Azərbaycanın sosial-iqtisadi
inkişafı beynəlxalq qurumlar tərəfindən
təqdir edilir
Respublikamız ənənəvi
qlobal rəqabətlilik indeksinə görə
148 dövlət arasında 39-cu yerdə qərarlaşaraq
MDB-də liderliyini qorudu
Müstəqil Azərbaycan böyük uğurlar qazanaraq artıq beynəlxalq aləmdə yüksək nüfuz sahibinə çevrilib. Bu gün Azərbaycan demokratik və bəşəri dəyərlərin bərqərar olduğu məkan, dünya birliyinin layiqli üzvü, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkədir. Cəmi 20 il ərzində ölkədə bütün sahələrdə böyük keyfiyyət dəyişiklikləri baş verib. İqtisadi sahədə keçid dövrünü qısa müddətdə başa vuran ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub.
Regionlarımızın inkişafının təmin edilməsi baxımından 2013-cü il böyük nailiyyətlər ili kimi qiymətləndirilir. İlin ilk yarısı artıq geridə qalıb, ümumi göstəricilər isə çox müsbətdir. Ümumi daxili məhsulun 5 faiz, qeyri-neft sektoruna düşən gəlirlərin isə təxminən 11 faiz artması Azərbaycanın iqtisadi artımının bu il də dünya miqyasında nümunə ola biləcəyini göstərir. Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirilmişdir ki, növbəti 10 il ərzində qeyri-neft sektorumuzu 2 dəfə artırmaq barədə qarşıya qoyulan məqsədə çatacağıq.
Azərbaycan üçün 2013-cü ilin ilk yarısı həm də ölkəyə investisiya qoyuluşunun həcmi ilə diqqət çəkir. İlin birinci yarısında ölkə iqtisadiyyatına 12,6 milyard dollar sərmayə qoyulmuşdur. Bunun böyük hissəsi - təqribən 7 milyardı daxili, 5 milyardı isə xarici sərmayələrdir. Uzun illərdir Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi qalır. Cari ilin yarısında ölkəmizə qoyulan 5 milyard xarici sərmayə bunu bir daha təsdiqləyir. Baxmayaraq ki, özümüzün də indi kifayət qədər böyük maddi imkanlarımız var, yenə də xarici investorların Azərbaycana olan inamı və sərmayə yatırmaları ölkənin ümumi inkişafını əks etdirir. Son illər ərzində ölkəmizdə daxili investisiyalar xarici investisiyaları üstələyir. Əgər bu templə irəliləsək, ilin sonuna qədər sərmayələrin səviyyəsi təqribən 25 milyard dollara çatacaqdır.
Azərbaycanı yüksək gəlirli ölkələr sırasına çıxarmaq üçün bütün imkanlar var. Həyata keçirilən uğurlu iqtisadi siyasət və sosial tədbirlər nəticəsində ölkəmiz sürətli inkişaf yolu keçərək buna nail olacaqdır.
Azərbaycan dünyanın 40 ən rəqabətqabiliyyətli ölkəsi sırasındadır
Dinamik inkişafa malik olan Azərbaycanın sosial-iqtisadi sahədə qazandığı böyük uğurların kökündə dayanan əsas amillərdən biri iqtisadiyyatın diversifikasiyasıdır. Bunun sayəsində Azərbaycan iqtisadiyyatının tərəqqisi çoxcəhətli, genişmiqyaslı xarakter daşıyır. Ölkə iqtisadiyyatının müxtəlif sahələrində inkişafın paralel şəkildə getməsi, bir-birini tamamlaması hər zaman xüsusi diqqət mərkəzində olub. Dinamik inkişafa görə Cənubi Qafqaz iqtisadiyyatının 80 faizinə sahiblik edən Azərbaycan dünyanın nüfuzlu iqtisadi-maliyyə qurumlarının reytinq cədvəllərində də sürətlə irəliləyərək öz mövqeyini möhkəmləndirir. 2012-ci ilin əvvəlindən "Standart & Poor's", "Moody's Investors Services", "Fitch Ratings" agentliklərinin, habelə BMT İnkişaf və Ticarət Təşkilatının ardınca Dünya İqtisadi Forumu (Davos Forumu) da respublikamızda gedən inkişaf proseslərini müsbət dəyərləndirib.
Qurumun 2013-2014-cü il üzrə "Dünya Rəqabətlilik Hesabatı"nda qlobal rəqabətqabiliyyətlilik indeksinə görə Azərbaycanın 7 pillə irəliləməsi və 148 dövlət arasında 39-cu yerdə qərarlaşması bunun əyani sübutudur. Qlobal iqtisadiyyatın böhran dövrünü yaşadığı və yüksək rəqabət mühiti ilə səciyyələnən bir vaxtda Azərbaycanın dünyanın artıq 40 ən rəqabətqabiliyyətli ölkəsi sırasına daxil olması həmçinin respublikamızın beynəlxalq nüfuzunun artmasının nümunəsidir.
Dünya ölkələrinin iqtisadi inkişaf parametrlərinin müəyyənləşdirilməsində Dünya İqtisadi Forumunun hazırladığı hesabatlar xüsusi çəkiyə malikdir. 30 ildən artıq müddətdə dövlətlərin rəqabətədavamlılıq səviyyəsini öyrənən qurum 1979-cu ildən qlobal rəqabət hesabatlarında onların iqtisadiyyatının davamlı inkişafını şərtləndirən amilləri araşdırır. 2004-cü ildə dövlətlərin rəqabətədavamlılığının ölçülməsi üçün təkmil göstəricilər toplusu yaradılaraq "Qlobal Rəqabət Qabiliyyyəti İndeksi" kimi Dünya İqtisadi Forumuna təqdim edilib. Dünya ölkələrinin iqtisadi parametrlərinin təyin edilməsi və dövlətlərin rəqabətədavamlılığı 12 əsas meyar üzrə müəyyənləşdirilir. Burada texniki tərəqqi, makroiqtisadi sabitlik, səmərəli idarəetmə, qanunun aliliyi, şəffaf və təkmil işləyən qurumlar, korrupsiyanın azlığı, bazarayönümlülük, şirkətlərin təkmilləşdirilməsi, tələbat, bazarın həcmi və bir çox başqa istiqamətlər əsas götürülür. Bu göstəricilərin hər biri güclü nəzəri əsaslara malikdir və biri digərini istisna etmir.
10 ildə 10 dəfədən çox artım
2003-cü ildən etibarən Azərbaycanda liberal iqtisadi sistemin qurulması, sahibkarlığın inkişafına geniş şəraitin yaradılması, zəngin təbii sərvətlərdən və regionların potensialından səmərəli istifadə, qeyri-neft sektorunun inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması istiqamətində görülən tədbirlər ölkə iqtisadiyyatının yüksələn xətlə inkişafını təmin edib. Ümumi daxili məhsul (ÜDM) istehsalının strukturuna diqqət yetirdikdə, bütün iqtisadi sahələrdə artım meylinin nəzərə çarpdığını görmək mümkündür. Proqnozlara görə, 2020-ci ilədək yalnız qeyri-neft sektorunun inkişafı sayəsində ÜDM-in 2 dəfə artırılmasına nail olunacaq.
Son 10 ildə ölkədə ÜDM 3,4 dəfə artmış, 1 milyon 200 min yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi 46,7 faizdən 6 faizə enmişdir. İşsizliyin aradan qaldırılması 10 il bundan əvvəl qarşıya qoyulmuş ən əsas vəzifələrdən biri idi. Bu ilin altı ayında isə 55 min iş yeri açılmışdır ki, onlardan 45 mini daimi iş yeridir. Azərbaycanda sənayeləşmə prosesinin sürətlə getməsi də yeni iş yerlərinin açılmasına gətirib çıxarır.
Dünya iqtisadiyyatına inteqrasiya milli sosial-iqtisadi modelin başlıca istiqamətidir
Əhalinin ərzaqla etibarlı təminatı Azərbaycan hökumətinin daimi diqqət mərkəzindədir. Bu məqsədlə aqrar sektora dövlət dəstəyi, o cümlədən güzəştli kreditlərin və subsidiyaların verilməsi davam etdirilir, kənd təsərrüfatı məhsulları istehsalı və emalı genişləndirilir. Aqrar sektorun infrastruktur təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılır. Cari ilin yanvar-iyun aylarında kənd təsərrüfatının ümumi məhsulunun dəyəri faktiki qiymətlərlə 2 milyard 122 milyon 995 min manat təşkil etmiş və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz, o cümlədən bitkiçilik sahəsində 4,5 faiz, heyvandarlıq sahəsində isə 5,1 faiz artmışdır. 2013-cü ilin nəticələrinə görə, kənd təsərrüfatının ümumi məhsulunun artımının təxminən 6-7 faiz olacağı gözlənilir. 2013-cü ilin məhsulu üçün ölkə üzrə 1 milyon 33 min 200 hektar sahədə payızlıq və yazlıq dənli və dənli-paxlalılar (qarğıdalı istisna olmaqla) becərilmişdir ki, onun da 690 min 816 hektarını və ya 67 faizini buğda təşkil edir. Cari ilin sonuna kimi 2 milyon 900 min tondan çox taxıl istehsalı gözlənilir ki, bu da keçən ildəkindən təxminən 100 min ton çoxdur. Ölkə iqtisadiyyatında qazanılmış uğurların daha da möhkəmləndirilməsi və davamlılığının təmin edilməsi məqsədi ilə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası da mühüm addım kimi qiymətləndirilir.
Dünya ölkələrində iqtisadi böhranın hələ də davam etdiyi vaxtda Azərbaycanın iqtisadi rəqabət qabiliyyətinin artmasını iqtisadçı ekspertlər ölkədə biznes mühitinin sağlamlaşdırılması sahəsində həyata keçirilən ardıcıl tədbirlərin nəticəsi kimi qiymətləndirirlər. Kiçik və orta sahibkarlıq subyektlərinə dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə artırılması, iş adamlarının fəaliyyətinə süni müdaxilələrin aradan qaldırılması, sahibkarlıq subyektlərinin qeydiyyatı sisteminin sadələşdirilərək "vahid pəncərə" prinsipi əsasında aparılması, texnoparkların yaradılması, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi və digər addımlar bu baxımdan xüsusi vurğulanır.
Bu günlərdə
İtaliyanın məşhur beyin mərkəzi
- Beynəlxalq Siyasi Araşdırmalar İnstitutu (İSPİ) "On
il hərəkətdə" Cənubi Qafqaz 2003-2013-cü illərdə" adlı hesabat yayıb. Hesabatda regionun hər üç
dövlətində - Azərbaycan, Gürcüstan
və Ermənistan son on
ildə baş vermiş
siyasi proseslər və iqtisadi
vəziyyət təhlil edilir. Bildirilir ki, son on
il ərzində region
ölkələri fərqli iqtisadi inkişaf nəticələri əldə
etmişlər. Əgər Azərbaycan sürətlə inkişaf edərək ikirəqəmli illik iqtisadi artım tempinə
nail olmuşsa, Gürcüstan və Ermənistanda inkişaf çox zəif
getmişdir. 2009-cu il
qlobal maliyyə böhranı
zamanı Ermənistan və Gürcüstan
iqtisadi geriləmə yaşasa
da (bu ölkələrin
ümumi daxili məhsulları
böhran illərində müvafiq
olaraq 14 və 4 faiz
azalmışdır), Azərbaycanın müsbət inkişaf tempini qoruyub saxlamışdır.
Respublikamızda sosial-iqtisadi modernləşməyə əsaslanmaqla yüksək əzmkarlıq və yaradıcılıqla həyata keçirilən inkişaf strategiyası bütün sahələrdə öz nəticələrini göstərir. Təbiidir ki, bütün bu göstəricilər beynəlxalq təşkilatların, dünya mətbuatının, xarici dövlətlərin marağına səbəb olur və rəğbətlə qarşılanır. Dünyanın ən nüfuzlu iqtisadi institutlarının araşdırmalarında, hesabatlarında Azərbaycana böyük diqqət yetirilir, ölkəmizlə bağlı göstəricilər təqdir olunur. Dünya İqtisadi Forumunun yeni hesabatı da bunu təsdiqləyən növbəti mühüm sənəd kimi qiymətləndirilir.
Elgün MƏNSİMOV,
Azərbaycan.-2013.- 25 sentyabr.- S.1.