Ankarada «Cənubi Qafqazın yüksələn
ulduzu: İlham
Əliyev
dövründə Azərbaycan»
kitabının təqdimatı keçirilmişdir
Sentyabrın 19-da Ankarada Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM), ölkəmizin qardaş respublikadakı səfirliyi və Türkiyə Nazirlər Kabineti yanında Atatürk Dil, Tarix və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə "Cənubi Qafqazın yüksələn ulduzu: İlham Əliyev dövründə Azərbaycan" kitabının təqdimatı keçirilmişdir.
SAM-ın mətbuat xidmətinin rəhbəri Mehriban Həsənova AzərTAc-a bildirmişdir ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Xarici siyasət məsələlərinin təhlili şöbəsinin baş elmi işçisi Cavid Vəliyev və Prezident Administrasiyasının əməkdaşı Mehman Əliyev iştirak etmişlər.
Təqdimat mərasimini Ankara Universitetinin professoru, kitabın həmmüəllifi və elmi redaktoru Çağrı Erhan açmışdır. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, SAM-ın direktoru Fərhad Məmmədov, Atatürk Dil, Tarix və Mədəniyyət Mərkəzinin rəhbəri Dərya Örs və başqaları çıxış etmişlər.
Bildirilmişdir ki, kitabda Azərbaycanda davamlı inkişafdan, siyasi vəziyyətdən, demokratikləşmə prosesindən, ölkənin modernləşməsindən, təhsil, təhlükəsizlik siyasəti və hərbi sahədə islahatlardan söhbət açılır. Həmçinin kitabda Azərbaycanın xarici siyasətinin təməlləri (1991-2003), Azərbaycanın xarici siyasət hədəfləri və milli təhlükəsizlik strategiyası, Azərbaycanın enerji siyasəti, Qarabağın Ermənistan tərəfindən işğalı (1991-2002), İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan-Ermənistan münasibətləri, xarici siyasət kursu, Azərbaycan-Ermənistan münasibətlərində ABŞ amili, Türkiyə-Ermənistan münasibətlərində hadisələrin gedişatının Azərbaycana təsiri, müasir Azərbaycanda İlham Əliyev hakimiyyəti dövrünün iqtisadi siyasəti, Türkiyə-Azərbaycan münasibətlərinin iqtisadi siyasəti, ticarət dövriyyəsi, regional əməkdaşlıq və enerji əlaqələri, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Azərbaycanın Türkiyə, Rusiya və İran ilə əlaqələri kimi mövzular geniş yer almışdır.
Kitabın həmmüəllifi və elmi redaktoru Çağrı Erhan, digər həmmüəllifləri Mitat Çelikpala, İhsan Çolak, Mehmet Dikkaya, Aysun Gürbüz, Kamer Kasım, Samir Mərdanov, Güner Özkan, Cavid Vəliyev və Reha Yılmazdır.
Təqdimatın
sonunda beynəlxalq münasibətlər və strateji
araşdırmalar sahəsindəki uğurları və
SAM-ın fəaliyyətinə vermiş olduğu dəstəyə
görə Türkiyə Respublikası Xarici İşlər
Nazirliyi Strateji Araşdırmalar Mərkəzi, Beynəlxalq
Strateji Araşdırmalar Mərkəzi (USAK), Yaxın Şərq
Strateji Araşdırmalar Mərkəzi (ORSAM), Avrasiya
Araşdırmalar Mərkəzi (AVİM), Ankara Universiteti
Avropa Xalqları Araşdırma və Tətbiqat Mərkəzinin
direktoru Çağrı Erhan, Sabancı Universitetinin müəllimi
və xarici işlər nazirinin müşaviri Bülənt
Aras, Giresun Universitetinin rektoru Aygün Attar, Kadir Has
Universitetinin rektoru Mustafa Aydın və müəllimi Mitat
Çelikpala, Türkiyənin keçmiş xarici işlər
naziri Hikmət Çətin, "Turkish Policy Quarterly"
jurnalının baş redaktoru Diba Nigar Göksəl, Abant
İzzət Baysal Universitetinin iqtisadi idarə elmləri
fakültəsinin dekanı Kamer Kasım, Balıkəsir
Universitetinin müəllimi Səbahəttin Şimşir Azərbaycan
Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin
"STRATEJİ VİZYON" mükafatı ilə təltif
olunmuşlar.
Azərbaycan.-2013.- 21 sentyabr.- S.3.