Bakıda müasir standartlara cavab verən gəmiqayırma
zavodunun açılışı olmuşdur
Azərbaycan Prezidenti İlham Əliyev
mərasimdə iştirak etmişdir
Sentyabrın 20-də Bakının Qaradağ rayonunda müasir standartlara cavab verən gəmiqayırma zavodunun açılış mərasimi olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Azərbaycanın iqtisadi və sənaye potensialının gücləndirilməsində mühüm rol oynayacaq Bakı gəmiqayırma zavodunun tikintisi respublikamızda həyata keçirilən iri infrastruktur layihələrindən biridir. Təməli 2010-cu il martın 19-da Prezident İlham Əliyev tərəfindən qoyulmuş zavod Xəzər dənizində ən müasir tələblərə cavab verən istənilən növ müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri və ümumilikdə dəniz mühəndisliyi işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərəcəkdir.
Müəssisə Azərbaycanın gəmiçilik sahəsində idxaldan asılılığını aradan qaldıracaq, Xəzər donanmasını müasirləşdirməyə imkan verəcəkdir. Məlum olduğu kimi, ölkəmizin kifayət qədər güclü donanması vardır. Bu gəmilər bir çox hallarda xarici ölkələrdə təmir edilir. Digər tərəfdən, Azərbaycan Xəzər donanmasının gücləndirilməsi məqsədilə müxtəlif illərdə xaricdən xeyli sayda tanker, yük gəmisi və bərə almışdır. Bakı gəmiqayırma zavodunun işə düşməsindən sonra isə Azərbaycanın tələbatını ödəyə biləcək bütün növ gəmilər ölkəmizdə istehsal olunacaq, onların təmiri burada aparılacaqdır. Eyni zamanda, bu zavod ixrac potensialımızın gücləndirilməsi baxımından da xüsusi əhəmiyyətə malikdir. Bütün bunlar bir daha gəmiqayırma zavodunun Azərbaycanın iqtisadi inkişafının daha da sürətlənməsində nə dərəcədə mühüm rol oynadığını nümayiş etdirir. Digər tərəfdən, son illərdə Azərbaycanda həyata keçirilən iri iqtisadi layihələrdən biri olan bu zavodun inşası ölkəmizin iqtisadi gücünü və bütün sahələrdə öncül mövqelərə malik olmasını göstərir.
Prezident İlham Əliyev zavodun fəaliyyətini əks etdirən videoçarxa və müəssisənin maketinə baxdı.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdi. Bildirildi ki, zavodun tikintisi və istismarı işlərinin həyata keçirilməsi məqsədilə ARDNŞ, Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və Sinqapurun "Keppel Offshore & Marine" şirkəti tərəfindən Bakı gəmiqayırma zavodu MMC birgə müəssisəsi yaradılmışdır. Təsisçilər arasında 2010-cu il dekabrın 10-da imzalanmış razılaşmaya əsasən ARDNŞ, AİŞ və Keppel zavodun nizamnamə kapitalında müvafiq olaraq 65 faiz, 25 faiz və 10 faiz paya malikdirlər.
Zavod Qaradağ rayonu ərazisində, Bakı-Astara magistral yolunun 25-ci kilometrliyində Keppel, Böyük Britaniyanın "Royal Haskoning" və Norveçin "TTS Handling System AS" şirkətlərinin birgə hazırladıqları konseptual layihə əsasında Dövlət Neft Şirkətinin "Neftqaztikinti" Tresti tərəfindən inşa edilmişdir.
Diqqətə çatdırıldı ki, zavod Finlandiya, Niderland, Almaniya, Çex Respublikası, Böyük Britaniya, Koreya Respublikası və Sinqapurda yüksək standartlar səviyyəsində istehsal olunan avadanlıqla təchiz edilmişdir. İstehsal prosesində metalkəsmə, profiləymə, lövhəəymə, 3D borukəsmə rəqəmsal avadanlığı kimi müasir texnoloji vasitələrdən istifadə olunacaqdır. Müəssisə artıq ilk sifarişini də qəbul etmişdir. Yeni layihə "Caspian Drilling Company LTD" tərəfindən verilən yarımqazma qurğusu - DSS 38M-dir. Gəmiqayırma zavodunda qurğunun pantonunun göyərtəsi, eyni zamanda, yuxarı göyərtə hazırlanacaqdır.
Dövlət başçısı zavodu işə saldı. Burada yarımqazma qurğusunun polad lövhəsinin ilk kəsimi aparıldı.
Azərbaycan Prezidentinə zavodun
iş prosesi barədə məlumat verildi. Qeyd olundu
ki, polad lövhələr və profillər metal anbarından
maqnitli kranlar vasitəsilə konveyerə
yüklənir, sonra
metal təmizləmə və
astarlama xəttinə
ötürülür. Polad lövhələr
və profillər bir neçə mərhələdən ibarət
təmizlənmə prosesindən
keçir, xüsusi boya ilə astarlanır
və kranlar vasitəsilə elektron proqramlı rəqəmsal
metalkəsmə maşınlarının
platformalarına yüklənir.
Maşınlarda polad lövhələr
və profillərdən
gəminin gövdə
konstruksiyasının elementləri
işarələnərək kəsilib hazırlanır.
Gövdə konstruksiya
elementləri blok panellərinin hazırlanması üçün
qaynaq xəttinə ötürülür. Bir günlük
növbə vaxtı bu qaynaq xətti
vasitəsilə hər
birinin ağırlığı
25 tona qədər olan 6 müxtəlif panel hazırlana bilir. Sonra panellər digər istehsal sahəsinə ötürülür və
onlardan müxtəlif
konfiqurasiyalı bloklar
hazırlanır. Maksimum ağırlığı
300 tona qədər olan bloklar çoxtəkərli
xüsusi hidravlik transportyor vasitəsilə
təmizləmə və
rəngləmə sahəsinə
gətirilir. İri bloklar
bu sahədə tam qapalı şəraitdə
təmizlənir, astarlanır
və rənglənir.
Sonra bloklar transportyor vasitəsilə tikinti-quraşdırma
sahəsinə daşınır.
Burada bloklar birləşdirilərək
gəminin gövdəsi
tikilir. Baş və köməkçi
mühərriklər, mexaniki
və elektrik avadanlıq, hazırlanmış
boru xətləri müvafiq sahələrdən
gətirilərək gəmidə
quraşdırılır.
Məlumat verildi ki, müəssisənin
ümumi ərazisi 62 hektardır. Burada 1630 metr uzunluğunda yanalma körpüsü, beşmərtəbəli inzibati
bina, təlim mərkəzi, müxtəlif
ofislər və anbarlar, istehsal və təmir-ötürmə
sahələri, yeməkxana,
tibb məntəqəsi,
kompressor, zavodun elektrik təchizatının
etibarlı təminatı
üçün yarımstansiya
binaları tikilmişdir.
Bildirildi
ki, zavod ildə 25 min ton metal konstruksiya
istehsal etmək gücünə malikdir. İstehsal imkanlarına görə Xəzər dənizi hövzəsində analoqu
olmayan bu müəssisədə ildə
15 min ton yükgötürmə qabiliyyəti olan dörd və ya 70 min ton yükgötürmə
qabiliyyəti olan iki tanker və dörd özül təchizat gəmisi tikmək, müxtəlif təyinatlı 80-100 gəmini
təmir etmək mümkün olacaqdır.
Müəssisədə 50 ton yükdartma gücünə malik ilk yedək gəmisi inşa edilmişdir.
Qeyd edildi ki, tam fəaliyyətə
başlayanda zavodda ilkin olaraq 1250 nəfər işçi çalışacaqdır. Gələcəkdə isə işçilərin
sayının 2000 nəfərə
çatdırılması nəzərdə tutulur.
Müəssisənin idarə edilməsi
məqsədilə xüsusi
təlim mərkəzi
yaradılmışdır. Test üsulu ilə seçilən bir qrup gənc mütəxəssis Keppel şirkətinin
Sinqapurda yerləşən
zavodlarında 6-8 ay müddətində
təlim və peşə hazırlığı
kursları keçmişdir.
Kadr hazırlığı işi
bundan sonra da davam etdiriləcək
və gələcəkdə
zavodda işləyənlərin
ən azı 95-98 faizi yerli mütəxəssislərdən
ibarət olacaqdır.
Prezident İlham Əliyev zavodun ərazisinin ilkin vəziyyətini və tikinti prosesini əks etdirən fotostendə baxdı.
Dövlət başçısı mərasimdə
çıxış etdi.
Azərbaycan.-2013.- 21 sentyabr.- S.1.