III Bakı Beynəlxalq kitab
sərgi-yarmarkası
çərçivəsində
Lev Anninski ilə görüş keçirilmişdir
Xəbər verdiyimiz kimi, sentyabrın 23-25-də Bakıda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə III Bakı Beynəlxalq kitab yarmarkası keçirilir.
İlk dəfə açıq səma altında təşkil edilən sərgi-yarmarka çərçivəsində "dəyirmi masa" olmuşdur.
Ədəbi tənqidçi və publisist, XIX-XXI əsrlər rus ədəbiyyatı, SSRİ xalqlarının ədəbiyyatları, teatr, kino və bədii fotoqrafiya haqqında kitabların, monoqrafiya və məqalələrin müəllifi, bir çox mükafatların, o cümlədən "TEFİ" mükafatının laureatı, Rusiya Pen-Mərkəzinin, Moskva Kinematoqrafçılar İttifaqının və Moskva Yazıçılar İttifaqının üzvü Lev Anninski "dəyirmi masa"nın qonağı olmuşdur.
Diskussiya "Millilik və vətənpərvərlik" mövzusunda aparılmışdır. L .Anninskiyə görə, milli özünüdərk ali mənəvi özünüdərkdir. Onun fikrincə, bu barədə məxsusi fikirləşmək lazım deyil, çünki hər şey təbii şəkildə olmalıdır. Müəllif milli ədəbiyyatların inkişafına, milli müəlliflərin əsərlərində bədii və mənəvi məsələlərə, insan varlığı barədə əzəli suallara dair fikirlərini bölüşərək demişdir ki, bütün bunlar ümumbəşəri olduğuna görə oxucu üçün hər bir dildə başa düşülən və maraqlıdır.
Sonda L.Anninskinin Bakı Slavyan Universitetinin nəşriyyatında "Filoloqun kitabxanası" silsiləsindən Azərbaycan dilində çap olunmuş "Qoz ləpəsi: tənqidi oçerklər" kitabı ona təqdim olunmuşdur.
Azərbaycan
dilinə Məmməd Qocayev və Etimad Başkeçid tərəfindən
tərcümə edilmiş kitabın elmi redaktoru filologiya elmləri
namizədi Rövşən Əliyevdir.
Azərbaycan.-2013.- 24 sentyabr.- S.2.