Ümummilli lider Heydər
Əliyevin 90 illik yubileyi
münasibətilə qəbul
edilmiş Amnistiya
aktının icrası uğurla başa
çatmışdır
Azərbaycan
Respublikası Prezidenti
Administrasiyasının Hüquq-mühafizə orqanları ilə
iş şöbəsinin müdiri
Fuad ƏLƏSGƏROVUN AzərTAc-a
müsahibəsi
- Artıq Amnistiya aktının icrası yekunlaşmışdır. Bununla bağlı nə deyə bilərsiniz?
- Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın humanizm və mərhəmət prinsiplərinə söykənən təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Məclisinin ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə qəbul etdiyi 2013-cü il 7 may tarixli Amnistiya qərarının icrası uğurla başa çatdırılmışdır.
Diqqətinizə çatdırım ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə qəbul olunmuş bu amnistiya qərarı əhatə dairəsinə görə ən böyük Amnistiya aktıdır.
Amnistiyanın icrasının yekunlarına dair aparılmış ümumiləşdirmə və təhlillər nəticəsində həmin aktın 10.040 məhkuma tətbiq olunduğu müəyyən edilmişdir.
Amnistiya nəticəsində 2268 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilmiş, 566 nəfərin çəkilməmiş cəzası altı ay azaldılmış, 4332 nəfər islah işləri cəzasından, 58 nəfər ictimai işlər cəzasından, habelə maddi vəziyyəti ilə əlaqədar olaraq təxminən 1.929.828 manat məbləğində cəriməni ödəyə bilməyən 2447 məhkum cərimə cəzasından azad edilmişdir. İntizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş 82 hərbi qulluqçu da amnistiyaya düşərək azadlığa buraxılmışdır.
Bundan əlavə, şərti məhkum edilmiş, yaxud cəzasının çəkilməsi təxirə salınmış 287 nəfər müvafiq cəzalardan azad edilmişdir.
- Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra neçə amnistiya aktı qəbul olunmuşdur və ümumilikdə bu amnistiya aktları nə qədər adama şamil edilmişdir?
- Ümumilikdə ulu öndər Heydər Əliyevin həyata keçirdiyi humanizm siyasəti nəticəsində 1995-ci ildə əfv və amnistiya təsisatları bərpa edildikdən sonra qəbul edilən 10 amnistiya aktı 106 mindən çox şəxsə tətbiq edilmiş, o cümlədən təxminən 27 min məhkum cəzaçəkmə müəssisələrindən azad olunmuşdur.
Amnistiya
aktının tətbiqi cəzadan azad edilmiş məhkumların
islah olunmalarına müsbət təsir göstərəcəyinə
inam yaratmaqla cəmiyyətdə böyük rəğbətlə
qarşılanmış, Azərbaycan Respublikasında insan
hüquqlarının müdafiəsinin etibarlı təminatına
xidmət etmişdir.
Azərbaycan.-2013.- 22 sentyabr.- S.2.