Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

 

Sentyabrın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Serbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zoran Vayoviç ilə görüşmüşdür.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, qonağı səmimiyyətlə salamlayan Ali Məclisin Sədri onu Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda görməkdən məmnunluğunu bildirmişdir.

Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ermənistanın hərbi təcavüzü nəticəsində uzun müddətdir blokada şəraitində yaşayır. Lakin buna baxmayaraq, muxtar respublikada iqtisadiyyatın bütün sahələri inkişaf etdirilir. Kənd təsərrüfatı, sənaye, təhsil, səhiyyə, mədəniyyət sahələrində mühüm uğurlar qazanılmış, ərzaq təhlükəsizliyi təmin olunmuşdur. Eyni zamanda, elm və təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, dünya təhsil sisteminə inteqrasiya istiqamətində mühüm addımlar atılmışdır.

Ali Məclisin Sədri Zoran Vayoviçin səfərinin Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Serbiya arasında əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirmiş, ona ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulamışdır.

Səmimi qəbula görə minnətdarlıq edən Zoran Vayoviç muxtar respublikada ilk dəfə olduğunu, qədim Azərbaycan torpağı olan Naxçıvanın sürətlə inkişaf etdiyini bildirmişdir. Səfir ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda əsası qoyulan inkişaf xəttinin Azərbaycanı tərəqqiyə qovuşdurduğunu, siyasiiqtisadi qüdrətini durmadan artırdığını qeyd etmişdir. Azərbaycan və Serbiya arasında iqtisadi, mədəni və digər sahələrdəki münasibətlərin məmnunluq doğurduğunu bildirən qonaq fəaliyyəti dövründə Naxçıvan Muxtar Respublikası ilə də qarşılıqlı əlaqələrin inkişafında səyini əsirgəməyəcəyini bildirmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

Azərbaycan.-2013.- 25 sentyabr.- S.2.