İtaliyanın məşhur ISPI beyin mərkəzi «On il hərəkətdə:

Cənubi Qafqaz 2003-2013-cü illərdə» adlı hesabat yaymışdır

 

İtaliyanın məşhur beyin mərkəzi - Beynəlxalq Siyasi Araşdırmalar İnstitutu (Istituto per Gli Studi di Politica Internazionale - ISPI) "10 il hərəkətdə: Cənubi Qafqaz 2003-2013-cü illərdə" adlı hesabat yaymışdır.

AzərTAc xəbər verir ki, ISPI-nin analitiki Matteo Verdanın müəllifi olduğu hesabatda regionun hər üç dövlətində - Azərbaycan, Gürcüstan və Ermənistanda son 10 ildə baş vermiş siyasi proseslər və iqtisadi vəziyyət təhlil edilir, regiondakı əsas təhlükəsizlik təhdidləri nəzərdən keçirilir və qarşıdan gələn onillik barədə proqnozlar verilir.

Mərkəzi ofisi Milan şəhərində yerləşən Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun əsası 1934-cü ildə qoyulmuşdur. İnstitut İtaliya Xarici İşlər Nazirliyinin himayəsi altında fəaliyyət göstərir. ISPI-nin müxtəlif proqramları çərçivəsində hər il 1600-dən çox tələbə təlim keçir, il ərzində institut tərəfindən təşkil edilən tədbirlərdə 20 minə qədər qonaq iştirak edir. 2012-ci ildə ISPI ABŞ-ın Pensilvaniya Universiteti tərəfindən hazırlanan dünya beyin mərkəzləri reytinqində ilk yüzlüyə daxil olmuş, "Ən yaxşı siyasi araşdırmalar" kateqoriyasında isə dünyada 34-cü yerə layiq görülmüşdür.

Hesabatda qeyd edilir ki, 2013-cü il Cənubi Qafqazın hər üç ölkəsində seçki ili olduğu üçün xüsusilə əhəmiyyətlidir. Ermənistanda prezident seçkilərinin bu ilin fevral ayında keçirildiyini, Azərbaycan və Gürcüstandakı seçkilərin isə oktyabr ayında baş tutacağını qeyd edən müəllif səsvermənin mümkün nəticələrinə toxunaraq vurğulayır ki, Azərbaycandakı seçkidə hazırkı prezident İlham Əliyevin qələbə qazanacağı ehtimalı çox yüksəkdir.

Hesabata əsasən son onillik ərzində Cənubi Qafqaz ölkələri üçün ən önəmli təhlükəsizlik təhdidləri davam etməkdə olan Ermənistan-Azərbaycan münaqişəsi və 2008-ci ildə baş vermiş Rusiya-Gürcüstan müharibəsidir.

Sənəddə deyilir ki, Dağlıq Qarabağ problemi ilə bağlı münaqişə tərəfləri arasında vasitəçilik etmək üçün hələ 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradılmışdır. Lakin bu təşkilatın fəaliyyəti münaqişənin həlli üçün qeyri-səmərəli olmuşdur. Status-kvonun davam etməsi dünya birliyi tərəfindən tənqid edilsə də, münaqişənin həllinə vasitəçi kimi cəlb edilmiş dövlətlərin status-kvonun dəyişdirilməsi istiqamətindəki cəhdlərində siyasi iradə çatışmazlığı ciddi şəkildə hiss edilməkdədir.

Regiondakı iqtisadi vəziyyətdən danışan müəllif qeyd edir ki, son 10 il ərzində region ölkələri fərqli iqtisadi inkişaf nəticələri əldə etmişlər. Əgər Azərbaycan sürətlə inkişaf edərək ikirəqəmli illik iqtisadi artım tempinə nail olmuşsa, Gürcüstan və Ermənistanda inkişaf çox zəif getmişdir. 2009-cu il maliyyə böhranı zamanı Ermənistan və Gürcüstan iqtisadi geriləmə yaşasa da (bu ölkələrin ümumi daxili məhsulları böhran illərində müvafiq olaraq 14 və 4 faiz azalmışdır), Azərbaycan müsbət inkişaf tempini qoruyub saxlamışdır.

Hesabatda vurğulanır ki, Dünya İqtisadi Forumunun son "Qlobal rəqabətqabiliyyətlilik indeksi"nə əsasən iqtisadi inkişaf baxımından Azərbaycan dünya dövlətləri arasında 39-cu, Gürcüstan və Ermənistan isə müvafiq olaraq 72-ci və 79-cu yerlərdə qərarlaşmışdır.

Hesabatın Azərbaycanla bağlı olan hissəsində müəllif təhlükəsizliyə dair məsələlərdən danışır, ölkədə baş verən önəmli siyasiiqtisadi prosesləri ətraflı şəkildə təhlil edirbu proseslərin qarşıdan gələn onillikdə mümkün inkişaf istiqamətləri barədə proqnozlar verir.  ISPI qeyd edir ki, əvvəlki dövrdə olduğu kimi, son onillikdə də Azərbaycan üçün ən önəmli təhlükəsizlik məsələsi Dağlıq Qarabağ münaqişəsi olmuşdur. 2011-ci ildə Azərbaycanın yalnız hərbi xərcləri Ermənistanın dövlət büdcəsini üstələmişdir.

Hesabata əsasən son 10 illik dövr ərzində Azərbaycanda daxili proseslər siyasi sabitlikinkişafla yadda qalmışdır. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra ölkədəki xaosa son qoymuşsiyasi sabitlik yaratmağa müvəffəq olmuş, dövlət quruculuğu prosesinə başlanılmışdır.  O, 2003-cü ildə səhhəti ilə əlaqədar prezident seçkilərində iştirak etməmişdir. Bu seçkilər İlham Əliyevin rəqibləri üzərində çox böyük üstünlüklə qalib gəlməsi ilə nəticələnmişdir. Daha sonra İlham Əliyev 2008-ci il prezident seçkilərində, onun sədri olduğu Yeni Azərbaycan Partiyası 2005-ci və 2010-cu illərdə parlament seçkilərində də qələbə qazanmışlar. Bu illər ərzində müxalifət partiyaları seçkilərin nəticələrinə etiraz etsələr də, heç bir ortaq strategiya ilə çıxış edə və Yeni Azərbaycan Partiyasına qarşı ciddi rəqabət yarada bilməmişlər. Müəllif vurğulayır ki, nəticədə "müxalifət partiyaları marginallaşmağa davam etmiş, parçalanaraq daha çox bir-birilərinə qarşı mübarizə aparmaqla məşğul olmuşdur". Müxalifətin 2013-cü il seçkilərindəki əsas namizədi Rüstəm İbrahimbəyov ikili vətəndaşlığının mövcudluğu səbəbindən seçki prosesində iştirak edə bilməmiş, onu əvəzləyən Cəmil Həsənli isə, müəllifin fikrincə, yuxarıda sadalanan səbəblərdən seçkidə qalib gəlmək şansını itirmişdir.

ISPI yaydığı hesabatda Azərbaycandakı siyasi proseslər barədə fikirlərini belə yekunlaşdırır ki, ölkədə siyasi idarəetmə və qərarqəbuletmə mexanizmləri prezident hakimiyyətinin ətrafında cəmlənmiş və Prezident İlham Əliyev öz hakimiyyətini sələfinin siyasiiqtisadi strategiyasının davam etdirilməsinə - ölkəyə xarici sərmayənin cəlbinə, digər dövlətlərin ölkəsinin daxili proseslərinə təsirinin aradan qaldırılmasına və Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəltmişdir.

Hesabatda, həmçinin deyilir: "Azərbaycan qeyri-adi iqtisadi inkişaf göstəriciləri əldə etmiş, ortalama illik 12,2 faiz -  digər Cənubi Qafqaz dövlətləri ilə müqayisədə iki dəfə sürətli iqtisadi artıma nail olmuşdur".

Müəllif vurğulayır ki, ötən onillik ərzində Azərbaycanın siyasi sistemi ən yüksək səviyyədə sabitlik nümayiş etdirmişbu siyasi sabitliyin qarşıdakı on il ərzində də davam edəcəyi gözləniləndir. Bu dövr ərzində Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin başa çatması,

TANAP və TAP boru kəmərləri layihələrinin reallaşması həm Azərbaycanın iqtisadi imkanlarını artıracaq, həm də onun Avropadakı əməkdaşları ilə əlaqələrini gücləndirəcəkdir.

Hər üç ölkədəki daxili siyasi vəziyyətin gələcək onillik perspektivlərini dəyərləndirən müəllifin fikrincə, daxili siyasi proseslərin gedişi baxımından bu ölkələrdə vəziyyət bir-birindən fərqlidir. Ekspert qeyd edir ki, Azərbaycanda İlham Əliyevin 2013-cü il oktyabr seçkilərində gözlənilən qələbəsi ilə siyasi sistemin sabitliyi təmin ediləcək və bu durum qarşıdakı on il müddətində də davam edərək ölkə iqtisadiyyatına yeni sərmayələr üçün əlverişli şərait yaradacaqdır. Gürcüstanda hakimiyyətin M.Saakaşvilidən B.İvanişviliyə keçidi davam edəcək və bu dövr bir sıra ekspertlərin iddialarının əksinə olaraq daxili sabitliklə müşayiət olunacaqdır. Bu baxımdan ən çətin vəziyyət Ermənistanda müşahidə ediləcək və S.Sarkisyan mürəkkəb iqtisadi vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin ölkəsi üçün yaratdığı çətinliklərin siyasi sistem üzərində mənfi təsirlərinə qarşı mübarizə aparmalı olacaqdır.

Beynəlxalq Siyasi Araşdırmalar İnstitutu tərəfindən yayılan hesabatın tam mətni ilə aşağıdakı keçidlər vasitəsilə tanış olmaq olar:

 

http://www.ispionline.it/en/pubblicazione/decade-motion-southern-caucasus-2003-2013-9004

http://www.ispionline.it/sites/default/files/pubblicazioni/wp_50_2013.pdf

 

Azərbaycan.-2013.- 20 sentyabr.- S.1.