Səudiyyə Ərəbistanı
Krallığının milli bayramı
şərəfinə
Sentyabrın 23-də Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Krallıq elan edilməsi günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.
AzərTAc xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Musaid bin İbrahim bin Abdullah Əl-Səlim Səudiyyə Ərəbistanının inkişaf tarixi barədə məlumat vermişdir. Diplomat Səudiyyə Ərəbistanı ilə Azərbaycanı qardaşlıq əlaqələrinin birləşdirdiyini söyləmişdir. Bildirilmişdir ki, bu əlaqələr qarşılıqlı hörmətə, səmimiyyətə, İslam irsinə və müştərək tarixə əsaslanır.
Ölkələrimiz arasında 20 ildən artıq bir dövrdə diplomatik əlaqələrin mövcud olduğunu deyən səfir bu illərdə çoxlu sayda sazişlərin və memorandumların imzalandığını diqqətə çatdırmışdır. O vurğulamışdır ki, son dövrlər iqtisadi əlaqələrimiz daha da güclənmiş, qarşılıqlı sərmayələrə maraq artmışdır. Buna görə də yaxın vaxtlarda iki ölkə arasında ticarət və investisiya sahələrində sazişlər imzalanacaqdır.
Səfir qeyd etmişdir ki, Səudiyyə Ərəbistanı Krallığı Azərbaycan Respublikası ilə əlaqələrini gələcəkdə daha da inkişaf etdirmək niyyətindədir.
Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Prezidenti İlham Əliyevin adından Səudiyyə Ərəbistanı xalqını milli bayram münasibətilə təbrik etmiş, dost ölkəyə çiçəklənmə arzulamışdır. Nazir ölkələrimiz arasında dostluq əlaqələrinin tarixindən söhbət açmışdır. Bildirilmişdir ki, Azərbaycan və Səudiyyə Ərəbistanı bir çox sahələrdə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi yolu ilə inamla irəliləyir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində rəsmi Ər-Riyadın Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə təşəkkürünü bildirən Azad Rəhimov əmin olduğunu bildirmişdir ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əlaqələr gələcəkdə daha da inkişaf edəcəkdir.
Qəbulda
dövlət və hökumət rəsmiləri, Milli Məclisin
deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə
olunmuş səfirləri, ictimaiyyətin nümayəndələri
iştirak etmişlər.
Azərbaycan.-2013.- 24 sentyabr.- S.6.