Strasburqda TÜRKSOY-un
20 illiyi və
«Arşın mal alan» operettasının 100
illiyi qeyd edilmişdir
Azərbaycanın Avropa Şurası (AŞ) yanındakı daimi nümayəndəliyindən AzərTAc-a bildirmişlər ki, sentyabrın 19-da Strasburqun Musiqi və Konqreslər Sarayında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşəbbüsü və təşkilatçılığı ilə qurumun yaranmasının 20 illiyi və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının 100 illik yubileyi münasibətilə mədəni tədbirlər təşkil edilmişdir.
Konsert-tamaşanın təqdimatından əvvəl sarayın foyesində Üzeyir Hacıbəylinin ev-muzeyinin materialları əsasında "Arşın mal alan" operettasının tarixinə və TÜRKSOY-un 20 illik fəaliyyətinə həsr olunmuş fotoşəkillərdən ibarət sərginin rəsmi açılış mərasimi keçirilmişdir.
Mərasimdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycanın və Türkiyənin Avropa Şurası yanında daimi nümayəndələri çıxış etmişlər.
Operettanın nümayişindən əvvəl isə Avropa Şurası baş katibinin müavini Qabriela Battaini-Draqoni və TÜRKSOY-un baş katibi Düsen Kaseinov türk xalqlarının dünya mədəniyyətinə verdikləri töhfələrdən söz açmış, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yaradıcılığından bəhs etmiş, ölməz bəstəkarın "Arşın mal alan" operettasının bir çox dillərə tərcümə olunduğunu və müxtəlif ölkələrdə səhnəyə qoyulduğunu qeyd etmişlər.
Sonra Azərbaycan Respublikasının xalq artisti, professor Ağaverdi Paşayevin rəhbərliyi, Qazaxıstanın Qaraqanda şəhərinin "Tattımbet" xalq çalğı alətləri orkestrinin müşayiəti ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan aktyorların ifasında "Arşın mal alan" operettası Strasburq tamaşaçılarına təqdim olunmuşdur.
Yubiley mərasimlərində Strasburqda və Avropa Şurası yanında akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, Alzas regionunun dövlət və yerli özünüidarəetmə orqanlarının, habelə Strasburq Universiteti və akademik dairələrin nümayəndələri, türk diasporunun təmsilçiləri, eləcə də Alzas və ona yaxın regionda yaşayan soydaşlarımız iştirak etmişlər.
Konsert-tamaşa böyük rəğbətlə
qarşılanmışdır.
Azərbaycan.-2013.- 22 sentyabr.- S.7.