ATƏT-in missiyasının hesabatı qərəzli, məntiqsiz və anlaşılmazdır

 

Demokratiya yolu ilə inamla irəliləyən Azərbaycan Respublikası son illərdə ictimai-siyasi, iqtisadi və sosial-mədəni sahələrdə böyük uğurlar qazanıb. Ölkədə gedən inkişaf prosesləri seçki sisteminin təkmilləşdirilməsinə də sirayət edib. Demokratiyanın əsas göstəricilərindən olan seçki sistemi hərtərəfli inkişaf etdirilərək təkmilləşdirilib, hətta dünya praktikası üçün yenilik sayıla biləcək şəffaf mexanizmlər tətbiq edilib.

Qarşıdan növbəti prezident seçkiləri gəlir. Seçki ilə bağlı hazırlıq işləri Mərkəzi Seçki Komissiyası tərəfindən yüksək səviyyədə həyata keçirilib, seçici siyahıları dəqiqləşdirilib, bütün səsvermə məntəqələri lazımi avadanlıqlarla təchiz olunaraq tam hazır vəziyyətə gətirilib. Seçkiqabağı təşviqat mərhələsində qeydə alınmış namizədlərin kütləvi informasiya vasitələrində bərabər formada təşviqatlarını aparması qanunvericiliyə müvafiq olaraq tam təmin edilib. Hazırda seçkiqabağı proses öz axarı ilə davam edir. İndiyə qədər hansısa neqativ halın baş verməsi qeydə alınmayıb. Budəfəki seçki marafonunda 10 nəfər prezidentliyə namizəd mübarizə aparır.

Ölkədə seçki öncəsi yaradılmış normal mühit, mükəmməl seçki qanunvericiliyi azad, demokratik və ədalətli seçkilərin keçirilməsinə tam təminat verir. Seçkiöncəsi situasiyanı yüksək dəyərləndirən beynəlxalq qurumların təmsilçiləri bu istiqamətdə tədbirlərin davam etdirilməsini təqdir edirlər. Prezident seçkilərini izləmək üçün dünyanın nüfuzlu qurumları və dövlətləri öz missiyalarını göndərəcəklər.

Lakin bəzi beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanda seçki sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlərə, bütövlükdə seçki mühitinə kölgə salmaq cəhdləri də var. Bu, Azərbaycanın demokratik uğurlarının görməzliyə vurulması, reallığın təhrif olunması, ölkəmizə qarşı qərəzli münasibətin nümayişidir. Hazırda bir çox beynəlxalq müşahidəçilər Azərbaycanda seçkilərə hazırlıq prosesini və seçkiqabağı vəziyyəti müsbət qiymətləndirdikləri halda ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) ölkəmizin nailiyyətlərini təkzib etməklə düşünülmüş mənfi hesabatlar dərc etməyə qərar verib. Məsələn, bu yaxınlarda ATƏT DTİHB-in Ehtiyacların Qiymətləndirilməsi üzrə Missiya Hesabatında ölkəmizdə keçiriləcək prezident seçkiləri öncəsi vəziyyətin qiymətləndirilməsi ilə bağlı qərəzli mövqe ortaya qoyulub. Buna cavab olaraq Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi tərəfindən hazırlanan "Azərbaycan Respublikası: müsbət idarəçilik modeli" sərlövhəli təhlili yazıda ATƏT-in hesabatında qaldırılmış məsələlərə tutarlı cavab verilib, həm də Azərbaycanın öz demokratik prosesini möhkəmləndirmək məqsədilə xaricdən dərs götürməyə ehtiyacının olmadığı nümayiş etdirilib.

Bu günlərdə isə ATƏT DTİHB-in Seçki Müşahidə Missiyasının 1 nömrəli Aralıq Hesabatı yayılıb. Seçkilərə hazırlığın gedişatına dair bir sıra fikirlərin yer aldığı bu hesabat da başdan-ayağa qərəzlidir və reallıqlara kölgə salmaq cəhdidir. Ümumiyyətlə, hesabatda yer alan iradlar məntiqsizlikdən başqa bir şey deyil. Məsələn, ATƏT DTİHB seçkidə qadın namizədin olmamasını nöqsan kimi göstərib.

Deyəsən, ATƏT DTİHB prezident, parlament və bələdiyyə seçkilərində namizədlərin dövlət və hökumət tərəfindən irəli sürülmədiyini hələ dərk etmir. Ona görə ATƏT DTİHB-in bu mövqeyi anlaşılan deyil. Heç bir ölkədə namizədi dövlət, yaxud hökumət irəli sürmür. Namizədləri ya müxtəlif təşəbbüs qrupları, ya siyasi partiyalar irəli sürürlər, ya da özləri müstəqil formada seçkiyə gedirlər. Budəfəki prezident seçkilərində prezidentliyə 10 namizəd var, onların 8-i partiya, biri təşəbbüs qrupu tərəfindən, birinin isə müstəqil olaraq namizədliyi irəli sürülüb. Bu baxımdan "10 namizəd kişidir, amma qadın yoxdur" deyə münasibətin ortaya qoyulması başadüşülən deyil. Əgər Lalə Şövkət və ya Gültəkin Hacıbəyli namizədliklərini irəli sürməyiblərsə, ATƏT DTİHB-in təmsilçiləri bunu onların özlərindən soruşsaydılar, daha yaxşı olardı. Bu məsələ ilə bağlı Azərbaycan Mərkəzi Seçki Komissiyasının açıqlamasında deyilir: "Qadın namizədin irəli sürülməməsi ilə bağlı bildiririk ki, gender bərabərliyi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi ilə təmin edilmişdir. Qadınlar həm parlamentdə, həm də Azərbaycan hökumətinin və məhkəmə hakimiyyətinin tərkibində geniş təmsil olunmuşlar. Bu seçkilərdə də qadınların passiv seçki hüququndan istifadə etmələri üçün hər cür şərait yaradılmışdır. Qadınların yaradılan bu imkanlardan istifadə etməmələrinin hesabatda vurğulanması ən azı anlaşılmazdır. Yeri gəlmişkən, Avropa ölkələrindən indiyədək qadın dövlət başçısı olmayan bir çox nümunələr göstərmək olar".

Missiyanın digər nöqsan kimi göstərdiyi məsələ seçki komissiyalarının təşkili formulu ilə bağlıdır ki, bu məsələdə də qeyri-obyektiv və qərəzli yanaşma özünü göstərib. Belə ki, 2000-ci ildə ATƏT  DTİHB-in tövsiyələrinə tam uyğun olaraq parlamentdə təmsil olunan müxalifət və iqtidar partiyalarının paritet təmsilçiliyi əsasları ilə seçki komissiyaları formalaşıb. Lakin indiki müxalifətdə olan siyasi partiyalar bu paritetdən MSK-nın işini boykot etmək üçün istifadə ediblər. ATƏT DTİHB-in ovaxtkı direktoru Jerar Studmanın müxalifət liderlərinə konstruktiv mövqedən çıxış etmək çağırışları ilə məktublar göndərilməsinə baxmayaraq, boykot davam edibKonstitusiya ilə müəyyən edilən müddətlərin pozulması təhlükəsi yaranıb. Seçki komissiyalarının təşkili formulu bundan sonra Milli Məclis tərəfindən təkmilləşdirilib.

Hesabatdakı digər qərəzli məqam ölkədə televiziya kanallarının hökumətin nəzarəti altında olması ilə bağlıdır. Burada da qərəzli yanaşma və Azərbaycandan xəbərsizlik özünü aydın şəkildə göstərir. Belə ki, seçkiləri müşahidə missiyası ən azından onu bilməli idi ki, Azərbaycanda bir dövlət televiziya kanalı, bir ictimai televiziya kanalı və 33 özəl televiziya kanalı mövcuddur. Görünür, missiya bu iradı da aqressiv müxalifət cəbhəsindən alınmış təlimat əsasında hesabatına daxil edib.

2010-cu il parlament seçkilərindən sonra ATƏT DTİHB-in heç bir tövsiyəsinin (şikayətlərin baxılması dövrünün azaldılması istisna olmaqla) düzəlişlərdə əksini tapmamasına gəldikdə isə, qeyd etmək lazımdır ki, verilən 17 tövsiyədən 12-si qəbul edilib. Bu barədə məlumat MSK-nın sədri tərəfindən ATƏT DTİHB-in direktoru Janez Lenarçiçə cari il avqustun 12-də ünvanlanıb.

ATƏT DTİHB-in hesabatında nöqsan kimi yer alan məqamlar qərəzli,  məntiqsiz və həm də anlaşılmazdır. Görünür, ATƏT missiyasının üzvləri Azərbaycanda seçkiöncəsi vəziyyətə dair ağına-bozuna baxmadan ağıllarına gələn hesabat hazırlayıb, sadəcə, tənqid xatirinə ölkəmizi tənqid ediblər.

 

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2013.- 19 sentyabr.- S.10.