Bakıda Heydər Əliyev Fondunun və «YARAT!» Müasir İncəsənət

 Məkanının birgə hazırladıqları «Home, sweet home» sərgisi açılmışdır

 

Müasir İncəsənət Muzeyində Heydər Əliyev Fondunun və "YARAT!" Müasir İncəsənət Məkanının birgə hazırladıqları "Home, sweet home" ("Ev, doğma ev") sərgisi açılmışdır.

AzərTAc xəbər verir ki, mərasimdə "YARAT!" Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova sərgi haqqında məlumat vermişdir. Bildirmişdir ki, Heydər Əliyev Fondu və "YARAT!" Müasir İncəsənət Məkanı tərəfindən birgə hazırlanmış bu sərgi ilk dəfə bu ilin yazında Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində nümayiş etdirilmişdir. "Home, sweet home" sərgisi çərçivəsində nümayiş olunan müasir Azərbaycan incəsənətinin nüsxələri Avropa tamaşaçısının zövqünü oxşamışdır. Hazırda həmin, lakin müəyyən dəyişikliklərə uğramış və əlavə eksponatları əhatə edən sərgi Bakıda təşkil olunur.

Diqqətə çatdırılmışdır ki, sərgidə "ev" mövzusu ilə əlaqəli olan rəngkarlıq, fotoşəkil, instalyasiya və heykəltəraşlıq işləri nümayiş etdirilir. Sərgidə işləri nümayiş olunan 15 müəllifin hamısı özünəməxsus tərzdə "ailə ocağı" mövzusu üzərində dərindən düşünərək və qismən könüllərinə əziz olan mühafizəkar fikirləri yada salaraq "evin" yeni surətini icad etməyə çalışır. Onların diqqətini sadə və vərdiş etdikləri, həqiqətən mövcud olan və xəyali obyektlər cəlb edir.

Sərgi eksponatları sırasında Faiq Əhməd, Faiq Əkbərov, Təhmin Əli, Çingiz Babayev, Rəşad Babayev, Rasim Babayev, Əli Həsənov, Ramal Kazımov, Aida Mahmudova, Fəxriyyə Məmmədova, Fərid Rəsulov, Fidan Seyidova, Sənan Ələsgərov və Rəşad Ələkbərov tərəfindən yaradılmış əsərlər vardır.

Ev - sabitlik adasıdır, böyük və bədxah dünyanın məşəqqətindən gizlənə biləcəyimiz bir məkandır. Məhz burada biz işimiz və yaradıcılığımız üçün tələb olunan gücü toplayırıq, məhz bu məkana biz yorğun halda qayıdaraq öz sevincimiz və nailiyyətlərimiz haqqında xəbərlə bölüşürük. Ev sanki planetlərlə (əşyalarla) dolu Kainata bənzəyir və bu Kainatda olan hər bir əşya yaşanmış çətinliklərin və sevinc məqamlarının xatirəsini qoruyur...

...Bu məkanın hər bir qarışı bizə tanışdır və məxsusi duyğularla bağlıdır. Evdə mövcud olan emosional mühitdən bizim insanlara xeyir və ahəng bəxş etmək qabiliyyətimiz, eləcə də bizim özümüzünyeni nəsillərin gələcəyi asılıdır. Yalnız böyüdükdən sonra biz dərk edirik ki, təməli uşaqlıqda qoyulan nizam bizi hələ də idarə edir, gənclik zamanı yaşadığımız evin əks-sədası hələ də eşidilməkdədir.  Bu məfhumun vacibliyi daimidir, hərçənd onu şərtləndirən bir çox sosial amil son onilliklərdə dəyişikliklərə məruz qalmışdır.

Ailə ocağının və qadının, başqa sözlə, evin xanımının surətləri həmahəngdir. Ailə bağlarının ənənəvi olaraq güclü olduğu Qafqazda, "evdar qadın" obrazı uzun zamandır ki, qadına məxsus fədakarlıq simvolundan daha çox füsunkar sabitliknizam mücəssəməsi kimi qəbul edilməkdədir. Lakin sürətlə qloballaşan dünyada ailə və cəmiyyətlə bağlı gender stereotipləri tanınmayacaq dərəcədə dəyişilir.

Qadının vərdiş etdiyi roldan imtina etməsi, görəsən, hansı nəticələrə gətirib çıxaracaq? Bu proses ailənin təməl dəyərlərinin məhv olmasının səbəbidir, yoxsa sadəcə, cəmiyyətimizin təkamül inkişafının yeni mərhələsidir?

Maddi dünya da dəyişikliklərə uğramışdır. Zamanlar və nəsillər arasında əlaqələri qoruyub saxlayan miras qalmış əşyalar tədricən əhəmiyyətini itirir. Modaya uyğun tərtib edilmiş otaqlar "babadan qalan kreslodan" və ya "nənədən qalan əntiq servizdən" daha vacib sayılır. Sentimental, sadəlövh-romantik üslub artıq tədricən keçmişdə qalmaqdadır, onun yerində isə funksional, erqonomik dizayn bərqərar olur. Maraqlıdır, bunun nəticəsində ev öz "hərarətini" itirəcəkmi, yoxsa baş verən hadisələr, sadəcə, rahatlıq və münasibliyin zəruri dəyəridir?

Sərgi oktyabrın 10-dək davam edəcəkdir.

 

Azərbaycan.-2013.- 20 sentyabr.- S. 12.