Tovuz töhfələri
Regionların sosial-iqtisadi inkişafi ikinci Dövlət Proqramının icra müddəti başa çatır. Onun yekun mərhələsi əlamətdar bir dövrə, prezident seçkilərinə təsadüf edir. Bu çox önəmli siyasi tədbirə Tovuz rayonu bir-birindən dəyərli işlərlə, layiqli töhfələrlə gedir.
Bolluq çeşmələri
Bu yerlərin adamları işgüzar, torpağı münbit, məhsulu bərəkətlidir. Sahibkarlığa geniş meydan açıldıqca istehsal artır, iqtisadiyyat yüksəlir. Cari ilin birinci yarısında rayon üzrə 24 milyon manatlıq məhsul istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövründəkinə nisbətən xeyli çoxdur. Son bir neçə ildə taxıl, kartof və tərəvəz istehsalı 3-4 dəfə artıb. Qaramalın sayı 46 min başa, qoyun və quzuların miqdarı 235 min başa çatıb. Buna müvafiq olaraq ət, süd, yun və yumurta istehsalı da xeyli çoxalıb. Məhsul artdıqca emal müəssisələrinə, çeşidləmə-saxlama anbarlarına tələbat çoxalır. Dövlət proqramına uyğun olaraq Bozalqanlı kəndində müasir quruluşlu süd emalı zavodu, Aşağı Quşçuda hərəsi 300 tonluq 2 soyuducu kamera istifadəyə verilib. Daha bir neçə yerdə isə çeşidləmə anbarları və qarışıq yem dəyirmanları tikilir. Ən xarakterik cəhət budur ki, bir sıra məhsul növləri üzrə Tovuz rayonu özünü ərzaqla təmin edir.
Yüksəlişin vüsətini bilmək üçün daha bir xarakterik misal. Cari ilin birinci yarısında yerli gəlirlər üzrə büdcəyə 5,8 milyon manat vəsaitin daxil olması gözlənilirdi. Amma həmin müddət ərzində bu rəqəm 6 milyon manatdan çox oldu. Başqa sözlə desək, proqnoz tapşırığına 103 faiz əməl edildi. Deməli, qəsəbələrdə, kəndlərdə, tarlalarda, fermalarda bolluq çeşmələri çağlayır. Və bu çeşmələrin gücü-qüvvəti aybaay, ilbəil artır. Yeri gəlmişkən müqayisə üçün bir faktı da qeyd edək. Carı ilin birinci yarısında ölkə üzrə kənd təsərrüfatında 5 faiz artım olduğu halda Tovuz rayonunda bu rəqəm 8,7 faizə çatdı. Dövlət proqramının icrası üzrə Tovuzun ən əsas töhfələrindən biri məhz budur.
Su, işıq, qaz...
Rayonda sosial
məsələlərin həllinə xüsusi
diqqət yetirilir. Artıq neçə
vaxtdır ki, bu yerlərdə
işıq, qaz və su
problemləri həll olunub. Ən ucqar yaşayış məntəqələri
belə təbii qazla təmin edilir. Təkcə son bir neçə ay ərzində
631 abonentə qaz verilib.
Təzəlikcə Əlibəyli, Kirən kəndlərinə,
habelə Qovlar şəhərində yeni salınmış yaşayış məntəqələrinə
qaz xətləri çəkilib. Böyük Qışlaq zonası üzrə
bütün yaşayış sahələrinə
də qaz çəkilişi davam edir. Yaxın vaxtlarda rayonun
qazlaşdırılmasının azı 90 faizə
çatdırılması nəzərdə tutulur.
Ölkənin bir sıra bölgələri üçün xarakterik olan problemlərdən biri də su və kanalizasiya məsələsidir. Bu sahədə Tovuz rayonunda sistemli surətdə tədbirlər görülür. Su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC tərəfindən icra olunur. Həmin layihə əsasında rayonun mərkəzi, Abulbəyli, Bozalqanlı, Aşağı Öysüzlü, Düzcırdaxan, Cəlilli və Qazqulu kəndlərinin tələbatı ödəniləcək. Çox böyük və çox gərəkli obyektdir. Artıq 1588 metr uzunluğunda polietilen borulardan magistral xətt, habelə nasos stansiyasından su anbarlarına və şəhər şəbəkəsinə qədər 3434 metr olan ötürücü su xətləri çəkilmiş, suqəbuledici kamera, suya xlorvurma mərkəzi və laboratoriya binaları, habelə yeni su anbarları tikilmişdir.
Bunlardan əlavə, Tovuz çayı məcrası boyunca Qazqulu kəndi zonasında 5 subartezian quyusu qazılmışdır. Hazırda sutəmizləyici qurğular kompleksində tikinti işləri aparılır. Kanalizasiya şəbəkələri sistemi Tovuz şəhərini, Əlimərdanlı, Abulbəyli və Bozalqanlı kəndlərini əhatə edir. Həmçinin Tovuz çayı üzərində böyük həcmli su anbarlarının inşasında qızğın iş gedir. Bu məqsədlə 8 milyon manat vəsait ayrılıb. 6 ay ərzində işlərin yarıdan çoxu görülüb. Eyni zamanda bir sıra kəndlərin su ilə təmin edilməsi üçün üç mərhələdən ibarət layihə hazırlanır. Layihənin son mərhələsində çirkab sutəmizləyici qurğular kompleksi inşa edilir. Həmin layihə üzrə 30 mindən çox əhali içməli su ilə təmin olunacaq.
Hər gün bir yenilik
Tovuz elə əzəldən
abad rayon olub. İndi gəlir, qazanc artdıqca abadlıq-quruculuq
işləri daha geniş miqyas alır. Torpağın hüsnünə sığal çəkilir.
Rayonda bir-birindən gərəkli
obyektlər tikilir, parklar, bağlar salınır, küçələr,
yollar sahmanlanır.
Küçələrə hər iki tərəfdə orijinal dizaynlı dekorativ divarlar çəkilir, səkilər düzəldilir,
işıq sistemi təzələnir. Heydər Əliyev
seyrəngahında isə
abidələr toplusu yaradılıb. Olimpiya İdman
Kompleksi bu yerlərə xüsusi yaraşıq verir. Onun yanında karvansara tipli "Qala", "Şəlalə" obyektləri,
Bayraq meydanı, "Üç qala" mərkəzi tikilib.
Tovuz çayının sahilində
10 hektar sahədə mədəniyyət və
istirahət parkı salınıb, idman və əyləncə qurğuları düzəldilib.
Yaşıllıqlar qoynunda beşguşəli
"Ayan-Plaza" hoteli
tikilib. Ən ucqar yaşayış
məntəqələrinə belə abad yollar çəkilir.
Əsrik
dərəsi boyunca Böyük Qışlaq-Qaralar-Vahidli
magistral yolu onlarca kəndə rahatlıq gətirdi.
Bu yaxınlarda isə Tovuz-Qovlar-Ağbaşlar
avtomobil yolunun açılışı oldu.
Bu abad yol
40 min nəfərin yaşadığı
35 məntəqəni birləşdirir.
Rayonun digər bölgələrində
də müasir tələblərə uyğun
yollar çəkilir.
Dövlət proqramına uyğun olaraq rayon mərkəzi xəstəxanası üçün
müvafiq bina inşa edilir. Bu sahədə tovuzlulara edilən digər bir töhfə xüsusi qeyd olunmalıdır. Əvvəllər hemodializ xəstələr
Gəncəyə gedirdilər.
Rayonda müasir quruluşlu hemodializ mərkəzinin açılması onların
bu əziyyətinə
son qoydu. İndi bu
müasir tibb ocağında həm diaqnostika, həm müalicə, həm də cərrahiyyə üçün hər cür imkan var.
Abadlıq və quruculuğun miqyası getdikcə genişlənir. Neçə vaxt idi ki, "Sement zavod" qəsəbəsi
kimi tanınan ərazinin miskin görkəmi hamını
narahat edirdi. İndi həmin sahənin başdan-başa abadlaşmasından
söhbət gedir.
Qəza vəziyyətindəki evlərin
yerində beşmərtəbəli
binalar inşa olunur.
Qovlar şəhər oldu, özü də necə şəhər!
İcra hakimiyyətinin başçısı
Tofiq Zeynalov deyir ki, rayonun
hər guşəsi bizim üçün doğmadır, əzizdir:
"Çalışırıq ki, abadlıq, quruculuq işləri hər tərəfi, hər yanı - ən ucqar yaşayış
məntəqələrini də
əhatə eləsin.
Qovlar bu yerlərin iftixarı, gözüdür.
Dövlət proqramına uyğun
olaraq burada sistemli surətdə tikinti-quruculuq işləri
gedir".
Əvvəllər də bu yerlər
abad olub. İndi şəhər
statusunu alandan sonra daha böyük
işlər görülür.
Səhiyyə, təhsil, mədəniyyət
müəssisələri tikilib.
5 hektar sahədə
mədəniyyət və
istirahət parkı yaradılıb. Veteranlar üçün
istirahət yerləri,
körpələr və
cavanlar üçün
əyləncə sahələri
düzəldilib, müharibə
iştirakçılarının xatirəsini əbədiləşdirən
memorial kompleks inşa
olunub. Yanında da bir neçə mərtəbəli
fəvvarə çağlayır.
İstirahət parkında təzəlikcə
Gənclər meydanının
inşasına başlanılıb.
Şəhərin bir sıra küçələri,
yolları, xüsusən
Azadlıq prospekti və "Vağzal" zonası asfalt betonla örtülüb. Yeni müasir
işıqlandırma sistemi
qurulub. İctimai binaların, ticarət
və xidmət obyektlərinin fasadları
milli üslubda bəzədilib. Ətrafdakı yaşayış məntəqələrini
birləşdirən avtomobil
yolu istifadəyə verilib. İşıqlı-yaraşıqlı,
güllü-çiçəkli bu yerlərin gündüzü də gözəldir, gecəsi də... Bir sözlə, son vaxtlarda Qovlar şəhər olub, özü də necə şəhər...
Mərd, mübariz nəsil yetişir
Quruculuqla yanaşı, təlim-tərbiyə
sahəsində qazanılan
uğurlar daha böyük məmnunluq gətirir. Son illər tədrisin maddi-texniki bazasının
möhkəmləndirilməsi və təhsilin səviyyəsinin artırılması
üçün böyük
işlər görülür.
Təhsil şöbəsinin
müdiri Validə Hüseynova deyir ki, biz hər sahədə işimizi müasir tələblər
səviyyəsində qurmağa
çalışırıq: "Məktəblərin böyük
əksəriyyəti üçün
yaraşıqlı binalar
tikilib. Hər il bir neçə təzə bina istifadəyə verilir. İndi bu cür məktəblərin sayı
18-ə çatıb. Yeni tədris ilindən daha iki kənddə
- Bayramlı və Papaqçılarda şagirdlər
təzə binalarda dərs keçəcəklər.
Bu yaxınlarda Şamlıq, Çeşməli,
Muncuqlu, Qaraboyun kənd məktəbləri
üçün yeni binaların inşasına
başlanacaq. Dövlətin bu qayğı və diqqətinə pedaqoji kollektivlərimiz əməli işlə cavab verməyə çalışır. Bu mənada cari ilin yekunları fərəh doğurur.
Bozalqanlı kənd orta məktəbinin məzunu Nərminə Murğuzova test imtahanlarında
700 bal toplayaraq ölkənin
ən nüfuzlu ali məktəblərinin birinə qəbul olunub. Yuxarı Öysüzlü tam orta məktəbinin yetirməsi
Klara Axundova isə 690 bal yığıb. Ümumiyyətlə,
cari ildə 23 məzunumuz 600-dən çox
bal toplayıb. 4 nəfər məzunumuz
qızıl, 3 nəfəri
isə gümüş
medala layiq görülüb. Onların
hər biri test imtahanlarında yüksək
bilik nümayiş etdirib. Ümumən rayon üzrə ali məktəbə ərizə
verən məzunların
49,6 faizi tələbə adını
qazanıb.
Bir cəhət
xüsusilə fərəhlidir. Cəbhə bölgəsində
yerləşən Tovuz
rayonunun gəncləri
böyük həvəslə
hərbi təmayüllü
məktəblərə gedirlər.
Bu il həmin
məktəblərə ərizə
verən 111 gəncdən
88 nəfəri tələbə
bileti alıb. Son beş ildə
isə 412 tovuzlu gənc ali hərbi
məktəbə və
hərbi liseyə daxil olmuşdur. Müqayisə üçün deyək ki, bu, üst-üstə qərb bölgəsinin bütün rayonlarında
olduğundan xeyli çoxdur. Bir sözlə, Tovuzun
təhsil sistemində
müntəzəm surətdə
yüksək bilikli, saf və sədaqətli
gənc nəsil, vətənin mərd mübarizləri yetişir.
Gözəllikdən
doymur ürək
Tovuzun bütün bu
uğurları iqtisadiyyatın
artımına, əhalinin
güzəranına, bununla
yanaşı turizmin inkişafına ünvanlanıb.
Yaraşıqlı binalar, geniş
küçələr, rahat
yollar, səfalı guşələr, güllü-çiçəkli
bağçalar, bağlar
gəl-gəl deyir.
Təkcə bu ilin yaz aylarında 45 hektar sahədə meşə salınıb,
külli miqdarda gül kolu əkilib. Hara gedirsən,
ürək açılır,
hara baxırsan, göz oxşayır.
Şair demişkən,
uca dağlar, gen dərələr, ürək
açan mənzərələr...
Koroğlu qalası, Torpaqqala, Yanıqlı məbədi, Qala düzü, Yuxarı Öysüzlü türbələri,
8 min illik tarixi olan Göytəpə yaşayış məskəni
- hərəsi tarixin bir dönəmindən xəbər verir. Əsrik dərəsi, Göyəbaxan, Çeşməli,
Ağqaya yaylaları,
Şamlıq, Qoşabulaq
meşələri, Cökəli,
Şahzadə, Loğman,
Turşsu, Şırşır,
Qələmçə bulaqları,
neçə-neçə cənnətməkan
guşə taleyin bu yerlərə misilsiz töhfələridir.
Əhməd
İSAYEV,
Azərbaycan.-2013.- 20 sentyabr.- S. 10.