ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun bir qrup

müşahidəçisi seçkilərə hazırlıqla bağlı Gəncədə olmuşdur

 

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyasının rəhbəri xanım Tana de Zulueta və missiyanın üzvləri oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlığın vəziyyətini öyrənmək məqsədi ilə Gəncədə olmuşlar.

Gəncə Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncədə fəaliyyət göstərən 4 seçki dairəsinin dairə seçki komissiyalarında, eləcə də dairələri əhatə edən 124 seçki məntəqəsində aparılan hazırlığın vəziyyəti ilə bağlı məlumat vermişdir. O, seçkilərin demokratik və şəffaf keçirilməsi üçün yaradılan şəraitdən danışmışdır.

Sonra Tana de Zulueta Gəncəyə səfərlərinin məqsədini açıqlamışdır. Bildirmişdir ki, Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu bu siyasi kampaniyaya hazırlığın vəziyyəti, eləcə də beynəlxalq normalara və Azərbaycanın Seçki Məcəlləsinə uyğun keçirilməsi üçün 15 müşahidə qrupu yaratmışdır. Bu qrupun ikisi Gəncədə fəaliyyət göstərir. Ümumiyyətlə, seçkiləri ATƏT-in 200 nəfərədək nümayəndəsinin müşahidə edəcəyini bildirən xanım Tana de Zulueta dairə seçki komissiyalarında və seçki məntəqələrində vəziyyətlə tanışlıq zamanı respublikada qarşıdakı mühüm siyasi kampaniyaya ciddi hazırlıq işlərinin görüldüyünün şahidi olduqlarını qeyd etmişdir.

Seçkilərə hazırlıqla bağlı bu və ya digər məsələlərlə əlaqədar fikir mübadiləsi aparıldıqdan sonra ATƏT-in müşahidə missiyasının nümayəndələri şəhəri gəzmiş, bir neçə siyasi partiyanın yerli qərargahında olmuş və fikir mübadiləsi aparmışlar.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.-  21 sentyabr.- S.5.