Prezident İlham
Əliyev Quba Soyqırımı Memorial Kompleksinin
açılışında iştirak etmişdir
Prezident İlham
Əliyevin çıxışı
- Bu gün biz Quba Soyqırımı Memorial Kompleksinin açılışına toplaşmışıq. 1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir. Bu memorial kompleksin yaradılması hesab edirəm ki, tarixi hadisədir. Bildiyiniz kimi, 2007-ci ildə burada qazıntı işləri aparılarkən kütləvi məzarlıq aşkarlanmışdır. Ondan sonra buraya alimlər, ekspertlər ezam edilmişdir və böyük tədqiqat işləri aparılmışdır. Tədqiqat işlərinin aparılması nəticəsində aşkar edilmişdir ki, burada minlərlə soydaşımız erməni quldur dəstələri tərəfindən amansızlıqla, qəddarlıqla öldürülmüşdür. 2009-cu ilin sonunda mənim tərəfimdən Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasına dair sərəncam imzalanmışdır və 2011-ci ildən işlər başlanmışdır. Bu gün biz memorial kompleksin açılışını edirik.
Deyə bilərəm ki, Azərbaycanda ilk dəfə olaraq belə memorial kompleks yaradılır. Kompleksin tərtibatı çox təsirlidir, memarlığı çox böyük rəmzi məna daşıyır. Bir sözlə, burada nümayiş etdirilən eksponatlar bizim tariximizi göstərir. Eyni zamanda, memorial kompleksdə yaradılmış ekspozisiya çox böyük məna daşıyır. Kompleksin girişində Quba qəzasının dinc vaxtları öz əksini tapır. Ailələr, vətəndaşlar dinc həyat sürürlər. Ondan sonra qanlı günlər, dinc əhaliyə qarşı törədilən vəhşilik əks olunur. Ekspozisiyanın sonunda hesab edirəm ki, çox düzgün tərtibat nəticəsində insanlar buradan nikbin əhval-ruhiyyə ilə ayrılır. Çünki Bakının erməni quldur dəstələrindən azad edilməsi elə bil ki, ekspozisiyanın son nöqtəsidir.
Burada həlak olmuş insanlar müxtəlif dinlərin, müxtəlif millətlərin nümayəndələridir. Onların ermənilər üçün bir günahı var idi ki, onlar erməni millətindən deyildilər.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən xüsusi tədqiqat komissiyası yaradılmışdır. Komissiya işə başlamışdır, ancaq 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən sonra bu komissiya təbii ki, öz işini dayandırmışdır və komissiyanın fəaliyyəti natamam olmuşdur. Eyni zamanda, o vaxt əlbəttə ki, bu faciə, bu qırğın haqqında dünyaya məlumat çatdırmaq üçün bizim imkanlarımız çox məhdud idi.
Memorial kompleksin ekspozisiyasında ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı sərəncam da öz əksini tapır - Azərbaycanlıların soyqırımı sərəncamı. Orada göstərilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə komissiya yaradılmışdır və komissiyanın görə bilmədiyi işləri artıq müstəqil Azərbaycan dövləti tamamlayır. İlk dəfə olaraq 1998-ci ildə bu soyqırımına hüquqi və siyasi qiymət verilmişdir.
Sovet dövründə təbii ki, tarix təhrif edildiyi üçün bu həqiqətlər bizdən gizlədilirdi. Uzun illər Azərbaycan xalqının qanını axıdan quldurlar - onların da mənfur adları orada göstərilir, - Şaumyan və onun kimiləri bizə qəhrəmanlar kimi təqdim edilirdi. Hesab edirəm ki, bu, böyük faciədir. Çünki uzun illər xalqımıza qarşı amansızlıqla vəhşilik törədən ünsürlər sovet tarixində qəhrəman kimi təqdim edilirdi, onların şərəfinə abidələr ucaldılırdı. Yalnız müstəqillik dövründə biz həqiqi ədaləti bərpa etdik. Gözəl şəhərimizi, Bakımızı o abidələrdən təmizlədik və bu gün o yerlərdə gözəl parklar, o cümlədən Sahil parkı yaradılıbdır. Yəni, tarix, ədalət zəfər çaldı. Biz bu gün öz tariximizə qayıdırıq. Tarixin bütün məqamlarını bilirik, bilməliyik. Gənc nəsil də bilməlidir ki, xalqımız keçmişdə hansı fəlakətlərlə üz-üzə qalmışdır. Erməni faşizminə o vaxt düzgün qiymət verilmədiyi üçün sonra tarixin müxtəlif dövrlərində erməni faşizmi öz yırtıcı sifətini nümayiş etdirmişdir.
İkinci Dünya müharibəsi zamanı Hitlerin sərəncamında olan, ona qulluq edən erməni quldurları Ermənistanda qəhrəman kimi qəbul edilir, onların şərəfinə abidələr ucaldılır. Bu, onu göstərir ki, müasir Ermənistan dövlətinin ideologiyası da faşizm üzərində qurulmuşdur. Hesab edirəm ki, erməni faşizmi Azərbaycan alimləri tərəfindən daha geniş şəkildə tədqiq edilməlidir. Hesab edirəm ki, tarixi paralellər əsasında çox böyük əsərlər yaradılmalıdır. Şadam ki, son illərdə, o cümlədən mənim təşəbbüsümlə alimlərimiz İrəvan xanlığı, bizim tarixi torpaqlarımız haqqında kifayət qədər dolğun və məzmunlu əsərlər yaratmışlar. Biz bu tarixi gənc nəsillərə də çatdırırıq. Məsələn, İrəvanın Ermənistanın paytaxtı elan olunmasının tarixi hesab edirəm ki, bir çoxlarına bəlli deyildi. Biz bu məsələni qaldıranda, tarixi faktlar əsasında bu məsələyə diqqət yetirəndə, artıq bunu həm Azərbaycanda hər kəs bilir, dünyada da bilirlər ki, İrəvanın Ermənistan dövlətinin paytaxtı elan edilməsi Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən verilmiş qərar əsasında olmuşdur. Ona görə, hesab edirəm ki, tarixi həqiqətləri əks etdirən böyük elmi əsərlər yaradılmalıdır. Onların bir hissəsi artıq yaradılıbdır. Ancaq hesab edirəm ki, bu məsələyə daha da ciddi diqqət verməliyik. Ermənilərin bizim tarixi torpaqlarımıza köçürülməsi məsələləri hesab edirəm ki, Azərbaycan elmində kifayət qədər işıqlandırılmayıb. Biz hamımız yaxşı bilirik ki, Azərbaycanın ayrılmaz torpağı olan Dağlıq Qarabağa ermənilər XIX əsrin birinci yarısında Şərqi Anadoludan və İrandan köçürülmüşdür. Onlar orada məskən salmışdır və ondan sonra dinc Azərbaycan əhalisinə qarşı öz təxribatlarını başlamışlar. Yəni, bu tarixi paralel, ondan sonra Bakı soyqırımı, Quba soyqırımı İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməli və gözəl əsərlər yaradılmalıdır.
Dediyim kimi, erməni faşizmi özünü bir daha 1980-ci illərin sonlarında - 1990-cı illərin əvvəllərində göstərmişdir. Biz o tarixi də yaxşı xatırlayırıq. Çünki ulu öndər Heydər Əliyevin sovet hakimiyyətinin rəhbərliyindən uzaqlaşdırılmasından iki həftə sonra erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi haqqında məsələ qaldırmışlar. O vaxtkı sovet rəhbərliyi, ilk növbədə o vaxtkı rəhbər Qorbaçov və onun ətrafında olan erməni millətçiləri Azərbaycan xalqına qarşı böyük cinayətlər törətmişlər. Qanlı Yanvar hadisələri bilavasitə Qorbaçovun əməlləridir. Ondan əvvəl və ondan sonra xalqımıza qarşı törədilən cinayətlər artıq tarixdə kifayət qədər öyrənilibdir. O vaxt Heydər Əliyev amili ermənilərin əl-qolunu bağlamışdı. Sovet dövründə - 1969-cu ilə qədər ermənilər dəfələrlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə əlaqədar sovet hökumətinə müraciətlər etmişlər. Hətta rəsmi səviyyədə müraciətlər etmişlər. Ancaq Heydər Əliyevin qətiyyəti və çox ciddi etirazı buna imkan verməmişdir. Ondan sonra Heydər Əliyevin sovet hakimiyyətində fəaliyyəti dövrü başlamışdır. O vaxt da əlbəttə ki, ermənilərin təxribat etmək üçün heç bir imkanları olmamışdır. 1987-ci ilin noyabrında - ulu öndər Heydər Əliyev vəzifədən gedəndən iki həftə sonra bu məsələ qaldırıldı və demək olar ki, o vaxtdan azərbaycanlılara qarşı növbəti soyqırımı prosesi başladı. Təxribatlar törədildi, sovet və dünya mətbuatında bu məsələ ilə bağlı yanlış və təhrif edilmiş rəy yaradıldı. Nəticədə 1992-ci ildə Xocalı soyqırımı törədildi. Xocalı soyqırımını törədənlər bu gün Ermənistan rəhbərliyində təmsil olunan adamlardır. Bu faciə dünyanın gözü qabağında baş vermişdir. Yəni, biz bunu "erməni soyqırımı" mifi kimi heç bir əsası olmayan mifologiya əsasında deyil, real faktlar əsasında görürük. Videomateriallar, fotoşəkillər, canlı şahidlərin ifadələri - bütün bunlar həqiqətdir və reallıqdır. Ancaq nədənsə bəziləri bunu görmək istəmir, bəziləri bu günə qədər də erməniləri qurban kimi təqdim etmək istəyirlər. Əlbəttə ki, bunun səbəbi vardır. Dünyada fəaliyyət göstərən erməni lobbisi və onun nəzarəti altında olan bəzi riyakar və rüşvətxor siyasətçilər tarixi tamamilə təhrif edərək bütün günahı Azərbaycanın üzərinə qoymağa çalışırlar. Bu ədalətsizlik bu günə qədər də davam edir. Xocalı soyqırımı zamanı 613 günahsız insan ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir. Əgər burada uyuyan soydaşlarımız soyuq silahlarla və küt alətlərlə öldürülmüşlərsə, Xocalıda artıq soydaşlarımız avtomatlarla, qumbaralarla öldürülmüşdür. Yüzlərlə insan itkin düşmüşdür. Xocalıda ermənilər tərəfindən 63 uşaq, 106 qadın öldürülmüşdür. Bu, misli görünməmiş vəhşilikdir.
Bu gün Azərbaycan dövləti və Azərbaycanda fəaliyyət göstərən ictimai qurumlar, ilk növbədə Heydər Əliyev Fondu Xocalı soyqırımının dünyada soyqırımı kimi tanıdılmasında çox böyük işlər görür. Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasında da Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə vurğulamaq istəyirəm. "Xocalıya ədalət!" kampaniyasının başlanması və uğurla davam etdirilməsində də Heydər Əliyev Fondu, bizim diaspor təşkilatlarımız və əlbəttə ki, Azərbaycan dövləti bir nöqtəyə vurur və artıq tədricən istədiyimizə nail oluruq. Artıq bir neçə ölkə rəsmi qaydada Xocalı soyqırımını soyqırımı kimi tanıyıb və bu proses davam etdirilir.
Gələcəkdə bu faciələrdən sığortalanmaq üçün erməni faşizminə dünya miqyasında mütləq layiqli qiymət verilməlidir. Ancaq əfsuslar olsun ki, ədalətsizlik bu günə qədər davam edir. Mən xatırlayıram ki, Azərbaycan zabitini - Ramil Səfərovu Vətənə qayıtdığına və azadlığa buraxdığıma görə mənə qarşı nə qədər əsassız ittihamlar səsləndi, nə qədər riyakar xarici siyasətçilər mənə qarşı hücumlar etdilər. Hətta Avropa Parlamenti bu məsələ ilə bağlı qətnamə qəbul etmişdir və mənim addımlarımı pisləmişdir. Mən bu gün də tam qətiyyətlə deyə bilərəm ki, Azərbaycan öz zabitini Vətənə qaytarmışdır, azadlığa buraxmışdır və ədaləti bərpa etmişdir. Ancaq baxın görün, buna görə dünya mətbuatında, müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycana qarşı nə qədər əsassız hücumlar edilmişdi.
Əlbəttə ki, bu hücumların
heç bir təsiri ola bilməzdi. Çünki Azərbaycan
dövlətinin iradəsinə, qərarlarına heç bir
qüvvə təsir edə bilməz. Biz ədaləti bərpa
etmişik və bundan sonra da öz siyasətimizdən dönməyəcəyik.
Ancaq nə üçün bu məsələ ilə
bağlı öz səslərini ucaldanlar bu gün Ermənistanda
faşistlərə qoyulan abidələri görmürlər?
Nə üçün terror aktları, o cümlədən
Avropa ölkələrində bu aktları törədən
erməni terrorçuları sərbəst buraxılır və
Ermənistana qaytarılır, orada isə onlara qəhrəman
kimi münasibət göstərilir? Nə üçün
bunu görmürlər? Bu ədalətsizlik nə vaxta qədər
davam edəcək? Bu işğal nə vaxta qədər davam
edəcək? Beynəlxalq birlik tərəfindən tanınan
torpaqlarımız artıq 20 ilə yaxındır ki,
işğal altındadır. Dağlıq Qarabağ Azərbaycanın
əzəli, tarixi torpağıdır. Azərbaycan BMT-yə
üzv olarkən vahid dövlət kimi üzv olmuşdur.
Heç bir dövlət bizim ərazi
bütövlüyümüzü şübhə altına
almır. Nə üçün BMT Təhlükəsizlik
Şurasının dörd qətnaməsi icra edilmir? Bütün bu
suallar cavabsız qalır. Biz bu suallara
cavabları bilirik. Bu məsələnin həll
olunmamasının səbəblərini bilirik və bunu
açıq ifadə edirik. Ancaq bu suallar
havada qalmamalıdır, bu ədalətsizliyə son
qoyulmalıdır.
Bizim torpaqlarımız işğal altındadır,
tarixi abidələrimiz, məscidlərimiz
dağıdılıb, muzeylərimiz talan olunub, bütün
şəhərlər yerlə-yeksan edilib. Bu memorial
kompleksdə Şamaxının görüntüləri əks
olunub. Burada Şamaxı məscidinin - qədim
müsəlman aləmində ən qədim məscidlərdən
biri olan Şamaxı məscidinin
yarıdağılmış vəziyyətdə olan şəkilləri
göstərilir. Biz bu ilin may ayında Şamaxı
Cümə məscidini yenidən bərpa etdik, 743-cü ildə
tikilmişdir. Bu məscid bu gün yenidən
dindarların üzünə açılmışdır.
Soyqırımı törədildi, bütün
tarixi abidələr dağıdıldı. Bax, Şamaxının bu memorial kompleksdə əks
olunan dağılmış vəziyyətdə olan şəkilləri
bu gün yenə də təkrarlanır. Bu gün
Ağdam, Füzuli, Şuşa belə vəziyyətdədir
və bunu edənlər ermənilərdir. Bunu
edənlər bu gün özlərini mədəni millət
kimi təqdim etmək istəyirlər. Ancaq bunu edənin
bir adı var - vəhşi! Başqa ad ola
bilməz.
Əfsuslar olsun ki, beynəlxalq hüquq normaları
işləmir.
Beynəlxalq təşkilatların qərarları
kağızda qalır, ədalətsizlik davam edir. Belə olan halda əlbəttə ki, güclənən
Azərbaycan dövləti yalnız öz gücünə
güvənməlidir və öz gücünə güvənir.
Necə ki, bu memorial kompleksin son ekspozisiyasında əks
olunduğu kimi, 95 il bundan əvvəl
Qafqaz İslam Ordusunun fəaliyyəti və yerli qüvvələrlə
birlikdə aparılan döyüşlər nəticəsində
Bakı ermənilərdən təmizləndi. Gün
gələcək əgər beynəlxalq hüquq normaları
bərpa olunmazsa və Ermənistan öz
işğalçı siyasətini davam etdirərsə ordumuz
son sözünü deyəcəkdir. Bunu
etmək üçün bu gün bizim gücümüz
vardır.
Bu gün Azərbaycan ordusu bu bölgənin - Cənubi
Qafqazın ən güclü ordusudur. Bu gün Azərbaycan
müstəqillik illərində bizim üçün yaradılan
imkandan tam şəkildə istifadə edibdir. Əgər müstəqillik qazanılanda Ermənistan
ilə Azərbaycan arasında iqtisadi və hərbi sahədə
paritet var idisə, artıq bu paritetdən çoxdan əsər-əlamət
qalmayıbdır. Son 10 il ərzində
böyük bir yol keçmişik. On il bundan
əvvəl Azərbaycanın və Ermənistanın dövlət
büdcələri təxminən eyni səviyyədə idi. Bu gün bizim dövlət büdcəmiz Ermənistandakından
təxminən 10 dəfə çoxdur. Bizim
təkcə hərbi məsələlərə xərclədiyimiz
vəsait Ermənistanın bütün dövlət büdcəsindən
təxminən 30-50 faiz artıqdır. Yəni,
biz bütün başqa parametrlər üzrə böyük
üstünlük əldə etmişik - iqtisadi sahədə,
siyasi sahədə, dünya birliyində
oynadığımız rol baxımından. Bu gün Azərbaycan BMT Təhlükəsizlik
Şurasının üzvüdür və dünya tərəfindən
böyük dəstəyə malikdir. Bu
gün biz artıq fəzaya çıxmışıq.
Bizim peykimiz vardır. Bizim
iqtisadi inkişafımız çox sürətlidir, o
cümlədən bax, bu zonada - Quba-Qusar zonasında son illərdə
çox böyük işlər
görülmüşdür. Şəhərlər,
kəndlər abadlaşır, investisiya qoyulur. Bizim demoqrafik vəziyyətimiz çox müsbətdir.
Artıq 9 milyon yarıma yaxın əhalimiz
vardır.
Yəni, bütün bu amillər bizim
gücümüzü təsdiqləyir və
düşünülmüş siyasətin nəticəsidir. Ermənistan
isə artıq öz hərəkətləri və bəyanatları
ilə açıq şəkildə etiraf edir ki, öz təhlükəsizliyini
öz gücünə təmin edə bilmir. Biz bunu çoxdan bilirdik. Hesab
edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə məşğul olan bütün tərəflər
bunu bilir. Ancaq bu gün Ermənistan məcburdur
ki, özü bunu etiraf etsin. Bizim qarşımızda
nə qədər aciz, nə qədər gücsüz
olduğunu, qorxu içində yaşadığını
etiraf etsin. Mən bir dəfə demişəm
ki, erməni xalqı bizdən qorxmamalıdır, öz rəhbərliyindən
qorxmalıdır. Qaniçən,
yırtıcı, quldur, cəllad rəhbərliyindən
qorxmalıdır ki, bu gün onlar öz xalqına divan
tuturlar, öz xalqını gülləbaran edirlər. İndiki Ermənistan rəhbərliyi nə qədər
çox hakimiyyətdə qalsa, Ermənistan bir o qədər
də tez tamamilə çökəcək və tarixi ədalət
bərpa ediləcəkdir. Mən tam əminəm
ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa
edəcəkdir. Bütün amillər -
güclərin nisbəti, beynəlxalq, iqtisadi-hərbi amillər
bunu göstərir. Sadəcə olaraq, vaxt
gedir. Sadəcə olaraq biz istəyirik ki,
bu, tezliklə olsun. Ancaq bu, hərtərəfli
və tam şəkildə olmalıdır. Azərbaycanın ərazi bütövlüyü tam
şəkildə bərpa edilməlidir, Şuşada, Xankəndidə
Azərbaycanın dövlət bayrağı
qaldırılmalıdır və gələcəkdə azərbaycanlılar
bütün tarixi torpaqlarında yaşamalıdırlar.
Bizim tarixi torpaqlarımız İrəvan
xanlığıdır, Göyçə, Zəngəzur
mahallarıdır. Vaxt gələcək
biz orada da yaşayacağıq. Mən buna
inanıram, buna əminəm. Buna nail
olmaq üçün hər birimiz öz səylərimizi
qoymalıyıq, hər birimiz öz işimizlə o müqəddəs
günü yaxınlaşdırmalıyıq.
Bu gün tarixi gündür. Bir daha demək istəyirəm
ki, Quba Soyqırımı Abidə-Memorial Kompleksinin
yaradılması tarixi məna daşıyır. İlk dəfə olaraq Azərbaycanda belə memorial
kompleks yaradılır və bu yaddaş daim bizim qəlbimizdə
yaşayacaqdır.
Allah
bütün şəhidlərimizə rəhmət etsin!
***
Rayon
sakini İsa ŞİRİNOV çıxış edərək
dedi:
- Möhtərəm
cənab Prezident! Mən Sizi Quba ictimaiyyəti
adından salamlayıram, qədim Quba torpağına
"Xoş gəlmisiniz!" deyirəm.
Azərbaycan xalqının gələcək nəsillərinin
milli yaddaşının qorunmasına və
soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə
xidmət edən tarixi bir hadisənin şahidi oluruq.
Bu gün Qubamızda Soyqırımı
Memorial Kompleksinin açılışında iştirak
edirik. 2007-ci ilin aprelində Quba şəhər
stadionunda, bax bu ərazidə yenidənqurma işləri
aparılarkən kütləvi məzarlıq aşkar
edilmişdir. Bundan sonra Siz, cənab
Prezident, burada soyqırımına aid böyük kompleksin
tikilməsi barədə sərəncam imzaladınız.
Gördüyümüz bu kompleks qısa bir
müddətdə hazır oldu. İnanırıq
ki, bu kompleksin xarici vətəndaşlara, xaricdən gələn
qonaqlarımıza soyqırımı, ermənilərin başımıza
gətirdiyi faciələr barədə mühüm məlumatların
çatdırılmasında böyük xidmətləri
olacaqdır.
Möhtərəm
cənab Prezident! Uzun illər yaddaşıma həkk
olunmuş bir xatirəni Sizə danışmaq istəyirəm.
Hələ mən kiçik yaşlarımda olarkən
qonşumuzda yaşlı Adil kişi var
idi. O, bir gün mənə qorxa-qorxa, pıçıltı
ilə dedi ki, bala, ermənilər bizim düşmənimizdir.
Xalqımızın başına gələn
bütün bu bəlalar onların məkrli siyasətinin nəticəsidir.
Mən təəccübləndim, çünki
bizə belə bir şey öyrətməmişdilər.
Mənim təəccübləndiyimi görən Adil kişi bu hadisələrlə əlaqədar
başqa daha böyük bir faciəli hadisəni
danışdı. O dedi ki, Qubaya gələn quldur erməni dəstəsinin
başında Hamazasp adında bir qaniçən erməni
dururdu. Soyqırımının son günləri
idi. O, Qubanın mötəbər adamlarını, din
xadimlərini Cümə məscidinin həyətinə
toplayaraq dedi: "Mən buraya Sovet hakimiyyəti qurmağa gəlməmişəm.
Mən buraya Qarabağda öldürülən
ermənilərin qisasını almağa gəlmişəm.
Mənə tapşırıblar ki, Xəzər dənizindən
Şahdağa qədər
olan ərazidə müsəlmanları qırım". Adil kişi daha başqa faciəli hadisələri
də mənə danışdı. Çox qəribə
idi, həm də xahiş etdi ki, bu barədə mən
heç kimə heç nə deməyim. Həmin
söhbətdən, cənab Prezident, 60 ildən artıq vaxt
keçir. İndi mənim 76 yaşım
vardır.
Möhtərəm cənab Prezident, həyəcansız
danışmaq olmur. Biz artıq müstəqil dövlətə malikik və
bizim Sizin kimi aqil bir
Prezidentimiz vardır. Müstəqilliyimizin
bizə bəxş etdiyi töhfələrdən biri də
tarixi həqiqətlərimizi, tariximizi obyektiv şəkildə
araşdırmaq və bu faktları insanlara olduğu kimi
çatdırmaqdan ibarətdir.
Bu gün
Sizin açılışını
etdiyiniz bu memorial abidə özündə möhtəşəm
acı bir tarixi yaşadır. Belə ki, 1918-ci ildə ermənilər
Quba rayonunda, Quba ərazisində minlərlə günahsız
uşağı, qadını, qocanı vəhşicəsinə qətlə
yetirmiş, daha sonra ölənləri, yaralıları, hətta
diriləri belə kiçik dərələrdə
basdırmışlar. O dövrdə qəzanın mərkəzində
2 min, ətraf kəndlərlə birlikdə 16 min insan qətlə
yetirilmişdir. Böyük bir faciədir.
Azərbaycanlılarla yanaşı,
soyqırımına bizimlə qardaşcasına yaşayan yəhudilər,
ləzgilər, tatlar və digər xalqlar da məruz
qalmışlar. Ermənilər o vaxt
insanları kütləvi halda qırırdılar.
Cənab Prezident, Siz bu tarixi həqiqətlərin
unudulmamasına, daim yaddaşlarda qalmasına
çalışırsınız. Bakının
Xətai rayonu ərazisində Xocalı soyqırımına həsr
edilmiş abidə kompleksinin inşası barədə
göstərişiniz bunun bariz nümunəsidir. Biz bunu alqışlayırıq. Bu, Sizin tariximizə olan münasibətinizdir, gənc
nəslimizin vətənpərvərlik ruhunda tərbiyə
olunması barədə düşüncələrinizin təzahürüdür.
Mən də yaşlı nəslin nümayəndəsi
kimi, gənclərimizə tövsiyə edirəm ki,
xalqımızın başına gələn bu müsibətləri
unutmasınlar, ondan ibrət dərsi götürsünlər.
Möhtərəm
Prezident, biz əminik ki, xalqımız bir daha nə 1905-ci il, nə 1918-ci il, nə Xocalı, nə də
digər soyqırımları ilə rastlaşmayacaqdır. Azərbaycanlıların başına dəhşətlər
gətirmiş bu qəddar düşmənlərimizdən
torpaqlarımızı, Qarabağımızı azad edəcəksiniz.
Çünki bu gün Azərbaycanımız
qüdrətli, güclü bir məmləkətə
çevrilib. Ölkəmiz tərəqqi
yolunu inamla addımlayır, inkişafının zirvəsinə
doğru gedir. Biz qubalılar bu tərəqqini,
inkişafı daim görmək, bunları Sizinlə birlikdə
yaşamaq istəyirik.
Cənab
Prezident, mənim ürəyimdə bir fikir var, onu burada demək
istəyirəm. Cənab Prezident, Siz "Mən
həmişə fəxr etmişəm, bu gün də fəxr
edirəm ki, mən azərbaycanlıyam" deyən ulu
öndərin oğlusunuz. Siz "Mən
ömrümün qalan hissəsini xalqıma
bağışlayıram" deyən ulu öndərin
oğlusunuz. Sizin fəaliyyətinizdə
ulu öndərin bu proqramları öz əksini tapmaqdadır.
Siz fəaliyyətə başlayarkən "Mən
hər bir azərbaycanlının Prezidenti olacağam"
dediniz. Siz buna nail oldunuz. Bu gün Siz hər bir azərbaycanlının
Prezidentisiniz.
Cənab Prezident, Sizə uzun ömür,
cansağlığı arzu edirəm. Allah Sizi qorusun!
***
Qırmızı
qəsəbə Dağ yəhudiləri dini icmasının sədri
Boris SİMANDUYEV çıxış edərək dedi:
- Möhtərəm
cənab Prezident!
İcazə verin, ölkəmizin dilbər guşələrindən
biri olan bağlar diyarı Qubada Qırmızı qəsəbə
əhalisi adından Sizi salamlayım və Sizə "Xoş
gəlmisiniz!" deyim.
Bu kütləvi məzarlıq erməni vandalizminin dəhşətlərini
əks etdirən mühüm tarixi bir ərazidir. Ermənilər tarix boyu azərbaycanlılara
qarşı çoxlu qanlı faciələr törətmişlər.
Qısa vaxt ərzində belə bir möhtəşəm
abidə kompleksini ucaltmaqla Siz bütün dünyaya ermənilərin
əsl simasını nümayiş etdirirsiniz. Ermənilər
hər zaman tarixi saxtalaşdırmağa, bu yollarla öz
iç üzlərini gizlətməyə
çalışıblar. Hətta onu da deyim ki,
XX əsrin əvvəllərində azərbaycanlılara
qarşı törədilmiş qırğınlar ermənilər
üçün ən əlverişli məqsədə
çatmaq üsulu idi. Torpaqlara birbaşa
yiyələnmək niyyətinin əməli cəhdləri
tarixi, hüquqi əsasa malik olmadığından onlar bu
işləri yalnız fiziki müdaxilə ilə həyata
keçirməyə başladılar.
Sizin apardığınız müdrik xarici siyasət nəticəsində
artıq dünyanın bir sıra ölkələri Azərbaycan
həqiqətlərini obyektiv öyrənməyə və ermənilərin
mahiyyətini anlamağa başlayıblar. Bir neçə
xarici dövlətdə tariximizin ən qanlı səhifələrindən
biri olan Xocalı soyqırımı rəsmi olaraq
tanınıb. Həmin dövlətlərin
xalqları dərdimizə, ağrımıza şərik
çıxıblar. Bu kompleks də tariximizin dünyaya
çatdırılmasında böyük rol oynayacaqdır. Məhz Azərbaycan tarixi üçün
mühüm əhəmiyyət kəsb edən bu böyük
abidə kompleksinin inşasına görə Sizə rayonumuzun
bütün əhalisi, Qırmızı qəsəbə
dağ yəhudiləri dini icması adından dərin təşəkkürümüzü
bildirirəm.
Möhtərəm
cənab Prezident! 1918-ci ildə ermənilər
Azərbaycanın müxtəlif bölgələrində
qanlı qırğınlar törətmişlər,
soyqırımı siyasəti həyata keçirməyə
başlamışlar. Bu
soyqırımı Quba qəzasında da xüsusi vəhşiliklə
həyata keçirilmişdir. Ermənilər uşaq,
qadın, qoca tanımadan minlərlə insanı deyiləsi
belə mümkün olmayan qəddar üsullarla qətlə
yetirmişlər, yüzlərlə
yaşayış məntəqəmizi xarabazara çevirdilər.
Həmin dəhşətli qırğınlar nəticəsində
Qubada yaşayan digər xalqların nümayəndələri,
o cümlədən biz dağ yəhudiləri də
soyqırımına məruz qalmışıq. Biz həmin hadisələr barədə
böyüklərimizdən çoxlu söhbətlər
eşitmişik. Nə qədər insanlıqdan uzaq
olasan ki, belə vəhşiliklərə əl atasan! Bu, ancaq ermənilərə xas olan keyfiyyətlərdir.
Fürsətdən istifadə edərək, bir daha
dünya xalqlarını ermənilərin xislətini
yaxşı öyrənməyə və onların törətdikləri
vəhşiliklərə hüquqi qiymət verməyə
çağırıram.
Möhtərəm cənab Prezident, Siz ölkəmizdə
yaşayan bütün xalqlara olduğu kimi, dağ yəhudilərinə
də həmişə yüksək diqqət və
qayğı göstərmisiniz. Regionumuza hər səfəriniz
zamanı Qırmızı qəsəbəyə gəlirsiniz,
sakinlərlə səmimi söhbətlər
aparırsınız, problemlərimizlə
maraqlanırsınız, bizə bütün köməyi
göstərirsiniz.
Elə bu
yaxınlarda Siz 80 illik yubileyim münasibətilə məni
ölkəmizin ən yüksək dövlət
mükafatlarından biri olan "Şöhrət" ordeni ilə
təltif etdiniz. Sizi əmin edirəm ki, göstərdiyiniz
böyük etimadı doğrultmaq üçün bundan sonra
da var gücümlə çalışacağam.
Təkzibedilməz bir həqiqətdir ki, ölkəmiz
gündən-günə tərəqqi edir, dünyada qüdrətimiz
getdikcə artır, əhalimizin güzəranı getdikcə
yaxşılaşır. Bununla yanaşı, ölkəmizdə
bütün xalqlar bərabər şəkildə mehriban bir
ailə kimi yaşayırlar. Bunun nəticəsində
Azərbaycan bütün dünyada tolerantlıq, xalqlar
dostluğu rəmzinə çevrilmişdir.
Möhtərəm cənab Prezident, uzun ömür
yaşayan bir insan kimi xoşbəxtəm ki, həyatım bu
dövrə təsadüf edir. Çünki Azərbaycanın
inanılmaz inkişafını gördüm. Qubanın yeni simasını, Qırmızı qəsəbənin
yeni görkəmini gördüm. Bunun
davamını görmək istəyirəm. Sizə ölkəmizin yüksəlişi naminə
çətin və şərəfli işinizdə yeni-yeni
uğurlar arzulayırıq. Ulu Tanrı
köməyinizdə olsun.
***
Qusar rayon
sakini Qorxmaz MURADOV çıxış edərək dedi:
- Möhtərəm cənab
Prezident. Əvvəlcə Sizi bütün
qusarlılar adından salamlayır və Sizə "Xoş gəlmisiniz!"
deyirik. Bədnam erməni
daşnaklarının Azərbaycanda soyqırımı
aktları təkcə Azərbaycan türklərinə
qarşı deyil, həm də Azərbaycanda etnik baxımdan zəngin
olan şimal bölgəsinin bütün xalqlarına - ləzgilərə,
buduqlara, tatlara, yəhudilərə, qırızlara
qarşı da törədilmişdir. 1918-ci
ildə erməni daşnaklarının və bolşeviklərin
birləşmiş dəstələrinə qarşı
şimal bölgəsində gedən döyüşlərdə
təbii ki, həmin xalqların nümayəndələri də
böyük fədakarlıqlar göstərmişlər.
Bizim tariximiz yalnız faciələr tarixi deyil,
həm də qəhrəmanlıqlar tarixidir. 1918-ci il mayın 18-də Quba rayonunun Digah kəndi
yaxınlığında "Şimi dərəsi" adlanan
yerdə ermənilər Azərbaycan xalqına köməyə
gəlmiş ləzgilərin müqaviməti ilə
rastlaşmışlar. Döyüş bir
neçə gün davam etmiş və güclü xalq
müqavimətinə rast gələn ermənilər
böyük tələfatla məğlub olaraq geri çəkilmişlər.
Möhtərəm cənab Prezident, igid
oğullarımızın qanı ilə suvarılmış
həmin ərazi o vaxtdan başlayaraq "Qanlı dərə"
adlandırılmışdır. İndiki gənc nəsil
ulu əcdadlarımızın, babalarımızın qəhrəmanlıqlarını
unutmur, Azərbaycan və ləzgi xalqları arasındakı
möhkəm dostluq əlaqələrini yaşadaraq nəsildən-nəslə
ötürürlər.
Cənab
Prezident, Qusarda 31 Mart soyqırımı artıq dörd ildir
ki, yeni bir məkanda - 2009-cu ilin sentyabrında
açılışında Sizin də iştirak etdiyiniz
"İgid atlı" abidəsi
önündə qeyd olunur. Bu abidə həmin
döyüşlərdə qəhrəmanlıq göstərərək
qələbə çalan, eləcə də şəhid
olanların xatirəsinə böyük hörmət və
ehtiramınızın ifadəsidir və daim bizə
babalarımızın qəhrəmanlıqlarla dolu mübarizə
yolunu xatırladır. Həmin illərin
hadisələri xalqımız, tariximiz üçün
böyük qəhrəmanlıq, igidlik səhifələridir.
Biz - ölkənin bütün xalqları və millətləri
birlik, ümumi düşmənə qarşı dəyanət
nümayiş etdirib qələbə çalmağı
bacarmışıq və əminəm ki, bundan sonra da
bacaracağıq.
Möhtərəm cənab Prezident, ürəyim doludur. Qusardan da danışmaq istəyirəm. Uzun illər həsrətində olduğumuz arzular həyata keçir. Xəyallarımız gerçəkləşir. Bu gün Qusar özünün ən xoş çağlarını yaşayır, abad bir diyara, möhtəşəm turizm mərkəzinə çevrilir. Son bir neçə il ərzində salınan park və xiyabanlar, bir-birinin ardınca tikilərək istifadəyə verilən təhsil, səhiyyə və mədəniyyət obyektləri, sadalamaqla bitməyən tikinti və quruculuq işləri Qusarın görkəmini tamamilə dəyişib. Hazırda şəhərimizin küçə və meydanları nura qərq olub. Qabaqlar gediş-gəlişi çox çətin olan ucqar dağ kəndlərimizə rahat asfalt yollar çəkilib, körpülər salınıb. Kənd evlərimizin çoxunda mavi alov şölələnir.
Möhtərəm cənab Prezident, qarşısında durduğumuz bu memorial kompleks görünüşünə görə nadir bir abidədir və hər birimiz üçün həm acı xatirədir, həm də böyük fəxrdir. Mədəniyyətimizin və qəhrəmanlıq tariximizin inkişafına misilsiz töhfə verəcək bu abidə təbii ki, yetişməkdə olan gənc nəslin hərtərəfli və ahəngdar inkişafında, gənclərimizin mənəviyyatca zənginləşməsində, onların milli mədəni və mənəvi dəyərlər uğrunda tərbiyəsində böyük rol oynayacaqdır. Gələcəyimizə, yetişməkdə olan gənc nəslə göstərdiyiniz diqqət və qayğıya görə Sizə öz minnətdarlığımızı bildiririk. Sizi bütün qusarlılar adından əmin etmək istəyirik ki, göstərilən bu qayğıya cavab olaraq Vətənə bağlılığımızı hər zaman öz əməli işlərimizlə sübuta yetirəcəyik.
Möhtərəm cənab Prezident, biz var gücümüzlə çalışacağıq ki, bu ənənəni - rəşadət, sədaqət, dostluq, qardaşlıq ənənəsini bundan sonra da, gələcəkdə də davam etdirək və ən böyük qələbəmizi Qarabağda qeyd edək. Allah işinizi avand etsin.
***
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva soyqırımı qurbanlarının xatirəsinə ağac əkdilər.
***
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.-2013.- 19 sentyabr.- S.2,3.