Bakıda müasir
standartlara cavab verən gəmiqayırma zavodunun
açılışı olmuşdur
Azərbaycan Prezidenti İlham
Əliyev mərasimdə iştirak etmişdir
Azərbaycan Prezidenti İlham
Əliyevin çıxışı
- Hörmətli xanımlar və cənablar, əziz dostlar!
Bu gün çox əlamətdar bir gündür. Biz Bakıda yeni gəmiqayırma zavodunun açılışına toplaşmışıq. Ancaq bundan əvvəl mən bütün Azərbaycan neftçilərini peşə bayramı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu gün neftçilərin peşə bayramıdır. Azərbaycan neftçiləri bütün dövrlərdə Azərbaycanın inkişafında çox mühüm rol oynamışlar. Müstəqil Azərbaycanda neftçilərin fəaliyyəti təqdirəlayiqdir. Neftçilərin zəhməti, istedadı hesabına bu gün Azərbaycan güclü iqtisadiyyata malikdir.
Neft sənayesi bütün dövrlərdə Azərbaycanda aparıcı sahə olmuşdur, o cümlədən bu gün də belədir. Əlbəttə, biz çalışırıq ki, iqtisadiyyatımızı neft amilindən daha da az asılı vəziyyətə gətirək. Ancaq neft sənayesinin inkişafı, Azərbaycanda neft-qaz əməliyyatlarının uğurla aparılması ölkəmizin potensialını böyük dərəcədə gücləndirir. Ona görə bu fürsətdən istifadə edərək mən Neft Şirkətinin bütün əməkdaşlarını, bütün Azərbaycan neftçilərini bu gözəl bayram münasibətilə bir daha təbrik etmək istəyirəm.
Qeyd etmək istəyirəm ki, mənim həyatımın müəyyən hissəsi - doqquz ili Dövlət Neft Şirkətində keçmişdir. Böyük qürur hissi ilə deyə bilərəm ki, mən də neftçilərin arasında işləmişəm. Biz Azərbaycanın yeni neft strategiyasının həyata keçirilməsində birgə səylərlə işləmişik və böyük uğurlara imza atmışıq.
Eyni zamanda, bu gün tarixi gündür. Ona görə ki, 19 il bundan əvvəl "Əsrin
kontraktı" imzalanmışdır. "Əsrin
kontraktı"nın imzalanması Azərbaycanda
yeni neft strategiyasının icra edilməsində
atılmış ən önəmli addımdır. Heydər
Əliyev neft strategiyasının formalaşmasında
"Əsrin kontraktı"nın
xüsusi yeri vardır. Bu gün Azərbaycanı
müasir neft sənayesiz təsəvvür etmək
mümkün deyildir. Əgər 1994-cü ildə ulu
öndər Heydər Əliyevin qərarı ilə neft
strategiyamız başlamasa idi, bu gün ölkəmizin
inkişafı tam başqa istiqamətdə ola
bilərdi. Bizim xoşbəxtliyimiz ondan ibarətdir
ki, ölkəmiz, xalqımız üçün həlledici
anlarda Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə
gəlmiş və Azərbaycanı böyük bəlalardan,
fəlakətlərdən qurtara bilmişdir. Çünki müstəqilliyimizin ilk illəri
çox ağır keçirdi. Ölkədə total
böhran hökm sürürdü. O vaxtkı hakimiyyət demək
olar ki, öz vəzifə borcunu yerinə yetirə bilmirdi,
ölkəmizi xaosa, anarxiyaya sürükləmişdi. Demək olar ki, Azərbaycan dağılmaq ərəfəsində
idi, vətəndaş müharibəsi başlamışdı.
Vətəndaş müharibəsini
başlamış antimilli iqtidar qorxub qaçaraq demək olar
ki, Azərbaycanı başsız qoymuşdu.
Heydər
Əliyevin müdrikliyi, cəsarəti, qətiyyəti,
xalqın ona olan inamı o vaxt ən ağır anlarda bizə
imkan verdi ki, bütün xoşagəlməz
hallara son qoyaq və Azərbaycanı inkişaf yoluna
çıxara bilək.
O gündən
bugünə qədər Azərbaycan sürətli inkişaf
dövrünü yaşayır. Biz bu il
Qurtuluş Gününün 20-ci ildönümünü qeyd
edərək bir daha bütün bu tarixi məqamları nəzərdən
keçirdik. Bugünkü müstəqil Azərbaycanın
uğurlu inkişafının təməli məhz 20 il bundan əvvəl qoyulmuşdur. Ona görə
"Əsrin kontraktı"nın ölkəmizdə
gedən bütün iqtisadi islahatların sürətləndirilməsi
üçün xüsusi yeri olmuşdur. Fürsətdən
istifadə edərək bizimlə bərabər 19 il ərzində çalışan xarici neft
şirkətlərini də buradan salamlamaq istəyirəm. Onların investisiyaları, onların Azərbaycana
olan sədaqəti və yaranmış gözəl əməkdaşlıq
mühiti bax, bugünkü reallıqları şərtləndirdi.
Bu gün biz yeni beynəlxalq əməkdaşlıq
layihəsinin başlanmasını qeyd edirik. Azərbaycanda
gəmiqayırma zavodunun yaradılması da beynəlxalq əməkdaşlıq
nəticəsində mümkün olmuşdur. Burada həm Azərbaycan tərəfi, həm
Sinqapurun "Keppel" şirkəti birgə fəaliyyət
göstərirlər. Zavodun tikintisində
xarici mütəxəssislər iştirak etmişlər.
Burada quraşdırılan avadanlıq aparıcı xarici
şirkətlərin istehsalıdır və pay
bölgüsü də 90 faiz Azərbaycanın, 10 faiz
"Keppel" şirkətinin üzərinə
düşür. Bütün operatorluq işi
Sinqapurun "Keppel" şirkətinə həvalə edilib.
Bu da hesab edirəm ki, beynəlxalq əməkdaşlığın
gözəl təzahürüdür, yeni formasıdır.
Keçən il mənim Sinqapura rəsmi səfərim
zamanı gəmiqayırma zavodunun tikintisi də müzakirə
edilmişdir.
Gəmiqayırma zavodunun tikintisi tarixi hadisədir. Çünki
Azərbaycanda heç vaxt gəmiqayırma zavodu olmamışdır.
Sovet dövründə bir neçə gəmi
təmiri zavodu olmuşdur. Ancaq biz gəmilərin
alınması ilə əlaqədar bütün işləri
xarici tərəfdaşlarla həll edirdik, o cümlədən
müstəqillik dövründə - son on il
ərzində deyə bilərəm ki, Azərbaycan xaricdən
19 gəmi almışdır. Onların
içində bərələr, tankerlər, yük gəmiləri
vardır. Təsəvvür etmək
çətin deyildir ki, bu məqsədlər
üçün nə qədər böyük vəsait
ayrılmışdır. Bundan sonra isə
artıq Azərbaycanda işləyəcək bizə lazım
olan bütün növ gəmiləri ölkəmizdə
istehsal edəcəyik.
Bu, böyük tarixi nailiyyətdir. Bu zavodun
tikintisi Azərbaycanda aparılan iqtisadi islahatların nəticəsidir.
Çünki buraya qoyulan investisiyalar çox
böyük həcmlə ölçülür - 470 milyon
dollar investisiya qoyulmuşdur. Bu, ancaq birinci
mərhələ üçündür. İkinci
mərhələdə də 160 milyon dollar əlavə
investisiya qoyulacaqdır və investisiyaların 90 faizi Azərbaycanın
payına düşür.
Zavodda ən müasir texnologiyalar, ən yüksək
standartlar tətbiq edilir. Burada 1250 yeni iş yeri açılmışdır. Orta əməkhaqqı da kifayət qədər
yüksəkdir. Bizim tələbatımızı, Azərbaycanda
nəqliyyat sektorunda gedən və bundan sonra gedəcək
işləri nəzərə alaraq tam qətiyyətlə deyə
bilərik ki, zavodun çox gərgin iş rejimi olacaqdır. Çünki Dövlət Neft Şirkəti
yaxın illərdə 130 gəminin tikintisini təmin etməlidir.
Əlbəttə ki, bu gəmilərin
hamısı bax, bu zavodda tikiləcəkdir. Xəzər Gəmiçiliyi bundan sonra təqribən
20 gəmini əldə etməlidir. Onların
da hamısı artıq Azərbaycanda tikiləcəkdir.
Xəzərin Azərbaycan sektorunda
çalışan xarici tərəfdaşlarımız da
bildiyimə görə 20-dən çox gəmi sifariş etmək
niyyətindədirlər. Yəni, artıq
mövcud olan bu sifarişlər deyə bilərəm ki,
zavodun 24 saat rejimində işləməsini təmin etməlidir.
Nəzərə alsaq Xəzərdə Xəzəryanı
ölkələrin də neft-qaz əməliyyatları, nəqliyyatla
bağlı məsələləri öz həllini tapır,
istisna edilmir ki, qonşularımız da bu zavodun işindən
faydalana biləcəklər. Bir sözlə,
bu zavodun tikintisi böyük tarixi hadisədir. Burada Azərbaycanın iqtisadi islahatlarının
aparılması öz nəticəsini verməkdədir.
Burada Azərbaycanın iqtisadi siyasətinin
düzgün istiqamətdə aparılması da tam şəkildə
təsdiqlənir. Çünki bizim əsas
iqtisadi islahatlarımız qeyri-neft sektorunun, sənaye
istehsalının inkişafına yönəldilibdir. Eyni zamanda, neft sektorunun inkişafı da əlbəttə
ki, təmin edilməlidir.
Son illərdə neft-qaz sektorunda tarixi nailiyyətlər əldə
edilmişdir.
2006-cı ildə Bakı-Tbilisi-Ceyhan, 2007-ci ildə
Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin tikintisi
demək olar ki, bölgənin enerji xəritəsini
böyük dərəcədə dəyişdirmişdir.
Keçən il TANAP layihəsinə start
verilməsi, bu il Trans-Adriatik boru kəmərinin tikintisi ilə
bağlı əldə edilmiş razılaşmalar bundan sonra
onilliklər ərzində Azərbaycanı çox vacib beynəlxalq
enerji oyunçusuna çevirəcəkdir.
Enerji təhlükəsizliyi məsələlərinin həllində
Azərbaycanın xüsusi rolu vardır. Bu,
böyük nailiyyətdir, bizim böyük uğurumuzdur,
görülən işlərin nəticəsidir. Eyni zamanda, bu, böyük məsuliyyətdir. Çünki artıq Azərbaycan tərəfindən
irəli sürülmüş təşəbbüslər hətta
regional müstəvidən kənara çıxıbdır və
qlobal xarakter daşıyır. Azərbaycanın
uğurlu neft-qaz siyasəti artıq nəinki bölgə
ölkələrində, eyni zamanda, Avropa qitəsində
enerji məsələlərinin həllinə də öz
töhfəsini verəcəkdir. Belə
olan halda əlbəttə ki, bizim məsuliyyətimiz
böyük dərəcədə artacaqdır. Ancaq biz buna hazırıq. Biz
bütün işləri böyük məsuliyyət hissi ilə
görmüşük. Bugünə qədər neft-qaz
sahəsində bir dənə də olsun səhv addım
atılmamışdır. İyirmi il ərzində
Azərbaycanın neft-qaz potensialı böyük dərəcədə
inkişaf etmişdir. Biz son illər ərzində
elektrik enerjisini, qazı idxal edən ölkədən ixrac edən
ölkəyə çevrilmişik. Biz
neft-qaz potensialımızı tam şəkildə realizə
edə bilmişik. Bununla bərabər, bu
gün iqtisadi siyasətimizin əsas hissəsi qeyri-neft
sektorunun inkişafıdır. Bax, bu zavodda
Azərbaycanın iqtisadi siyasəti tam şəkildə
öz əksini tapır - qeyri-neft sektorunun inkişafı, sənayeləşmə
siyasətimizin uğurla davam etdirilməsi.
Mən əvvəlki çıxışlarımda da
qeyd etmişəm ki, Azərbaycanın bir neçə əsas
sənaye mərkəzi olmalıdır. Bakının
Qaradağ rayonu, Gəncə, Sumqayıt və Mingəçevir
şəhərləri. Əlbəttə
ki, digər şəhər və rayonlarımızda sənaye
işləri gedəcəkdir, amma əsas mərkəzlər
bunlardır. Bu zavod da Qaradağ rayonunda
tikilib. Bu zavodun tikintisində idxaldan
asılılığı azaltmaq mexanizmi də əyani şəkildə
göstərilir. İdxaldan
asılılığı azaltmaq təkcə ərzaq məhsulları
ilə məhdudlaşmır. Eyni zamanda, Azərbaycanda
tikinti materialları və sənaye istehsalı maksimum dərəcədə
təşkil edilməlidir.
Biz
artıq bu zavodun timsalında yeniləşən, müasirləşən,
sənayeləşən Azərbaycanı
görürük. Zavodun sifarişlər portfeli
qeyd etdiyim kimi, kifayət qədər böyükdür.
Təkcə sadaladığım, nəzərdə
tutulan tikintilərin dəyəri təxminən 4-5 milyard
dollardır. Yəni, əgər zavod tikilməsəydi,
bu vəsait kənara gedəcəkdi. Ancaq
indi bu vəsait burada qalacaqdır. Bütün
sifarişlər Azərbaycanda həll olunacaqdır.
Burada böyük dərəcədə iş yerləri
yaradılıbdır. Qeyd etdiyim kimi, artıq burada 1250 nəfər işləyir
və bu iş yerlərinin sayı getdikcə artacaqdır. Yəni, iqtisadi siyasətimizin bütün
uğurları burada cəmləşir, öz əksini burada
tapır.
Əlbəttə ki, zavodun tikintisi böyük məna
daşıyır. Eyni zamanda, ona görə ki, bu gün belə
zavodların tikintisi yalnız uğurla inkişaf edən
ölkələrin imkan daxilində ola bilən
bir məsələdir. Bu gün dünyanın
müxtəlif yerlərində hələ ki iqtisadi və
maliyyə böhranı davam edir. Ancaq,
görün, Azərbaycana nə qədər böyük
investisiyalar qoyulur, son həftələr, aylar ərzində
iştirak etdiyim açılışlarda nə qədər
böyük işlər görülür. İnfrastruktur yeniləşir, qaz xətləri
çəkilir, yeni sənaye müəssisələri
yaradılır. Bir ay bundan əvvəl mən böyük sement
zavodunun açılışında iştirak etmişəm.
Qaradağ rayonunda
artıq müasir sement zavodu fəaliyyət
göstərir, ikinci zavod tikilir. Əminəm
ki, yaxın vaxtlarda biz sement istehsalında da artıq xarici
idxaldan asılı olmayacağıq. Yəni,
ölkəmiz üçün lazım olan və həlli
mümkün olan bütün layihələr Azərbaycanda
icra edilməlidir. Bu, yeni iş yerlərinin
açılması, ümumi daxili məhsulun
artırılması və ölkəmizin güclü sənaye
mərkəzinə çevrilməsi deməkdir.
Nəzərə almalıyıq ki, artıq Azərbaycanda
mənim təşəbbüsümlə yaranmaqda olan
texnoparklar layihəsi də uğurla icra edilir. Yaxın
zamanlarda biz texnoparkın birinci nəticəsini görəcəyik.
Mən tam əminəm ki, bizim siyasi baxışlar
konsepsiyamız - "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyası tam şəkildə
öz həllini tapacaq və Azərbaycan güclü sənaye
mərkəzi olacaqdır. Bu gün biz
güclü iqtisadi mərkəzik. Bu
gün biz nəqliyyat-logistika mərkəziyik. Biz güclü sənaye mərkəzi də
olmalıyıq. Çünki gələcək
sənayenin inkişafı ilə bağlı olmalıdır.
Nəqliyyat sektoruna gəldikdə, qeyd etməliyəm
ki, neftdən əldə edilmiş gəlirlərin bir hissəsi
nəqliyyat infrastrukturunun yaradılmasına yönəldilibdir. Gəmiqayırma
zavodunun tikintisi nəqliyyat sektoruna bir töhfədir. Çünki bizim çox əlverişli coğrafi
vəziyyətimiz vardır. Azərbaycan təbii
dəhlizlər üzərində yerləşibdir. Şimal-cənub, şərq-qərb dəhlizləri
Azərbaycandan keçir. Ancaq əgər
müasir logistika və nəqliyyat infrastrukturu olmasa, bu yerləşmənin
heç bir əhəmiyyəti olmayacaqdır. Ona görə bütün başqa sahələrlə
yanaşı, nəqliyyat sektorunun inkişafına da
böyük investisiyalar qoyulmuşdur, böyük diqqət
göstərilmişdir. Son illərdə
Azərbaycanda nəqliyyatın bütün növləri
inkişaf etmişdir. Son 10 il ərzində 19 yük gəmisi,
bərə, tanker, 31 təyyarə alınmışdır, 7
aeroport tikilmişdir.
Bakı-Tbilisi-Qars dəmir yolu tikilir. Bu da strateji əhəmiyyətə
malik olan bir layihədir. Avtomobil yolları,
bizim əsas avtomagistrallar və kənd yolları yenidən
qurulur, tikilir. Bakıda bax, belə gözəl
gəmiqayırma zavodu tikilir. Ələt qəsəbəsində
yeni Beynəlxalq Dəniz Ticarəti Limanı tikilir ki, o da Xəzər
hövzəsində ən böyük ticarət limanı
olacaqdır. Onun yəni,
yükötürmə gücü ilkin mərhələdə
10 milyon, ondan sonra 20 milyon tona bərabər olacaqdır.
Gələcəkdə nəzərdə tutulan
yükdaşımalarının artımı bax, yeni
infrastrukturun yaradılmasını tələb edir. Biz də bunu
yaradırıq - gəmiqayırma
zavodu, yeni dəniz ticarəti limanı, Bakı-Tbilisi-Qars dəmir
yolu, yeni aeroportlar. Bu gün artıq Azərbaycan
yük təyyarələri üçün bir mərkəzə
çevrilmişdir. Yəni, biz
çalışmalıyıq ki, Azərbaycanı müxtəlif
istiqamətlər üzrə mərkəzə çevirək.
Biz artıq buna nail oluruq. Azərbaycan
Cənubi Qafqazın enerji mərkəzidir, iqtisadi mərkəzidir,
dinlərarası münasibətlərin mərkəzidir,
tolerantlıq mərkəzidir, sənaye mərkəzidir və
nəqliyyat mərkəzidir.
Ancaq bu gün Azərbaycanın potensialı o qədər
böyükdür və artım o qədər sürətlidir
ki, əlbəttə, biz yalnız regional məsələlər
ilə öz işimizi məhdudlaşdıra bilmərik. Bu gün bizim
iqtisadi baxışlarımız, iqtisadi siyasətimiz,
investisiya planlarımız artıq bölgə
hüdudlarından kənara çıxıbdır. Bu
gün Azərbaycan beynəlxalq təşkilatlara da öz vəsaitini
ayırır, donor kimi öz fəaliyyətini təmin
edir. Bu gün müxtəlif iqtisadiyyatların
inkişafına Azərbaycan böyük həcmdə
investisiya qoyur, kreditlər ayırır. Yəni,
tamamilə başqa bir vəziyyət yaranmışdır.
20 il bundan əvvəl xarici investisiyalar
olmadan ölkəmiz inkişaf edə bilməzdi və Azərbaycanda
xarici tərəfdaşlar üçün ən gözəl
investisiya iqlimi yaradılmışdır. Bu
gün Azərbaycan öz investisiyalarını başqa
bazarlara, başqa iqtisadiyyatlara yatırır ki, gələcəkdə
bundan həm iqtisadi, həm siyasi cəhətdən daha da
böyük səmərə görsün.
Bu gün bizim iqtisadi siyasətimiz əlbəttə ki,
yeni istiqamətdə inkişaf edir. Beynəlxalq maliyyə
qurumlarının hesablamaları, ən mötəbər beynəlxalq
təşkilatların reytinqləri Azərbaycanda gedən
proseslərə yüksək qiymət verir.
Böhranlı illərdə bəzi ölkələrin kredit
reytinqləri düşdüyü halda, Azərbaycanın
kredit reytinqləri üç aparıcı reytinq şirkəti
- "Fitch", "S&P" və "Moody's" tərəfindən
qaldırılıbdır. Dünya İqtisadi
Forumu - Davos Forumu ölkələrin rəqabət qabiliyyətliliyinə
görə Azərbaycanı dünya miqyasında 39-cu yerə
layiq görübdür. Yəni, bu, nə
deməkdir? O deməkdir ki, biz dünyanın 40
aparıcı ölkəsinin iqtisadiyyatlarının rəqabət
qabiliyyətliliyinə görə onlarla bərabər səviyyədəyik.
Yəni, bu, böyük bir nəticədir,
böyük nailiyyətdir. Biz MDB məkanında
birinci yerdəyik. Adambaşına
düşən birbaşa xarici sərmayələrin həcminə
görə MDB məkanında birinci yerdəyik.
Mən bunları ona görə demirəm ki, biz
özümüzü tərifləyək. Baxmayaraq ki,
buna da, əlbəttə, imkanlar vardır. Ona görə deyirəm ki, bütün bu
uğurlar, nailiyyətlər düşünülmüş
siyasət nəticəsində mümkün olmuşdur. Eyni zamanda, ona görə deyirəm ki, biz bu nailiyyətlərlə
kifayətlənməməliyik. Biz gələcəyə
baxmalıyıq və baxırıq. Biz ölkəmizin
inkişaf strategiyasını 20-30 il bundan
qabağa planlaşdırırıq. Azərbaycanın
sənaye potensialı, demoqrafik vəziyyət, bazarlara
çıxışlarımız - biz bu barədə də
düşünməliyik. Bizim
bazarımız artıb. Ancaq Azərbaycanda
olan potensial bizim mövcud bazarla o qədər də
uzlaşmır. Biz yeni bazarlara
çıxmalıyıq. Əlbəttə
ki, regional bazarlara, dünya bazarlarına hazır məhsulla, rəqabət
qabiliyyətli məhsulla çıxmalıyıq. Azərbaycanda yaradılan bütün böyük
müəssisələr bax, bu səviyyədə,
dünyanın ən yüksək səviyyəsində
olmalıdır.
Əminəm ki, dediyim məsələlər gələcəkdə
öz həllini tapacaqdır. Biz həm regional inkişaf
proqramımızın üçüncü hissəsini gələn
il qəbul edəcəyik, eyni zamanda, sənaye
və iqtisadi siyasətimizlə digər təşəbbüslər
gələn ildən başlayaraq icra ediləcəkdir. Yəni, biz daim inkişafda olmalıyıq, əldə
edilmiş uğurlarla kifayətlənməməliyik. Daim axtarışda olmalıyıq ki, ölkəmizi
daha da gücləndirək, Azərbaycan xalqının daha da
yaxşı həyatını təmin edək.
Bir daha demək istəyirəm ki, zavodun tikintisi
böyük hadisədir, tarixi hadisədir, əlamətdar
hadisədir. Zavodun tikintisində iştirak etmiş bütün
insanlara minnətdarlığımı bildirmək istəyirəm.
Mən şadam və fəxr edirəm ki, Azərbaycanda
artıq belə gözəl sənaye müəssisəsi
yaradılıbdır. Zavodun işinə
uğurlar diləyirəm. Sağ olun.
* * *
Sonra
Sinqapurun Ticarət və Sənaye Nazirliyinin baş dövlət
naziri Li Yi ŞYAN çıxış edərək dedi:
- Zati-aliləri
Prezident İlham Əliyev!
Nazirlər,
hörmətli qonaqlar, xanımlar və cənablar!
Sabahınız xeyir. Bu gün Bakı gəmiqayırma
zavodunun açılış mərasimində iştirak etməkdən
şərəf hissi duyuram. Mən
"Keppel Offshore & Marine" şirkətini, Azərbaycan
Respublikasının Dövlət Neft Şirkətini və Azərbaycan
İnvestisiya Şirkətini uzunmüddətli tərəfdaşlıq
sahəsində əldə etdikləri bu cür mühüm
nailiyyətə görə təbrik etmək istəyirəm.
Bu, mənim Azərbaycana ilk səfərimdir. Mənə
göstərilmiş səmimi qonaqpərvərliyə görə
zati-aliləri Prezident İlham Əliyevə, Azərbaycan
hökumətinə və "Keppel" şirkətinə təşəkkürümü
bildirmək istəyirəm.
Üç
il öncə, 2010-cu ilin mart ayında
Sinqapurun keçmiş xarici işlər naziri Corc Yeo və
zati-aliləri Prezident İlham Əliyev Bakı gəmiqayırma
zavodunun təməlqoyma mərasimində iştirak etdilər. Bu gün mən
böyük məmnuniyyət hissi ilə bu zavodun
açılış mərasimində iştirak etməyimdən
çox şadam.
Sinqapur ilə
Azərbaycan arasında çox səmimi və dost münasibətlər
vardır. Mən məmnuniyyətlə qeyd edirəm
ki, nazirlərimiz və rəsmilərimiz arasında son illər
ərzində təmaslar artmışdır. Ötən ilin noyabr ayında biz böyük şərəf
hissi ilə zati-aliləri Prezident İlham Əliyevi və onun
nümayəndə heyətini Sinqapurda qəbul etdik. Bu,
rəsmilərimiz və iş dairələrimiz
üçün yeni münasibətlərin qurulması və
yeni əməkdaşlıq sahələrinin müəyyən edilməsi üçün
gözəl fürsət oldu.
İqtisadi əməkdaşlığımızın bəlli
sahəsi neft və qaz sektorudur. Azərbaycan beynəlxalq
neft şirkətləri üçün, - hansılar ki, dənizdə
neft və qaz yataqlarının işlənilməsi layihələrini
həyata keçiriblər, o cümlədən
Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərlərinin
çəkilməsini başa çatdırıblar, -
mühüm imkanlar yaratmışdır. Baxmayaraq ki,
Sinqapurda neft və qaz
resursları yoxdur, lakin bizim çox güclü
kimya və dənizdə əməliyyatlarda dəstəkləyici
sənaye obyektlərimiz vardır. Bir çox
Sinqapur şirkətləri, o cümlədən
"Keppel" şirkəti neft və qaz şirkətlərinin
əməliyyatlarına dəstək verirlər.
"Keppel" və Dövlət Neft Şirkəti Xəzər
Gəmiqayırma Şirkətinin Bakıda təsis edilməsi
ilə öz tərəfdaşlığını
başladılar. Həmin vaxtdan etibarən onlar
bir neçə ilk layihələrə imza atdılar. 2000-ci ildə Xəzər Gəmiqayırma Şirkəti
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşdiriləcək
ilk qazma qurğusunu - "Transocean" şirkətinin
"Qurtuluş" qurğusunun tikintisini başa
çatdırdı. 2003-cü ildə bu
şirkət Xəzər dənizində qurulacaq ilk
yarımdalma qurğusunun inşasını başa
çatdırdı. 2009-cu ildə Xəzər Gəmiqayırma
Şirkəti Rusiyanın "LUKoyl" şirkətinə Xəzər
dənizində bu sinifdən olan ilk üzən yüksaxlama və
yükboşaltma gəmisini təhvil verdi.
Dəniz əməliyyatlarında öz təcrübəsi
və xidmətlərinə görə beynəlxalq səviyyədə
tanınan Sinqapurun inkişaf etmiş dəniz dəstəkləyici
əməliyyatları sənayesi Azərbaycanın neft və
qaz sektorunun inkişafına dəstək verə bilər.
Əminəm ki, "Keppel" və Dövlət
Neft Şirkəti Bakı gəmiqayırma zavodundakı yeni tərəfdaşları
ilə yeni müvəffəqiyyətlər əldə edəcəklər.
Neft və qazdan başqa, inanıram ki, biz nəqliyyat,
şəhər infrastrukturu, tullantıların idarə edilməsi
və su təchizatı sahələrində əməkdaşlıq
üçün daha böyük potensiala malikik. Bir çox
Sinqapur şirkətləri bu sahələrdə təcrübəyə
malikdirlər. Biz şəhərin
inkişafı ilə bağlı öz xarici tərəfdaşlarımız
üçün müxtəlif variantları təqdim edə
bilərik.
Mən, həmçinin məmnuniyyətlə qeyd etmək
istəyirəm ki, bizim azərbaycanlı dostlarımız
Sinqapuru Azərbaycanın Asiyada əməliyyatlarının
artımı üçün gözəl məkan hesab edirlər. Bu baxımdan
coğrafi mövqeyimizi nəzərə alaraq bu ASEAN (Cənub-Şərqi
Asiya Dövlətləri Assosiasiyası) təşkilatı
regionuna və dünyaya aparan strateji yoldur. Asiya ilə gözəl münasibətlər, həmçinin
biznes üçün əlverişli şəraitlər deməkdir.
Bütövlükdə 620 milyonluq əhalinin
yaşadığı ASEAN regionu şirkətlər
üçün bazara və sərmayəyə yönəlmiş
cəlbedici məkandır.
Yekun olaraq, mən azərbaycanlı dostlarımızı həvəsləndirirəm, gəlin, Sinqapura səfər edin. Beləliklə, biz bir-birimizi daha yaxşı tanıyacağıq və yeni imkanların açılması üçün yol açacağıq. Beləliklə, "Keppel", Dövlət Neft Şirkətini və Azərbaycan İnvestisiya Şirkətini Bakı gəmiqayırma zavodunun tikintisinin başa çatdırılması münasibətilə təbrik edirəm. Çox sağ olun.
* * *
Zavodda yaradılan şəraitlə tanışlığı davam etdirən Prezident İlham Əliyevə məlumat verildi ki, burada hazır gəmiləri suya salmaq, o cümlədən təmir ediləcək gəmiləri sahildə hazırlanan sahəyə qaldırmaq və təmirdən sonra suya salmaq üçün uzunluğuna görə Xəzər dənizində ən böyük üzən quru dok tikilmişdir.
Dövlət başçısı üzən quru doka adqoyma mərasimində iştirak etdi.
Qeyd edildi ki, zavodda tikiləcək gəmilər arabacıqlarla ötürmə zonasına gətirilir və xüsusi sistem vasitəsilə sahilə bərkidilən, gəminin qəbulu üçün hazırlanmış üzən doka ötürülür. Bu proses başa çatdıqdan sonra üzən quru dok dənizdə lazımi dərinlik yerinə gəlir və gəmi suya salınır. Bundan sonra tamamlama körpüsündə yoxlama-sınaq işləri aparılır və gəmi sifarişçiyə təhvil verilir. Zavodun tikinti layihəsinin ikinci mərhələsində yeni quru dokun, əlavə istehsal və körpü sahələrinin inşası planlaşdırılır.
* * *
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.-2013.- 21 sentyabr.- S.1,2.