Azərbaycan-İran parlamentlərarası münasibətlər yüksək səviyyədədir

 

Sentyabrın 24-də Milli Məclisin Azərbaycan-İran Parlamentlərarası dostluq qrupunun üzvləri ilə İran İslam Respublikası İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvləri arasında görüş keçirilib. Görüşdə Azərbaycan-İran parlamentlərarası münasibətlərdən söz açılıb və qonşu ölkələrin ikitərəfli əlaqələrinin yüksək səviyyədə olduğu vurğulanıb.

Parlamentlərarası dostluq qrupunun üzvü Eldar İbrahimov qonaqları Milli Məclisdə görməyindən məmnunluğunu ifadə edib. Bildirib ki, hər iki ölkənin dərin tarixə söykənən əlaqələri mövcuddur: "Bu gün ölkə başçılarının və parlament sədrlərinin qarşılıqlı səfərləri əlaqələrin inkişafına müsbət təsirini göstərir. Azərbaycan-İran parlamentlərarası dostluq qrupunun üzvlərinin səfərləri isə əməkdaşlığın daha da dərinləşdirilməsinə öz töhfəsini verir. Bu ilin əvvəlində İranda parlament seçkiləri keçirildi. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin başçılığı ilə azərbaycanlı nümayəndə heyətinin də İrana səfəri oldu. Orada Azərbaycan nümayəndə heyətinə çox isti və səmimi dostluq münasibətləri göstərildi. Bütün bunlar qarşılıqlı əlaqələrimizin yüksələn xətlə inkişafının göstəricisidir. İnanıram ki, ölkələrarası əlaqələrimiz bundan sonra da inkişaf edəcək".

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Cavad Cahangirzadə başçılıq etdiyi nümayəndə heyəti ilə birgə Azərbaycana edilən səfərdən məmnun qaldıqlarını bildirib. Qeyd edib ki, bu görüşün uğurlu olacağına əmindir. Daha sonra o, oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərinin şəffaf və demokratik keçiriləcəyinə ümid etdiyini bildirdi.

 

 

 

E.MƏNSİMOV,

Azərbaycan.-2013.- 25 sentyabr.- S.2.