Azərbaycanın gənclər siyasəti
dünyada örnək və uğurlu model kimi qəbul olunur
Gənclər
Fondunun əsas missiyası vətənpərvər, sağlam
düşüncəli yeni nəslin formalaşmasına, gənclərin
ictimai fəallığının artırılmasına və
onların ideyalarının, təşəbbüslərinin dəstəklənməsinə
xidmət etməkdir
Ölkəmizdə həyata keçirilən inkişaf siyasəti bütün sahələrdə çoxsaylı uğurların əldə edilməsinə səbəb olub. Eyni zamanda, bu uğurlardan ölkəmizin gənclərinə də pay düşüb. Ümumiyyətlə, dövlət tərəfindən həyata keçirilən gənclər siyasəti ölkə əhalisinin 60 faizdən çoxunu təşkil edən gənclərin hərtərəfli inkişafına, məşğulluq və təhsil səviyyəsinin yüksəldilməsinə, onların dünyagörüşünün, fiziki və mənəvi sağlamlığının artırılmasına hesablanıb.
Gənclərin fəaliyyət və təşəbbüsləri dövlət tərəfindən kütləvi dəstəklənir
Dövlətin bu yöndə həyata keçirdiyi siyasət çox uğurludur və artıq bu uğurların nəticələri gənclərin həyat və fəaliyyətində açıq-aşkar nəzərə çarpmaqdadır. Bu da səbəbsiz deyil. Belə ki, Azərbaycan hakimiyyəti gənclərin bilik və bacarıqlarının hərtərəfli formalaşmasını, ölkədə səriştəli kadr və mütəxəssis ordusunun yetişməsini, bir sözlə, neft kapitalının insan kapitalına çevrilməsini ən əsas prioritetlərdən biri olaraq elan edib. Uğurla aparılan gənclər siyasətinin müsbət nəticələri göz önündədir. Dövlət başçısı son iki il ərzində gənclərlə 4 dəfə görüşüb, onların təkliflərini, fikirlərini dinləyib, öz tövsiyələrini verib, gənclər təşkilatlarının sərgisinə baxış keçirib və gəncliyimizə tam dəstək verdiyini bir daha söyləyib. Hakimiyyətin diqqət və qayğısı ilə əhatə olunmuş ölkə gəncliyi bu gün çox dinamik inkişaf mərhələsindədir. Gənclərin bu inkişafı özünü sosial-ictimai, mədəni, siyasi və digər sahələrdə qabarıq göstərir.
Onu da vurğulamaq istərdim ki, Azərbaycanda gənclər sahəsində intensiv və uzunmüddətli inkişaf, təhsil proqramları həyata keçirilir. Məsələn, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı qəbul edilib və bu proqram da çox effektiv şəkildə həyata keçirilir. Sözügedən proqram çərçivəsində həyata keçirilən ən uğurlu layihələrdən biri Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılmasıdır. Təsadüfi deyil ki, məhz Gənclər Fondunun fəaliyyətə başlaması ilə kütləvi sayda gənclərin fəaliyyət və təşəbbüsləri dövlət tərəfindən dəstəkləndi. Bundan başqa, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində 2015-ci ilə qədər 5 minə qədər gənc inkişaf etmiş xarici ölkələrdə mükəmməl ali təhsil alacaqdır.
Daha da çox gəncin təşəbbüslərini, ideyalarını, təkliflərini, istəklərini reallaşdırmaq, həyata keçirmək istiqamətində atılan addımları sürətləndirmək, daha çox gəncə dəstək olmaq, gənclər üçün elə məhz gənclər tərəfindən gəlmiş layihələri reallaşdırmaq üçün belə bir fondun yaradılması zərurəti var idi. Bunun üçün də 2011-ci il dekabrın 19-da Azərbaycan Gənclər Fondu məhz "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının tərkib hissəsi kimi yaradıldı və fonda Prezident tərəfindən ilk olaraq 5 (beş) milyon manat vəsait ayrıldı.
Gənclər Fondu ötən müddət ərzində gənclərin maraqlarına cavab verən, onların inkişafına xidmət edən və ictimai fəallığını artıran layihələrə dəstək göstərməyə çalışdı. Biz gənclərə öz fikirləri və təklifləri ilə çıxış etmək imkanı yaratdıq. Mühüm məqamlardan biri də odur ki, ölkəmizdə ilk dəfə olaraq Gənclər Fondu gənclərin fərdi layihələrini də dəstəkləyir. Yəni gənclər yalnız təşkilat qismində deyil, individual şəkildə də bizə müraciət edərək ideyalarını reallaşdıra bilirlər.
Gənclərlə səmərəli əməkdaşlıq real nəticələrini verir
Fondun bütün fəaliyyətini gənclərə vaxtında çatdırmaq üçün ölkədə ilk dəfə olaraq yalnız internet vasitəsilə layihələr qəbul olundu. Azərbaycan Gənclər Fondunun saytını iki dildə - Azərbaycan və ingilis dillərində istifadəyə verdik (www.youthfoundation.az). Bununla yanaşı, gənclər arasında müsabiqə elan edərək fondun loqosunu seçdik. Gənclər, təşkilatlar vasitəsilə və eləcə də fərdi şəkildə saytımızda qeydiyyatdan keçərək öz layihələrini təqdim etdilər. Layihələrə qrantların ayrılmasını 5 kateqoriya üzrə müəyyən etdik. Bu kateqoriyalar A - yerli layihələr, B - beynəlxalq layihələr, C - gənclərin fərdi layihələri, D - beynəlxalq tədbirlərdə iştirak qrantları və E - xarici vətəndaşların tədqiqat layihələri üzrə bölünür. Gənclər Fondu bütün Azərbaycan gəncləri üçün fəaliyyət göstərir. Biz bütün gənclərdən layihə təklifləri gözləyirik. Gəncləri əhatə edəcək və onların inkişafına yönələcək bütün təkliflər bizim marağımızdadır.
Gənc alimlərin, ixtiraçıların fəaliyyətlərinə dəstək göstərilməsi də Gənclər Fondunun fəaliyyət istiqamətlərinə daxildir. Saytımızda yaradıcı gənclər üçün xüsusi kateqoriya mövcuddur. Gənc alimlər və ixtiraçılar bu kateqoriya üzrə müraciət edərək layihələrini təqdim edə bilirlər. Məhz yaradıcı gənclər üçün olan bu kateqoriyaya gənclərin intellektual və yaradıcı potensialının inkişaf etdirilməsi, yaradıcı gənclərin teatr, kino, memarlıq, dizayn, müasir incəsənət sahəsində layihələri, animasiya və filmləri, gənc ixtiraçılar və xüsusi istedadlara malik olan gənclərə dəstək layihələri aiddir. Yaradıcı gənclər istər bu kateqoriya üzrə, istərsə də səfər qrantları üzrə müraciət edərək fonddan dəstək ala bilirlər. Beynəlxalq səfərlər üçün ayrılan qrantlara müraciət edərək yaradıcı gənclər, həmçinin digər gənclər fondun köməyi ilə beynəlxalq tədbirlərdə iştirak imkanı qazanırlar. Bundan əlavə, səfər qrantları üzrə müraciət edərək gənc alimlər beynəlxalq elmi konfranslarda, seminarlarda, təlimlərdə iştirak etməklə öz bilik və bacarıqlarının artırılması istiqamətində yeniliklər əldə edə bilirlər.
Fond qısa müddət ərzində mühüm işlər görmüşdür. 2012-ci il iyun ayında ilk qrant müsabiqəsi elan olunmuş və fondun saytında qeydiyyatdan keçmiş 172 təşkilat və 83 fərdi şəxsdən yerli layihələr üzrə 127, beynəxalq layihələr və fərdi layihələr üzrə hər birinə 19 layihə təqdim olunmuşdur. Müşahidə Şurasının qərarına əsasən yerli layihələr üzrə 104, beynəlxalq layihələr üzrə 16, fərdi layihələr üzrə isə 9 layihə seçilərək daxil olan müraciətlərin 78 faizi dəstəklənmiş oldu.
Onu da bildirməyi vacib hesab edirəm ki, fond yarananda biz gənclərlə əməkdaşlığı müasir zamanın tələbinə, gənclərin bugünkü çağırışlarına uyğun və eyni zamanda şəffaflığın təmin edilməsi məqsədilə məhz internet vasitəsilə qurmağa qərar verdik. Gənclər üçün bizimlə əlaqə saxlamaq, müraciət etmək, istənilən məsələ ilə bağlı məlumat almaq çox asandır. Onlar birbaşa saytımıza müraciət edərək bizimlə ünsiyyətdə olurlar, onları maraqlandıran suallara cavab alırlar. Bizim istəyimiz gənclər üçün faydalı olmaq, onların ideyalarını, təşəbbüslərini həyata keçirmələrinə dəstək göstərməkdir. Gənclərdən isə ideyalar irəli sürməyi, fəal və təşəbbüskar olmağı gözləyirik.
Ölkəmizin dünya miqyasında tanınması istiqamətində görülən işlərə dəstək vermək məqsədilə keçirilən bir sıra beynəlxalq tədbirlərdə Azərbaycan Gənclər Fondu həm təşkilatçı, həm də iştirakçı qismində çıxış etmişdir. Buna misal olaraq İstanbulda keçirilən "Dövlətlərarası Əməkdaşlığın İnkişafı Prosesində Gənc Liderlərin Rolu" konfransı, Vyanada keçirilən "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi" forumu, Manhaymda keçirilən "Gənc təbiblərin Almaniya Forumu" kimi beynəlxalq tədbirləri göstərmək olar. Bu kimi konfransların, forumların keçirilməsi həm Azərbaycanın beynəlxalq arenada tanınmasına, həm müxtəlif ölkələrdə yaşayan azərbaycanlı gənclərin bir araya gələrək fikir və təcrübə mübadiləsi aparmasına, əldə olunmuş uğurlardan və gələcəkdə həyata keçiriləcək fəaliyyətlərdən xəbərdar olmalarına xidmət edir.
Gənclər
Fondunun layihələrinin 70 faizi regionlarda həyata
keçirilir
2 ilə yaxın bir müddət ərzində Gənclər
Fondu qarşıya qoyulmuş məqsədlərin öhdəsindən
gəlməyə çalışıb. Fond region gənclərini
də unutmur, onlarla əməkdaşlığa xüsusi
önəm verir. Region gəncləri
üçün fondun əməkdaşları tərəfindən
təqdimatlar keçirilib. Bu təqdimatlarda
işğal altında olan bölgələrdən də gənclər
iştirak ediblər. Məhz bu səbəbdən
fonddan maliyyə dəstəyi almış layihələr
çərçivəsində qaçqın və məcburi
köçkün gənclərə həsr olunmuş bir
sıra tədbirlər keçirilib və keçirilməkdədir.
Əksər dünya ölkələrində gənclərin
ideyalarını dəstəkləyən belə bir qurum,
ümumiyyətlə, mövcud deyil. Ölkə
rəhbərliyi tərəfindən uğurla həyata
keçirilən və öz nəticələri ilə
göz önündə olan dövlət gənclər siyasətinin
tərkib hissəsi olaraq Gənclər Fondu gənclərimizə
stimul verərək yeni ideyaların, təkliflərin, yeniliklərin
dəstəklənməsinə xidmət edir.
Ümumilikdə deyə bilərəm ki, fondun fəaliyyəti
bütün respublikanı əhatə edib. Azərbaycanın
63 bölgəsində həyata keçirilən layihələrin
demək olar ki, 70 faizi regionlarda baş tutub. Bizim istəyimiz ölkəmizdə həyata
keçirilən gənclər siyasətinin uğurlu
icrasını təmin etmək məqsədilə məhz
onların fəallığını artırmaq, ictimai-siyasi
həyata cəlb etməkdir.
Azərbaycanın ən ağrılı problemi olan
Dağlıq Qarabağ münaqişəsi və ermənilərin
xalqımıza qarşı törətdiyi faciələrlə
bağlı ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə
çatdırılması üçün də fond
mühüm işlər görüb. Dağlıq
Qarabağ münaqişəsi hər birimizin problemidir və
istər Azərbaycanda, istərsə də Vətəndən
uzaqda yaşayan hər bir azərbaycanlı gənc
üçün bu məsələnin həlli çox
vacibdir. Hər bir azərbaycanlı bu
problemin həllində daha yaxından iştirak etmək istəyir
və əminliklə deyə bilərəm ki, iqtidarın
uğurlu siyasi kursunun məntiqi nəticəsi olaraq
Dağlıq Qarabağ problemi çox yaxın bir zamanda
öz həllini tapacaq.
Vətənpərvərlik
və Dağlıq Qarabağ problemi layihələrdə əsas
istiqamətlərdəndir
Azərbaycan gəncləri
olaraq biz də öz növbəmizdə Dağlıq
Qarabağ münaqişəsi barədə gerçəkləri
dünya ictimaiyyətinə çatdırmaq üçün
tədbirlər həyata keçiririk. Vyanada keçirilən
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi" mövzusunda forum Avropa ölkələrində
təhsil alan azərbaycanlı gəncləri
bir araya topladı. Forum çərçivəsində
Azərbaycan Respublikasının rəsmiləri və ekspertləri
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin tarixi aspektlərindən,
danışıqlar prosesinin hüquqi, humanitar və digər
aspektləri ətrafında müzakirələr apardılar.
Bundan əlavə, Gənclər Fondu ilk qrant
müsabiqəsi zamanı müxtəlif kateqoriyalar üzrə
məhz Dağlıq Qarabağ münaqişəsinə həsr
olunan layihələrə maliyyə dəstəyi göstərdi.
Qeyd edim ki, fondun ikinci qrant müsabiqəsi çərçivəsində
beynəlxalq araşdırmalar kateqoriyası üçün
təklif olunan yeni istiqamətlərin məhz Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı beynəlxalq tədqiqatçıların
araşdırmaları layihələrin, xarici vətəndaşların
Azərbaycan ilə bağlı tədqiqat layihələri və
yalnız xarici ölkələrin gəncləri və gənclər
təşkilatlarının Azərbaycan tarixinə və mədəniyyətinə
dair tədqiqat işlərinin maliyyələşdirilmiş
olması təsadüfi deyildir. Həmçinin fonddan qrant alan layihələr arasında məhz vətənpərvərliklə,
Dağlıq Qarabağ problemi ilə bağlı gənclər
arasında maarifləndirmənin gücləndirilməsi ilə
bağlı layihələr çox olub.
Gənclər Fondu tərəfindən keçirilmiş
ikinci qrant müsabiqəsi zamanı yerli layihələr, beynəlxalq
layihələr və fərdi layihələr üzrə
qeyri-hökumət təşkilatları və yaradıcı
gənclərdən 387 layihə təklifi daxil olmuşdur. Müzakirələr
nəticəsində Müşahidə Şurası yerli layihələr
üzrə 117, beynəlxalq layihələr üzrə 18, fərdi
layihələr üzrə 35 layihənin maliyyələşdirilməsi
barədə qərar qəbul etmişdir. Maliyyə
dəstəyi göstərilən layihələrlə
yanaşı, fond tərəfindən də bir sıra tədbirlər
reallaşdırılıb və qısa müddət ərzində
gənclərin inkişafı üçün önəmli
olan əhəmiyyətli məsələlər həll edilib.
Məsələn, ulu öndərin 90 illik yubileyi ilə
bağlı keçirilən portret aksiyası,
"Açıq rəf" layihəsi, Mətbuat
günü ilə bağlı gənc müxbirlər
üçün keçirilmiş tədbir, regionlarda və
Bakıda keçirilən qanvermə aksiyası, hazırda
davam edən "Ən yaxşı sosial çarx"
müsabiqəsi və bir çox bu kimi layihələr fondun
öz təşəbbüsü ilə baş tutub. Gənclər Fondu onlarla Azərbaycan gəncinin
xarici ölkələrdə keçirilən konfranslarda, tədbirlədə
iştirakını maliyyələşdirib.
Fonda
xarici ölkə gənclərindən və təşkilatlarından
da layihələr daxil olur
Ötən müsabiqələr zamanı gənclər
təşkilatları və gənclər tərəfindən
müxtəlif mövzuları əhatə edən,
günümüzün əhəmiyyətli məsələlərinə
toxunan, maarifləndirici, araşdırma, təkmilləşmə
istiqamətli layihələr təqdim olunub. İstər
incəsənət, idman, elm, təhsil, tibb, istərsə də
ictimai-siyasi sahələri əhatə edən layihələr
gənclərimizin cəmiyyətin inkişafında fəal
iştirakını təmin edib. Gənclər
Fondunun fəaliyyəti Azərbaycanda vətənpərvər,
sağlam düşüncəli yeni nəslin yetişdirilməsi
məqsədilə gənclərin azərbaycançılıq
ruhunda tərbiyə olunması, ictimai fəallığının
artırılması, eləcə də onların ölkəmizin
təbliğinə yönəldilən layihələrdə
daha da geniş iştirakının təmin olunmasına
yönəldilib.
Fond yarandığı gündən etibarən xarici vətəndaşların
müraciətlərini beynəlxalq araşdırmalar
kateqoriyası üzrə qəbul edir. Bu vaxta qədər
xarici ölkə gənclərindən və təşkilatlarından
bir sıra layihə təklifləri gəlib və hazırda
Müşahidə Şurası tərəfindən həmin
layihələrə baxılır. Gənclər Fondu
Avropanın bir sıra gənclər təşkilatları,
Avropa Gənclər Fondu, Avropa İttifaqının Gənclər
Fəaliyyətdə Proqramı ilə əməkdaşlıq
edir, müxtəlif layihələrin icrasında, konfranslarda,
seminarlarda, forumlarda onlarla birgə fəaliyyət göstərir.
Fond ayrı-ayrı ölkələrdə
keçirilən tədbirlərdə Azərbaycanı təmsil
edir və informasiya mübadiləsində fəal iştirak
edir.
Ötən
il Bakıda keçirilən "Sərhədsiz
gənclər əməkdaşlığı" Beynəlxalq
Forumu çərçivəsində gənclər fondu ilə
Polşanın Təhsil Sisteminin İnkişafı Fondu
arasında Anlaşma Memorandumu imzalanıb. Həmçinin
Bakıya səfər edən müxtəlif ölkələrin
gənclərindən ibarət nümayəndə heyətləri
ilə fondun görüşləri keçirilir. Gənclər fondu tərəfindən dəstək
göstərilən beynəlxalq layihələrin keçirilməsində
əsas məqsəd ölkəmizi beynəlxalq səviyyədə
layiqincə təmsil etmək, Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılmasında
birbaşa iştirak etmək, bununla yanaşı, müxtəlif
ölkələrdə yaşayan azərbaycanlı gənclərin
bir araya gəlməsi, onların şəbəkələrinin
yaradılması üçün imkan yaratmaq olub. Buna görə də Gənclər Fondu beynəlxalq
layihələrin də keçirilməsində
maraqlıdır və dəstək göstərməyə
hazırdır.
Gələcək
liderlər bugünün fəal gəncləridir
Həyata keçirilən layihələrdə
mövzular təkrarlanmasın deyə, yeniliklər gətirmək
məqsədilə ötən günlərdə yekun
vurulmuş üçüncü qrant müsabiqəsi
üçün yeni istiqamətlər seçdik. Yerli layihələr
üçün yeniyetmə və gənclərin vətənpərvərlik
ruhunun gücləndirilməsi, gənclərin zərərli vərdişlərdən
uzaqlaşdırılması, onların
sağlamlığının qorunması (tibbi maarifləndirmə,
idman və s., ekoloji mühitin mühafizəsi və
yaxşılaşdırılması (ekoloji maarifləndirmə,
ekoturizm, ekoloji kampaniyalar və s.), mədəniyyət və
incəsənətin inkişafı (tarixi abidələrin
qorunması, milli ədəbiyyatın təbliği, gənc
yazarlara dəstək, milli mətbəxin
tanıdılması, master-klasslar - ustad dərsləri və
s.), asudə vaxtın səmərəli təşkili
(ixtisaslaşmış yay düşərgələri, yay məktəbləri,
gənclərin peşə bacarıqlarının
artırılması və s.), gənclərin sahibkarlıq
bacarıqlarının inkişaf etdirilməsi, ictimai
davranış qaydalarının təbliği, xüsusi
qayğıya ehtiyacı olan gənclərin cəmiyyətə
inteqrasiyası, insan alverinə və erkən nikahlara
qarşı mübarizə, region gənclərinin ictimai fəallığının
artırılması kimi prioritet sahələr müəyyən
etdik. Həmçinin beynəlxalq layihələr üzrə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi haqqında həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılması, beynəlxalq
könüllülük və gənclər
proqramlarının Azərbaycanda təşviqi, Azərbaycan gənclər
təşkilatlarının beynəlxalq gənclər
platformaları ilə əməkdaşlığı, xaricdə
təhsil alan və yaşayan azərbaycanlı gənclərin
Azərbaycanla bağlı təşəbbüslərinin dəstəklənməsi,
xarici ölkələrin gənclərinin iştirakı ilə
Azərbaycanda tədbirlərin təşkili kimi istiqamətlər
əsas götürüldü.
Müsabiqə çərçivəsində gənclərin
fərdi müraciətləri üçün müəyyən
yeni istiqamətlər təqdim olundu. Bunlar intellektual gənclərin təşəbbüslərinə
dəstək, gənclərin sosial şəbəkələrdən
səmərəli istifadəsinin təşviqi, gənclərin
informasiya cəmiyyətinə təsiri (ictimai əhəmiyyət
kəsb edən internet resurslarının yaradılması),
sağlamlıq imkanları məhdud olan gənclər
üçün sosial tədbirlər, mədəni dəyərlərin
təbliğində gənclərin rolunun
artırılması, istedadlı gənclərin
ixtiralarının və müxtəlif sahələrdəki
(musiqi, rəssamlıq, memarlıq, kino
yaradıcılığı, cizgi filmi və animasiyalar, sosial
çarxlar, kompyuter oyunları, bədii əsərlər və
s.) innovativ ideyalarının dəstəklənməsi,
istedadlı və yaradıcı gənclərin
iştirakı ilə yerli və beynəlxalq tədbirlərin
təşkili idi. Müsabiqə zamanı
qeyri-hökumət təşkilatları və yaradıcı
gənclər tərəfindən təqdim olunmuş 421 layihədən
331-i qalib olmuşdur. Müzakirələr nəticəsində
Müşahidə Şurasının qərarına əsasən
yerli layihələr üzrə 139, beynəlxalq layihələr
üzrə 10, fərdi layihələr üzrə 182 layihə
maliyyələşdirilərək daxil olan müraciətlərin
79 faizi dəstəklənmişdir.
Bu gün gənclərin sosial həyatın bütün
sahələrində aktivliyi artmaqdadır. Həmçinin
könüllülük işinin təşkilində gənclərimiz
fəal iştirak edirlər. Gələcək
liderlər bugünün fəal gəncləridir. Buna görə də müasir imkanlardan,
yaranmış şəraitdən istifadə edərək
formalaşan gənc liderlərə böyük ümidlər
bəslənir.
Qeyd
olunanlardan da göründüyü kimi, fonda
daxil olan və dəstəklənən müraciətlərin
sayı artmışdır.
Azərbaycan
gəncliyi aparıcı sosial-siyasi qüvvəyə
çevrilib
Son olaraq onu da qeyd edim ki, respublikamızda dövlət gənclər
siyasətinin formalaşdırılması ümummilli lider
Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər
tərəfindən əsası qoyulmuş və bu gün
müvəffəqiyyətlə həyata keçirilən
dövlət gənclər siyasətinin uğurlu icrası nəticəsində
gənclər üçün prioritet olan sahələrdə
müsbət dəyişikliklər baş verib. Azərbaycan gəncliyinə göstərilən
dövlət dəstəyi və qayğısının bariz
nümunəsi kimi Gənclər və İdman Nazirliyinin və
Gənclər Fondunun fəaliyyətini misal göstərmək
olar. "Azərbaycan gəncliyi 2011-2015-ci
illərdə" Dövlət Proqramına əsasən Gənclər
və İdman Nazirliyi tərəfindən regionlarda gənclər
evləri, gənclər mərkəzləri yaradılıb.
Bu gün Azərbaycan gəncliyinin onun arxasında
dayanan, hər zaman dəstək verməyə hazır olan bir
dövləti var. Gənclərin maarifləndirilməsinə
dair ölkəmiz hər cür şərait yaradır, bir
çox şeylər isə gənclərin öz əlindədir. Azərbaycan
dövlətinin gəncliyin inkişafı, aktual məsələlərinin
həlli üçün geniş maddi və mənəvi
imkanları var. Sadəcə istəyimiz odur ki, Azərbaycanın
hər bir vətəndaşı ölkə problemlərinin həllinə
nə dərəcədə qadir olduğunu
düşünsün. Hər biri gələcək
üçün cavabdehlik daşıdığını hiss
etsin və "böyük və güclü birinin gəlib
onun yerinə hər şeyi həll etməsini gözləməsin".
Belə olmur, heç yerdə və heç vaxt! Və Avropada müşahidə etdiyimiz, əsaslandığımız
və uğrunda mübarizə apardığımız
demokratiya birdən yaranmır. Heç bir
"inqilab" onu yaratmır, çünki demokratiya - məhz
cəmiyyətin inkişafının nəticəsidir.
Böyük fəxrlə demək olar ki, müasir Azərbaycan gəncliyi Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə çevrilib. Müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak ediblər. Azərbaycan gənclərinin cəmiyyətin müasir, inkişaf etmiş, yüksək intellektli nümayəndələri kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olub. Ümummilli lider Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləyib, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ulu öndər gənclərlə bağlı məsələləri dövlət siyasətinin əsas tərkib hissələrindən biri hesab edirdi, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirirdi, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. Azərbaycanda gənclərin inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb, uşaq və gənclərin qeyri-hökumət təşkilatlarının fəaliyyətlərinin təşkili üçün şərait yaradılıb. İndi əsas vəzifə gənclərin bu imkanlardan yararlanması, həm öz inkişafını təmin etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmasıdır.
Ümumiyyətlə deyə bilərəm ki, son on il ərzində gənclər siyasətinə ayrılan diqqət və qayğı onu göstərir ki, Azərbaycanın sosialyönümlü dövlət siyasətində gənclər sektoru ən önəmli prioritetlərdən birinə çevrilib. Bu gün Azərbaycanın gənclər siyasəti nəinki bölgədə, hətta bütün dünyada bir nümunə modeli kimi göstərilir və qəbul olunur. Azərbaycan dövləti hər bir gəncin qayğısına qalır, onun inkişafı üçün şərait yaradır.
Fərhad HACIYEV,
Azərbaycan Respublikasının
Prezidenti
yanında Gənclər Fondunun
icraçı direktoru
Azərbaycan.-2013.- 19 sentyabr.- S.8.