Azərbaycan Respublikasının Birləşmiş
Millətlər Təşkilatı yanında daimi
nümayəndəsi
Baş katibin adına məktub göndərmişdir
Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi səfir Aqşin Mehdiyev 2013-cü il sentyabrın 11-də təşkilatın Baş katibinin adına məktub göndərmişdir.
AzərTAc həmin məktubun tam mətnini təqdim edir.
Sizin diqqətinizi Ermənistan Respublikasının daimi nümayəndəsinin 15 avqust və 30 avqust 2013-cü il tarixli məktublarına (A/67/964-S/2013/496 və A/67/974-S/2013/519) cəlb etmək istərdim. Həmin məktublara Ermənistanın "Dağlıq Qarabağ Respublikası" adlandırdığı qeyri-qanuni separatçı qurumun adından bəyanatlar da əlavə edilir.
Beynəlxalq səviyyədə etiraf edilir ki, Azərbaycanın Dağlıq Qarabağ (Naqornıy Karabax) regionu və respublikanın ona bitişik yeddi rayonu Ermənistanın hərbi işğalı altındadır. Ermənistan Azərbaycanın bu ərazisini işğal etmək və orada oyuncaq separatçı qurum yaratmaq üçün hərbi qüvvə tətbiq etmişdir. Bu qurum özlüyündə heç kəs tərəfindən tanınmır; əslində o, Ermənistanın idarəsi və nəzarəti altındadır, nəticə etibarilə təcavüzün, irqi ayrı-seçkiliyin və etnik təmizləmələrin nəticəsindən başqa bir şey deyildir. Bu separatist qurumun və onun strukturlarının qanunsuz olması beynəlxalq səviyyədə dəfələrlə ən qəti şəkildə təsdiq edilmişdir.
Azərbaycana qarşı qeyri-qanuni güc tətbiq edilməsinə və onun ərazilərinin işğal olunmasına cavab olaraq Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) ¹-li qətnamələrdə həm Azərbaycanın suverenliyi və ərazi bütövlüyü, həm də ərazilərin ələ keçirilməsi üçün güc tətbiq edilməsinin yolverilməz olması təsdiq edilmişdir. Təhlükəsizlik Şurası həmçinin Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını bəyan etmiş, işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir. Digər beynəlxalq təşkilatların bu münaqişə ilə əlaqədar qəbul etdiyi çoxsaylı sənədlər də eyni ruhda tərtib olunmuşdur.
Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı qətnamədə göstərilir ki, yuxarıda adıçəkilən separatçı qurum "heç bir ölkə və ya beynəlxalq təşkilat tərəfindən beynəlxalq hüquqa uyğun olaraq dövlət kimi tanınmır" və "buna görə də istinad edilən qanunlar hüquqi qüvvəyə malik hesab edilə bilməz" (Elxan Çıraqov və başqaları Ermənistana qarşı, Avropa İnsan Hüquqları Məhkəməsi, 14 dekabr 2011-ci il tarixli qərar, bəyanat ¹13216/05, bənd 102).
Aşkar göründüyü kimi, qeyri-qanuni separatçı qurumu təbliğ etməyə yönəlmiş məsuliyyətsiz cəhdlər Azərbaycanın suverenliyi və ərazi bütövlüyü məsələsində beynəlxalq birliyin yekdil mövqeyinə tamamilə ziddir. Bu fonda Yerevanın beynəlxalq birliyi çaşdırmaq üçün fasiləsiz cəhdləri əyani şəkildə göstərir ki, Ermənistan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə görə öz öhdəliklərinə, beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsiplərinə riayət etmək niyyətində deyildir və münaqişənin danışıqlar yolu ilə tənzimlənməsinə dair səylər çərçivəsində konstruktiv əməkdaşlıqdan imtina edir.
Əsla şübhə yoxdur ki, Ermənistanın ilhaqçı iddiaları tamamilə əsassızdır və onların uğur qazanmağa zərrə qədər də şansı yoxdur. Dağlıq Qarabağ regionu Azərbaycanın ayrılmaz tərkib hissəsidir və beləliklə, Ermənistan silahlı qüvvələrinin bu regiondan və Azərbaycanın işğal edilmiş digər ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılmasının, zorla didərgin salınmış əhalinin öz yurduna qayıtması üçün ayrılmaz hüququnun həyata keçirilməsinin, Azərbaycan ilə Ermənistan arasında suverenliyə və ərazi bütövlüyünə, qarşılıqlı hörmətə əsaslanan münasibətlərin tənzimlənməsinin heç bir alternativi yoxdur.
Bu məktubun
mətninin Baş Məclisin gündəliyinin 34, 39, 67 və
83-cü bəndləri üzrə sənəd və Təhlükəsizlik
Şurasının sənədi kimi yayılmasına görə
sizə minnətdar olaram.
Aqşin MEHDİYEV,
səfir, daimi nümayəndə
Azərbaycan.-2013.- 21 sentyabr.- S.5.