Avropa Milli
Kitabxanaları Konfransının
prezidenti Mədəniyyət və Turizm Nazirliyində
Sentyabrın 23-də Avropa Milli Kitabxanaları Konfransının prezidenti, Fransa Milli Kitabxanasının rəhbəri Bruno Rasine Mədəniyyət və Turizm Nazirliyində olmuşdur.
AzərTAc xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Avropa Milli Kitabxanaları Konfransının Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasına göstərdiyi diqqəti yüksək qiymətləndirmişdir. Azərbaycan və Fransa Milli kitabxanaları arasında qarşılıqlı əməkdaşlığa dair razılaşmanı xatırladan nazir, bu işdə göstərilən dəstəyə görə Bruno Rasineyə təşəkkürünü bildirmişdir.
Əbülfəs Qarayev diqqəti milli kitabxanalar arasında əməkdaşlıqla yanaşı, Azərbaycanın Fransa ilə mədəni əlaqələrinə də cəlb etmişdir. Bildirmişdir ki, Fransada ölkəmizin mədəniyyət, incəsənət xadimlərinin iştirakı müxtəlif mərasimlər, sərgilər, konsertlər və digər tədbirlər keçirilir. Bu tədbirlərin təkcə UNESCO-nun xətti ilə təşkil olunmadığını deyən nazir Azərbaycan mədəniyyətinin Fransada təbliğində ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə vurğulamışdır.
Azərbaycanda kitabxana sahəsində görülmüş işlərdən danışan nazir diqqətə çatdırmışdır ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "Azərbaycan Respublikasında kitabxana - informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" təsdiq olunmuş və proqramda nəzərdə tutulan vəzifələr uğurla yerinə yetirilmişdir. Bu gün respublikamızın paytaxtında, eləcə də regionlarımızın iri şəhərlərində yüksək texnologiyalarla təchiz edilmiş kitabxanalar fəaliyyət göstərir.
Nazir Bakıda keçirilən möhtəşəm tədbirlərdə iştirakına görə Bruno Rasineyə təşəkkürünü bildirmişdir.
Avropa
Milli Kitabxanaları Konfransının prezidenti Bruno Rasine
müvafiq konfransın növbəti toplantısının
Bakıda keçirilməsinin əhəmiyyətindən
danışmış, kitabxanalar arasında əlaqələrin
bundan sonra da davam edəcəyini demişdir. Görüşdə əməkdaşlığın
perspektivlərinə dair fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.-2013.- 24 sentyabr.- S.2.