabrında isə tədqiqat işləri başa çatdırılmışdır. Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilmişdir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə kompleksin məlumat mərkəzində yaradılmış şəraitlə tanış oldular.
Dövlət başçısı və xanımı burada kompleksin sxemini əks etdirən stendlərə baxdılar.
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov məlumat verdi ki, kompleksdəki bütün bölmələr və eksponatların yanında quraşdırılan xüsusi audio bələdçi qurğuları vasitəsilə ingilis, rus və Azərbaycan dillərində ətraflı məlumat almaq mümkündür.
Kompleksin ekspozisiya zalı ilə tanışlıq zamanı diqqətə çatdırıldı ki, aşkar olunmuş kütləvi məzarlığın ümumi sahəsi 514 kvadratmetrdir. Onun 494 kvadratmetrlik hissəsində tədqiqat işləri aparılsa da, 20 kvadratmetr ərazi beynəlxalq tədqiqat işləri üçün saxlanılmışdır. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilmişdir. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir. Müəyyən edilmişdir ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılmışdır.
Bildirildi ki, kütləvi məzarlığın yerləşdiyi ərazini sel sularından qorumaq məqsədilə Qudyalçayın məcrasında uzunluğu 400 metr olan qoruyucu beton bənd inşa olunmuşdur. Ötən əsrin əvvəllərində bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri soyqırımı siyasəti nəticəsində Bakı, Quba, Şamaxı, Göyçay, Cavad, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə on minlərlə günahsız azərbaycanlı qətlə yetirilmişdir. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilmişdir.
Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli sərəncamı ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılmasına başlanılmışdır. Kompleksin 3,5 hektarlıq ərazisində geniş quruculuq işləri görülmüşdür. Quba Soyqırımı Memorial Kompleksində rəmzi məzarlıq sahəsi yaradılmışdır. Qalereyada yaradılan inzibati binanın tikinti sahəsi 320 kvadratmetrdir. Burada zəngin kitab fondu ilə təchiz olunmuş kitabxana, arxiv və digər inzibati otaqlar vardır.
Diqqətə çatdırıldı ki, kompleksin tərtibatı orijinallığı ilə seçilir. Buradakı abidə üç hissədən - sivri uclu bıçaqları xatırladan iki konstruksiya, eləcə də ortada xatirə daşı yerləşən əsas zaldan ibarətdir.
Abidənin iti ucları ürəkləri parçalayan şiddətli ağrıları təcəssüm etdirir. İti ucların yerin altından çıxması isə həqiqəti gizlətməyin mümkün olmadığını göstərir. Abidə bütövlükdə brutto-betondan hazırlanmışdır. Memarlar soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq matəm sükutunu təcəssüm etdirməyə çalışmışlar. Soyqırımı qurbanlarının xatirəsinə matəm sükutunu təcəssüm etdirmək məqsədilə layihədə hər hansı bəzəkdən istifadə olunmamışdır.
Azərbaycan Prezidentinə və xanımına memorial kompleksin ikinci mərhələsi barədə də məlumat verildi.
Dövlət başçısı soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad etdi, kompleksin önünə əklil qoydu.
Sonra Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva kompleksin muzeyindəki eksponatlarla tanış oldular.
Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar vardır. Buradakı xüsusi bölmədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, bununla bağlı maraqlı fotolar yer almışdır. Kompleksdə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımıları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür. Burada ümummilli lider Heydər Əliyevin azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasətinin ifşa olunaraq dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlər, bunun üçün imzaladığı sərəncamların nümayiş etdirildiyi guşə də yaradılmışdır. Həmçinin Quba, Cavad, Göyçay, Şamaxı və Bakı qəzaları barədə məlumatların və bu qəzalarda ermənilərin törətdikləri vəhşiliklər haqqında dolğun məlumatlar vardır. Bu guşələrə həm də qəzaların əhalisi, müdafiəçiləri, müsəlman qırğınları üzrə Fövqəladə Təhqiqat Komissiyasının məlumatları, sənədləri, Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin sənədləri sərgilənir. Kompleksdə kütləvi məzarlığın fotoları, məzarlıq ərazisində tapılan soyuq silah və digər əşyalar da vardır. Burada həmçinin Azərbaycan, İran, Böyük Britaniya və digər ölkələrin ictimai, siyasi, dövlət və hərbi xadimlərinin ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı barədə fikirləri yer almışdır. Qafqaz İslam Ordusunun və Azərbaycan hərbçilərinin fotoları da maraq doğurur. Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı zamanı qətlə yetirilənlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində Heydər Əliyev Fondunun atdığı bu addım tarixi əhəmiyyəti ilə seçilir.
Komplekslə tanışlıqdan sonra dövlət başçısı burada Quba rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Dövlət başçısı mərasimdə çıxış etdi.
AzərTAc
Azərbaycan.-2013.- 19 sentyabr.- S.1.