Rabitə və informasiya
texnologiyaları naziri Masallıda vətəndaşları
qəbul etmişdir
Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.
AzərTAc xəbər verir ki, sentyabrın 20-də rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Masallıda bu rayondan, eləcə də Astara, Lənkəran, Lerik, Yardımlı və Cəlilabaddan olan vətəndaşları qəbul etmişdir.
Nazir Əli Abbasov əvvəlcə Masallı Telekommunikasiya Qovşağının birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmiş, qovşağın abunə şöbəsində və "Qəza xidməti otağı"nda yaradılan şəraitlə yaxından tanış olmuşdur.
Nazirliyin struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda cənub bölgəsindən olan vətəndaşların şikayət və müraciətləri dinlənilmişdir.
Vətəndaşlar əsasən əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə qarşıya çıxan çətinliklərlə bağlı müraciət etmişlər.
Vətəndaşların müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılmış, onların bəziləri yerindəcə həllini tapmışdır.
Qəbuldan sonra nazir Əli Abbasov jurnalistlərə müsahibəsində demişdir ki, ölkəmizdə "ASAN xidmət" və "Elektron hökumət" xidmətlərinin tətbiqi yerlərdə şikayətlərin azalmasına səbəb olmuşdur.
Azərbaycanda fəaliyyət göstərən hər üç operatorun - "Azercell", "Bakcell" və "Nar Mobile"ın oktyabrın 1-dən etibarən mobil nömrələrin daşınmasını həyata keçirəcəyini diqqətə çatdıran nazir Əli Abbasov hazırda bu prosesin 3 ay gecikməsinin səbəblərinin araşdırıldığını bildirmişdir.
Cari ilin may ayında mobil telefonların xüsusi cihaz kodlarının qeydə alınması nəticəsində bu sahədə qaçaqmalçılıq hallarının qarşısını aldığını deyən Əli Abbasov Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Fondunun birgə təşkilatçılığı ilə ölkədə internetin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə xüsusi layihənin həyata keçirilməsinə başlandığını bildirmişdir. Layihə çərçivəsində 2017-ci ilin sonunadək Azərbaycanın bütün ərazisində internetin səviyyəsi Avropa standartları səviyyəsinə çatdırılacaqdır.
Əli
Abbasov vətəndaşların nazirliyin fəaliyyət dairəsinə
aid olmayan məsələlərlə bağlı müraciətlərinin
də qeydiyyata alınaraq müvafiq qurumlara
çatdırılacağını bildirmişdir.
Azərbaycan.-2013.- 21 sentyabr.- S.5.