Möhkəm təməldən başlanan böyük yüksəliş

 

Azərbaycanda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu iqtisadi islahatlar uğurla davam etdirilir və günün, zamanın tələblərinə uyğun olaraq zənginləşdirilir, ölkədə hər bir vətəndaşın mənafeyinə xidmət edən sosial-iqtisadi siyasət həyata keçirilir. Ölkənin həyatı üçün strateji əhəmiyyət kəsb edən yeni inkişaf proqramlarının hazırlanması və onların işlək mexanizmlər əsasında reallaşdırılması tərəqqi prosesinin geniş vüsət alması ilə səciyyələnir. Xüsusilə son 10 ildə müstəqil Azərbaycan iqtisadi cəhətdən xeyli möhkəmlənmiş, sosial-iqtisadi istiqamətdə daha da yüksəlmiş və bütün bunlar ilk növbədə insanların güzəranında özünü göstərmişdir.

Bazar iqtisadiyyatı üçün müvafiq qanunvericilik bazasının yaradılması, sahibkarlıq institutunun formalaşması, mülkiyyətin çoxnövlüyünün təmin olunması, özəlləşdirmə prosesinin yekunlaşması ölkədə keçid dövrünün başa çatmasını xarakterizə edir. 2003-2013-cü illərdə ölkənin sosial-iqtisadi sahədə əsas hədəfi rəqabətqabiliyyətliyin yüksəldilməsini və dünya təsərrüfat sisteminə inteqrasiya yolu ilə uzunmüddətli perspektivdə inkişafın davamlılığını təmin etmək olmuşdur. Qeyri-neft sektorunun inkişaf etdirilməsi, yəni neftdən asılı olmayan güclü iqtisadiyyatın formalaşdırılması, hər bir regionun imkanlarından tam və səmərəli istifadə olunması, rayonların inkişafının tarazlaşdırılması, yeni-yeni iş yerlərinin açılması, sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, yoxsulluğun azaldılması və s. Azərbaycan dövlətinin diqqət mərkəzində olmuşdur və bu gün də belədir.

Başqa sözlə desək, son 10 ildə iqtisadi müstəqilliyini daha da möhkəmləndirən Azərbaycan dayanıqlı və dinamik inkişafını təmin edə bilmiş, insanların sosial rifahının əhəmiyyətli dərəcədə yüksəlməsinə nail olmuşdur. Bunları statistik rəqəmlər də təsdiq edir. Onlardan cəmi bir neçəsini misal gətirməklə son 10 ildə qazanılmış uğurların mənzərəsini bir daha göstərmək olar.

Son 10 ildə ümumi daxili məhsulun həcmi 3,4 dəfə, onun hər nəfərə düşən həcmi 3 dəfə çoxalmış, qeyri-neft sektorunda artım 2,7 dəfə olmuşdur.

Kredit qoyuluşlarının həcmi 23,5 dəfə, dövlət büdcəsinin gəlirləri 19 dəfə, əsas kapitala yönəldilmiş investisiyalar 7 dəfə artmışdır.

Sənaye məhsulu 2,8 dəfə, kənd təsərrüfatı məhsulu 1,5 dəfə, informasiya və rabitə xidmətləri 9 dəfə, tikinti işləri 14 dəfə, pərakəndə ticarət dövriyyəsi 3 dəfə, nəqliyyatda yük daşınması 2,1 dəfə çoxalmışdır.

Xarici ticarət dövriyyəsinin həcmi 8,8 dəfə, qeyri-neft məhsullarının ixracı 6,5 dəfə artmış, xarici ticarət tərəfdaşlarının sayı 128 ölkədən 155 ölkəyə yüksəlmişdir.

Xarici investisiyaların həcmi 4,6 dəfə, qeyri-neft sektoruna yönəldilən investisiyalar 16,7 dəfə artmışdır və s.

 Bu illər ərzində Azərbaycanın beynəlxalq əməkdaşlıqda topladığı təcrübə daha da zənginləşmişdir. İndi Azərbaycan MDB məkanında birbaşa xarici sərmayələrin qoyuluşuna görə birinci yerdədir.

"Əsrin müqaviləsi"ndən başlanan yol uğurla davam edir. 2003-2012-ci illər ərzində ölkədə qaz kondensatı da daxil edilməklə 347,4 milyon ton xam neft hasil edilmişdir.  Bunun da xeyli hissəsi "Əsrin müqaviləsi" çərçivəsində işlənən yataqlardan çıxarılmışdır.

2006-cı ildə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri işə düşmüşdür. Həmin vaxtdan kəmər Azərbaycan neftini ahəngdar, təhlükəsiz surətdə üç ölkənin - Azərbaycanın, Gürcüstanın və Türkiyənin ərazisi ilə nəql edir və dünya bazarlarına çatdırır. BTC istifadəyə verildiyi gündən bu il iyul ayının 1-dək 230 milyon tona yaxın xam neft nəql edib. Həmin neft Ceyhanda 2227 tankerə yüklənib və dünya bazarlarına yola salınıb. Bu ilin birinci yarısında isə kəmər vasitəsilə 17 milyon ton xam neft ixrac olunub. Bu boru xəttinə "Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində çıxarılan neftin çox hissəsi, "Şahdəniz" yatağından alınan kondensat və qismən Türkmənistan nefti  vurulur.

"Şahdəniz"dən söz düşmüşkən, indi bütün Avropa bu yataqdan çıxarılacaq mavi yanacağın yolunu gözləyir. 2006-cı ilin sonlarından hasilata başlayan "Şahdəniz" qazı Bakı-Tbilisi-Ərzurum kəməri ilə ixrac edilir. Bu, yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində çıxarılan yanacaqdır. İkinci mərhələnin qazı 2018-ci ildə alınacaq və bunun üçün indidən qızğın iş gedir.

 "Şahdəniz" qazının Avropaya gedən yolu Türkiyədən keçəcək. Bunun üçün ölkəmiz TANAP - Transanadolu Qaz Boru Kəmərinin inşasının təşəbbüskarı olmuşdur. Ən böyuk maliyyə yükünü də Azərbaycan öz üzərinə götürmüşdür və bu vəzifənin öhdəsindən gəlməyə qadirdir. Layihə artıq dünyada böyük dəstək qazanıb.

TANAP-ın böyük tarixi əhəmiyyətini hamı dərk edir. Çünki o, "Cənub qaz dəhlizi"nin tərkib hissəsi, əslində əsas hissəsidir.       

TANAP layihəsinin reallaşması ölkəmizin bundan sonra da uzunmüddətli  inkişafını təmin edəcək, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm əhəmiyyətə malik olacaq.

İkinci mərhələdə "Şahdəniz" yatağından ildə 16 milyard kubmetr qaz çıxarılacaq ki, bunun da 6 milyard kubmetrinin Türkiyəyə, qalanının isə Avropa ölkələrinə ixracı gözlənilir. Bütövlükdə isə "Şahdəniz"in iki mərhələ çərçivəsində çıxarılan qazının ildə 25 milyard kubmetr olacağı nəzərdə tutulur.

İndi Azərbaycan bütün dünyada təkcə neft diyarı kimi deyil, həm də qaz istehsal və ixrac edən ölkə kimi tanınır. Bizim qaz ehtiyatlarımız yalnız "Şahdəniz"lə məhdudlaşmır. Azərbaycan neftçilərinin özlərinin heç bir xarici şirkətin iştirakı olmadan kəşf və istismar etdiyi "Ümid" yatağı artıq məhsul verir. Xəzərin Azərbaycan sektorunda ARDNŞ ilə Fransanın "Total" və GdT şirkətləri "Abşeron" qaz-kondensat yatağını aşkar ediblər. Digər yataqlarda da kəşfiyyat işləri aparılır.

2003-2012-ci illəri əhatə edən dövrdə Azərbaycanda 162,5 milyard kubmetr təbii qaz hasil olunmuşdur. Bu ilin 8 ayında isə təbii qaz hasilatı 11,7 milyard kubmetr təşkil etmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən qaz hasilatı 2,3 faiz artmışdır. Bütün bunlar ölkəmizin böyük qaz potensialından və onun bu sahədəki gələcək uğurlarından xəbər verir.

Azərbaycan dövləti neft kapitalını insan kapitalına çevirməyi, neft sektorunda əldə edlilmiş gəlirləri qeyri-neft sektorunun inkişafına yönəltməyi qarşıya prioritet vəzifələrdən biri kimi qoymuşdur və bu sahədə böyük irəliləyişlər var. Təkcə bu ilin 6 ayı ərzində qeyri-neft sektorunda 10,9 faiz artım olmuşdur. Qeyri-neft sektorunun davamlı şəkildə irəliləməsi  ölkə iqtisadiyyatının modernləşdirilməsinə və şaxələndirilməsinə, neft faktorundan asılılığın azaldılmasına, qeyri-neft sektorunun sürətli inkişafına yönəldilmiş iqtisadi siyasətin nəticəsidir.

2004-cü ilin əvvəlində Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafına yönəldilmiş birinci Dövlət Proqramı qəbul olundu. Adından da göründüyü kimi, bu proqram ölkənin rayonlarının inkişafını nəzərdə tuturdu. Bunun üçün infrastruktur layihələrinin icrası, sahibkarlığın inkişafı, yerli istehsalın artırılması, yeni iş yerlərinin açılması və digər vacib vəzifələr qarşıya qoyulmuşdu. Bu gün cəsarətlə deyə bilərik ki, həmin proqram ölkənin dayanıqlı inkişafı, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində əsas iqtisadi alətə çevrildi.

Proqramın məqsədlərindən biri ölkədə yoxsulluq səviyyəsinin aşağı düşməsinə təkan vermək idi. Bunun üçün ilk növbədə işsizliyin aradan qaldırılması, əhalinin məşğulluq probleminin həll olunması vacib idi. 2004-cü ildə qarşıdakı 5 il ərzində yeni iş yerlərinin yaradılması üçün müəyyən hədəflər də qoyulmuşdu. 600 min yeni iş yerinin açılması nəzərdə tutulmuşdu. Qarşıya qoyulan bu vəzifə müvəffəqiyyətlə yerinə yetirildi - həmin dövr ərzində 766 min yeni iş yeri açıldı. Bunların 72 faizə qədəri daimi iş yeridir. Yeri gəlmişkən qeyd edək ki, son 10 ildə Azərbaycanda 1 milyon 180 min yeni iş yeri yaradılmışdır.  

İndi artıq ölkə regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafını nəzərdə tutan dövlət proqramının icrası başa çatmaqdadır.

Yüksək inkişaf dinamikasına malik Azərbaycanın sosial-iqtisadi sahədə qazandığı uğurların kökündə dayanan əsas amillərdən biri iqtisadiyyatın diversifikasiyası istiqamətində aparılan ardıcıl, məqsədyönlü tədbirlərdir. Ölkə iqtisadiyyatının müxtəlif sahələrində inkişafın paralel şəkildə getməsi, onların bir-birini tamamlaması diqqət mərkəzində saxlanılır. Bu da Azərbaycan iqtisadiyyatının gündən-günə yüksəlməsini sürətləndirir.

İqtisadiyyatın şaxələndirilməsi ilk növbədə özünü qeyri-neft sektorunda göstərir. Bu istiqamətdə gedən inkişafdan danışarkən aqrar sahədən xüsusi bəhs olunmalıdır. Dövlət bu sahəyə böyük önəm verir. İstər regionların sosial-iqtisadi inkişafına yönəldilmiş dövlət proqramlarında, istərsə də digər hüquqi-normativ sənədlərdə aqrar sahənin, aqrar-sənaye kompleksinin inkişafını nəzərdə tutan çoxsaylı tədbirlər müəyyənləşdirilmişdir. Bu baxımdan "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" da müstəsna rol oynayır. Bütün bu proqramlar uğurla həyata keçirilir. Nəticədə ölkədə 2003-cü ildə adambaşına 246 kiloqram taxıl (təmizlənmədən sonrakı çəkidə) düşürdüsə, ötən ilin yekunlarında bu göstərici 292 kiloqram təşkil edib. Ümumiyyətlə, ötən il taxıl istehsalı 2003-cü ilə nisbətən 36,2, o cümlədən buğda istehsalı 19,4 faiz artıb. Göstərilən dövrdə adambaşına kartof istehsalı 94 kiloqramdan 104, tərəvəz 128 kiloqramdan 130, bostan bitkiləri 44 kiloqramdan 46, şəkər çuğunduru (sənaye emalı üçün) 16 kiloqramdan 19, meyvə və giləmeyvə 70 kiloqramdan 87, ət 23 kiloqramdan 30,5, süd 143 kiloqramdan 183,8 kiloqrama, yumurta 83 ədəddən 131,1 ədədə yüksəlib.

Dövlətin bu sahəyə ardıcıl qayğısı və dəstəyi nəticəsində indi Azərbaycan kənd təsərrüfatı məhsulları idxal edən ölkədən həmin məhsulları ixrac edən ölkəyə çevrilib.

Sahibkarlıq subyektlərinin xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi məqsədilə yaradılmış İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) da sahibkarların ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin reallaşmasında onlara dəstək verir.

Xatırladaq ki, hazırda Azərbaycan Respublikası əhalisinin 47 faizə qədəri kənd yerlərində yaşayır. Odur ki, aqrar sahənin orta və uzunmüddətli inkişaf strategiyalarından irəli gələn vəzifələrin səmərəli icrası insan resurslarının və iqtisadi potensialın əsas mənbəyi olan regionlarda və kəndlərdə yaşayanların rifah halının yaxşılaşdırılmasına öz töhfəsini vermişdir. Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi davam etdirilməklə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın icrası üçün 37 milyon manat, kənd təsərrüfatı məhsulları istehsalçılarının damazlıq heyvanlarla təmin edilməsinə əlavə dəstək verilməsi, kənd təsərrüfatı texnikasının, aqrokimyəvi maddələrin alınması və digər lizinq xidmətlərinin göstərilməsi məqsədilə "Aqrolizinq" ASC-yə 60 milyon, o cümlədən Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 25 milyon manat ayrılmışdır.

Hər hektar əkin sahəsinin becərilməsində istifadə edilən yanacağa və motor yağlarına görə büdcə vəsaiti hesabına 40 manat yardım verilməsi, eləcə də istehlakçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi, buğda istehsalının stimullaşdırılması məqsədilə hər hektar üçün əlavə olaraq 40 manat yardım verilməsi, ümumiyyətlə, sahibkarlara göstərilən hərtərəfli dövlət dəstəyi ayrı-ayrı kənd təsərrüfatı məhsullarının istehsalının artmasına öz təsirini göstərməkdədir. Dövlətin aqrar sahəyə göstərdiyi dəstəyə, eləcə də güzəştli kreditlərin verilməsi, emal müəssisələrinin  və məhsulu saxlamaq üçün anbarların sayının çoxalması, kənd təsərrüfatı texnikası ilə təminatın yaxşılaşdırılması və digər tədbirlər daxildir.

Ümumilikdə 2003-2013-cü illər ərzində dövlətin kənd təsərrüfatı məhsulları istehsalçılarına birbaşa dəstəyi üçün, o cümlədən yanacaq və motor yağlarına, buğda və çəltik səpininə, mineral gübrələrə, toxum və tinglərə görə 585 milyon manatdan çox vəsait sərf edilib.

Digər önəmli bir sahə informasiya-kommunikasiya texnologiyalarıdır (İKT). İKT-nin tətbiqi Azərbacanda geniş vüsət alıb. Ölkəmiz bu sahədə də regionun lideridir, dünya miqyasında reytinq siyahılarında isə qabaqcıl yerlərdən birini tutur.

Xüsusilə son illərdə Azərbaycan İKT-nin inkişafı sahəsində böyük uğurlar əldə edib. Yaradılmış mühit, qanunvericilik, rəqabət və digər amillər təkcə keçən il bu sahəyə 400 milyon ABŞ dollarından çox vəsait qoyulmasına imkan verib. Son üç ildə Azərbaycanda İKT gəlirləri iki dəfə artaraq dünya göstəricisini geridə qoyub. 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani təsdiqidir.

Azərbaycanda yüksək texnologiyaların tətbiqi ilə yanaşı, kosmik sənayenin yaradılmasına da böyük diqqət göstərilir. Azərbaycanda və Qafqazda ilk peyk operatoru olan "Azərkosmos" mövcud olduğu iki il ərzində ölkədə teleradio yayım və telekommunikasiya xidmətlərinin göstərilməsi, hökumət və korporativ müştərilərin tələblərinə cavab verən yüksək etibarlı rabitə platformalarının təmin edilməsi istiqamətində ardıcıl iş apardı. Ən əsası isə, bütün diqqət ilk süni peykimiz "Azərspace-1"in hazırlanmasına və orbitə buraxılmasına yönəldildi. Dizaynı və qoşulma imkanları ilə seçilən, milyonlarla insanın informasiya və rabitə xidmətlərindən geniş istifadə edəcəyi bu peykin orbitə buraxılması Azərbaycanın qüdrətini dünyaya nümayiş etdirən önəmli hadisələrdən biri oldu.

Xatırladaq ki, peykin resurslarının 20 faizi Azərbaycanın tələbatını ödəmək üçün istifadə olunacaq, qalan 80 faizi isə dünya bazarlarına ixrac ediləcək. Artıq peykin resurslarının müəyyən hissəsinin satışı üçün şərti müqavilələr imzalanıb. "Azərspace-1"in texnoloji dizaynı və geniş qoşulma imkanları vasitəsilə dünyanın təqribən üçdə bir hissəsini əhatə edəcək coğrafiya üzrə milyonlarla insan müasir informasiya və rabitə xidmətlərindən rahat istifadə edə biləcək. İlk peykimiz 50-dən artıq ölkəni birləşdirən məkanda mühüm iqtisadi rol oynayacaq. Azərbaycanın ilk telekommunikasiya peykinin buraxılması iqtisadiyyatın şaxələndirilməsi, informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkədə kosmik sənayenin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində mühüm addım olmaqla yanaşı, kommersiya xarakterli və gəlirli bir layihədir.

Azərbaycanda indi ucqar kəndlər daxil olmaqla, genişzolaqlı internetə çıxışın təmin edilməsinin, istifadəçilərin sayının isə təxminən 85 faizə çatdırılmasının  hədəf kimi seçilməsi təsadüfi deyil. Bu, bir neçə ildən sonra inkişaf etmiş ölkələrin səviyyəsinə bərabər olmaq deməkdir.

Azərbaycanda "Evlərə optika" modeli üzrə ölkənin bütün yaşayış məntəqələrinə yüksəksürətli, genişzolaqlı internet xidmətlərini verən optik şəbəkənin qurulması üzrə layihə hazırlanıb. 2013-cü ildə bu layihəyə artıq xeyli vəsait ayrılıb.

Ölkənin sosial-iqtisadi tərəqqisi tikinti kompleksinin genişmiqyaslı inkişafı ilə sıx əlaqədardır. İstər şəhərlərdə, istərsə də rayon mərkəzlərində və kəndlərdə məhsul istehsalı və xidmət sahələri üçün mühüm əhəmiyyətli yeni  obyektlər istifadəyə verilmiş, bir çox mövcud tikililər genişləndirilmiş və yenidən qurulmuşdur. 2003-2012-ci illər ərzində məhsul istehsalı obyektlərinin tikintisinə 46,2 milyard manatlıq vəsait ayrılmışdır. Bu illər ərzində ümumi sahəsi 16,7 milyon kvadratmetr olan yeni yaşayış evləri tikilib istifadəyə verilmişdir ki, bunların da 32,2 faizi kənd yerlərindədir.

Təkcə bu ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial sahələrinin  inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10,4 milyard manat vəsait yönəldilmişdir. Bu vəsaitin 66,1 faizi tikinti-quraşdırma işlərinin yerinə yetitrilməsinə sərf edilmişdir. İlin əvvəlindən bəri Bakı şəhərində istifadəyə verilmiş "Gəmi Təmiri və Gəmiqayırma" İstehsalat Birliyi, Heydər Əliyev adına Beynəlxalq Aeroportda anqar kompleksi, Beynəlxalq Logistika Mərkəzi, Sumqayıtda "Gilan" tekstil parkı, Şirvan şəhərində "Cənub" Elektrik Stansiyası, Abşeron rayonunda "Milla" süd məhsulları və dondurma istehsalı zavodları, digər istehsal və sosialyönümlü obyektlər son 10 ilin yüzlərlə yeni tikilisinin sırasına qoşulmuşdur.

Ölkədə gedən genişmiqyaslı inşaat işlərindən danışarkən "Samur-Abşeron suvarma sisteminin yenidən qurulması" layihəsi xüsusi qeyd olunmalıdır. Bu ilin iyul ayında Samur-Abşeron suvarma sisteminə daxil olan Vəlvələçay-Taxtakörpü kanalı istifadəyə verildi və Taxtakörpü anbarının su ilə doldurulmasına başlandı. Bu obyektin istifadəyə verilməsi Şabran və Quba rayonlarında minlərlə hektar suvarılan torpağın və yeni suvarılacaq sahələrin suvarma suyu ilə təchizatını yaxşılaşdıracaq. Su anbarı ilə yanaşı, burada su-elektrik stansiyası da tikilmişdir ki, bu da əlavə enerji deməkdir.

Su anbarlarından söz düşmüşkən, qeyd edək ki, indi bu qəbildən ikinci bir obyekt də tikilir. Su-elektrik stansiyası ilə birgə inşa olunan Şəmkirçay su anbarının təməli 2009-cu ildə qoyulub və tikinti işlərinin gələn ilə başa çatacağı gözlənilir.

Son illərdə dinamik inkişaf edən sahələrdən biri də nəqliyyatdır. Avropa, Qafqaz, Asiya ölkələri arasında yüklərin qarşılıqlı surətdə faydalı və təhlükəsiz  daşınması sahəsində fəaliyyət göstərən dəhliz ölkənin iqtisadi tərəqqisinə töhfələr vermişdir. Bununla bahəm, Azərbaycanda avtomobil, metro, dəniz nəqliyyatı da inkişaf etdirilmişdir. Dəniz donanması yeni sərnişin və yük gəmiləri ilə zənginləşmiş, ölkədəki avtonəqliyyat vasitələrinin sayı 1,1 milyonu keçmişdir. Metro nəqliyyatının hərəkət heyəti yeniləşmiş, vaqonların məhsuldarlığı artmış, yeni vaqonlar alınmışdır.

Ölkənin sosial-iqtisadi həyatının istənilən sahəsindən bu qəbildə söhbət açmaq mümkündür.

Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin özünü qabarıq biruzə verən ən önəmli cəhətlərindən biri də sosialyönümlülük amilinin önə çəkilməsidir. Bu gün ölkədə həyata keçirilən modern sosial siyasət konkret parametrlərlə diqqəti cəlb edir. Həmin parametrlərdən biri sosial müavinət sisteminin sığorta-pensiya sistemindən ayrılması istiqamətində həlledici addımların atılması, buna xidmət edən "Əmək pensiyaları haqqında" və "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının qanunlarının qəbul edilməsi olmuşdur. 2006-cı ilin ilk günündən qüvvəyə minən bu qanunlar ölkədə sosial sferanın tamamilə yeni əsaslarla qurulmasına gətirib çıxarmışdır. Bunlar onu göstərir ki, ölkənin sosial siyasətinin əsas istiqamətləri vətəndaşların ölkə Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarının təmin edilməsinə, aztəminatlı vətəndaşların, o cümlədən əlillərin sosial müdafiəsinin təşkil edilməsinə, sosial yardım sistemində ünvanlılıq prinsiplərinin gücləndirilməsinə və cəmiyyətdə mövcud olan sosial münasibətlərin tənzimlənməsinə yönəldilib. Bu istiqamətdə həyata keçirilən ən son tədbirləri yada salaq. Cari ilin avqust ayında sosial müavinətlərin, əmək pensiyalarının baza hissələrinin, minimum əməkhaqqının artırılması buna aydın misaldır. Bu bir daha göstərdi ki, Azərbaycan hakimiyyəti əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasını, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır.

Əmək pensiyalarının baza hissəsinin artırılması 1 milyon 209 mindən çox pensiyaçıya şamil olunur. Artım nəzərə alınmaqla hazırda Azərbaycanda əmək pensiyasının baza hissəsi 128 ABŞ dolları təşkil edir. Bu göstəriciyə görə Azərbaycan MDB-də ön yerlərdən birini tutur. Ümumiyyətlə götürdükdə isə, 2003-2013-cü illər ərzində əmək pensiyalarının orta aylıq məbləği 9,2 dəfə,  minimum məbləği 7,1 dəfə artmışdır. Həyata keçirilən davamlı sosial müdafiə tədbirləri sayəsində pensiyaçıların 97 faizinin pensiya məbləği yoxsulluq həddini üstələmişdir.

Sosial siyasət özünü həmçinin insanların yaşayış şəraitinin getdikcə daha da yaxşılaşmasında göstərir. Elektrik enerjisinin təchizatı ilə bağlı əvvəllər ölkədə hiss olunan qıtlıq artıq yox olmuşdur. Çünki son illərdə 1500 meqavat gücündə yeni elektrik stansiyaları inşa edilmişdir. Proses indi də davam edir. İri elektrik stansiyaları ilə yanaşı, su-elektrik stansiyaları da tikilir. Elə keçən il kiçik çaylarda tikilən bir neçə belə stansiyanın açılışı olub. Eyni zamanda böyük layihələrin icrası ilə paralel olaraq su-elektrik stansiyalarının və alternativ enerji növlərinin yaradılması prosesi gedir.

Ölkənin qazlaşdırılması istiqamətində də xeyli iş görülüb. İndi ən ucqar dağ kəndlərindəki, hətta sovet dönəmində qazlaşdırılmayan yaşayış məntəqələrindəki evlərdə "mavi alov" şölələnir. Bu ilin sonuna qədər Azərbaycanda qazlaşdırmanın 90 faizə çatacağı gözlənilir. Hədəf isə ölkənin başdan-başa qazlaşdırılmasıdır.

İnfrastruktur layihələri sırasında içməli su və kanalizasiya layihələri də az əhəmiyyət daşımır. Oğuz-Qəbələ-Bakı kəməri uzaq məsafədən bulaqların şəffaf suyunu paytaxt sakinlərinin evlərinə gətirib. İndi bəlkə də elə bir bölgə tapmaq çətindir ki, orada yeni su qurğuları tikilməsin, su boruları təzələnməsin. Bir çox rayonlarda yeni kanalizasiya xətlərinin inşası davam edir.

İndi şüurlardan ucqar kənd, ucqar bölgə anlayışı silinməkdədir. Çünki Azərbaycanın bütün rayonları inkişaf edir, ən müasir infrastrukturlar qurulur, sosial-mədəni obyektlər tikilir, məktəblər, xəstəxanalar inşa edilir, yollar və körpülər salınır.

Dövlətin qarşıya qoyduğu prioritet vəzifələrdən biri də qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllidir. Bu, ilk növbədə özünü ölkədə bir dənə də olsun çadır şəhərciyinin qalmaması məqsədinin qarşıya qoyulmasında göstərdi. Müxtəlif dövlət sənədlərində öz ifadəsini tapan bu məqsəd həyatda gerçəkliyə çevrildi. 2003-2013-cü illərdə salınmış çoxsaylı qəsəbələrdə 129 min nəfərdən çox məcburi köçkünə hər cür şəraiti olan fərdi evlər verildi. Evlərlə bərabər müxtəlif sosial obyektlər və infrastruktur quruldu. Beləliklə, Azərbaycanda məcburi köçkünlər üçün inşa edilmiş qəsəbələrin sayı 82-yə çatdı. Ümumilikdə 2001-2013-cü illərdə 33 min ailə və 159 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şərati yaxşılaşdırılıb.

Məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı ulu öndər Heydər Əliyevin qoyduğu prinsiplərə əməl olunması davam edir. Dövlət büdcəsindən ayrılmış vəsait hesabına məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətlərin artırılması, onların məşğulluq probleminin həlli, sahibkarlıq fəaliyyətinə qoşulmaları üçün atılan əməli addımlar və s. buna bariz misaldır.

Azərbaycanın sosial-iqtisadi həyatın bu və digər sahələrində əldə etdiyi nailiyyətlər dünya miqyasında da diqqətlə izlənilir və geniş tədqiqat predmetinə çevrilib. İndi Azərbaycan özünün qazandığı uğurlarla bir çox digər dövlətlər üçün nümunəyə çevrilib, onlar ölkəmizin qazandığı təcrübəyə getdikcə daha çox müraciət edirlər.

Azərbaycanın qazandığı uğurların miqyasının mütəmadi olaraq genişləndiyini və onun daha qüdrətli dövlətə çevrildiyini dünyanın ən nüfuzlu iqtisadi qurumları da etiraf edir. Qeyd etdiyimiz kimi, ölkənin inkişaf prosesinin bu cür kompleks xarakter daşımasını, innovativ və novatorçu olmasını artıq bütün beynəlxalq aləm təqdir edir. Ən nüfuzlu iqtisadi institutların araşdırmalarında, hesabatlarında Azərbaycana böyük diqqət yetirilir, ölkənin göstəriciləri misal gətirilir. Məsələn, elə bu il sentyabrın 4-də rəsmi olaraq beynəlxalq ictimaiyyətə açıqlanmış Dünya İqtisadi Forumunun 2013-2014-cü il üzrə "Dünya Rəqabətlilik Hesabatı"na əsasən, Azərbaycan qlobal rəqabətqabiliyyətlik indeksinə görə yeddi pillə irəliləyib. Ölkəmiz rəqabətlilik reytinqinə görə 148 dövlət arasında 39-cu yerdə qərarlaşıb. Qeyd edək ki, 2012-2013-cü il hesabatında Azərbaycan 144 ölkə arasında 46-cı, 2011-2012-ci il hesabatında isə 142 ölkə arasında 55-ci yeri tutmuşdu.

Qlobal iqtisadiyyatın böhran dövrünü yaşadığı və yüksək rəqabət mühiti ilə səciyyələnən bir vaxtda Azərbaycanın yeddi pillə irəliləməsi və dünyanın 40 ən rəqabətqabiliyyətli iqtisadiyyatı sırasına daxil olması da ölkədə aparılan sosial-iqtisadi inkişaf siyasətinin bariz göstəricisidir.

Müasir dünya təcrübəsi aydın göstərir ki, sürətli sosial-iqtisadi tərəqqinin kökündə dayanan əsas amillərdən biri əlverişli rəqabət mühitinin və buna rəvac verən qanunvericilik bazasının formalaşdırılmasıdır. Sağlam rəqabət şəraitində kəmiyyət və keyfiyyət etibarilə məcmu istehsal sürətlə artır və bu, ölkənin əsas makroiqtisadi göstəricilərinin davamlı surətdə yüksəlməsinə ciddi təsir göstərir. Dünya İqtisadi Forumunun hesabatında Azərbaycanın irəliləməsi ölkədə əlverişli rəqabət mühitinin formalaşdığını bir daha təsdiqləyir.

Son illərdə Azərbaycan həm də bir çox əhəmiyyətli beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Bunların arasında sosial-iqtisadi yönümlü tədbirlər də çoxdur.  

Bu il isə Azərbaycan ilk dəfə olaraq Davos Forumuna ev sahibliyi etmişdir. Əlbəttə, bu, ölkəmizin böyük nüfuzu deməkdir. Tədbirin mövzusu Qafqaz və Orta Asiyada gedən proseslərlə bağlı idi. Bu isə bir daha göstərdi ki, Azərbaycan təkcə coğrafi mərkəz deyil, həm də iqtisadi, siyasi, mədəni mərkəzdir.

Ümumiyyətlə, son bir neçə il ərzində Azərbaycan Davos İqtisadi Forumunda fəal iştirak edir və həmişə diqqət mərkəzində olur. Yəni Azərbaycanın inkişaf dinamikası, əldə edilmiş uğurlar tədbirdə geniş işıqlandırılır. Bu forumun hesablamaları da Azərbaycanın dünya miqyasında iqtisadiyyatın rəqabətqabiliyyətliyinə görə daim irəlilədiyini göstərir.

İndi ölkə "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasından irəli gələn vəzifələri layiqincə yerinə yetirmək əzmindədir. Burada ölkənin yüksək rəqabətqabiliyyətliyə malik məhsullar ixrac etməsi qarşıya başlıca vəzifələrdən biri kimi qoyulmuşdur. Həyata keçirilən tədbirlər sayəsində qeyri-neft sektoru üzrə adambaşına düşən ixrac həcminin 1000 ABŞ dollarına çatdırılması nəzərdə tutulur. Bunun üçün yüksək əlavə dəyər yaradan ixracyönümlü iqtisadiyyatın formalaşdırılması da prioritet məqsədlərdən biridir və biz bunun öhdəsindən gələcəyik.

"Bizim gördüyümüz bütün bu işlər Azərbaycanın gələcəyi üçündür". Bu sözləri ulu öndər Heydər Əliyev 2002-ci il sentyabrın 18-də üçüncü minilliyin  nəhəng qurğusu olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin təməlqoyma mərasimində demişdir. Bugünkü Azərbaycan böyük gələcəyə istiqamətləndirilmiş həmin işlərin yaratdığı bünövrə üzərində inkişaf edir.

Azərbaycan iqtisadiyyatı həmin möhkəm təmələ əsaslanaraq, dövlətin həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlər sayəsində gündən-günə şaxələnərək və zirvələrə üz tutaraq irəliləyir. Bu da bir daha onu göstərir ki, ölkədə aparılan siyasi-iqtisadi kursun alternativi yoxdur. 

 

 

Həmid BAĞIROV,

iqtisad elmləri namizədi,

SSRİ Dövlət Bankı əlaçısı

Azərbaycan.-2013.-  24 sentyabr.- S.4.