Gənclər Mərkəzi qubalı gənclərin ictimai fəallığının

 yüksəldilməsində mühüm rol oynayacaqdır

 

Prezident İlham Əliyevin Quba rayonuna səfəri

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Quba rayonuna səfəri çərçivəsində Gənclər Mərkəzinin açılışında iştirak etmişdir.

Ölkəmizdə gənclər siyasətinin formalaşması istiqamətində  çoxşaxəli tədbirlər görülür. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan dövlət gənclər siyasəti 2003-cü ildən başlayaraq Azərbaycanda uğurlu nəticələrlə yadda qalmışdır. Gənclərlə bağlı dövlət proqramları bu proseslərdə çox mühüm rol oynamışdır. Hazırda "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı uğurla həyata keçirilir. Bu gün ölkəmizdə gənclərin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri, həmçinin  tarixi-mədəni keçmişimizə, milli-mənəvi dəyərlərə rəğbət ruhunda tərbiyə olunması prioritet istiqamətlərdəndir. Əsas məqsəd gənclərin cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirakına stimul verməkdir. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması, xüsusilə regionlarda yaşayan gənclərin fəallığının artırılması istiqamətində məqsədyönlü layihə və proqramlar həyata keçirilir. Ölkəmizin bölgələrində müasir tələblərə cavab verən sosial infrastruktur obyektləri və gənclər mərkəzləri yaradılır. Quba rayonunda da Gənclər Mərkəzinin yaradılması bu məqsədə xidmət edir.

Azərbaycanın birinci xanımına gül dəstəsi verildi.

Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən binanın inşası bir il ərzində həyata keçirilmişdir. Quba şəhərinin Heydər Əliyev adına mədəniyyət və istirahət parkında gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə inşa edilən mərkəzin binası üçmərtəbəlidir. Bu bina respublikamızdakı ən böyük gənclər mərkəzlərindən biridir.

Mərkəzin foyesində ulu öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin müxtəlif məqamlarını, həmçinin gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət guşələr yaradılmışdır. Burada həmçinin gənclərə daim diqqət göstərən ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur.

Prezident İlham Əliyev mərkəzin 250 yerlik akt zalı ilə tanış oldu. Geniş və işıqlı zalda gənclər üçün rayonrespublika səviyyəli tədbirlərin, konfransların və iclasların keçirilməsi nəzərdə tutulur. Mərkəzdə gənclər kafesikaraoke-bar fəaliyyət göstərəcəkdir. Gənclər Mərkəzində kompyuter bilikləri və xarici dil üzrə xüsusi kursların təşkili də planlaşdırılır. Əsas məqsəd yeniyetmələr arasında elmi-texniki biliklərin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, bu sahədə istedadlı gənclərin üzə çıxarılmasıdır. Binadakı tennisbilyard zalları da gənclərin asudə vaxtlarının səmərəli keçməsinə şərait yaradacaqdır. Mərkəzdəki şahmat otağı bütün lazımi avadanlıqla təchiz olunmuşdur. Rəsm və xalçaçılıq dərnəklərində gənclər bu sənətlərin sirlərini öyrənəcəklər. Burada həmçinin onların əl işləri sərgilənəcəkdir. Mərkəzdə gənclərin müasir texnoloji yeniliklərlə yaxından tanış olmalarına, onların bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönələn kurslar təşkil ediləcəkdir. Bir sözlə, mərkəz gənclərin vaxtlarının səmərəli təşkilində, onların ictimai fəallığının yüksəldilməsində mühüm rol oynayacaqdır.

Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.

 

 AzərTAc

Azərbaycan.-2013.- 19 sentyabr.- S.4.