Sumqayıtda «Şəhər günü» yaddaqalan tədbirlərlə qeyd olundu

 

Təqvim "yarpaq"larının bəzəyi olan bayramları bir-birindən maraqlı tədbirlərlə qeyd etmək Sumqayıtda artıq adətdir. Son bir neçə ilin ənənəsinə çevrilən belə günlər hər sumqayıtlının xatirəsinə hopan anlara dönür. 3 il dalbadal keçirilən "Şəhər günü" də belə bayramlardandır.

Sentyabrın 20-dən Sumqayıtda musiqi sədaları eşidilir, mili geyimli oğlan və qızlar şəhərin müxtəlif yerlərində qurulmuş yerlərdə rəqs edir, şənlənirdilər. Xüsusi bəzədilmiş maşınlarda quraşdırılan qurğularla sakinlərə qarşıdakı bayrama çağırışlar səslənir, millidünya musiqilərindən seçmələr səsləndirilirdi.

Sumqayıtın ömür yolunun bayram salnaməsinə çevrilən "Şəhər günü" keçirmək üçün hazırlıqlar dünən keçirilən mərasimdə özünü real şəkildə göstərdi. Yaşı 60-ı keçən şəhərin sakinləri, dövlət və özəl müəssisələrin bayrama qatılan təmsilçiləri bu əlamətdar tədbirin maraqlı keçməsi üçün əllərindən gələni əsirgəmədilər.

Mərasimə ümummilli lider Heydər Əliyevin abidəsinin ucaldığı eyni adlı prospektdən start verildi. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və tədbirə dəvətli qonaqlar abidə önünə tər çiçəklər düzdülər. Tədbir şəhərin Corat kəndində davam etdi. Qeyd edək ki, son dövr bu qəsəbədə xeyli abadlıq işləri aparılmış, yol infrastrukturu yeniləşmiş, sosial sahədə mühüm işlər görülmüşdür. Qəsəbənin girəcəyində ucaldılan qala divarları üzərinə düzülən toplar, keçmişi xatırladan bazar yeri, yunaningilis dilində şaqraq mahnılar tədbir iştirakçılarına tariximizi geriyə vərəqləyirdi. Milli adət-ənənələrimizi əks etdirən sərgilər, onlarla eksponat isə tamaşaçıları heyran qoymuşdu. Qurulan səhnələr, oynanılan tamaşalar elə təşkil edilmişdi ki, sanki bu gündən qopub 2000 il geriyə qayıdaraq böyük bir təntənəli izdihamın iştirakçısısan. Mərasimə "dəvətli" olan məşhur Hipporkpatın obrazı aktyorlar tərəfindən elə oynanılırdı ki, tədbirə toplaşanlar heyranlıqlarını gizlədə bilmirdilər. Roma əsgərlərinin döyüşü, milli ordu əsgərlərinin nümayiş etdirdikləri səhnələr də ondan geridə qalmırdı.

Müxtəlif nazirliklərin, xarici ölkə səfirliklərinin təmsilçilərinin, Milli Məclisin deputatlarının, qonşu rayonların nümayəndələrinin iştirak etdiyi "Şəhər günü" Bayraq meydanında davam etdi. Hərbçilərin keçidi ilə başlayan paraddan sonra idmançılar, motosikletçilər, kartinqçilər, Rusiyanın Sankt-Peterburq şəhərinin "Barabançı qızlar"ı bənzərsiz çıxışları ilə bayram iştirakçılarını heyran qoydular. Şəhər səmasında hərbçi təyyarəçilərin şousu da tamaşaçıların gurultulu alqışları ilə qarşılandı.

Bütün günü davam edən "Şəhər günü" axşam saatlarında məşhur türk müğənnisi Rafet el Romanın xüsusi konsert proqramı, ardınca isə atəşfəşanlıqla başa çatdı.

 

 

 

Akif ƏLİYEV,

Azərbaycan.-2013.- 25 sentyabr.- S.3.