Quba şəhərinin su təchizatı və kanalizasiya
sistemlərinin
yenidən
qurulması layihəsi başa
çatmışdır
Prezident
İlham Əliyevin Quba rayonuna səfəri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Quba şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin başa çatdırılması münasibətilə təşkil olunan mərasimdə iştirak etmişdir.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Qorxmaz Hüseynov dövlət başçısına məlumat verdi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bölgələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Proqram çərçivəsində həyata keçirilən "Quba şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi də 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Quba şəhəri və rayonun Qırmızı qəsəbə, Mirzəməmmədkənd və Timiryazev kəndlərində 46 min sakinin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşdırılmasına hesablanmışdır. Layihə çərçivəsində Quba Sukanal İdarəsi üçün müasir tələblərə cavab verən yeni inzibati bina tikilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva idarənin binasında yaradılmış şəraitlə tanış oldular.
Məlumat verildi ki, ümumi sahəsi 1150 kvadratmetr olan binada müasir tələblərə cavab verən "SCADA" idarəetmə mərkəzi yaradılmışdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də Coğrafi İnformasiya Sisteminin yaradılmasıdır. Quba şəhərində də tətbiq olunmuş bu sistem sayəsində gələcəkdə bütün şəbəkə infrastrukturu coğrafi məlumatlar bazasına əsaslanan rəqəmsal xəritələrin tətbiqi ilə idarə ediləcəkdir. Bu sistem dünyanın iki nüfuzlu müsabiqəsinin qalibi olmuşdur.
Diqqətə çatdırıldı ki, Quba şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi dövlət büdcəsi hesabına maliyyələşdirilmiş və işlər 22 ay müddətində başa çatdırılmışdır. Layihəyə əsasən, Quba şəhərini və ətraf yaşayış məntəqələrini fasiləsiz və keyfiyyətli içməli su ilə təmin etmək üçün su mənbəyi Qudyalçay seçilmişdir. Suyun özüaxımlı nəqli nəzərə alınaraq şəhərin şimal hissəsində Qudyalçayın məcrasında 2435 metr uzunluğunda drenaj tipli suqəbuledici qurğu tikilmişdir. Su mənbəyindən paylayıcı anbara qədər ümumi uzunluğu 6450 metr olan iki paralel magistral su xətti çəkilmişdir. Əhalini fasiləsiz su ilə təmin etmək üçün Quba şəhərində relyef baxımından ən yüksək ərazidə ümumi tutumu 14 min kubmetr olan dörd anbar tikilmişdir. Layihə çərçivəsində Quba şəhərində ümumi uzunluğu 190 kilometr olan paylayıcı su şəbəkəsi yaradılmış, 9525 ünvana ev birləşmələri verilmiş, 8900 abunəçi "smart-kart" sayğacı ilə təmin olunmuşdur. Layihəyə uyğun olaraq Quba şəhərində 216 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi yaradılmış və bütün ünvanlar şəbəkəyə qoşulmuşdur. Hazırda şəhərdə toplanan tullantı suları mövcud kollektorlar vasitəsilə axıdılır. Gələcəkdə tullantı suları Xaçmaz şəhəri yaxınlığında inşa ediləcək, sutəmizləyici qurğuya ötürüləcəkdir.
Prezident İlham Əliyevə
"SCADA" sistemi barədə
də məlumat verildi. Bildirildi ki, su təchizatı və kanalizasiya sistemlərinin vahid mərkəzdən idarə edilməsi üçün yaradılmış
sistem vasitəsilə
suyun mənbədən
istehlakçıyadək ötürülməsi
onlayn rejimdə tənzimlənir. Bu sistem vasitəsilə anbarlarda suyun həcmi, siyirtmələrin
işçi vəziyyəti,
anbar çıxışlarında
və şəbəkədəki
təzyiq, anbarlardakı
ehtiyatın həcmi avtomatik idarə olunur. Eyni zamanda, xətlərdə
baş verən qəza hallarının koordinatları qeydə alınır, problemin operativ aradan qaldırılması təmin
edilir.
Yeni sistem qəza aradan qaldırılan müddətdə
su təchizatında fasilə verilən əraziləri də dərhal müəyyən
edir. "Azərsu" ASC
tərəfindən su
təchizatı və
kanalizasiya sistemlərinin
istismarında ən müasir sistem tətbiq edilir. Bu sırada mühüm
yer tutan Coğrafi İnformasiya Sistemi coğrafi məlumat bazası rolunu oynayır. Bu sistem "Azərsu"
ASC-də istifadə olunan Müştəri Məlumat, "SCADA", Elektron
Kargüzarlıq, Mühafizə
və Təhlükəsizlik
Sistemləri kimi digər məlumat bazaları ilə inteqrasiya olunaraq abonentlərin xəritə
üzərində təsviri,
"qaynar xətt"ə
daxil olan müraciətlərin operativ
şəkildə idarə
olunması, baş verən qəzalara dərhal müdaxilə edilməsi və aradan qaldırılmasına
nəzarət, su və kanalizasiya infrastrukturunda olan hər bir obyekt
haqqında ətraflı
məlumatın əldə
edilməsinə şərait
yaradır.
Sonra Prezident
İlham Əliyev şəbəkəyə suyun
verilməsini bildirən
düyməni basdı.
Bununla Quba şəhərinin 24 saat fasiləsiz su ilə təmin olunması prosesi uğurla yerinə yetirildi.
Diqqətə çatdırıldı ki,
idarənin binasında
müasir tipli yeni laboratoriya da qurulmuşdur. Burada içməli
suyun vacib 14 parametri öyrəniləcəkdir.
Daha geniş və dəqiq analizlərin aparılması zərurəti
yarandıqda nümunələr
xüsusi təyinatlı
maşınlarda Bakıdakı
Mərkəzi Laboratoriyaya
göndəriləcəkdir. İdarənin maddi-texniki bazasının
gücləndirilməsi məqsədilə
11 nəqliyyat vasitəsi
və xüsusi texnika alınmışdır.
AzərTAc
Azərbaycan.-2013.- 19 sentyabr.- S.3,4.