«YAY!» Qalereyasında hüquq ədəbiyyatı təqdim edilmişdir

 

Sentyabrın 21-də "YAY!" Qalereyasında Azərbaycan Hüquqşünasları Konfederasiyasının və "YARAT!" Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə konfederasiyanın "Müasir hüquq ədəbiyyatının nəşri və tələbələr arasında pulsuz yayımı" layihəsi çərçivəsində nəşr olunmuş kitablar təqdim edilmişdir.

AzərTAc xəbər verir ki, konfederasiyanın rəhbəri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov layihənin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, bu gün konfederasiya "YARAT!" Müasir İncəsənət Məkanının rəssamları ilə birgə hüquqşünaslığı və incəsənəti birləşdirməyə nail olmuşdur. Artıq müəyyən vaxtdır ki, biz "YARAT!" Müasir İncəsənət Məkanının fəaliyyəti ilə yaxından tanışıq. Cəmiyyətimiz, o cümlədən gənclər onları daim dəstəkləyir. Lakin hüquqşünasların əsərləri əsasən mürəkkəb, əlçatmaz olur. Bizim bu cəhdimiz hüquqşünaslığı və incəsənəti birləşdirir.

Diqqətə çatdırılmışdır ki, nüfuzlu milli və beynəlxalq təşkilatların dəstəyi nəticəsində bu günədək konfederasiya tərəfindən yeddi hüquq ədəbiyyatı nəşr olunmuşdur. Müasir incəsənətin təbliğinə dəstək və onun gənclər arasında tanıdılması məqsədi ilə hüquq ədəbiyyatlarının cildində "YARAT!" Müasir İncəsənət Məkanının rəssamlarının əsərləri yer almışdır ki, bu da incəsənətlə hüququn harmoniyasını yaratmaqla yanaşı, həm də hüququn müasir incəsənətə verdiyi dəstəkdir.

Nəşr olunmuş hüquq ədəbiyyatı Azərbaycan Tibb Universitetinin məhkəmə təbabəti kafedrasının professoru Vüqar Məmmədovun "Məhkəmə təbabəti", Əkrəm Həsənovun "İş və xidmət müqavilələri: Mülki Məcəllənin kommentariyası", Qafqaz Universitetinin hüquq kafedrasının müdiri Fərhad Mehdiyevin "Nəzəriyyə və təcrübədə insan hüquqları", Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvü, hüquq üzrə fəlsəfə doktoru Etibar Əliyevin "Beynəlxalq iqtisadi hüquq" və "Beynəlxalq nəqliyyat hüququ", Amil M.Məhərrəmovun "İqtisadi diplomatiya", dosent Mübariz Yolçiyevin "Sığorta hüququnda sığortaçının varisliyə əsaslanan reqres hüququ (Türkiyə hüququ ilə müqayisəli olaraq)" kitablarıdır.

"YARAT!" Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova  birgə ərsəyə gəlmiş layihədən çox şad olduğunu demişdir. Bildirmişdir ki, bu istiqamətdə əməkdaşlıq davam edəcək, birgə ideyalar həyata keçiriləcəkdir. Diqqətə çatdırmışdır ki, "YARAT!" Azərbaycanın müasir incəsənətini ölkə daxilində və xaricində təbliğ edən qeyri-kommersiya təşkilatıdır. Fəaliyyət göstərdiyi iki il ərzində bir sıra nailiyyətlər əldə etmiş və müxtəlif təşkilatların, qurumların dəstəyini qazanmışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı  Rafael Hüseynov "YARAT!"ın Azərbaycanın müasir incəsənətinin təbliği istiqamətində gördüyü işləri yüksək qiymətləndirmişdir. Qeyd etmişdir ki, Aida Mahmudovanın gördüyü işlər ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,  UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın 1995-ci ildə yaratdığı Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, rəssamın adını daşıdığı, görkəmli şərqşünas alim, ərəb ədəbiyyatının bilicisi Aida İmanquliyevanın gördükləri işlərin davamıdır.

Natiq Azərbaycan Hüquqşünasları Konfederasiyasının hüquq ədəbiyyatının nəşri kimi xeyirxah işlərini yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, təqdim olunmuş kitablarda gənc rəssamlar Aida Mahmudovanın, Rəşad Ələkbərovun, Orxan Hüseynovun, Fəxriyyə Məmmədovanın əsərlərinin reproduksiyaları diqqəti cəlb edir. Bu işlərin hamısında yeni, gözlənilməz bir baxış vardır. Bu kitabı oxuyanlar onun sonunda əsərlərlə tanış olacaq, gözləri dincələcək, gözəlliklə ünsiyyətdə olacaqlar. Kimsə bu qəbildən başqa əsərləri də görmək, kimsə bu sənətin mahiyyəti ilə daha yaxından tanış olmaq istəyəcəkdir. Görülən işlərin hamısının kompleksində Azərbaycan mədəniyyətinə, incəsənətinin inkişafına böyük diqqət və qayğı vardır.

Rafael Hüseynov hər iki təşkilatın rəhbərlərinə təşəkkür etmiş, hüquq və incəsənəti birləşdirmək istiqamətində belə layihələrin gələcəkdə də davam etdirilməsini arzulamışdır.

Təqdim olunan kitablar məşhur dünya və Azərbaycan alimlərinin rəyləri ilə çap olunmuşdur. Bütövlükdə 1000 nüsxə tirajla çap olunmuş hüquq ədəbiyyatı kitabları pulsuz yayılır.

Kitabların nəşrinə müxtəlif təşkilatlar, o cümlədən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Almaniyanın Fridrix Ebert Fondu, Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondu və digər qurumlar dəstək vermişlər.

Hüquq ədəbiyyatlarının nəşrində Azərbaycan Hüquqşünasları Konfederasiyası Azərbaycan Gənc Hüquqşünaslar Birliyi ilə əməkdaşlıq etmişdir.

 

Azərbaycan.-2013.- 22 sentyabr.- S.8.