Seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə

 tutan qanunvericilik aktları və məsuliyyət növləri

 

Xalqın iradəsinin bilavasitə və ən yüksək ifadəsi dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarına azad, demokratik seçkilərin keçirilməsi, habelə dövlət həyatının ən mühüm məsələlərinə dair öz rəyini referendum yolu ilə bildirməsidir. Hər bir inkişaf etmiş dövlətdə seçkilər vətəndaşların, cəmiyyətin ictimai həyatında və dövlət işlərində iştirakının ən kütləvi forması kimi qəbul edilir.

Dövlət müstəqilliyimiz yenidən elan olunduqdan və ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra həyatımızın bütün sahələrində, o cümlədən demokratik seçkilərin təşkili və keçirilməsi sahəsində də əsaslı islahatlar aparılmışdır. Bu istiqamətdə aparılmış məqsədyönlü tədbirlər nəticəsində ötən dövrdə güclü qanunvericilik bazası yaradılmış, peşəkar seçki komissiyaları formalaşmış, ildən-ilə keçirilmiş prezident, parlament, bələdiyyə seçkilərində, habelə referendumlarda uğurlu nəticələr əldə olunmuşdur. Sözsüz ki, bütün bunlar hərtərəfli qüclənən dövlətimizin və ümumxalq səsverməsində və seçkilərdə fəal iştirak edən xalqımızın siyasi iradəsinin məntiqi nəticəsidir.

Azərbaycan Respublikası vətəndaşlarının seçki hüququnun və seçkilərin (referendumun) keçirilməsinin ümumi prinsiplərinin konstitusiya norması ilə təsbit edilməsi Əsas Qanunun çərçivəsində dövlətimizin demokratik quruluşuna verilən ən mühüm təminatlardan biridir. Seçki qanunvericiliyində seçicilərin seçib-seçilmək hüququ təsbit edilməklə yanaşı, vətəndaşların seçki hüququnun pozulmasına görə məsuliyyət də nəzərdə tutulmuşdur.

Seçki hüququnun pozulması dedikdə, vətəndaşların ali dövlət hakimiyyəti, yerli özünüidarə orqanlarına nümayəndə seçmək və seçilmək, referendumlarda iştirak etmək hüquqlarının həyata keçirilməsinə istənilən maneçiliklərin törədilməsində, bu hüquqların həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmamasında, o cümlədən qanunvericiliklə üzərinə seçkilərin təşkili və keçirilməsi vəzifəsi qoyulmuş vəzifəli şəxslərin, təşkilatların, qurumların öz vəzifələrini lazımınca yerinə yetirməməsində, seçki subyektlərinin qanunvericiliklə müəyyən olunmuş normalara riayət etməməsində ifadə olunan əməllər nəzərdə tutulur.

Vətəndaşların Konstitusiyada əks olunan aktivpassiv seçki hüquqlarının həyata keçirilməsinə dair konkret qaydalar və mexanizmlər seçki qanunvericiliyində, konkret olaraq Seçki Məcəlləsində, seçki normalarının tətbiqi ilə əlaqədar MSK-nın qəbul etdiyi təlimatlarda əks olunmuşdur. Təbii ki, həmin məcəllənin tələblərinə riayət olunmaması, orada təsbit edilmiş prosedur qaydalarının kobudcasına pozulması, xüsusən də seçki komissiyası üzvlərinin, digər dövlət orqanlarının və vəzifəli şəxslərin özlərinin qanuni vəzifələrini lazımi səviyyədə yerinə yetirməmələri seçicilərin və namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının hüquqlarının pozulmasına gətirib çıxarır.

Məsələn, Seçki Məcəlləsində namizədin müdafiəsi üçün seçici imzalarının toplanması qaydası müəyyən edilmişdir. Belə ki, mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin, dövlət və bələdiyyə orqanlarının, qurumların və təşkilatların seçici imzalarının toplanmasında iştirak etməsinə yol verilmir. Belə halın baş verməsi  seçki hüquqlarının pozulması deməkdir.

Yaxud seçki qanunvericiliyi ilə qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının seçkiqabağı təşviqat aparmaq hüquqları əks olunmuş, bununla bağlı əsas şərtlər və qaydalar müəyyən edilmişdir. Seçki prosesində iştirak edən bütün subyektlər qanun çərçivəsində həyata keçirilən təşviqat hüququna riayət etməyə borcludurlar. KİV, nəşr, audiovizual materialların yayılması, kütləvi tədbirlərin keçirilməsi yolu ilə təşviqat aparılmasına qəsdən maneçilik törədilməsi seçki hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.

  Qüvvədə olan seçki qanunvericiliyi seçki hüquqlarının pozulması anlayışını təkcə namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları və seçicilərin hüquqları ilə məhdudlaşdırmır. Məlumdur ki, seçkilərin təşkili və keçirilməsinin əsas prinsiplərindən biri aşkarlıq prinsipidir ki, onun əsas forması yerli və beynəlxalq müşahidəçilərə azad və sərbəst şəkildə bütün seçki hərəkətlərini müşahidə edə bilmək imkanının verilməsidir. Müşahidəçilərin bu qanuni fəaliyyətinə maneçilik törədilməsi də seçki hüquqlarının pozulması deməkdir.

Nəhayət, seçki hüquqlarının pozulması ilə bağlı müvafiq seçki komissiyasına şikayət etmiş şəxsin müraciətinə qanunla nəzərdə tutulmuş qaydada baxılmaması və ya təmin edilməməsi də, öz növbəsində, seçki hüquqlarının pozulması anlamına gəlir və şikayətçinin hüquqlarının və qanuni maraqlarının təmin edilməsi üçün yuxarı seçki komissiyasına və ya məhkəmə orqanlarına müraciət etmək imkanlarını nəzərdə tutur.

Bütün bu misallardan göründüyü kimi, seçki hüquqlarının pozulması seçki prosesinin bütün mərhələlərində yerinə yetirilən hərəkətləri, onlara cəlb olunan bütün seçki subyektlərini əhatə edən kifayət qədər irihəcmli bir anlayışdır.

Qüvvədə olan qanunvericiliyə əsasən  vətəndaşların seçki hüquqlarını pozan şəxslərə qarşı müxtəlif təsir tədbirləri, məsuliyyət növləri müəyyən edilmişdir. Bu məsuliyyət Azərbaycan Respublikasının Seçki Məcəlləsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi,  eləcə də Azərbaycan Respublikası Prezidentinin 11 may və 25 oktyabr 2005-ci il tarixli sərəncamları ilə tənzimlənir. Seçki hüquqlarının pozulmasına səbəb olmuş əməllər qanunvericiliyə uyğun olaraq, konstitusiya-hüquqi, mülki, inzibatiya cinayət məsuliyyəti yaradır.

Konstitusiya-hüquqi məsuliyyət konstitusiya hüququnun tərkib hissəsi olan seçki hüququ ilə nəzərdə tutulur və təqsirli şəxslərə - seçicilərə, seçki komissiyasının üzvlərinə, müşahidəçilərə, namizədlərə, siyasi partiyalara, siyasi partiya bloklarına, onların vəkil edilmiş şəxslərinə və səlahiyyətli nümayəndələrinə qarşı Seçki Məcəlləsində göstərilən təsir tədbirlərinin səlahiyyətli seçki komissiyaları tərəfindən tətbiq olunmasını ehtiva edir. Bu cür tədbirlər sırasında namizədlərin qeydə alınmasından imtina edilməsi və ya qeydiyyatının ləğv olunması, seçki komissiyası üzvlərinin seçki hərəkətlərinin yerinə yetirilməsindən kənarlaşdırılması, səsvermə günü seçki məntəqəsində olan müşahidəçilərin və digər şəxslərin məntəqədən kənarlaşdırılması və ya müşahidəçilərin qeydiyyatının ləğv edilməsi, bütövlükdə seçki komissiyasının buraxılması və s. aiddir.

Bəzi hallarda mülki məsuliyyət tədbirlərindən də istifadə olunur. Məsələn, Seçki Məcəlləsinin 70.6-cı maddəsinə uyğun olaraq qeydə alınmış namizəd dövlət orqanının, idarəsinin, təşkilatının və ya bələdiyyə orqanının, təşkilatının seçki komissiyasının hərəkəti (hərəkətsizliyi) nəticəsində ona dəymiş zərərin ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq məhkəməyə müraciət edə bilər.

Seçki Məcəlləsinin 115-ci maddəsi vətəndaşların seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutur. Həmçinin Seçki Məcəlləsinin 116-cı maddəsinə əsasən, məntəqə və dairə seçki komissiyaları, Mərkəzi Seçki Komissiyası namizəd, qeydə alınmış namizəd, habelə onların və siyasi partiya, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri barəsində bu məcəllədə nəzərdə tutulmuş hallarda qanun pozuntularına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xəta protokolu tərtib etmək və cərimənin tətbiqi üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər. İnzibati Xətalar Məcəlləsinin altıncı fəsli siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xətaların dairəsini müəyyən edir və 6-cı fəslin 39-48-ci maddələri vətəndaşların seçki hüquqlarının pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutur.

İnzibati Xətalar Məcəlləsinin 39-cu (Seçkiqabağı və ya referendumla bağlı təşviqatın aparılması qaydalarının və müddətinin pozulması), 40-cı (Təşviqat-nəşr materiallarını qəsdən məhv etmək və ya namizədin seçicilərlə görüşünə mane olma), 41-ci (Namizəd haqqında bilərəkdən yalan məlumatlar yayma), 42-ci (Seçki (referendum) komissiyası üzvünün, müşahidəçilərin, vəkil edilmiş şəxslərin, namizədlərin, siyasi partiyaların bloklarının, referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin, kütləvi informasiya vasitələri nümayəndələrinin hüquqlarının pozulması), 42-2-ci (Seçicilər haqqında məlumatların düzgün, tam və vaxtında verilməməsi), 42-3-cü (Seçki bülletenlərinin, səsvermə protokollarının və vəsiqələrinin verilməsi və saxlanması qaydalarının pozulması), 42-4-cü (Dövlət avtomatlaşdırılmış informasiya sistemindən istifadə qaydalarının pozulması), 43-cü (Seçki (referendum) ilə əlaqədar hədə-qorxu və ya zorakılığa çağıran çıxışlar və ya bu cür materialların yayılması), 43-1-ci (Seçicinin bilərəkdən birdən çox seçici siyahısına daxil edilməsi), 44-cü (Seçici siyahıları ilə vətəndaşların tanış olmaq hüquqlarının və digər hüquqlarının pozulması), 45-ci (Seçkilərdə (referendumda) iştirak etmək üçün məzuniyyətin verilməsindən imtina etmə), 45-1-ci (Qeydə alınmış namizədin seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmaması), 45-2-ci (Seçici imzalarının toplanması qaydasının pozulması), 46-cı (Seçkilərin (referendumun) maliyyələşdirilməsi və ya maliyyə hesabatlarının təqdim edilməsi qaydalarının pozulması), 47-ci (Anonimya təşviqat materiallarının və ya reklamların hazırlanması, yayılması qaydalarının pozulması), 48-ci (Səsvermənin nəticələri və ya seçkilərin yekunları haqqında məlumatların bilərəkdən təqdim edilməməsi və ya dərc olunmaması) maddələrinə görə fiziki, hüquqi və vəzifəli şəxslər müxtəlif məbləğlərdə cərimə olunurlar.

Vətəndaşların seçki hüquqlarının pozulmasına görə bir sıra əməllər isə cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 159, 159-1, 160, 161-ci maddələri seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə mane olma, seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə, seçki (referendumda iştirak) sənədlərini saxtalaşdırma, bilə-bilə səsləri düzgün hesablamamayaxud səsvermənin gizliliyini pozma halları cinayət qanunvericiliyinə müvafiq olaraq cinayət əməli hesab edilir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 159-cu maddəsinə görə, vətəndaşın seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə mane olma, vətəndaşı namizədin lehinə imza atmağa məcbur etmə və ya namizədin müdafiəsi üçün imza yığılmasına mane olma, vətəndaşı öz iradəsinə zidd səsverməyə məcbur etmə və ya onun səs verməsinə mane olma kimi əməllər cinayət məsuliyyətinə səbəb olur.

Cinayət Məcəlləsinin 159-cu maddəsinin əlamətləri altına düşən əməlin - cinayətin obyekti Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində təsbit olunmuş seçki hüququnun həyata keçirilməsi ilə əlaqədar yaranan ictimai münasibətlərdir. Həmin normaya əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, bələdiyyələrə seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Bu maddə blanket xarakterli olduğundan onun dispozisiyasında əks olunmuş və pozulmasına görə məsuliyyət nəzərdə tutulan qaydalar Azərbaycan Respublikası Seçki Məcəlləsində, habelə Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi təlimatlar və s. normativ-hüquqi aktlarda öz əksini tapmışdır. Qeyd olunan cinayət əməli vətəndaşın seçki hüquqlarının həyata keçirilməsinə, habelə ümumxalq səsverməsində (referendumda) iştirak etməsinə mane olmaq üçün edilir.

Cinayət Məcəlləsinin 159.2-ci maddəsində nəzərdə tutulan cinayət obyektiv cəhətdən aşağıdakı əməllərdə ifadə olunur: a) vətəndaşı namizədin lehinə imza atmağa məcbur etmə;

b) namizədin müdafiəsi üçün imza toplanmasına mane olma.

Cinayət Məcəlləsinin 159.2-ci maddəsində vətəndaşı hər hansı namizədin lehinə imza atmağa məcbur etmə dedikdə, Cinayət Məcəlləsinin 159.4.1-ci maddəsində nəzərdə tutulmuş üsullar istisna olmaqla, hər hansı bir başqa üsulla seçicini namizədliyi irəli sürülmüş namizədin xeyrinə öz iradəsinin ziddinə imza vərəqəsinə imza atmağa məcbur etmə başa düşülməlidir. Vətəndaşın öz iradəsinin əleyhinə hər hansı namizədin lehinə imza atması bütün hallarda məcburetmə hərəkəti kimi qiymətləndirilməlidir. Cinayət Məcəlləsinin şərh olunan 159.3-cü maddəsində nəzərdə tutulan cinayətin obyektiv cəhəti iki qrup hərəkətlərlə xarakterizə olunur: a) vətəndaşı öz iradəsinin ziddinə səsverməyə məcbur etmə; b) vətəndaşın səs verməsinə mane olma.

Cinayət Məcəlləsinin 159-1-ci maddəsinin dispozisiyasında göstərildiyi kimi, namizədlərin, partiyaların, siyasi partiyalar blokunun seçki (referendum) kampaniyalarına müdaxilə etməsi və ya onu pozması Cinayət Məcəlləsinin 159-1.1-ci maddəsinin əlamətləri altına düşür. Cinayət Məcəlləsinin 159-1.2-ci maddəsi də seçkiqabağı (referendumqabağı) kütləvi tədbirlərin keçirilməsinə mane olma əməli ilə əlaqədardır.

Seçkilərdə (referendumda) başqalarının əvəzinə səs verilməsinə şərait yaratma 159-1.3-cü maddənin təsiri altına düşür.

Cinayət Məcəlləsinin 160-cı maddəsi (Seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə) 30 dekabr 2003-cü il tarixli qanunla yeni redaksiyada verilmişdir. Həmin normaya əsasən, seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə və ya seçki komissiyası üzvünün öz vəzifələrini yerinə yetirməsi ilə bağlı fəaliyyətinə müdaxilə etmə məsuliyyət yaradır.

Cinayət Məcəlləsinin 160-cı maddəsində nəzərdə tutulmuş cinayətin obyekti seçki komissiyalarının normal fəaliyyətini təmin edən ictimai münasibətlərdir. Bu cinayətin ictimai təhlükəliliyi ilk növbədə onunla müəyyən olunur ki, seçki komissiyalarının qanuni fəaliyyətinə mane olma, eyni zamanda vətəndaşların seçki hüquqlarının tamreal həyata keçirilməsi üçün də təhlükə yaradır.

Cinayət Məcəlləsinin 161-ci maddəsində seçki (referendumda iştirak) sənədlərini saxtalaşdırma, bilə-bilə səsləri düzgün hesablamama, yaxud səsvermənin gizliliyini pozma barədə məsuliyyət nəzərdə tutulur. Cinayət Məcəlləsinin 161.1-ci maddəsinin tələbinə əsasən, seçki komissiyasının üzvü tərəfindən seçki (referendumda iştirak) sənədlərinin saxtalaşdırılması və ya saxta sənədlərin təqdim edilməsi, bilə-bilə səslərin düzgün hesablanmaması, səsvermənin nəticələrinin düzgün müəyyənləşdirilməməsi və ya səsvermənin gizliliyinin pozulması cinayətdir.

Cinayət Məcəlləsinin 161.2-ci maddəsində seçki sənədlərinin başqa şəxslər tərəfindən saxtalaşdırılması, saxta sənədlərin təqdim edilməsi, başqa şəxslərin yerinə səs verilməsi, bir şəxs tərəfindən seçki qutusuna birdən artıq seçki bülleteninin atılması cinayət hesab olunur.

Bu maddədə "başqa şəxslər" anlayışına seçki (referendum) komissiyasının üzvü olmayan 16 yaşına çatmış istənilən anlaqlı fiziki şəxs daxildir. Başqa şəxslərin yerinə səs verilməsi dedikdə, adı seçici siyahısında olan seçicinin şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə və ya etməməklə həmin seçicinin əvəzinə seçici siyahısında imzalamaqla hər hansı şəxsin səs verməsi başa düşülməlidir.

Vəzifə səlahiyyətlərindən sui-istifadə əməlinin qeyd olunduği Cinayət Məcəlləsinin 308-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətlərin seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədilməsi ağırlaşdırıcı hal kimi hesab olunur.

Seçki Məcəlləsinin 11-1.1-ci maddəsinə görə, hüquqi şəxslərin, dövlət orqanlarının və bələdiyyələrin vəzifəli şəxslərinin, digər fiziki şəxslərin seçkilərin gedişinə qanunsuz müdaxilə etmələri qadağandır.

Bu il oktyabr ayının 9-da ölkəmizin həyatında mühüm ictimai-siyasi hadisə olan prezident seçkiləri keçiriləcəkdir. Respublikamızda ali dövlət orqanları ilə birlikdə Mərkəzi Seçki Komissiyası irihəcmli hazırlıq işləri aparır. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq namizədlərin fəaliyyəti üçün demokratik seçki mühiti yaradılmışdır. Vətəndaşların seçki hüquqlarının reallaşması ilə bərabər, baş verə biləcək seçki hüquqlarının pozulması hallarına qarşı da bir çox məqsədyönlü tədbirlər görülmüşdür.

İnanırıq ki, aparılmış bütün işlər öz bəhrəsini verməklə, hər bir seçki prosesinin iştirakçılarının hüquqları təmin olunacaq və xalqımız ən layiqli namizəd üçün düzgün seçim edəcəkdir.

 

 

 

Tofiq HƏSƏNOV,

Mərkəzi Seçki Komissiyasının üzvü

Azərbaycan.-2013.- 22 sentyabr.- S.3.