Bakıda «Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu»

 mövzusunda beynəlxalq konfrans keçirilmişdir

 

Sentyabrın 20-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) "Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Türkiyənin Azərbaycandakı səfirliyi, Yunus Əmrə Türk Mədəniyyət Mərkəzi və ADA-nın birgə təşkilatçılığı ilə keçirilən konfrans 1918-ci il sentyabrın 15-də Bakının erməni-bolşevik işğalından azad edilməsinin 95-ci ildönümünə həsr olunmuşdur.

Tədbirdə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev çıxış edərək konfransın vacibliyini vurğulamış, Türkiyənin Azərbaycana göstərdiyi qardaşlıq  köməyinin əhəmiyyətindən danışmışdır. H.Paşayev Qafqaz İslam Ordusunun Azərbaycan-Türkiyə münasibətlərinin tarixində əhəmiyyətli rola malik olduğunu xüsusilə qeyd etmişdir.

Hafiz Paşayev son 20 ildə Azərbaycanın beynəlxalq səviyyədə böyük uğurlar əldə etməsini, ölkəmizin bir sıra nüfuzlu qurumlara üzv seçilməsini  diplomatiyamızın ən böyük uğurlarından biri kimi qiymətləndirmişdir.

Daha sonra çıxış edən Türkiyənin ölkəmizdəki səfiri İsmail Alper Coşkun 95 il əvvəl türk və Azərbaycan əsgərlərinin çiyin-çiyinə vuruşaraq qəhrəmanlıqlar göstərdiklərini söyləmişdir. Səfir Osmanlı imperiyasının ağır dövrü olmasına baxmayaraq, Türkiyənin Azərbaycana münasibətdə öz qardaşlıq  borcunu yerinə yetirdiyini,  bu məqsədlə Qafqaz İslam Ordusunun yaradıldığını demişdir.

Səfir İsmail Alper Coşkun eyni köklərə malik, iki qardaş ölkənin ortaq maraqlarının təmənnasız sevgi və dərin tarixi bağlılıq  prinsipləri üzərində qurulduğunu xüsusilə vurğulamışdır. Bildirmişdir ki, bu fədakarlıqları gələcək nəsillərə çatdırmaq və dünyaya bəyan etmək borcumuzdur. Türkiyənin Qurtuluş savaşı olan məşhur  Çanaqqala  döyüşlərində azərbaycanlı qardaşlarından gördüyü köməyi xatırladan səfir iki ölkənin dostluğunun bənzərsiz, əbədi və sarsılmaz olduğunu bir daha qeyd etmişdir.

Tədbir daha sonra panel iclaslarla işini davam etdirmişdir. İclasda çıxış edən Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Bakının bolşevik-erməni daşnak işğalçılarından azad edilməsi barədə ətraflı məlumat vermişdir. O, 95 il əvvəl Qafqazda, o cümlədən Azərbaycanda baş verən hadisələri xatırlatmış, qardaş türk əsgərlərinin xilaskarlıq missiyasından söhbət açmışdır. Bildirmişdir ki, həmin vaxt ölüm, ya olum dilemması qarşısında qalmış Azərbaycan xalqı məhz qüdrətli sərkərdə Nuru paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusunun vaxtında xalqımızın köməyinə çatması sayəsində onu gözləyən daha dəhşətli faciələrdən qurtulmuşdur.

Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz olduğunu xüsusi vurğulayan Giresun Universitetinin rektoru Aygün Attar Azərbaycanın bölgələr üzrə Qafqaz İslam Ordusu tərəfindən azad edilməsi ardıcıllığını diqqətə çatdırmışdır. O, Bakının azad edildiyi günün Azərbaycan xalqının tarixində əlamətdar hadisə olduğunu söyləmiş, Qafqaz İslam Ordusunun yaradılmasından ordunun hərbi fəaliyyətindən danışmışdır. A.Attar məhz görkəmli sərkərdə Nuru paşanın böyük hərbi istedadı sayəsində yenicə müstəqilliyini elan etmiş, ölkəmizin vuran ürəyi olan Bakı digər ərazilərimizin bolşevik-erməni daşnak qüvvələrindən təmizləndiyini xalqımızın öz varlığını qoruyub saxlaya bildiyini qeyd etmişdir.

Bildirilmişdir ki, Bakının azad edilməsində Nuru paşanın rəhbərliyi ilə türk qoşunlarının xidmətləri əvəzolunmazdır. Məhz Qafqaz İslam Ordusunun gəlməsi ilə Azərbaycanın erməni quldurlarından, bolşeviklərdən təmizlənməsi başlanmışdır.

Qeyd olunmuşdur ki, belə tədbirlər tariximizin xatırlanması, eləcə qardaş ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsi baxımından çox əhəmiyyətlidir. Qafqaz İslam Ordusunun tərkibində dövlətimizin müstəqilliyi, xalqımızın azadlığı naminə vuruşmuş hər bir türk əsgərinin göstərdiyi şücaət qədirbilən azərbaycanlılar tərəfindən əsl qəhrəmanlıq kimi qiymətləndirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri Firdovsiyyə Əhmədova, ölkəmizin İrandakı hərbi attaşesi Mehman Süleymanov, türkiyəli tarixçi, professor İlber Oktaylı, Bakı Dövlət Universitetinin kafedra müdiri Anar İsgəndərli daşnakların bolşeviklərin Azərbaycan ərazisində törətdikləri soyqırımı aktlarından, ölkəmizin mürəkkəb tarixi dövründə xalqımızı yadelli işğalçılardan xilas etmiş türk əsgərlərinin qəhrəmanlıqlarından, Qafqaz İslam Ordusunun xidmətlərindən danışmışlar. Bildirilmişdir ki, xilaskar Qafqaz İslam Ordusunun şərəfinə Bakının ən yüksək yerində abidə qoyulmuşdur.

Tədbirdə Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi, keçdiyi döyüş yolunu geniş əhatə edən sənədli film nümayiş etdirilmişdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.-  21 sentyabr.- S.4.