Qızıl çeşməli dağlar
Gədəbəydə də payızı çox sevirlər. Bu da təsadüfi deyil. Bir ilin zəhməti göz qabağında olur. Məhsul yığılır, qışın tədarükü görülür. Mal-qara qışlaqlara axışır. Bu yerlərin ən əsas məhsulu kartofdur. Kartof ustaları da ilə yekun vururlar. 150 min ton hazırdır! Hələ dağda-dərədə məhsulu yığılacaq sahələr də az deyil. Hazır məhsulun alıcısı da çoxdur. Müştəri Gəncədən və başqa yerlərdən gəlir, birbaşa qapıda pul verilir.
Rayonun özündə də kartof və tərəvəz tədarükü, çeşidləmə və saxlanma kompleksi tikilib, yanında da "Halal qida" süd emalı zavodu. Ümumi dəyəri 4,1 milyon manatdır. Avadanlıq xaricdən gətirilib. Gündəlik istehsal gücü 5 ton olan kartof emalı sahəsi Hollandiya texnalogiyası əsasında qurulub. Fermerlər üçün böyük töhvədir. Burada təkcə Gədəbəydən yox, həm də ətraf rayonlardan tədarük olunan məhsulun yuyulması, çeşidlənməsi və hətta qabıqdan çıxarılaraq müxtəlif ölçülərdə doğranmış formalarda vakuum qablaşdırılması əməliyatları həyata keçirilir.
Gündəlik gücü on ton olan süd emalı zavodunda pendir, qatıq, xama və digər məhsullar istehsal edilir. İsveçrənin "Patra Pak" şirkətinin avadanlığı qurulandan sonra ekoloji təmiz məhsulun uzun müddət saxlanılmasına imkan yaranacaq. Dağlıq rayonda kənd təsərrüfatı, bax, bu cür sənaye əsasında inkişaf edir.
Gədəbəy torpağının üstü də qızıldır, altı da. Qızıl çeşməli dağlar hələ qədim dövrlərdən diqqəti cəlb etmişdi. Burada misin və əlvan metalların çıxarılması üçün dəfələrlə təşəbbüs göstərilmişdir. 1864-1917-ci illərdə Gədəbəy yatağında genişmiqyaslı dağ-mədən işləri aparılmışdı. Həmin dövrdə Almaniyanın "Simens" şirkəti mis hasilatı ilə məşğul olmuş, təxminən iki milyon ton filiz çıxarılmışdır.
İllər keçdi, dövran dəyişdi. Dövlət müstəqilliyi bərpa ediləndən sonra elin sərvəti xalqın ixtiyarına verildi. Bu sahədə ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir. Ulu öndər 1996-cı il fevralın 5-də Azərbaycan Respublikasının bir sıra yataqlarının kəşfiyyatı və işlənməsi barədə sərəncam imzaladı. Buna müvafiq olaraq, dağlarda axtarış-kəşfiyyat işləri başlandı və 2009-cu ilin may ayında Gədəbəy zavodu işə salındı. Bu yerlərin sərvəti İsveçrədə "Ayrım brendi" adı ilə dünya bazarına çıxarıldı.
Bu yaxınlarda dağlar diyarında daha bir qızıl zavodu istifadəyə verildi. Burada saatda 100-150 ton filiz emal olunur. Elə müasir avadanlıq qurulub ki, ekoloji cəhətdən safdır. Çökdürmə prosesi açıq havada yox qapalı çənlərdə həyata keçirilir. Ona görə də ətraf mühitə az təsir edir. Təzə müəssisənin sahəsi 14,4 min kvadratmetrdir. Burada 32 min unsiya qızıl istehsalı nəzərdə tutulub. Bu da son on ildə müstəqil Azərbaycanın əldə etdiyi nailiyyətlərdən biridir.
Gədəbəydə sosial məsələlər də sürətlə və keyfiyyətlə həll olunur. Bu yerlərin ən önəmli problemi qazlaşma ilə bağlıdır. Dövlətin qayğısı və köməyi ilə rayonun hər yerində, xüsusən sərhəd bölgəsinin qazlaşdırılması üçün çox iş görülür. İndiyə kimi Novosaratovka-Böyük Qaramurad-Şınıx bölgəsində onlarca yaşayış məntəqəsinə mavi yanacaq verilib. Hazırda üç müxtəlif istiqamətdə - Söyüdlü, Moruqlu, Çanaqçı, Nərimankənd, Qoşabulaq, Samanlıq, Pərizamanlı, Totuğlu, Miskinli, və Çalburun kəndlərinin qazlaşdırılması üçün tədbirlər görülür.
Gədəbəy
dağlıq olduğu üçün yaşayış məntəqələri,
evlər dərə-təpələrə səpələnib.
Ona görə də yol
məsələsi hamını narahat edirdi. Son illərdə bu problem də uğurla həll olunur
körpülər, keçidlər düzəldilir, sistemli surətdə yollar
çəkilir. Gədəbəy-Novosaratovka-Qaravəlilər
avtomobil yolu 87
yaşayış məntəqəsini birləşdirəcək.
Miskinli və Şınıx bölgəsində
də yolların təmiri üzrə xeyli
iş görülür.
Düzyurd-Miskinli bölgəsində 6 kilometr yola
qum-çınqıl döşənib. Rayonun
digər kəndlərində də yollar sahmana salınır. Novosaratovka
kəndindəki Findıqlı çayı üzərində
96 metr uzunluğunda
beşaşırımlı körpü tikilib. Bu, onlarca
kəndin rahatlığı deməkdir.
Çolpan çayı üzərində salınan körpünün isə uzunluğu 95, eni isə 14 metrdir. Dördaşırımlı bu yaraşıqlı körpü Gədəbəy şəhərinin kəndlərlə nəqliyyat əlaqəsini yaxşılaşdırılmasında, həmçinin rayonun iqtisadiyyatının və turizmin inkişafında mühüm rol oynayacaq.
Gəlir, qazanc artdıqca Gədəbəy inşaat işlərinin həcmi də çoxalır. Rayon mərkəzində qəsəbə və kəndlərdə genişmiqyaslı abadlıq-quruculuq işləri görülür. "Yeniləşən Azərbaycana yeni məktəb" proqramına uyğun olaraq, tədris ocaqlarının böyük əksəriyyəti müasir binalarla təmin olunub. Qoşabulaq, Slavyanka, Novosaratovka kəndlərində və başqa yerlərdə təzə binalar istifadəyə verilib.
Abadlığa, gözəlliyə Gədəbəy rayonunun hər yerində xüsusi diqqət yetirilir. Küçə və yolları bəzəyən istinad divarları yaraşıqlı üzlük materiallarla bəzədilir. Onlarca binanın fasadlarına milli memarlıq üslubunda naxışlar çəkilir. Küçələrə, yollara asfalt döşənir. Hər yerdə işıq sistemi təzələnir. Hazırda səfalı bir guşədə yeni bazar kompleksinin inşası aparılır. Bundan əlavə, Heydər Əliyev parkının giriş hissəsi və "Ana" abidə kompleksi yenidən qurulur. Bir sözlə, Gədəbəydə qızğın iş gedir. Bir-birindən gərəkli, bir-birindən dəyərli işlər.
Gədəbəyin yeraltı və yerüstü sərvətləri bol, əhalinin əhvalruhiyyəsi xoşdur. Ölkəmizin yeganə aşıq musiqi məktəbi, onun yaradıcı kollektivi ellərə səadət, xoşbəxtlik gətirmiş milli müstəqilliyimizi tərənnüm edir. Qızıl çeşməli Gədəbəy prezident seçkilərinə, bax, bu cür bol məhsulla, xoş əhvalla, mahnı ilə, musiqi ilə gəlir.
Ə.İSAYEV,
Azərbaycan.-2013.- 24 sentyabr.- S.7.