2013-cü il
oktyabrın 9-na təyin edilmiş Azərbaycan
Respublikası Prezidentinin seçkilərində
namizədi qeydə alınmış Yeni
Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi
Əli Əhmədovun 20 sentyabr 2013-cü
il tarixli 01 və 02
saylı, İctimai Televiziya
və Radio Yayımları Şirkətinin
20 sentyabr 2013-cü il
tarixli 03 saylı və qeydə
alınmış prezidentliyə namizəd Cəmil Həsənlinin
20 sentyabr 2013-cü il
tarixli 04 saylı müraciətlərinə
baxılması barədə Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
QƏRAR ¹ 30/176
2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədi qeydə alınmış Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi Əli Əhmədov 20 sentyabr 2013-cü ildə Mərkəzi Seçki Komissiyasına müraciət edərək Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədlərin təşviqat aparmaları üçün ödənişsiz əsaslarla ayrılmış efir vaxtına əsasən təşkil edilmiş "Xalq seçir" adlı proqramında sentyabrın 19-dakı "Dəyirmi masa"da müzakirələr aparılarkən "Demokratik Qüvvələrin Milli Şurası" seçicilərin təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülərək qeydə alınmış prezidentliyə namizəd Cəmil Həsənlinin Azərbaycan Respublikası Seçki Məcəlləsinin 88-ci maddəsinin müvafiq bəndlərinin tələblərini pozmaqla təşviqat aparmasını, nəticədə Yeni Azərbaycan Partiyasının namizədi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikası Konstitusiyasının 106-cı maddəsi ilə qorunan şərəf və ləyaqətinə və eyni zamanda onun ailə üzvlərinin şərəf və ləyaqətinə toxunan ifadələrdən istifadə etməsini, habelə efir etikasına və ayrılmış təşviqat müddətinin məqsədlərinə uyğun gəlməyən, digər namizədlərin təşviqat aparmaq hüquqlarının pozulmasına səbəb olan qanunsuz hərəkətlər törətməsini bildirib, qanunla müəyyən olunmuş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
"Demokratik Qüvvələrin Milli Şurası" seçicilərin təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülərək qeydə alınmış namizəd Cəmil Həsənli də həmin tarixdə Mərkəzi Seçki Komissiyasına müraciət edərək, qeyd edilən "Dəyirmi masa"da prezidentliyə qeydə alınmış digər namizəd Hafiz Hacıyev və Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi Əli Əhmədov tərəfindən şərəf və ləyaqətinin alçaldılmasını, habelə Hafiz Hacıyev tərəfindən namizədi olduğu seçicilərin təşəbbüs qrupunun ayrı-ayrı üzvlərinin şərəf və ləyaqətinin təhqir edilməsini, onların müxtəlif cinayətlərdə ittiham edilməsini, sosial, irqi, milli, dini nifrət və düşmənçilik yaradan ifadələr işlətməsini, plastik su qabını ona tərəf tullamaqla xuliqanlıq hərəkəti etməsini, nəticədə ona ayrılmış efir vaxtının 1,5 dəqiqəsindən istifadə edə bilməməsini göstərərək müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkəti də həmin tarixdə Mərkəzi Seçki Komissiyasına müraciət edərək sözügedən "Dəyirmi masa" iştirakçısı olmuş qeydə alınmış prezidentliyə namizəd Cəmil Həsənlinin təşviqat üçün ona ayrılmış pulsuz efir vaxtından istifadə edərkən kobud davranışı ilə digər iştirakçıların hüquqlarını pozmasını, öz çıxışında Azərbaycan Respublikası Prezidentinin və onun ailə üzvlərinin ünvanına qeyri-etik ifadələr işlətməklə Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunvericilik aktlarının tələblərini kobud şəkildə pozmasını, habelə bu davranışı ilə ona ayrılmış efir vaxtından 6 dəqiqə 12 saniyə artıq istifadə etməklə quruma maddi ziyan vurmasını bildirmişdir. Eyni zamanda, müraciətdə o da qeyd edilmişdir ki, Cəmil Həsənli belə davranışı ilə "Dəyirmi masa" üçün ayrılmış ümumi efir vaxtından artıq vaxtın sərf olunmasına səbəb olmuş, digər proqramların vaxtında və keyfiyyətlə tamaşaçılara çatdırılması işini pozaraq efir tələblərinə cavab verməyən ifadələr işlətməklə Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinin işgüzar nüfuzuna xələl gətirmiş, geniş tamaşaçı auditoriyasının keyfiyyətli məlumat almaq hüquqlarına ciddi zərbə vurmuşdur. Qeydə alınmış prezidentliyə namizəd Cəmil Həsənlinin barəsində qanunvericiliklə müəyyən olunmuş tədbirlərin görülməsi ilə yanaşı, bu kimi xoşagəlməz halların təkrarlanmaması üçün "Dəyirmi masa" iştirakçılarına xəbərdarlıq edilməsini xahiş etmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən Mətbuat qrupu da öz iclasında qeyd edilən "Dəyirmi masa"da qanun pozuntularına dair məlumatları araşdıraraq, müəyyən pozuntuların olması qənaətinə gəlmiş və qanunla müəyyən olunmuş tədbirlərin görülməsi məqsədilə Mərkəzi Seçki Komissiyasına müraciət etmişdir.
Sözügedən "Dəyirmi masa"nın videoyazısı müraciət edən şəxslər tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.
Müraciətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-1-ci maddəsinin və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Mərkəzi Seçki Komissiyasının 12 avqust 2008-ci il tarixli Təlimatının tələblərinə uyğun olduğundan icraata qəbul edilmiş və bir icraatda birləşdirilmişdir. İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən verilən müraciət də seçkiqabağı təşviqat dövründə bu prosesə qoşulmuş kütləvi informasiya vasitəsi olaraq onun birbaşa fəaliyyəti, seçicilərin keyfiyyətli məlumat almaq hüquqları və təşviqat aparan subyektlərin maraqları ilə əlaqəli olduğundan həmin müraciət də digər müraciətlərlə birlikdə araşdırılmışdır. Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvləri tərəfindən araşdırılaraq həmin müraciətlərə dair müvafiq birgə rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Mərkəzi Seçki Komissiyası hesab edir ki, Komissiyanın nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun qeyd edilən "Dəyirmi masa"da yol verilmiş qanun pozuntuları ilə əlaqədar müvafiq tədbirlərin görülməsi barədə müraciəti də nəzərə alınaraq digər müraciətlər qismən təmin olunmalıdır.
Belə ki, ekspert qrupu üzvlərinin birgə rəyindən və araşdırma materiallarından görünür ki, 2013-cü il sentyabrın 19-da Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinin seçkiqabağı təşviqat məqsədilə təşkil olunan və yayımlanan "Xalq seçir" adlı proqramında "Dəyirmi masa"da müzakirələr aparılarkən prezidentliyə qeydə alınmış namizəd Cəmil Həsənli ona ayrılmış efir vaxtından təkrarən təyinatı üzrə istifadə etmədən (1-ci "dəyirmi masa"da olduğu kimi, təşviqat apararkən qanunvericiliyin tələblərinə əməl edilməsinə dair Mərkəzi Seçki Komissiyasının çağırışlarına məhəl qoymadan) Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətinin qorunmasını müəyyən edən Azərbaycan Respublikası Konstitusiyasının 106-cı maddəsinin tələblərini və onun ailə üzvlərinin qanunla qorunan mənafelərini, habelə seçkiqabağı təşviqatın aparılmasına dair Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini geniş tamaşaçı auditoriyasının gözü qarşısında kobud şəkildə pozaraq, öz çıxışında seçkiqabağı təşviqat aparmaq əvəzinə, fəaliyyətdə olan Respublika Prezidenti cənab İlham Əliyevin və onun ailə üzvlərinin ünvanına həqiqətə uyğun olmayan və qanunla qadağan olunmuş ifadələr işlətmişdir. Bununla da maraqlı tərəflərə onun barəsində cinayət təqibi və məsuliyyətə cəlb edilməsi ilə əlaqədar tədbirlər görülməsi tələbi ilə müraciət etmək üçün əsas vermişdir.
Mərkəzi Seçki Komissiyası hesab edir ki, bu hal seçkiqabağı təşviqat tədbirləri çərçivəsində və yaranmış gərgin psixoloji vəziyyətdə baş verdiyindən, iştirakçıların builki seçkilərdə "Dəyirmi masa"da ilk müzakirələrindən biri olduğundan və bu geniş təcrübə qazanmaq üçün kifayət etmədiyindən, eyni zamanda bu hal təkrarən baş versə də, ilk dəfə belə ciddi şəkildə təzahür etdiyindən Cəmil Həsənli tərəfindən qanunvericilikdə nəzərdə tutulduğundan daha geniş istifadə edilsə də, Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinin 1-ci hissəsinin tələbləri və qeyd edilən hallar nəzərə alınaraq onun barəsində cinayət təqibi tədbirlərinin görülməsi məsələsinin həll edilməsi üçün müraciət edilməsi əvəzinə ona ciddi xəbərdarlıq edilməklə kifayətlənilməlidir.
Ona ayrılmış efir vaxtından tam istifadə etmiş qeydə alınmış namizəd Hafiz Hacıyev isə öz növbəsində Cəmil Həsənlinin çıxışına etiraz əlaməti olaraq mikrofondan istifadə etmədən müdaxilə etməklə efir tələblərini və etikasını kobud şəkildə pozaraq çoxmilyonlu tamaşaçı auditoriyasının gözləri qarşısında, canlı efirdə ona qarşı qeyri-etik ifadələr işlətmiş və qarşısında qoyulmuş plastik su qabını Cəmil Həsənliyə tərəf tullamışdır. Eyni zamanda o öz çıxışında müxtəlif şəxslərin şərəf və ləyaqətinin təhqir edilməsi və onların müxtəlif cinayətlərdə ittiham edilməsi, sosial, irqi, milli, dini nifrət və düşmənçilik yaradan ifadələr kimi yozula bilən sözlərdən istifadə etmişdir. Bununla da Cəmil Həsənlinin ona ayrılmış efir vaxtının 1,5 dəqiqəsindən normal və fasiləsiz istifadə etməsinə maneə törədilmişdir. Bunun nəticəsində Cəmil Həsənli ona ayrılmış efir vaxtının 25 saniyəsindən istifadə edə bilməməsi səbəbindən həmin vaxtın bərpa edilməsinə dair aparıcı qarşısında tələb qoymuşdur. Bu tələbi davam etdirən Cəmil Həsənli mübahisəni onun xeyrinə həll edilməyənədək uzadacağını bildirərək, bununla digər "Dəyirmi masa" iştirakçısı, YAP-ın səlahiyyətli nümayəndəsi Əli Əhmədovun çıxışını davam etdirməsinə maneə törətmişdir.
Buna baxmayaraq o, fasilələrlə olsa da, həmin vaxtdan istifadə edərək, sərbəst şəkildə apardığı təşviqatın üsul, forma və məzmununa tam uyğun olaraq, mənafeləri qanunla qorunan Dövlət Başçısının qanuni maraqlarına yönəlmiş ifadələr işlətməklə, seçkiqabağı təşviqata həsr edilmiş proqramın normal axınına ciddi maneələr törətsə də, əslində ona ayrılmış vaxtdan 6 dəqiqə 12 saniyə artıq istifadə edərək, bəzi seçki texnoloqları tərəfindən uğurlu vasitə kimi istifadə edilən "mübahisə zəminində təşviqat" modelini nümayiş etdirmiş olmuşdur. Ona görə də Cəmil Həsənliyə həmin həcmdə efir vaxtından istifadə edilməsi üçün şəraitin yaradılmasına heç bir əsas yoxdur və Mərkəzi Seçki Komissiyasının qanunvericilikdə belə səlahiyyəti nəzərdə tutulmamışdır.
Hafiz Hacıyevlə arasında yaranmış mübahisə zəminində, istifadə edilməmiş efir vaxtının müddəti ilə bağlı yaranmış anlaşılmazlığı qanunvericiliklə müəyyən olunmuş qaydada həll etməli olduğu halda, Cəmil Həsənli "Dəyirmi masa" aparıcısının qanuni tələblərinə məhəl qoymadan, aparıcı ilə onun səlahiyyətinə aid olmayan məsələ ilə bağlı (əlavə efir vaxtının ayrılması) mübahisə edərək müzakirələrin müəyyən olunmuş ardıcıllıqla və müddətdə aparılmasına, ayrılmış efir vaxtından artıq efir vaxtının lüzumsuz sərf edilməsinə, bununla da "Dəyirmi masa" iştirakçılarının və televiziya tamaşaçılarının qanunla müəyyən olunmuş hüquqlarının pozulmasına və Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinin işgüzar nüfuzuna xələl gətirilməsinə səbəb olmuşdur.
Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi Əli Əhmədovun qeydə alınmış namizəd Cəmil Həsənliyə qarşı qanunsuz hərəkətlərə yol verməsinə gəldikdə isə, aparılmış araşdırma nəticəsində buna dair heç bir təsdiqedici fakt və əsas müəyyən edilməmişdir. Əksinə, Əli Əhmədovun qanunla qorunan hüquq və mənafeləri pozulmuşdur.
Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinə gəldikdə isə, Mərkəzi Seçki Komissiyası hesab edir ki, yalnız seçkiqabağı təşviqat məqsədləri üçün ayrılmış efir vaxtından istifadəçilərin "Dəyirmi masa" formatına uyğun olaraq keyfiyyətli istifadəsini, istifadəçilərin öz proqramlarını normal şəkildə seçicilərə çatdırılmasını, habelə seçicilərin öz suveren hüquqlarından istifadə etməsi olduqca əhəmiyyətli olan seçkiqabağı proqram və platformalarla tanış olmaq hüquqlarının təmin edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun olaraq, ən münasib üsul və vasitələrin müəyyən olunması və tətbiq edilməsi zərurəti aşkar şəkildə hiss olunmaqdadır. Ona görə də Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkəti bununla bağlı müvafiq tədbirlər görməli, sonrakı "Dəyirmi masa"ların daha da keyfiyyətlə təşkil edilməsi və seçicilərə məlumat almaq imkanı yaradılması barədə lazımi tədbirlər görməlidir. Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinin Cəmil Həsənlinin qanunsuz hərəkətləri ucbatından 6 dəqiqə 12 saniyə efir vaxtının lüzumsuz yerə sərf edilməsinə dair tələbinə gəldikdə isə, Mərkəzi Seçki Komissiyası hesab edir ki, bu tələbin məhkəmə qaydasında həyata keçirilməsinin mümkünlüyü izah edilməlidir.
Qeyd edilənlərlə yanaşı, Mərkəzi Seçki Komissiyası hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 106-cı maddəsinin tələbləri nəzərə alınmaqla, şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsinin məhkəmə qaydasında həyata keçirilməsinin mümkünlüyü tərəflərin diqqətinə çatdırılmalıdır.
Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir.
Eyni zamanda, Mərkəzi Seçki Komissiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirak edən təşviqat aparmaq hüququna malik olan subyektlər, xüsusilə də "Dəyirmi masa" iştirakçıları onlara yaradılmış imkanlardan və ayrılmış ödənişsiz efir vaxtından istifadə edərkən qanunvericiliyin tələblərinə ciddi əməl etməli, ayrılan efir vaxtından yalnız təşviqat məqsədləri üçün istifadə etməli, qanunla qorunan dəyərlərə toxunmamalı, Azərbaycan Respublikası Prezidentinin Konstitusiya ilə qorunan hüquq və mənafelərinə hörmətlə yanaşmalı, seçkiqabağı təşviqat aparılarkən kütləvi informasiya vasitələrindən sosial, irqi, milli, dini nifrət və düşmənçilik yaradan təşviqat formasında sui-istifadə etməməli, hədə-qorxu və böhtan xarakterli və ya zorakılığa çağıran çıxışlar etməməli və bu cür materiallar yaymamalı, mətbuat azadlığına hörmət bəsləməli, öz peşə fəaliyyəti ilə məşğul olan kütləvi informasiya vasitələri nümayəndələrinin işinə mane olmamalı, namizədlərin, siyasi partiyaların seçki kampaniyalarına müdaxilə etməməli və onu pozmamalı, kütləvi informasiya vasitələrində yayılan təşviqat materiallarında və çıxışlarda hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dövlətin ərazi bütövlüyünün pozulmasına çağırışlar, vətəndaşların şərəf və ləyaqətini təhqir edən mülahizələrə yol verməməli və s. bu kimi qanuni tələblərə ciddi riayət etməlidirlər.
Azərbaycan
Respublikası Konstitusiyasının 106-cı maddəsinə əsasən,
Azərbaycan Respublikasının Prezidenti toxunulmazlıq
hüququna malikdir. Azərbaycan Respublikası Prezidentinin şərəf
və ləyaqəti qanunla qorunur.
Seçki Məcəlləsinin 189.2-ci maddəsinə əsasən, teleradio verilişləri təşkilatlarının ayırdıqları pulsuz efir vaxtı qeydə alınmış prezidentliyə namizədlərə müzakirələrin, "dəyirmi masa"ların, digər bu cür təşviqat tədbirlərinin keçirilməsi üçün nəzərdə tutulur. Bu cür tədbirlərin keçirilməsi qaydaları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 2.6-cı maddəsinə əsasən, seçkilərdə iştirak edən subyektlər mətbuat azadlığına hörmət bəsləməli, öz peşə fəaliyyəti ilə məşğul olan kütləvi informasiya vasitələri nümayəndələrinin işinə mane olmamalı, namizədlərin, partiyaların (siyasi partiyalar bloklarının) seçki (referendum) kampaniyalarına müdaxilə etməməli və onu pozmamalı, səlahiyyətli şəxslərə və müşahidəçilərə hörmət bəsləməli və onlarla əməkdaşlıq etməli, seçiciləri qeyri-qanuni hərəkətlər yolu ilə öz tərəfinə çəkməməli, hədə-qorxu və böhtan xarakterli və ya zorakılığa çağıran çıxışlar etməməli və bu cür materiallar yaymamalı, təzyiq göstərməməli və ya bəxşiş təklif etmək yolu ilə və ya digər qanunazidd üsullarla seçiciləri səs verməyə, səsvermədən çəkinməyə sövq etməmək kimi şərtlərə riayət etməlidirlər.
Həmin Məcəllənin 88.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Mülki Məcəlləsinə uyğun olaraq, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının, referendum üzrə təşviqat qruplarının seçkiqabağı proqramında (referendumqabağı çağırışlarında), yığıncaqlarda, kütləvi informasiya vasitələrində yayılan təşviqat materiallarında və çıxışlarda hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dövlətin ərazi bütövlüyünün pozulmasına çağırışlar, vətəndaşların şərəf və ləyaqətini təhqir edən mülahizələr olmamalıdır. Bu qadağa Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə uyğun tətbiq edilməlidir.
Həmin Məcəllənin 88.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq, seçkiqabağı təşviqat aparılarkən kütləvi informasiya vasitələrindən sosial, irqi, milli, dini nifrət və düşmənçilik yaradan təşviqat formasında sui-istifadə qadağandır.
Qeyd edilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 47.1-ci, 106-cı, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 2.6-cı, 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 88.1-ci, 88.2-ci, 112-ci, 112-1-ci, 189.2-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Mərkəzi Seçki Komissiyasının 12 avqust 2008-ci il tarixli Təlimatına əsasən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası qərara alır:
1. Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun məlumatı nəzərə alınsın.
2. Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi Əli Əhmədovun 20 sentyabr 2013-cü il tarixli 01 və 02 saylı, Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinin 20 sentyabr 2013-cü il tarixli 03 saylı müraciətləri qismən təmin edilərək prezidentliyə qeydə alınmış namizəd Cəmil Poladxan oğlu Həsənliyə ciddi xəbərdarlıq edilsin.
3. Prezidentliyə qeydə alınmış namizəd Cəmil Həsənlinin 20 sentyabr 2013-cü il 04 saylı müraciəti qismən təmin edilərək, prezidentliyə qeydə alınmış namizəd Hafiz Ələmdar oğlu Hacıyevə xəbərdarlıq edilsin.
4. Azərbaycan Respublikası Konstitusiyasının 106-cı maddəsinin tələbləri nəzərə alınmaqla, şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsinin məhkəmə qaydasında həyata keçirilməsinin mümkünlüyü tərəflərin diqqətinə çatdırılsın.
5. Təşviqat aparmaq hüququna malik olan subyektlər, xüsusilə də "Dəyirmi masa" iştirakçıları tərəfindən seçkiqabağı təşviqat aparılarkən qanunvericiliyin tələblərinə ciddi əməl olunmasının və sui-istifadə hallarına yol verilməməsinin zəruriliyi bir daha onların diqqətinə çatdırılsın.
6. "Dəyirmi masa"nın yüksək keyfiyyətlə təşkili və aparılması üçün qanunvericiliklə müəyyən olunmuş hədlərdə və qaydada daha münasib üsul və vasitələrin müəyyən olunmasının və tətbiqinin zəruriliyi Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinin diqqətinə çatdırılsın.
7. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib
Arifə Muxtarova
Katib
Mikayıl Rəhimov
21.09.2013
Azərbaycan.-2013.- 22 sentyabr.- S.6.