Azərbaycan Milli Elmlər Akademiyası rəyasət heyətində

 Belarus nümayəndə heyəti ilə görüş keçirilmişdir

 

Sentyabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətinin binasında Belarus Respublikası Fundamental Araşdırmalar Fondunun icraçı direktoru, birgə innovasiyalı layihələr üzrə işçi qrupun Belarus tərəfdən rəhbəri, akademik Valentin Orloviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.

AzərTAc xəbər verir ki,  tədbirdə AMEA-nın prezidenti, işçi qrupun  Azərbaycan tərəfdən rəhbəri, akademik Akif Əlizadə  ölkəmizdə son illərdə əldə olunmuş mühüm elmi nailiyyətlərdən, alimlərimizin elmin müxtəlif sahələrində qazandıqları uğurlardan danışmışdır. AMEA-da aparılan struktur islahatları barədə qonaqlara məlumat verən A.Əlizadə akademiyada kadr hazırlığı məsələlərinə xüsusi diqqət göstərildiyini də qeyd etmişdir. Bu məqsədlə AMEA-nın bəzi institutlarında müvafiq ali məktəblərin baza kafedralarının yaradıldığı diqqətə çatdırılmışdır.

AMEA-nın prezidenti iki ölkənin akademik institutları arasında əməkdaşlığı yüksək dəyərləndirmiş, bu əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini bildirmişdir.

Akademik V.Orloviç Belarus-Azərbaycan münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən elm, təhsil sahələrində sürətlə inkişaf etdiyini bildirmiş, birgə elmi əməkdaşlığın əhəmiyyətini vurğulamışdır.  İşçi qrupunun fəaliyyətindən söz açan belaruslu qonaq alimlərin birgə fəaliyyətlərinin iki ölkə arasında elmi əlaqələrin daha da möhkəmlənməsinə kömək edəcəyinə ümidvar olduğunu bildirmişdir.

Sonra AMEA-nın vitse-prezidenti, akademik Akif Hacıyev və akademik V.Orloviçin həmsədrliyi ilə birgə innovasiyalı layihələr üzrə işçi qrupunun ikinci iclası olmuşdur.

Ötən ilin avqustunda Minskdə təşkil olunmuş ilk iclasda  qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı görülmüş işlər, birgə əməkdaşlığın reallaşdırılmasında problem və çətinliklər, onların həlli yolları təhlil edilmişdir.

Tərəflər  Azərbaycan Respublikasının Prezidenti  yanında Elmin İnkişafı Fondu, Belarus Milli Elmlər Akademiyası  Belarus Respublikası Fundamental Araşdırmalar Fondu arasında  fundamental tədqiqatlar sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də 2014-2015-ci illər üçün Belarus-Azərbaycan  birgə layihələri müsabiqəsinin elan  edilməsi ilə bağlı  razılığa gəlmişlər.

İşçi qrupunun üzvləri cari ilin sonunadək həyata keçirilməli olan bir sıra vacib məsələləri müzakirə və təsdiq etmişlər. İşçi qrupunun növbəti iclası 2014-cü ildə Minskdə keçiriləcəkdir.

 

Azərbaycan.-2013.- 20 sentyabr.- S.3.