Naftalan şəhərinin sosial-iqtisadi inkişafının

 sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində Naftalan şəhərində mühüm infrastruktur layihələri yerinə yetirilmiş, Əlillərin Bərpa Mərkəzi, 5 yeni səhiyyə-kurort müəssisəsi, o cümlədən 200 yerlik "Qaşaltı" sanatoriyası inşa edilmiş, 353 yerlik "Çinar" sanatoriyası əsaslı təmir olunmuş,  şəhərin su təchizatı sistemi yenidən qurulmuş, yeni avtomobil yolları çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilmişdir.

Naftalan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda şəhər üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Naftalan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Naftalan Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 sentyabr 2013-cü il

Azərbaycan.-2013.- 19 sentyabr.- S.1.