Naftalan beynəlxalq müalicə və
kurort şəhərinə çevrilir
Ölkəmiz sürətlə inkişaf edir. Həyatın hər sahəsində misilsiz işlər görülür. Fabriklər, zavodlar tikilir, körpülər, yollar çəkilir, məktəblər, mədəniyyət ocaqları açılır, qəsəbələr, parklar salınır, Olimpiya idman kompleksləri, müalicə-sağlamlıq müəssisələri inşa olunur. Bütün bunlarla yanaşı, kurort-sanatoriya bazasının inkişafına da xüsusi diqqət yetirilir. O cümlədən Naftalan tamamilə yenidən qurulur, onun ilkin şöhrəti qaytarılır.
Naftalan nefti xalqımızın əvəzsiz sərvəti, misilsiz müalicə vasitəsidir. Bu möcüzəli neftin hikməti hamıya bəllidir. Onun müalicəvi əhəmiyyəti hələ neçə yüz il bundan əvvəl insanlara məlum idi. Ona görə də tuluqlarda karvan yolu ilə nefti uzaq Asiya ölkələrinə, xüsusən Ərəbistana daşıyırdılar. Mütəxəssislər deyirlər ki, dünyada analoqu olmayan Naftalan neftindən 70-dən çox xəstəliyin müalicəsində istifadə edilir. Xüsusən hərəkət-istinad, nevroloji, damar, uroloji, ginekoloji və dəri xəstəliklərinin müalicəsində onun böyük faydası var.
Naftalan həm də ölkəmizin abad şəhərlərindəndir. Bu günlər şəhərdə keçirilən təntənəli görüşlər, müxtəlif obyektlərin açılışı, Naftalan şəhərinə dövlət tərəfindən göstərilən diqqət bu barədə bir qədər geniş söhbət açmağa imkan yaradır. Əvvəlcə bir neçə kəlmə möcüzəli neftin və adı dillərdə gəzən Naftalan şəhərinin tarixi, taleyi barədə. Naftalan neftindən müalicə məqsədilə istifadə olunmasına dair ilk yazılı məlumat XII əsrə aiddir. Neft quyularının texniki istismarı isə XIX əsrin 70-ci illərindən başlanır. 1892-ci ildə alman mühəndisi Y.Egerbu bu yerlərə gələrək ilk dəfə neft çıxarmaq üçün quyular qazdırmışdı. O, hətta bu neftdən maz almaq üçün kiçik zavod da tikdirmişdi. Həmin zavodda "Naftalan" və "Kojelon" adlı dərman preparatları hazırlanmış, Yaponiyaya, Amerikaya, İngiltərəyə, Hollandiyaya və başqa ölkələrə satılmışdı. 1904-1905-ci illərdə rus-yapon müharibəsi zamanı əsir düşən yapon əsgərlərinin təcili yardım çantalarında Naftalan mazı ilə dolu bankalar tapılmışdı. O zaman belə bir zərbi - məsəl də yaranmışdı: "Kim naftalana malikdirsə, deməli, onun hər şeyi var".
Ötən əsrin əvvəllərində ölkəmizdə neft sənayesinin inkişafı ilə əlaqədar Naftalan neftinin də qazma üsulla çıxarılmasına başlanılmışdır. 1928-ci ildən isə Naftalan neftinin müalicəvi əhəmiyyətini öyrənmək üçün tədqiqat işləri aparılmışdır. Keçən yüzilliyin 30-cu illərində artıq Naftalan kurortu fəaliyyət göstərirdi. 1938-ci ildə Naftalan eksperimental laboratoriyası yaradılmış, neftin bioloji və müalicəvi təsiri sistemli surətdə öyrənilməyə başlanmışdır. Naftalan neftinin tərkibinin tədqiqində akademik Yusif Məmmədəliyevin, professorlar Tağı Paşayevin, Sarı Səmədovun, Sima Quliyevanın və tibb elmləri doktoru Tanrıverdi Hüseynovun böyük xidmətləri olmuşdur.
Amma bu dəyərli sərvətdən kütləvi şəkildə istifadənin təşkili ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Otən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin köməyi ilə Naftalan kurortu sürətlə inkişaf etməyə başlamışdır. 1982-ci il fevralın 19-da ulu öndərin təşəbbüsü ilə Naftalan kurort şəhərini daha da inkişaf etdirmək tədbirləri haqqında geniş qərar qəbul olunmuşdur. Məhz həmin qərarın nəticəsində "Azərbaycan", "Şirvan", "Çinar", "Goran" sanatoriyaları tikilmiş, Naftalan kurort şəhəri kimi şöhrət qazanmışdır. Ardıcıl surətdə həyata keçirilən çoxsaylı tədbirlər nəticəsində keçən əsrin 80-ci illərində Naftalan kurortuna müalicəyə gələnlərin sayı 40 mindən 70 min nəfərə qədər artmışdır. Dünyada yeganə bir xatirə muzeyi yaradılmışdır. Qoltuq ağacları ilə gələnlər müalicədən sonra qoltuq ağaclarını həmin muzeyə qoyub gedirdilər.
Təəssüf ki,
90-cı illərin burulğanında çox
şey sıradan çıxdı. Naftalan kurortunun
fəaliyyəti, demək
olar, tamamilə dayandı. Xalqın təkidli tələbi ilə ulu öndər
Heydər Əliyev hakimiyyətə qayıtdıqdan
sonra isə hər şey tədricən nizama düşməyə başladı.
Sahibkarlıq inkişaf
etdikcə Naftalanda
"Şəfa vannaları",
"Müalicə sağlamlıq
mərkəzi", "Möcüzəli
Naftalan", "Sehirli
naftalan" və s. sağlamlıq turizm mərkəzləri yaradıldı.
Ardınca, xüsusən
son illər Regionların
sosial iqtisadi inkişafı Dövlət
Proqramının icrası
çərçivəsində Naftalan şəhərinin
küçələri, yolları
abadlaşdırıldı, bağlar, parklar salındı, təbii qaz və elektrik
enerjisi problemləri həll olundu. Binaların
dam örtükləri və
liftlər təzələndi,
divarları bəzədildi.
Ən baxımlı yerdə Bayraq meydanı yaradıldı.
Beləliklə, Naftalan əsl
kurort şəhəri
görkəmi aldı.
Ən əsası isə budur ki, "Çinar" və "Qaşaltı"
kimi müasir quruluşlu sanatoriya kompleksləri istifadəyə
verildi. Onlar dünyanın ən
yüksək standartlarına
cavab verir. Həm mehmanxana, həm müalicə mərkəzi,
həm də istirahət mərkəzi kimi bütün şərait vardır.
Burada insanlar naftalan kimi nadir müalicəvi neftdən istifadə edir, müalicə olunurlar.
İndi daha bir dəyərli
obyekt - "Qarabağ"
adlı iri müalicə-sağlamlıq kompleksi
inşa olunur. Ümumi sahəsi
5 hektardır. Bünövrəsi
keçən il qoyulub. Sanatoriyanın binası beşmərtəbəli
olacaq. Burada 264 yerlik 132 nömrənin
yaradılması nəzərdə
tutulur. Müasir quruluşlu bu
sağlamlıq ocağında
yaxın-uzaq ellərdən
gələn qonaqların
istirahəti üçün
hər şərait yaradılacaq.
Naftalanın yeni obyektlərindən biri də Heydər
Əliyev Mərkəzidir. İkimərtəbəli yaraşıqlı
binanın ümumi sahəsi 722 kvadratmetrdir. İşıqlı-yaraşıqlı otaqlarda ulu öndərin həyat və fəaliyyətinin müxtəlif məqamlarını
əks etdirən fotostendlər diqqəti cəlb edir. Mərkəzdə müxtəlif tədbirlərin
keçirilməsi üçün
120 nəfərlik konfrans
zalı, elektron kitabxana, internet otağı,
rəsm qalereyası və s. yaradılıb.
Şəhərin infrastrukturu da yenidən qurulur. Ən böyük
nigaranlıq su sarıdan idi. Naftalanda su təchizatı və kanalizasiya sistemləri 1970-ci ildə
yaradılmışdı. Kanalizasiya şəbəkəsi
şəhərin kiçik
bir hissəsini əhatə edir və əslində, istismara yaramırdı. Şəhər əhalisinə sutkada
cəmi 4-5 saat su verilirdi. Bütün bunlar nəzərə alınaraq
Azərbaycan hökuməti
ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin
birgə maliyyələşdirdiyi
layihə çərçivəsində
sistemli işlər görülməyə başlandı.
Həmin
layihə 2035-ci ilə
kimi perspektiv inkişafı nəzərə
alınmaqla hazırlanmışdır.
Layihəyə əsasən, şəhərə
içməli su yeni mənbədən - Ballıqayadan verilir (əvvəllər Naftalanın
su mənbəyi Çəkil kəhrizləri
və artezianlar idi). Bu məqsədlə
Ballıqaya-Goranboy kəmərindən
8 kilometr uzunluğunda
magistral su xətti çəkilib.
Həcmi 3 min kubmetr olan 2 anbar tikilib.
İndi şəhərə kifayət
qədər su verilir. Bununla yanaşı, 33 kilometr
uzunluğunda kanalizasiya
şəbəkəsinin yaradılması
nəzərdə tutulur.
Artıq
şəbəkənin 10 kilometrlik
hissəsində işlər
başa çatıb,
çirkli suları təmizləmək üçün
müvafıq qurğular
inşa edilib.
Yaxın vaxtlarda digər infrastruktur layihələri
də icra olunacaq. Çünki dövlətin qarşıya
qoyduğu vəzifə
belədir. Naftalanın
keçmiş şöhrəti
daha yüksək, daha müasir və daha keyfiyyətli
səviyyəyə qaytarılmalı,
Naftalan dünya səviyyəli müalicə
və kurort şəhərinə çevrilməlidir.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı
Natiq Aslanov isə buna şübhə
etmir: "Yeni-yeni layihələrin icrası,
dövlətin dəstəyi
sayəsində görülən
işlər inam yaradır ki, möcüzəli Naftalan yaxın vaxtlarda öz ilkin şöhrətini
tamamilə qaytaracaq, əhalinin müalicə-sağlamlıq
və istirahət mərkəzinə çevriləcək".
Əhməd
İSAYEV,
Azərbaycan.-2013.- 24 sentyabr.- S.7.