AZƏRBAYCANIN ŞANSI

 

Niyə məhz İlham Əliyev?

 

 

Azərbaycan son dərəcə ciddi əhəmiyyət kəsb edən siyasi hadisə ərəfəsindədir. 2013-cü il oktyabr ayının 9-na təyin olunmuş növbəti prezident seçkilərinin sosial-iqtisadi yüksəlişdə, demokratikləşmə və siyasi plüralizmin inkişafında keyfiyyətcə yeni mərhələ açacağı şübhəsizdir. Məhz buna görə də dövlətinin, xalqının, eləcə də özünün gələcək taleyinə biganə olmayan hər bir vətəndaş bu seçimə taleyüklü məsələ kimi yanaşır.

2013-cü ilin prezident seçkiləri tamamilə yeni bir inkişaf mərhələsinə təsadüf edir. Elə bir mərhələyə ki, mövcud həyat reallıqları fonunda bu gün kiminsə səhv etməsi, yanılması tamamən istisnadır. Qarşıdakı seçimlə bağlı vətəndaşın mövqeyinə təsir edəcək, onu tərəddüdlə üzləşdirəcək hansısa mühüm amil, yaxud da ciddi siyasi qüvvə gözə dəymir. Xalqımız hələ 2003-cü və 2008-ci illərin prezident seçkilərində daxili inamına söykənərək cənab İlham Əliyevin prezidentliyə namizədliyini birmənalı dəstəkləməklə siyasi taleyinə sahib olmaq haqqını qətiyyətlə ifadə edib. Bu tarixi seçimlər həm də belə bir həqiqətin cəmiyyətdə obyektiv dərkidir ki, Azərbaycanın dövlət müstəqilliyinin ən bariz təcəssümü Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasətdir.

Bu gün Azərbaycan cəmiyyətinə xas nikbin ictimai ovqat, yüksək seçki əhval-ruhiyyəsi xalqın öz Prezidentinə - cənab İlham Əliyevə dərin və sarsılmaz inamından qaynaqlanır. Bu inam tarixi sınaqlardan keçməklə dövlət başçısının son 10 ildə yürütdüyü alternativsiz siyasətə və bu siyasətin möhtəşəm nəticələrinə söykənir. Bu inam hər addımda müşahidə etdiyimiz daha bir əlahiddə amildən - Prezidentlə xalqın sarsılmaz mənəvi bağlılığından qaynaqlanır. Bu inam Prezident İlham Əliyevin Azərbaycanda idarəçilik fəlsəfəsinə yeni məna çalarları gətirmiş "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" çağırışından rişələnir. Nəhayət, bu inam mayasında Heydər Əliyev sevgisi dayanan ümumxalq rəğbətindən qüdrət alır.

Ölkə vətəndaşları Heydər Əliyev siyasi kursunu yeganə nicat və istinadgah mənbəyi seçdiyi kimi, qarşıdakı beş ildə Azərbaycanın taleyini də ulu öndərin layiqli davamçısı - Azərbaycan Prezidenti cənab İlham Əliyevə etibar edirlər. Bu yüksək etimad ilk növbədə cənab İlham Əliyevin səmərəli fəaliyyətindən, ən əsası, öz siyasətində sosial sifariş amilini incəliklə nəzərə almasından qaynaqlanır. Hələ 2003-cü ilin noyabrında ölkə rəhbəri kimi hökumət üzvləri ilə keçirdiyi ilk toplantıda xalqa xidməti əsas tələb, vəzifə kimi müəyyənləşdirən cənab İlham Əliyevin irəli sürdüyü bu prinsip daim qüvvədə olmuşdur.

Azərbaycan xalqı qeyri-real vədlərə, populist bəyanatlara deyil, hər zaman konkret işə, nəticəyə səs vermişdir. Prezident İlham Əliyev son 10 ildə inkişafa xidmət edən mütərəqqi fikir və ideyalarını ictimai rəyə hesablanmış hansısa populist bəyanatlar üzərində deyil, reallıqda təsdiqini tapmış müddəalar üzərində qurur. Bu reallıq fonunda "Niyə məhz İlham ƏLİYEVƏ səs verməliyik" sualına ən dolğun cavab isə ölkəmizdəki yalnız onilliklər ərzində qazanılması mümkün olan inanılmaz nailiyyətlərdir. 

 

 

 

Regionların tarazlı inkişafı təmin edildi

 

 

Prezident İlham Əliyev ötən 10 ildə elmi əsaslara söykənən regional inkişaf proqramları əsasında Azərbaycanı regionun lokomotiv dövlətinə çevirdi. 2003-cü ilə qədər Azərbaycan iqtisadiyyatında əsas ağırlıq neft-qaz sənayesinin cəmləşdiyi paytaxt Bakının üzərinə düşürdüsə, ötən 10 ildə tamamilə yeni mənzərə yaranmışdır. Hələ 2004-cü il 11 fevral tarixdə təsdiqlənmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı"nda aşağıdakı mühüm vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulmuşdu:

- müəssisələrin istehsal fəaliyyətini bərpa etmək və yeni istehsal sahələri yaratmaq;

-   yerli resurslardan istifadənin səmərəsini artırmaq;

- regionların inkişafı üçün zəruri infrastrukturun yaradılmasını və inkişafını təmin etmək;

- aqrar sektorda islahatların ikinci mərhələsini sürətləndirmək, bunun üçün regionlarda fermerlərə və digər kənd təsərrüfatı işçilərinə kömək məqsədilə müxtəlif servis mərkəzləri yaratmaq, toxumçuluq bazasını genişləndirmək, texnika ilə təminatı yaxşılaşdırmaq və digər zəruri tədbirləri həyata keçirmək;

 - investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılmasını təmin etmək;

- yeni iş yerlərinin açılmasına nail olmaq;

- əhalinin kommunal xidmətlərlə təminatını yaxşılaşdırmaq.

 

 Proqram çərçivəsində qarşıya qoyulmuş məqsədlər uğurla reallaşdırıldı, infrastruktur layihələrinin həyata keçirilməsinə - yeni yolların, elektrik stansiyalarının, kommunikasiyaların və s. tikintisinə 6,8 milyard manat həcmində investisiya yatırılmışdır.

 

2009-2013-cü illəri əhatə edən ikinci regional inkişaf proqramı çərçivəsində isə dövlət tərəfindən bölgələrə yatırılan investisiyaların həcmi ildən-ilə artırılmışdır. Proqramın həyata keçirilməsinin dörd ili ərzində (2009-2012) regionların inkişafına 14,5 milyard manat dövlət investisiyası yönəldilmişdir. 2013-cü ildə isə ölkə üzrə əsaslı vəsait qoyuluşunun 77 faizi civarında və ya 5,3 milyard manat vəsait ayrılmışdır. 10 il ərzində regional inkişafın təmini məqsədilə dövlət büdcəsindən 27 milyard manata yaxın vəsait ayrılması Prezident İlham Əliyevin "Mən hər bir vətəndaşın Prezidenti olacağam" vədinə sadiqliyini bir daha sübuta yetirmişdir.

Regionların inkişafı ilə bağlı 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən dövlət proqramlarının icrası bölgələrdə kütləvi işsizlik problemini də aradan qaldırmışdır. Birinci proqram əsasında 700 min, ikinci proqram çərçivəsində 361 min yeni iş yeri açılmışdır. Ümumilikdə ötən 10 ildə ölkədə açılmış 1 milyon 100 mindən çox yeni iş yerinin təxminən 700 mindən çoxu bölgələrin payına düşür. 2003-cü ildə ölkədə işsizliyin səviyyəsi 28 faiz civarında idisə, 2013-cü ilin birinci rübünün yekunlarına görə 5,15 faiz təşkil etmişdir. 2004-2009-cu illəri əhatə edən birinci regional dövlət proqramının həyata keçirilməsi çərçivəsində regionlarda  636 yeni məktəb, 243 yeni sinif otağı tikilmiş, 192 məktəb əsaslı təmir olunmuşdur. 2009-2013-cü illəri əhatə edən ikinci proqram çərçivəsində, 2012-ci ilin yekunlarına əsasən, regionlarda 450-dən çox təhsil, 100-ə qədər səhiyyə müəssisəsi tikilib istifadəyə verilmişdir.

 

Həyata keçirilən regional inkişaf tədbirləri nəticəsində 10 il ərzində qeyri-neft sektoru 2,7 dəfə artmışdır.

 

 

ÜDM yüksək templərlə artdı

 

 

Prezident İlham Əliyev Azərbaycanı iqtisadi cəhətdən sabit və özünəinamlı ölkəyə çevirdi. Büdcə gəlirləri və strateji valyuta ehtiyatları dəfələrlə artdı. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, 2003-cü ildən respublikada büdcə gəlirlərinin orta illik artımı 20-30% təşkil etmişdir və bu da regionda ən yüksək göstəricilərdən sayılır. 2003-cü ildə Azərbaycanın dövlət büdcəsi təxminən 1,5 milyard dollar civarında olduğu halda, hazırda 25 milyard dollar təşkil edir. 2012-ci ildə dövlət büdcəsinin gəlirləri 2003-cü illə müqayisədə 14,2 dəfə artmışdır.

Azərbaycanın büdcəsi hazırda Cənubi Qafqazın ümumi büdcəsinin 76 faizini təşkil edir. Müqayisə üçün bildirək ki, qonşu Gürcüstanın 2013-cü ilə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin həcmi cəmi 4,9 milyard, Ermənistanda isə cəmi 2,6 milyard ABŞ dolları səviyyəsindədir.

Respublikamız 2003-cü ildə adambaşına düşən ümumi daxili məhsulun həcminə görə dünya ölkələri sırasında 90-cı yerdə qərar tutmuşdu. Həmin vaxt Azərbaycanda istehsal olunan ÜDM-in adambaşına düşən həcmi nominal ifadədə cəmi 873 manat (təqribən 1100 ABŞ dolları) təşkil edirdisə, hazırda bu rəqəm 8000 dollara yaxınlaşır. 2003-2013-cü illəri əhatə edən dövr ərzində ölkədə ÜDM istehsalı ildə orta hesabla 13,6 faiz artmışdır. 2005-ci ildə ÜDM 26,4 faiz, 2006-cı ildə 32,5 faiz, 2007-ci ildə 25 faiz, 2008-ci ildə 10,8 faiz təşkil etmişdir. 2012-ci ildə Azərbaycanda istehsal edilmiş ÜDM-in həcmi əvvəlki illə müqayisədə 2,2 faiz artaraq 54 milyard manata çatmışdır.  Ötən il  adambaşına düşən ÜDM-in həcmi 7490,5 ABŞ dolları təşkil etmişdir.

2013-cü ildə ölkədə ÜDM istehsalının həcminin  nominal ifadədə 56 milyon manat təşkil edəcəyi gözlənilir. Bu isə adambaşına düşən ÜDM-in həcminin  nominal ifadədə 6200 manatı (təqribən 8000 ABŞ dolları) keçəcəyi deməkdir.

Beləliklə, cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin uğurlu nəticələrindən biri olaraq 2003-cü illə müqayisədə Azərbaycanda ÜDM-in real ifadədə 3,4 dəfədən çox, nominal ifadədə 7 dəfəyə yaxın artımı baş vermişdir.

2003-cü ildə Azərbaycanda mühüm makroiqtisadi göstəricilərdən olan strateji valyuta ehtiyatlarının həcmi 1,6 milyard ABŞ dollarına yaxın idi. 2003-2013-cü illər  ərzində ölkənin strateji valyuta ehtiyatları ildə orta hesabla 3 dəfə artmışdır. 2013-cü ilin birinci yarısının yekunlarına görə, ölkənin strateji valyuta ehtiyatları 48 milyard ABŞ dollarına (Mərkəzi Bankın və Dövlət Neft Fondunun ehtiyatlarının cəmi) çatmışdır. Hazırda  ölkənin strateji valyuta ehtiyatları 3 illik idxalın və xidmətlərin maliyyələşdirilməsinə kifayət edir. Bu, iqtisadi təhlükəsizlik baxımından dünya miqyasında ən yaxşı göstəricilərdən sayılır.

Azərbaycanın strateji valyuta ehtiyatları hazırda xarici dövlət borcunu 10 dəfə üstələyir. Təkcə Mərkəzi Bankın ehtiyatları 13 milyard ABŞ dollarını keçmişdir və bu da bir il ərzində mal və xidmətlərin idxalı üçün yetərlidir. Ölkənin strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 70 faizə yaxındır və bu da inkişaf etmiş dövlətlər içərisində ən yaxşı göstəricilərdən biridir. Respublikamız strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbətinə görə dünyada ilk 15 dövlət sırasındadır.

Digər mühüm göstərici Azərbaycanın strateji valyuta ehtiyatlarının formalaşmasında neft amilinin rolunun getdikcə azalmasıdır. Son 2 ildə ölkədə neft istehsalının və nəqlinin azalmasına baxmayaraq, strateji valyuta ehtiyatları artmaqda davam etmişdir. 2013-cü ilin sonunda ölkənin strateji valyuta ehtiyatlarının 50 milyard ABŞ dollarını keçəcəyi proqnozlaşdırılır.

Ümumilikdə cənab İlham Əliyevin 10 illik prezidentliyi dövründə respublikanın strateji valyuta ehtiyatlarının həcmi 30 dəfədən çox artmışdır.

 

 

Sosial problemlər həllini tapdı

 

 

"Azərbaycanda bir nəfər də olsun yoxsul insan yaşamamalıdır" deyən Prezident İlham Əliyev ötən 10 ildə "sosial dövlət" konsepsiyasını uğurla həyata keçirmişdir. 2003-cü ilin statistik göstəricilərinə əsasən, həmin il Azərbaycanda yoxsulluğun səviyyəsi 44,4 faiz təşkil edirdi. Həmin ilin fevralında "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı" təsdiq edildi.

Yoxsulluğun azaldılmasına yönələn sosial-iqtisadi siyasətin başlıca istiqamətləri olaraq 2003-2005-ci illər ərzində ölkədə ümumi makroiqtisadi sabitlik qorunmuş, dinamik iqtisadi artım təmin edilmiş, inflyasiya və milli valyutanın məzənnəsi məqbul səviyyədə saxlanılmışdır. Nəticədə cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin ilk iki ilində yoxsulluğun səviyyəsində ciddi azalma baş vermiş, 2005-ci ildə bu göstərici 29,3 faizə enmişdir. Yoxsulluğun faizinin aşağı düşməsi tendensiyası sonrakı illərdə də davam etmişdir. 2006-cı ildə ölkədə yoxsulluq 20,8 faiz, 2007-ci ildə 15,8 faiz, 2008-ci ildə 13,2 faiz olmuşdur.

Prezident İlham Əliyevin 2008-ci il 15 sentyabr tarixli sərəncamı ilə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" təsdiqlənmişdir. Nəticədə 2009-cu ildə yoxsulluğun səviyyəsi 10,9,  2010-cu ildə isə 9,1 faizə enmişdir. 2012-ci ildə bu rəqəm 6, 2013-cü ilin birinici yarısında isə 5,6 faiz təşkil etmişdir.

Cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanda bütün sosial-iqtisadi göstəricilər kimi, orta aylıq əməkhaqqının da dəfələrlə artımı baş vermişdir. 2003-cü ilin göstəricilərinə əsasən, Azərbaycanda orta aylıq əməkhaqqı təxminən 78 manat səviyyəsində idi. Lakin sonrakı 10 il ərzində ölkədə aparılan genişmiqyaslı iqtisadi islahatlar, özəl sektorun inkişafına ciddi təkan verən dövlət proqramları və qəbul edilmiş qanunlar, prezident fərmanları, iqtisadi rəqabət mühitinin yaxşılaşması, xüsusən qeyri-neft sektorunun inkişafı sayəsində orta aylıq əməkhaqqı ilbəil artmışdır.

Azərbaycanda 2012-ci ilin sonunda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 403,3, 2013-cü ilin birinici yarısında isə 408,8 manat təşkil etmişdir. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, peşə, elmi və texniki fəaliyyət sahəsində, informasiya və rabitədə, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində çalışanlar daha çox orta aylıq nominal əməkhaqqı almışlar.

Hazırda Azərbaycan orta aylıq əməkhaqqı səviyyəsinə görə MDB-  Rusiya və Qazaxıstandan sonra üçüncü yeri tutur. Beynəlxalq maliyyə institutlarının hesabatlarına əsasən, 2003-2012-ci illərdə Azərbaycanda orta aylıq əməkhaqqı 5 dəfədən çox artmışdır. 2013-cü ildə orta aylıq əməkhaqqının artımının davam edərək 440 manatı (təqribən 565 ABŞ dolları) keçəcəyi gözlənilir. Bununla da ölkədə orta aylıq əməkhaqqı 6 dəfəyədək artmış olacaqdır.

Cənab İlham Əliyevin prezidentliyi dövründə - 2006-cı ildən Azərbaycanda beynəlxalq təcrübədə özünü doğrultmuş üçpilləli struktura (baza, sığorta və yığım hissələrindən ibarət) əsaslanan əmək pensiyaları sistemi fəaliyyətdədir. Üçpilləli pensiya sisteminin tətbiqindən 2013-cü ilədək Dövlət Sosial Müdafiə Fondunun xərcləri 4,4 dəfə artaraq 2,5 milyard manata çatmış,  gəlirləri isə 4,1 dəfə artmışdır. Yeni sistemin fəaliyyəti dövründə əmək pensiyalarının istər minimal məbləği (baza hissəsi), istərsə də orta aylıq məbləği əhəmiyyətli şəkildə artmışdır.

Pensiya islahatlarının birinci mərhələsinin yekunlaşmasından sonra ölkədə sığorta-pensiya sisteminin inkişafına dair 2009-2015-ci illəri əhatə edən yeni dövlət proqramı qəbul edilmişdir. Dövlət proqramı ölkədə yoxsulluğun azaldılması və davamlı inkişafa dair  müəyyən olunmuş strateji məqsəd, hədəf və göstəricilər nəzərə alınmaqla, sığorta-pensiya sistemində həyata keçirilən islahatların növbəti mərhələsini müəyyənləşdirmişdir.

Ümumilikdə 2003-cü ilin əvvəlində Azərbaycanda cəmi 20 manat təşkil edən orta aylıq pensiyanın məbləği hazırda 175 manata yaxındır. Yeni pensiya sisteminin tətbiqindən bu vaxtadək yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 8, sığorta hissəsinin artırılması ilə bağlı 6 sərəncam imzalanmışdır. Yeni sistemin tətbiqindən etibarən pensiyaların orta aylıq məbləği hər il yüksələn dinamika ilə artmışdır.

Ümumilikdə yeni sistemin fəaliyyətə başladığı dövrdən 2013-cü ilə qədər əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği 5,2 dəfə artmışdır. 2003-cü ilə nisbətdə orta əmək pensiyalarının məbləğində 8 dəfəyədək artım baş vermişdir.

Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının statistikasına əsasən, Azərbaycan hazırda əmək pensiyasının baza hissəsinin məbləğinə görə MDB ölkələri arasında ilk yerlərdən birini tutur.

Cənab İlham Əliyevin 10 illik prezidentliyi dövründə ölkədə dövlət ünvanlı sosial yardım sisteminin formalaşması da mühüm uğurlardan biri sayılmalıdır. Bu mexanizm 2005-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti tərəfindən imzalanmış müvafiq qanunla tənzimlənir. Qanuna əsasən, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarından aşağı olan aztəminatlı ailələr malikdirlər. 2013-  ilin birinci rübündə 543 minə yaxın ailə üzvünü əhatə edən 123 min 300-ə yaxın ailəyə ünvanlı sosial yardım verilmişdir. Bir ailə üçün orta məbləğ 118 manata yaxın olmuşdur. Dünya Bankının ölkəmizdə apardığı monitorinqin nəticələrinə görə, ünvanlı yardımların təyinatında ünvanlılıq prinsipinə 90 faizə qədər əməl olunmuşdur.

Həyata keçirilən sosial islahatlar nəticəsində, 2012-ci ilin nəticələrinə görə, Azərbaycan BMT-nin İnsan İnkişafı İndeksində 82-ci yeri tutmuşdur.

 

 

İKT sektorunun dinamik inkişafı təmin edildi

 

 

Prezident İlham Əliyevin "Qara qızılı insan qızılına, intellektual potensiala çevirək" tezisi son 10 ildə Azərbaycan cəmiyyətində İKT-nin inkişafını stimullaşdıran başlıca amilə çevrilmişdir. Ölkə başçısının 2004-cü il 20 fevral tarixdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılması barədə fərman imzalaması, habelə bu sahədə peşəkar mütəxəssis akademik Əli Abbasovu nazir vəzifəsinə təyin etməsi ölkədə İKT sektorunun dinamik inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur.

Ötən illərdə İKT sektorunun sürətlə inkişaf edərək ümumi daxili məhsulda xüsusi çəkiyə malik olması ilk növbədə bu sahədə mükəmməl qanunvericilik bazasının yaradılması ilə şərtlənmişdir. Bu məqsədlə ötən illərdə "Elektron imza və elektron sənəd haqqında", "Elektron ticarət haqqında", "Telekommunikasiya haqqında", "Poçt haqqında", "İnformasiya əldə etmək haqqında", "Biometrik informasiya haqqında", "Fərdi məlumatlar haqqında" və s. Azərbaycan Respublikasının qanunları qəbul olunmuş, habelə İKT-nin sürətli inkişafı ilə bağlı mühüm fərman və sərəncamlar imzalanmışdır.

Prezident İlham Əliyevin 22 oktyabr 2005-ci il tarixli fərmanı ilə "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)"nın təsdiqi rabitə və informasiya texnologiyalarının hökumətin fəaliyyətində geniş tətbiqinə imkan yaradan mükəmməl konsepsiya olmuşdur. Bu sahədə islahatların davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)" təsdiq edilmişdir. RİTN tərəfindən bu sahənin inkişafında davamlılığı təmin edəcək yeni proqram hazırlanaraq təsdiqlənmək üçün hökumətə təqdim edilmişdir.

Prezident İlham Əliyevin 2012-ci il 15 mart tarixli "Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun yaradılması haqqında" sərəncamı informasiya-kommunikasiya texnologiyaları sektorunda fəaliyyətin stimullaşdırılmasına, bu sahədə innovasiyaların tətbiqinin, habelə tətbiqi elmi-tədqiqat işlərinin genişləndirilməsinə xidmət etmişdir.

Əgər 2003-cü ildə İKT sektoru üzrə gəlirin 65,8 faizi qeyri-dövlət rabitə müəssisələrinin payına düşürdüsə, 2008-ci ildə bu rəqəm 80,3 faizə yüksəlmiş, 2003-2008-ci illər ərzində bu sektorda 5500-dən çox yeni iş yerləri açılmışdır.

2008-2012-ci illər ərzində Azərbaycanın İKT sektoru 5 dəfə artmışdır. Bununla 7-8 ildir ki, Azərbaycanın İKT sahəsinin orta illik artım tempi 25-32 faiz təşkil edir və bu da dünya göstəricisini 2-2,5 dəfə üstələyir. Respublikamız İKT-nin inkişaf göstəricilərinə görə son 5-7 ildə ən dinamik inkişaf edən 10 ölkə qrupuna daxil olmuşdur.

Ümumilikdə 2012-ci ildə İKT sektorundan əldə olunan gəlirlər 1.750 milyon dollar təşkil etmişdir və bu da 2003-cü illə müqayisədə 6 dəfə çoxdur.  "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsasən, bu məbləğin 2020-ci ildə 9 milyard ABŞ dollarına çatdırılacağı planlaşdırılır.

Ötən 10 ilin ən böyük uğurlarından biri də Azərbaycanın kosmik peyki olan ölkələr sırasına qoşulmasıdır. 2008-ci ildə Prezident İlham Əliyev "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" sərəncam imzalamış, kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı qəbul olunmuş, "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti təsis edilmişdir. Bu istiqamətdə həyata keçirilən uğurlu fəaliyyətin nəticəsi olaraq 2013-cü il fevral ayının 8-də Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki - "Azərspace-1" uğurla orbitə buraxılmışdır.

Azərbaycanın ilk telekommunikasiya peykinin buraxılması ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində mühüm addım olmaqla yanaşı, kommersiya xarakterli və gəlirli bir layihədir. "Azərspace-1" peyki yaxın gələcəkdə bütün Azərbaycan ərazisində keyfiyyətli televiziya və radio yayımını, ötürülən bütün məlumatlara daha yaxşı nəzarət olunması, müxtəlif elektron hökumət layihələrinin həyata keçirilməsi, həmçinin məsafədən təhsil və elektron səhiyyə kimi mühüm proqramlar üçün əlverişli platforma yaradacaqdır.

Ölkədə internet istifadəçilərinin sayının kəskin artımı da son 10 ilin mühüm uğurlarından biridir. 2003-cü ildə ölkədə hər 100 nəfərə 7 internet istifadəçisi düşürdüsə, hazırda bu rəqəm 70-ə yüksəlmişdir. "Dünya İqtisadi Forumunun Qlobal İnformasiya Texnologiyaları - 2012" hesabatında Azərbaycan "Şəbəkələşmə hazırlığı indeksi"nə görə əvvəlki mövqeyindən 9 pillə irəliləyərək dünyanın 142 ölkəsi arasında 61-ci yerə yüksəlmişdir. Bu hesabata əsasən, Azərbaycan hər 100 nəfərə düşən internet istifadəçilərinin sayına görə MDB-də birinci yerdədir.

İKT sahəsində son illərin ən böyük uğurlarından biri də 2012-ci il dekabrın 21-də BMT-nin Baş Assambleyasında TASİM layihəsi üzrə yeni qətnamənin yekdilliklə qəbulu olmuşdur. Layihənin reallaşdırılmasına dəstək vermək məqsədilə Azərbaycan tərəfindən irəli sürülmüş qətnamə Avrasiya regionunda "rəqəmsal uçurum"un aradan qaldırılması üçün müvafiq telekommunikasiya infrastrukturunun inkişaf etdirilməsini, özəl və dövlət sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsini nəzərdə tutur. TASİM uzunmüddətli təşəbbüsdür və onun reallaşması iki mərhələdən ibarət olacaqdır. Birinci mərhələdə aparıcı region ölkələri və operatorları Qərbi və Şərqi birləşdirən əsas internet tranzit  infrastrukturunu yaradacaqlar. Prosesin 2013-cü ilin axırında başa çatdırılması nəzərdə tutulur.

 

 

 

Dəyişməz seçim

 

 

Əlbəttə, bu yazıda qeyd olunan faktlar Prezident İlham Əliyevin rəhbərliyi altında son 10 ildə əldə olunmuş möhtəşəm uğurların yalnız cüzi qismini əhatə edir. Bütün bu uğurların nəticəsi olaraq cəmiyyətdə belə rəy formalaşmışdır ki, Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf prioritetlərinin varisliyini təmin edəcək alternativsiz liderdir. Prezident İlham Əliyevin son 10 ildə ölkəyə rəhbərliyinin ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, milli inkişaf modeli var.

Xalqımız ölkədəki siyasi qüvvələr arasında azad və tərəddüdsüz, həm də doğru seçim edəcək qədər yetkin və müdrikdir. Bu müdrik seçim həm də obyektiv reallığa, ölkənin son 20 ildə keçdiyi tarixi inkişaf yolunun məntiqi yekununa, konkret desək, Azərbaycan vətəndaşının bugünkü yaşam tərzinə əsaslanır.

Son 10 ilin yekunlarına nəzərən əksəriyyət seçimini əvvəlcədən etmişdir. Yəqin elə buna görə də səsvermə günü seçki pərdəsi arxasında çox düşünmək lazım gəlməyəcək. Tamamilə azad, şəffaf, demokratik şəraitdə keçəcək bu seçkidə hansı namizədin qələbəyə daha layiq olduğu hamıya bəllidir.

Realist seçici hər zaman "Bu seçim nə verə bilər" sualı üzərində düşünərək əvvəlcədən mövqeyini qətiləşdirir. Müdrik Azərbaycan xalqı seçkidə düzgün, prinsipial qərar vermək əzmində olduğunu indiyəqədərki prezident və parlament seçkilərində dəfələrlə təsdiqləyib. Azərbaycan seçicisinin dəyişməz seçimini bu gün həm də dövlətin və xalqın maraqları şərtləndirir. Əminik ki, əvvəllər olduğu kimi, bu dəfə də vətəndaşlarımız Azərbaycanı davamlı yüksəlişə aparan, ölkənin qlobal uğurlarına yol açan, insanlarımızın həyat tərzində kardinal dəyişikliklərə səbəb olan alternativsiz siyasi kursun qələbəsinə səs verəcəklər.

 

 

 

Əlican BABAYEV,

Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi nəzəriyyə-1 kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor, əməkdar müəllim, Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatı Ali Məclisinin sədri

Azərbaycan.-2013.- 20 sentyabr.- S.1.