Azərbaycanın neft-qaz sənayesi
özünün yüksəliş dövrünü
yaşayır
20 senytabr Azərbaycan
neftçilərinin peşə bayramı günüdür
Qədim neft diyarı olan Azərbaycan tarix boyu
dünyanın neft-qaz sənayesinə əvəzsiz töhfələr
bəxş etmişdir. Neftin kustar üsulla
çıxarıldığı zamanlardan Bakı
neftçilərinin fədakar əməyi daim nümunə
olmuş, onların neft işinə gətirdiyi mütərəqqi
yeniliklər dünya praktikasında geniş tətbiq
edilmişdir. Azərbaycana dünya neft sənayesinin beşiyi
desək, yanılmarıq. Çünki neft ilk dəfə sənaye
üsulu ilə bizim ölkədə
çıxarılmış, emal olunmuş, tankerlərlə,
dəmir yolu ilə, boru kəmərləri ilə nəql
edilmişdir. Daha sonra sahildə, açıq dənizdə, Xəzərin
dərinsulu hissələrində neft yataqlarının kəşfiyyatına
və istismarına başlanılmışdır. Bu il
neftçilərimiz öz peşə bayramlarında Bakıda
sənaye üsulu ilə ilk neft quyusunun qazılmasının
165 illiyini də böyük fəxrlə qeyd edirlər.
1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü və gərgin səyləri ilə ARDNŞ və dünyanın 11 aparıcı neft şirkəti arasında "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinsulu hissəsinin birgə işlənilməsi və hasilatın pay bölgüsü haqqında" sazişin imzalanması regionda beynəlxalq enerji əməkdaşlığının bünövrəsini qoydu. "Əsrin müqaviləsi"nin reallaşması təkcə respublikamız üçün deyil, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Cənubi Qafqaz və Orta Asiya regionu ölkələri üçün strateji əhəmiyyət daşıyır. Saziş regionda digər qlobal layihələrin gerçəkləşməsinə yol açmış, Qərb dövlətlərinin Azərbaycanla bütün sahələrdə genişmiqyaslı əməkdaşlığa marağını artırmış, beynəlxalq maliyyə qurumları ilə münasibətlərdə keyfiyyətcə tamamilə yeni bir mərhələnın başlanğıcını qoymuşdur. Təsadüfi deyil ki, bu möhtəşəm müqavilənin imzalandığı gün - 20 sentyabr hər il Azərbaycan neftçilərinin peşə bayramı kimi qeyd olunur.
Yeni neft strategiyası Azərbaycan iqtisadiyyatının, xüsusən sənayenin və neft sektorunun müasirləşməsi üçün təməl olmuşdur. Genişmiqyaslı islahatlar aparılmış, sənayenin şaxələndirilməsi həyata keçirilmişdir. Hazırda ARDNŞ-in təsisçiliyi ilə yaradılmış 36 birgə müəssisə, 6 alyans, xarici ölkələrdə çoxsaylı törəmə şirkətlər və 13 nümayəndəliyin fəaliyyəti neft və qaz sənayesinin, demək olar ki, bütün sahələrini əhatə edir. ARDNŞ 15 ölkənin 25 şirkəti ilə imzalanmış 17 Hasilatın Pay Bölgüsü Sazişində (HPBS) Azərbaycan dövlətini uğurla təmsil edir. HPBS-lər çərçivəsində 1995-2013-cü illərdə Azərbaycan Respublikasının neft-qaz sektoruna ümumilikdə təqribən 47 milyard ABŞ dolları məbləğində sərmayə qoyulmuşdur.
Xarici tərəfdaşlarla birgə işlərdə yeni bir mərhələnin başlanğıcını qoymuş "Çıraq Neft Layihəsi"nin əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. "Əsrin müqaviləsi" çərçivəsində maksimum hasilatın uzunmüddətli dövr üçün saxlanması məqsədinə xidmət edən layihəyə dair sanksiya 2010-cu ilin martında verilmişdir. "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun 1997-ci ildən başlanan işlənməsinin davamı olan bu layihə çərçivəsində artıq "Qərbi Çıraq" platformasının üst modullarının inşası tamamlanmış və dənizdə dayaq blokunun üzərində quraşdırılmışdır. Modulların montaj və istismar-sınaq işlərinin cari ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Tikinti-quraşdırma işlərinə təxminən 4 min nəfər cəlb olunmuşdur ki, bunun da 90 faizə qədərini yerli işçilər təşkil etmişdir. "Qərbi Çıraq" layihəsi AÇG-də neft hasilatını sabitləşdirməyə və layların neft verimini maksimuma çatdırmağa imkan yaradacaqdır.
"Əsrin müqaviləsi" üzrə
ilk neftin çıxarıldığı vaxtdan ölkədə
neft hasilatında ciddi yüksəliş əldə
olunmuşdur. 2012-ci ildə
43389,8 min ton neft hasil olunmuşdur ki, bunun da 8289,8 min tonu
ARDNŞ-in payına düşmüşdür. Cari ilin 8
ayı ərzində ölkə üzrə neft hasilatı
29,3 milyon ton təşkil etmiş, bunun 5,5 milyon tonu ARDNŞ-in müəssisələri
tərəfindən hasil olunmuşdur. "Azneft"
İstehsalat Birliyi üzrə neftçıxarma proqnozu 101,1 faiz yerinə yetirilmişdir. Cari il sentyabrın 1-nə olan məlumata əsasən,
qaz hasilatı proqnozuna 103 faiz əməl olunmuşdur.
Qazma işlərini sürətləndirmək, səmərəliliyi
artırmaq məqsədilə ARDNŞ yeni nəsil qazma
qurğularının tikintisinə qərar verib. Bu ilin iyun ayında
"Caspian Drilling Company Ltd." və "Keppel Offshore &
Marine Ltd." şirkətləri arasında Xəzər dənizində
6-cı nəsil yarımdalma qazma qurğusunun tikintisi üzrə
anlaşma əldə edilmişdir.
Hazırda bütün dünyada təbii qaza tələbatın
artdığı bir dövrdə qaz hasilatının yüksəldilməsi
ARDNŞ-in qarşısında duran əsas vəzifələrdəndir. 2012-ci ildə ölkə
üzrə qaz hasilatı 26908,8 milyon
kubmetr olmuşdur. Bu hasilatda ARDNŞ-in payı 6924,6 milyon kubmetr həcmindədir. Neft ölkəsi
kimi hələ qədim zamanlardan məşhur olan Azərbaycan
2006-cı ildən etibarən "Şahdəniz"
yatağının uğurla işlənilməsi sayəsində
artıq alternativ təbii qaz mənbəyi, dünya
bazarında etibarlı qaz ixracatçısı kimi
tanınır. Dünya miqyasında ən iri dəniz
yataqlarından olan "Şahdəniz"in ehtiyatları 1,2 trilyon kubmetr qaz və
240 milyon tondan artıq kondensat həcmində qiymətləndirilir.
2012-ci ildə yataqdan təxminən 7,8
milyard kubmetr qaz və 2 milyon ton kondensat hasil edilib. İstismar
dövrünün başlanğıcından 2013-cü il
sentyabrın 1-dək yerli və beynəlxalq bazarlara 44,1 milyard kubmetr qaz, eləcə də 11,5 milyon
ton kondensat ixrac edilib. Hazırda yataqda orta gündəlik
hasilat 27,3 milyon kubmetr qaz və 6,7 ton
kondensat həcmindədir.
Artıq işlənilmənin 2-ci mərhələsinə
hazırlıq işləri başa çatmaq üzrədir. "Şahdəniz-2"
layihəsi çərçivəsində ilkin mərhələdə
hasil olunacaq ildə 10 milyard kubmetrədək təbii qaz
"Cənub dəhlizi" vasitəsilə Avropa
bazarlarına nəql ediləcək. Son illərdə
"Abşeron" yatağında "Total" şirkəti
ilə birlikdə aparılan uğurlu kəşfiyyat işləri
və "Ümid" yatağının
açılması, hasilatın başlanılması ilə
ARDNŞ-in əldə etdiyi uğur Xəzərin Azərbaycan
sektorunda potensialın böyük olduğunu bir daha sübuta
yetirmişdir.
Axtarış-kəşfiyyat işləri müvəffəqiyyətlə
davam edir. BP ilə imzalanmış HPBS çərçivəsində
"Şəfəq-Asiman" yatağında üçölçülü
seysmik tədqiqat proqramı başa
çatdırılmışdır. Təhlillər
bitdikdən sonra yataqda ilk kəşfiyyat quyusunun
qazılması planlaşdırılır. Almaniyanın RWE şirkəti ilə
"Naxçıvan" perspektiv strukturu üzrə əsas
kommersiya prinsipləri
razılaşdırılmışdır. Bu ilin aprelində ARDNŞ və "Statoyl"
şirkəti arasında "Zəfər-Məşəl"
blokunun kəşfiyyatı və işlənməsinə dair
Qarşılıqlı Anlaşma Memorandumu
imzalanmışdır. Mövcud layihələr
üzrə görülən işlər, perspektiv
strukturların potensialı nikbin proqnozlar üçün əsas
verir. 2015-ci ildə ölkə üzrə qaz
hasilatını, laylara vurulan qaz istisna olunmaqla, 20 milyard,
2025-ci ilə qədər isə 40 milyard kubmetrə
çatdırmaq üçün real imkanlar var. Adıçəkilən
yataqlardan əlavə AÇG-nin dərin hissəsinin,
"Babək", "Naxçıvan" və digər
strukturların işlənilməsi Azərbaycanda qaz
hasilatını kəskin artırmağa imkan yaradacaq.
Neft-qaz hasilatının yüksəldilməsi
haqqında dövlət tapşırığına uyğun
olaraq, ARDNŞ-in istismar etdiyi yataqlarda tikinti işləri
sürətləndirilmişdir. Cari ilin 8 ayında təhvil
verilmiş iri obyektlərdən Daşgil-Kənizdağ
arası 500 millimetrlik yüksək təzyiqli qaz xəttini,
"Darvin bankası" yatağında 740 nömrəli
platformanı, "Neft Daşları"nda Mədən-Geofizika
Ekspedisiya bazasını və digərlərini göstərmək
olar.
Ölkədə hasil olunan neftin və qazın dünya
bazarlarına çıxarılması məqsədilə
şaxələndirilmiş boru kəmərləri sisteminin
yaradılması və müvəffəqiyyətlə istismar
olunması Azərbaycan neft sənayesinin şəksiz
üstünlüklərindəndir. Bütün Avrasiya regionunun analoji
mühəndis qurğuları arasında unikallığı
ilə seçilən Heydər Əliyev adına
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri dünya
enerji təhlükəsizliyinin əsas elementlərindən
biridir. Bu kəmər Xəzər hövzəsində
hasil olunan qeyri-Azərbaycan mənşəli neft həcmlərinin
nəqlində də mühüm rol oynayır. Bu vaxtadək kəmər vasitəsilə
8,6 milyon ton Türkmənistan nefti nəql
olunub. Son vaxtlar Qazaxıstan və Rusiya şirkətlərinin
də BTC-yə marağı artmaqdadır.
Azərbaycan qazının uzunmüddətli sazişlər
əsasında Avropa Birliyi ölkələrinə tədarük
olunması üçün mühüm addımlar
atılmışdır. "Şahdəniz-2" layihəsi
çərçivəsində hasil olunacaq qazın
Yunanıstan, İtaliya və Cənub-Şərqi
Avropadakı istehlakçılara çatdırılması
üçün konsorsium tərəfindən Trans-adriatik Boru
Kəmərinin (TAP) seçilməsini ilin mühüm hadisələrindən
hesab etmək olar. Qeyd etmək
lazımdır ki, TAP layihəsi çərçivəsində
Avropa bazarlarına ildə 16 milyard kubmetrdən çox Azərbaycan
qazı daşınacaq. Artıq ARDNŞ, BP və
"Statoyl" bu layihədə 20 faiz, "Total" isə
10 faiz paya sahib olmuş, "TAP AG" şirkətinin digər
səhmdarları ilə alqı-satqı müqaviləsi
imzalanmışdır.
Azərbaycan
və Türkiyə arasında TANAP - Transanadolu Qaz Boru Kəmərinin
inşasına dair ikitərəfli sənədlərin
imzalanması da bu istiqamətdə atılmış mühüm
addımlardandır. Hökumətlərarası
saziş artıq hər iki ölkənin parlamenti tərəfindən
ratifikasiya olunmuşdur. Kəmərin ilkin
ötürücülük qabiliyyəti ildə 16 milyard
kubmetr həcmində planlaşdırılır, gələcəkdə
isə bu göstəricinin 31 milyard kubmetrə
çatdırılması gözlənilir. Belə ki,
növbəti mərhələlərdə Azərbaycanın
digər yataq və strukturlarından ("Ümid",
"Abşeron", "Babək",
"Naxçıvan" və s. ) hasil ediləcək
qazın da TANAP kəməri vasitəsilə ixracı nəzərdə
tutulur. Layihədə ARDNŞ 80, Türkiyənin BOTAŞ və
TPAO şirkətləri isə birlikdə 20 faiz paya malikdirlər.
"Şahdəniz-2" layihəsi üzrə tərəfdaşlarımız
da TANAP-a qoşulmaq
niyyətindədirlər. Cənubi
Qafqaz Boru Kəmərinin genişləndirilməsi və TANAP
layihəsinin həyata keçirilməsi Avropanın enerji təhlükəsizliyində
ölkəmizin rolunu yüksəltməyə böyük
imkan yaradacaq.
ARDNŞ eyni zamanda Yunanıstanın qaz bazarına da
daxil olmaq ərəfəsindədir. Bu ölkənin qaz nəqli
sisteminin operatoru olan DESFA şirkətinin səhmlərinin 66
faizinin satın alınması barədə Yunanıstanın
Əmlakın İdarə Edilməsi Fondu ilə
razılıq əldə edilmişdir. DESFA
ilə TAP konsorsiumu arasında imzalanmış əməkdaşlıq
haqqında razılaşmaya əsasən kəmərin
Yunanıstan ərazisindən keçən hissəsinin
istismarı həyata keçiriləcək, texniki xidmət
sahələrinə dəstək göstəriləcək.
Gələcəkdə Yunanıstan-İtaliya və
Yunanıstan-Türkiyə boru kəmərlərinin tikintisi nəzərdə
tutulur ki, bu da DESFA qarşısında yeni imkanlar açacaq.
Beləliklə, bu şirkətin səhmlərinin
əldə olunması Azərbaycan qazının Avropaya
çatdırılmasında mühüm rol oynayacaq.
Azərbaycanın təbii qaza olan tələbatının
davamlı təminatı və ixrac imkanlarının
genişləndirilməsi məqsədilə ARDNŞ
yeraltı qaz anbarlarının aktiv tutumunun
artırılması vəzifəsini təxirə
salınmadan və yüksək keyfiyyətlə yerinə
yetirir.
Qısa bir müddətdə Qaradağ və Qalmazdakı
yeraltı qaz anbarlarının aktiv tutumu genişləndirilmiş
və ötən il 3,3 milyard kubmetrə
çatdırılmışdır.
"Azəriqaz"
İstehsalat Birliyi tərəfindən əhali və digər
istehlakçıların qaz təchizatının təmin
olunması, yaşayış məntəqələrinin
qazlaşdırılması və qaz təminatının bərpası,
təchizat şəbəkəsinin əsaslı təmiri
üzrə qazanılan nailiyyətlər ilbəil artır.
Azərbaycan bu gün dünya bazarında təkcə
neft və qazın deyil, həm də neft məhsullarının
ixracatçısı kimi tanınır. ARDNŞ-in emal kompleksinə
aid neftayırma zavodlarının - bu yaxınlarda 60 illik
yubileyini qeyd etdiyimiz Heydər Əliyev adına
Bakı Neft Emalı Zavodu və "Azərneftyağ"
zavodunun əməkçiləri, həmişə olduğu
kimi, xam neftdən səmərəli istifadə etməklə,
mühərrik yanacaqlarının istehsalının
artırılması və keyfiyyətinin
yaxşılaşdırılması istiqamətində
uğurla işləyiblər. Zavodlarda emal
olunmuş neftin həcmi ötən ilin müvafiq dövrü
ilə müqayisədə 167 min ton artmışdır.
Neftayırma
zavodlarında, eləcə də "Azərikimya"
İstehsalat Birliyində əldə olunmuş göstəricilərin
qorunub saxlanması və məhsulların keyfiyyətinin Avropa
standartlarına uyğunlaşdırılması məqsədilə
texnoloji proseslərin yeniləşdirilməsi, təkmilləşdirilməsi
və optimallaşdırılması, xüsusilə də
ekoloji səmərəliliyinin artırılması istiqamətində
mütəmadi olaraq kompleks iş aparılır.
Qarşıda duran əsas məqsədlərdən biri
rəqabətədavamlı, müasir standartlara cavab verən
məhsullar istehsal edə biləcək yeni Neft-Qaz Emalı və
Neft-Kimya Kompleksinin (NQNK) inşa edilib istismara verilməsidir. Bu kompleksdə
3 zavodun - qaz emalı, neft emalı və neft-kimya
zavodlarının, enerji blokunun və 40-a yaxın texnoloji
qurğunun fəaliyyəti nəzərdə tutulur.
Daha bir mühüm layihə Sumqayıtda yaradılacaq
Kimya-Sənaye Parkıdır. Azərbaycan
iqtisadiyyatının, xüsusilə sənayenin özəl
sektorunun inkişafında mühüm rol oynayacaq bu parkda
"Azərikimya" İB-də istehsal olunan məhsullardan
müxtəlif çeşidli yekun istehlak mallarının
hazırlanması nəzərdə tutulur.
Təməli
2011-ci ilin dekabrında Sumqayıtda qoyulan azot gübrəsi -
karbamid istehsalı zavodu layihəsi "2008-2015-ci illərdə
Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları
ilə etibarlı təminatına dair Dövlət
Proqramı"na əsasən həyata
keçirilir. Bu ilin martında ARDNŞ və
"Samsung Engineering Co. Ltd." şirkəti arasında layihələndirmə,
satınalma və tikinti müqaviləsi imzalandı. Müqavilə çərçivəsində
"Samsung" şirkəti tikintini və bütün
lazımi sınaqları həyata keçirərək
"açar təhvili" əsasında zavodu istifadəyə
tam hazır şəkildə təhvil verəcəkdir. Şirkətimiz Gürcüstanda da analoji zavodun
tikintisinə hazırlaşır.
Ölkədə həyata keçirilən nəhəng
layihələrdən biri də Dövlət Neft Şirkəti
və onun xarici tərəfdaşları tərəfindən
Bakıda Xəzər dənizi hövzəsində analoqu
olmayan yeni gəmiqayırma zavodunun inşa edilməsidir. Zavod və
burada istehsal olunmuş birinci gəmi istismara tam
hazırdır. Regionda ilk belə zavodun istismara verilməsi
Xəzər hövzəsində
genişmiqyaslı kəşfiyyat, qazma, tikinti və təmir
işləri aparmağa qadir, ixtisaslaşmış Xəzər
Dəniz Neft Donanmasının gəmi parkının yenilənməsində,
Xəzər Dəniz Gəmiçiliyinin, Azərbaycanın
digər dövlət qurumlarının, habelə hövzə
ölkələrinin müasir tanker və gəmilərlə
təmin olunmasında mühüm əhəmiyyət kəsb
edəcək.
Güclü, modern, çevik və rəqabətədavamlı
beynəlxalq qurum kimi fəaliyyətini durmadan genişləndirən
ARDNŞ bu gün böyük enerji və biznes imkanlarına
malik beynəlxalq şirkətlər sırasına daxil olaraq
dünya enerji sektorunda özünə layiqli yer tutmuşdur. Xarici ölkələrdə
həyata keçirilən investisiya layihələri ölkəmizin
ümumi strateji inkişafına xidmət edir. Uğurlu marketinq və koordinasiya işinin nəticəsidir
ki, ARDNŞ dünyada baş verən qlobal maliyyə-iqtisadi
böhranın nəticələrini müvəffəqiyyətlə
dəf edərək, xarici ölkələrdə həyata
keçirdiyimiz layihələrdə ciddi irəliləyişə
nail olmuşdur.
Şirkətimiz
bu gün Türkiyə Respublikasının neft-kimya sənayesinin
aparıcı qüvvəsi olan "Petkim Petrokimya Holdinq
A.Ş."-nin səhmlərinin əhəmiyyətli
hissəsinə (70 faiz) nəzarət edir, onun idarəçiliyini
uğurla həyata keçirir. Holdinq 2013-cü
ilin birinci yarısını müvəffəqiyyətlə
başa vurmuşdur. Hazırda
"Petkim" kompleksinin tələb olunan xammalla təminatının
artırılması məqsədilə Türkiyədə
"STAR" Neft Emalı Zavodunun (NEZ) tikintisi həyata
keçirilir. Bu il mayın 20-də
ARDNŞ və "STAR" NEZ-i inşa edəcək konsorsium
arasında saziş imzalandı. Konsorsiuma İspaniyanın
"Tecnicas Reunidas", İtaliyanın "Saipem", Cənubi
Koreyanın "GS Engineering" və Yaponiyanın
"İtochu" şirkətləri daxildir. Yeni,
ekoloji cəhətdən ən qabaqcıl texnologiyalar əsasında
qurulacaq NEZ illik 10 milyon ton xam neft emal etmək gücünə
malik olacaq.
Gürcüstandakı investisiya layihələrimiz də
özünü doğrultmuşdur. ARDNŞ-nin neft və
neft məhsullarının dünya bazarına
çıxarılmasında əhəmiyyətli rola malik
Kulevi Qara Dəniz Terminalı 2008-ci ildən uğurla fəaliyyət
göstərir. Terminalın işi qısa
müddətdə regionun bir çox şirkətlərinin
diqqətini cəlb etmişdir, burada hazırda Azərbaycan və
Mərkəzi Asiya mənşəli neft məhsullarının
Avropaya ixracı təmin edilir. Ötən il Kulevi Terminalında propilenin qəbulu və
yüklənməsi üzrə yeni bir kompleks tikilərək
istismara verilmişdir.
Bu gün Gürcüstanın enerji bazarının 50
faizindən çoxunu ARDNŞ təmin edir. Neft məhsullarının
topdan və pərakəndə satışını həyata
keçirən "SOCAR Georgia Petroleum", qonşu ölkənin
indiyədək qazlaşdırılmamış bölgələrinə
yeni xətlərin çəkilməsində, əhalinin təbii
qazla təminatında mühüm rol oynayan "SOCAR Georgia
Gas" kimi şirkətlərin fəaliyyəti ictimaiyyət
tərəfindən yüksək qiymətləndirilir. Gürcüstanda hazırda "SOCAR" brendi
altında 110 yanacaqdoldurma və qazdoldurma məntəqəsi
(YDM) fəaliyyət göstərir. "SOCAR
Energy Georgia" şirkəti (holdinqə daxil olan törəmə
qurumlarla birgə) 2012-ci ildə Gürcüstan dövlət
büdcəsinə təqribən 165 milyon ABŞ dolları məbləğində
vergi ödəmişdir.
ARDNŞ Ukrayna və Rumıniyanın pərakəndə
yanacaq satışı bazarlarına da inamla daxil olmuşdur. 2009-cu ildən
fəaliyyət göstərən "SOCAR Energy Ukraine"
MMC-nin əsas fəaliyyəti YDM-lər şəbəkəsini
inkişaf etdirmək, benzin və digər neft məhsullarının
topdansatışını həyata keçirməkdir.
Hazırda Kiyev, Lvov, Odessa və Xarkov şəhərlərində
MMC-nin 4 neft bazası və 37 YDM istismardadır. Ən qısa zamanda daha 10 YDM-in istifadəyə
verilməsi planlaşdırılır. Sevindirici
haldır ki, Şərqi Avropa ərazisində ilk üzən
YDM də ARDNŞ tərəfindən Ukraynada gerçəkləşdirilmişdir.
Rumıniya
ərazisində neft məhsullarının
alqı-satqısının təşkili və beynəlxalq
standartlara uyğun, keyfiyyətli təchizat xidmətinin həyata
keçirilməsi məqsədilə 2011-ci ildə təsis
edilmiş "SOCAR PETROLEUM SA" şirkəti isə ona məxsus
olan 2 neft bazası və 16 YDM vasitəsilə əhalini Avropa
standartlarına uyğun "Euro Dizel 95", "Super Euro
Dizel 98", "Benzin 95" və "Benzin 98" tipli neft
məhsulları və qaz yanacaqları ilə təmin edir.
5 ildir
Avropanın mərkəzində - İsveçrədə Azərbaycana
məxsus neft və neft məhsullarının son
istehlakçılara birbaşa satışını təmin
edən "SOCAR Trading" şirkəti "Azeri Light"
markalı neftin rəqabətqabiliyyətliliyinin yüksəldilməsi
kimi olduqca mühüm vəzifənin öhdəsindən
layiqincə gəlir. Azərbaycanın tarixində
ilk treyder şirkəti olan bu müəssisə böyük
beynəlxalq nüfuz qazanmışdır.
Məlum
olduğu kimi, ARDNŞ İsveçrədə ABŞ-ın
"Exxon Mobil" şirkətinə məxsus ESSO-nun aktivlərini
satın almış və bu aktivlərin "SOCAR" ticarət
nişanına rebrendinq olunmasını təmin etmişdir. Həmin
aktivlərə 170 YDM-in daxil olduğu pərakəndə
satış şəbəkəsi, sənaye və
topdansatış üçün yanacağın
satışı ilə məşğul olan bölmə,
qazdoldurma zavodu, Cenevrə və Sürix aeroportlarında təyyarələrin
yanacaqla təmin edilməsi ilə məşğul olan birgə
müəssisə, terminallar, boru kəmərləri və s.
aiddir. Ötən il Sürixdəki texniki
xidmət stansiyasının açılması ilə
"SOCAR" brendi İsveçrə bazarında öz yerini
tutdu. Brendimiz tez bir zamanda mövqeyini genişləndirmişdir.
Beləliklə, ARDNŞ son 20 ildə
İsveçrənin texniki xidmət sahəsinə daxil
olmuş ilk yeni şirkət oldu.
Cəmiyyət qarşısında sosial məsuliyyətini
dərindən dərk edən ARDNŞ ölkənin ictimai həyatında
da fəal iştirak edir, respublikada həyata keçirilən
mühüm sosial-iqtisadi layihələrə layiqli töhfələr
verir. Hər
il şirkətimizin maliyyə vəsaiti hesabına ölkənin
müxtəlif rayon və kəndlərində əhalinin
rifahının gücləndirilməsi məqsədilə
inşa olunan yeni məktəblər, kitabxanalar, xəstəxana
və tibb məntəqələri, idman qurğuları,
istirahət obyektləri, körpülər, park və
xiyabanlar neftdən əldə olunan gəlirlərin sosial
infrastrukturun bərpasına yönəldildiyini təzahür
etdirir. Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafına dair dövlət proqramları
çərçivəsində Lənkəran,
Naxçıvan, Şirvan, Qazax, Zaqatala, Qəbələ, Bərdə,
Gəncə, Quba, Şamaxı, Cəlilabad və
Xızıda tikilərək qabaqcıl tibbi avadanlıqlarla təchiz
olunmuş müalicə-diaqnostika mərkəzləri, Balakən
Rayon Mərkəzi Xəstəxanası və Füzuli Rayon
Tibb Mərkəzi ölkəmizdə səhiyyənin
inkişafına yeni təkan vermişdir. Həmin
mərkəzlər bu gün Səhiyyə Nazirliyinin nəzdində
fəaliyyət göstərir. Biz yeni
sosialyönümlü layihələrə imza atmaqda davam
edirik. Cari ilin iyulunda Tovuz rayonunda inşa
etdiyimiz Hemodializ və Dinaqnostika Mərkəzi
açıldı. İrimiqyaslı sosial layihələrdən
olan Bakı Olimpiya Stadionunun, Fransız Liseyinin, İstedadlar Təhsil
Kompleksinin və Sumqayıt şəhərində 3050 nəfərlik
təbii örtüklü stadionun tikinti layihəsi üzrə
işlər davam etdirilir.
Neftçilərin sosial-məişət məsələləri
daim diqqət mərkəzindədir. Prioritet istiqamətlərdən
biri neftçilərin mənzil probleminin həllidir.
ARDNŞ üzrə hazırda 5022 nəfər işçi mənzil
növbəsindədir ki, onların da 4528 nəfəri
Bakı şəhərini əhatə edir. Növbədə
olan əməkdaşları qısa müddətdə
yaşayış sahəsi ilə təmin etmək
üçün 2009-cu ildə "Neftçi" Mənzil
Tikinti Kooperativi təsis edilmişdir. 2009-2013-cü
illərdə 1017 neftçi ailəsi, o cümlədən
ARDNŞ-in Təqaüd Proqramının 69 məzunu mənzillə
təmin olunmuşdur. Kooperativ binaların
tikintisi davam etdirilir. Hazırda Xətai
rayonunda 279 mənzilli yaşayış binasının
inşası başa çatmaq üzrədir. Bundan başqa, Qaradağ rayonu Lökbatan qəsəbəsində
312, Sahil qəsəbəsində isə 187 mənzilli
yaşayış binalarının tikintisi davam etdirilir. Pirallahı qəsəbəsində 144 mənzilli
yeni yaşayış binasının, Bibiheybət ərazisində
isə 1200-dən çox ailənin mənzillə təmin
olunması üçün yeni yaşayış kompleksinin
tikintisi məqsədilə hazırlıq işləri
aparılır. Eyni zamanda, ARDNŞ üzrə növbədə
olanlara fərdi mənzil tikintisi üçün Hövsan qəsəbəsinin
qərb hissəsində 12,51 hektar torpaq sahəsi
ayrılmışdır və hazırda bununla bağlı sənədləşdirmə
işləri aparılır. İşçilərin
bağ sahələri ilə təmin olunmaları
üçün də müvafiq işlər
görülür.
"ARDNŞ-in müəssisələrində
işçilərin sosial rifahının
yaxşılaşdırılması məqsədilə
2011-2015-ci illər üçün Sosial İnkişaf
Proqramı"nda nəzərdə tutulan tədbirlərin həyata
keçirilməsi uğurla davam etdirilir. Ümumiyyətlə,
işçilərin sosial-məişət şəraitinin
yaxşılaşdırılması məqsədilə 9 sahədə
müasir üslubda inzibati bina tikilmiş, 35 sahədə
inzibati binalar əsaslı və cari təmir olunmuş, iş
otaqları müasir avadanlıqlarla təchiz edilmişdir. Dəniz
özüllərində, estakadalarda və sahildəki
istehsalat sahələrində əmək şəraitinin
yaxşılaşdırılması üçün
böyük həcmdə iş görülmüşdür.
ARDNŞ-in Sosial İnkişaf İdarəsinin nəzdində
fəaliyyət göstərən "Neftçi"
İdman Sağlamlıq Mərkəzi ölkəmizdə
idmanın inkişafına ilbəil dəyərli töhfələr
verir. İşçilərin istirahət və asudə
vaxtlarının təşkili də ARDNŞ-in həyata
keçirdiyi sosialyönümlü fəaliyyətin əhəmiyyətli
hissəsidir. 2012-ci ildə və 2013-cü ilin 6 ayı ərzində
Balakəndəki "Qubek Hotel" İstirahət Mərkəzində,
Nabrandakı "Geofizik" və "Nabran" istirahət
zonalarında, respublikanın digər istirahət guşələrində ümumilikdə 20 min nəfərdən
artıq neftçinin və onların ailə üzvlərinin
istirahəti təşkil edilmişdir. Müalicəyə
ehtiyacı olan 2581 nəfər sanator-kurort müalicə mərkəzlərinə
göndərilmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi nəticəsində doğma ev-eşiklərindən
didərgin düşmüş həmvətənlərimiz də
diqqətdən yayınmır. ARDNŞ Ağdam rayonu ərazisində
yerləşən "Dördyol 1, 2" və Təzəkənd
qəsəbələrində, Tərtər şəhərində,
Füzuli rayonunun Əhmədalılar, Mirzənağı və
Qazaxlar kəndlərində məskunlaşmış 22 mindən
artıq məcburi köçkün və Sumqayıtda məskunlaşmış
1700 nəfər qaçqın və məcburi
köçkünü himayəsinə
götürmüşdür. Onlara xüsusi diqqət
və qayğı ilə yanaşılır. Təkcə
2012-ci il və 2013-cü ilin 6 ayı ərzində bayramlarda
qaçqın və məcburi köçkünlərə 2
milyon 4 min 385 manatlıq ərzaq yardımı
verilmişdir.
Ətraf
mühit və ekoloji tarazlığın qorunması ilə
bağlı həyata keçirilən genişmiqyaslı
dövlət proqramları çərçivəsində
neft-qaz yataqlarının işlənməsi, istismarı və
emal zamanı ətraf mühitin qorunması, sağlam ekoloji mühitin yaradılması, təbii sərvətlərdən
düzgün istifadə olunması məsələlərini daim diqqət mərkəzində
saxlayan ARDNŞ-də məxsusi strateji planlar işlənilib
hazırlanmışdır və onlar həyata keçirilir.
Neftlə çirklənmiş torpaqların təmizlənməsi,
lay sularının idarə olunması, neft şlamı təmizləyici
qurğuların və dəniz suyunun şirinləşdirilməsi
üçün qurğuların quraşdırılması,
səmt qazlarının idarə olunması, Tullantı Mərkəzinin
yenidən qurulması, yaşıllaşdırma işlərinin
aparılması sahəsində mühüm işlər
görülür.
Bu gün ARDNŞ-in müasir tipli bir şirkət olaraq
ölkə daxilində və xaricdə həyata keçirdiyi
layihələrin uğur qazanması üçün müasir
biliklərə yiyələnmiş gənc kadrlara
böyük ehtiyac var. Şirkətin kadr potensialının
müasir tələblərə
uyğunlaşdırılması məqsədilə
çoxşaxəli kadr hazırlığı proqramı
müvəffəqiyyətlə icra olunur. Gənc nəslin
keyfiyyətli, beynəlxalq standartlara uyğun təhsil
alması, peşəkar kadrlar hazırlanması istiqamətində
təqaüd proqramları həyata keçirilir. 2012-ci
ildə şirkətin maliyyə vəsaiti hesabına
Böyük Britaniya, Fransa və Almaniyanın nüfuzlu
universitetlərində oxuyan 24 məzun təhsilini müvəffəqiyyətlə
başa vurmuş və ARDNŞ-in müxtəlif
struktur bölmələrinə təyinat almışdır. Şirkətimizdə təqaüdçü tələbə
və məzunlara hərtərəfli qayğı göstərilir.
Onlar təhsilləri müddətində ödənişli
"Yay təcrübəsi"nə və "SOCAR Yay Məktəbi"nə
cəlb olunur, ARDNŞ-də işə
götürüldükdən sonra sosial imtiyazlar qazanırlar. Mühəndis
kadrların hazırlanması sahəsində önəmlı
layihələrdən biri olan Bakı Ali Neft Məktəbi
dünyanın tanınmış universitetləri ilə
sıx əməkdaşlıq edir.
"Maddi dəyərləri, iqtisadi potensialımızı insan kapitalına çevirək" devizini əsas götürən ARDNŞ-in Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində də neft sənayesi və digər sənaye sahələri üçün yüksək ixtisaslı fəhlə kadrların hazırlanması, peşələr üzrə təlim-tədrisin beynəlxalq standartlar səviyyəsində qurulması istiqamətində mühüm işlər görülür. İdarənin tabeliyində 4 təlim mərkəzi fəaliyyət göstərir. Hər il yüzlərlə gənc həmin mərkəzləri bitirərək işə qəbul olunur. Ötən bir ildə təkcə Kadr Hazırlığının Təşkili Mərkəzində nəzəri, praktiki və istehsalat təlimindən ibarət kurslardan 15 minədək əməkçi keçmiş, 455 gənc isə peşə sınaqlarını uğurla başa çatdıraraq ARDNŞ-də işlə təmin olunmuşdur. Heydər Əliyev Fondunun dəstəyi ilə bu mərkəzə uşaq evlərindən gələn dinləyicilərə ARDNŞ tərəfindən xüsusi qayğı ilə yanaşılır. İndiyədək 50 nəfər kimsəsiz yeniyetmə müvafiq kursları başa çatdırdıqdan sonra iş və birotaqlı mənzillə təmin olunmuşdur.
ARDNŞ elmin inkişafını da diqqətdə saxlayır. Azərbaycan Milli Elmlər Akademiyası ilə imzalanmış anlaşma memorandumu əsasında təsis olunan ARDNŞ-in Elm Fondunun fəaliyyəti nəticəsində elmin prioritet istiqamətləri üzrə mühüm layihələrin icrasına başlanılmışdır.
Ölkədə gedən davamlı inkişaf prosesləri, sürətli iqtisadi artım, əhalinin maddi rifahının günbəgün daha da yaxşılaşması bir daha sübut edir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin inkişaf və tərəqqi konsepsiyası və onun əsasını təşkil edən yeni neft strategiyası durmadan, uğurla həyata keçirilir. Azərbaycanın 165 illik zəngin tarixə və şanlı ənənələrə malik neft-qaz sənayesi əməkçiləri bu gün də, öz sələfləri kimi, xalqımıza ləyaqətlə xidmət edir, ölkənin sosial-iqtisadi, elmi-mədəni yüksəlişinə mühüm töhfələr verirlər. Xalqımızı əmin edirik ki, neftçilər bundan sonra da Azərbaycan cəmiyyətinin avanqard qüvvəsi olaraq vətənimizin tərəqqisi və daha işıqlı gələcəyi naminə əzmlə çalışacaqlar.
Rövnəq ABDULLAYEV,
ARDNŞ-in prezidenti, Milli Məclisin
deputatı
Azərbaycan.-2013.-
20 sentyabr.- S.5.