Yeni Azərbaycan Partiyasında İran İslam Respublikası

 parlamentinin nümayəndə heyəti ilə görüş olmuşdur

 

Sentyabrın 24-də Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov İran İslam Respublikası İslam Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvlərindən ibarət nümayəndə heyəti ilə partiyanın mənzil-qərargahında görüşmüşdür.

YAP-ın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə İran İslam Respublikası arasında qarşılıqlı münasibətlərin mövcud durumu və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılmışdır. Ölkələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən siyasiiqtisadi sahələrdə əməkdaşlığının inkişafı üçün geniş imkanların olduğu bildirilmişdir.

İranın təkcə qonşu deyil, həm də dostqardaş ölkə olduğunu vurğulayan Əli Əhmədov Azərbaycan və İran arasında münasibətlərin inkişaf dinamikasının məmnunluq doğurduğunu vurğulamışdır.

İran parlamenti sədrinin salamlarını Əli Əhmədova çatdıran İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Cavad Cahangirzadə son zamanlar nümayəndə heyətlərinin səfərlərinin və görüşlərinin intensivləşməsinin iki ölkə arasında əməkdaşlığın inkişafına yaxşı töhfə olduğunu qeyd etmişdir.

YAP icra katibinin müavini Mübariz Qurbanlı və idarə heyətinin üzvü Eldar İbrahimov görüşdə iştirak etmişlər.

 

Azərbaycan.-2013.- 25 sentyabr.- S.3.