Ədliyyə naziri Şirvan şəhərində vətəndaşları qəbul etmişdir

 

Sentyabrın 19-da ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Şirvan regional ədliyyə şöbəsində Azərbaycan Prezidentinin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Şirvan şəhərində, Neftçala, Sabirabad, Salyan, Hacıqabul, Beyləqan, Biləsuvar, İmişli, Saatlı, Füzuli rayonlarında yaşayan vətəndaşların, habelə Xocavənd və Cəbrayıl rayonlarından olan məcburi köçkünlərin qəbulunu keçirmişdir.

Vətəndaşların rahatlığının təmin edilməsi üçün nazirin qəbuluna yazılış sentyabr ayının 14-dən başlanılmış, nazirliyin elektron xidmətlər portalında xüsusi olaraq birbaşa yazılmaq imkanı yaradılmışdır.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, qəbuldan əvvəl nazir Fikrət Məmmədov və Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov ümummilli lider  Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstəsi qoymuş, ulu öndərin əziz xatirəsini dərin ehtiramla yad etmişlər.

Gün ərzində aparılmış qəbul zamanı ədliyyə orqanlarının, o cümlədən notariat, qeydiyyat, icra qurumlarının, habelə məhkəmələrin fəaliyyəti ilə bağlı hər bir vətəndaş diqqətlə dinlənilmiş, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapmış, digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə dərhal tapşırıqlar verilmişdir.

Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılmış, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunmuşdur.

 

Azərbaycan.-2013.- 20 sentyabr.- S.3.