Milli mədəni və mənəvi irsə yüksək qayğı

 

Hər bir xalqın özünəməxsusluğunu şərtləndirən amillər onun dövlətçilik ənənələri ilə yanaşı, həm də zəngin milli-mənəvi irsi, pak və ali dəyərləri, qlobal planda maddi-mənəvi mədəniyyət nümunələri əsasında müəyyənləşir. Milli kimliyi ifadə edən dəyərlər, eyni zamanda, xalqın mənəvi sərvəti, toxunulmaz xəzinəsidir.

Bu reallığı düzgün dəyərləndirən Azərbaycan hökuməti milli mədəniyyətin yad təsirlərdən qorunması vacibliyini  dəfələrlə önə çəkmişdir. Dövlətin mədəniyyət və mənəviyyat sahəsində siyasətinin müasir informasiya və qloballaşma dövrünün tələblərinə uyğun inkişaf etdirilməsi istiqamətləri bütün sənədlərdə konseptual formada əksini tapmışdır. Xüsusi vurğulanmışdır ki, hər bir xalq özünün mədəni və milli-mənəvi xəzinəsi - ziyalıları, mədəniyyət və incəsənət xadimləri, yazıçıları, şairləri ilə dünya miqyasında tanınır və bəşər sivilizasiyasına töhfələr verir. "Bu insanlar Azərbaycan cəmiyyətinin aparıcı təbəqəsidir, cəmiyyətin elitasıdır. Bütün cəmiyyətlərin və ölkələrin inkişafi müəyyən bir qrup insanın fəaliyyəti ilə bağlıdır. İstər siyasi müstəvidə, istərsə də mədəniyyət, incəsənət sahəsində. Bəzi başqa ölkələrin tarixinə nəzər salanda görürük ki, kim yadda qalır. Şəxsiyyətlər yadda qalır, iqtisadi göstəricilər yadda qalmır. Yaxud da hansısa konkret bir xarakter daşıyan uğurlar yadda qalmır. İnsanlar yadda qalır, əməllər yadda qalır".

Azərbaycan dövləti xalqın mədəniyyətinin və mənəviyyatının qorunub saxlanılmasına, inkişaf etdirilməsinə xidmət edən strateji siyasi kursa daim üstünlük vermişdir. İmzalanan ilk fundamental fərman və sərəncamlar da xalqın milli-mənəvi intibahına, mədəni yüksəlişinə xidmət etmişdir. "Azərbaycan Milli Ensiklopediyası haqqında" və "Azərbaycan dilində latın qrafikalı kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamlar dövlətin milli-mənəvi irsə sadiqliyini bir daha nümayiş etdirmişdir. Bu sərəncamlar əsasında 25 cildlik Azərbaycan Milli Ensiklopediyasının hazırlanması prosesinə start verilmiş, eləcə də dünya miqyasında tanınan klassik yazıcı və şairlərin əsərlərinin latın qrafikalı Azərbaycan əlifbası ilə təkrar nəşrinə başlanılmış və bütün bunlar xalqın mədəni-intellektual səviyyəsinin yüksəldilməsinə, milli özünəməxsusluğunun qorunub saxlanılmasına xidmət edən mühüm addımlar olmuşdur. Respublikada kitab nəşrinə göstərilən bu qayğı həm də gənc nəslin mütərəqqi ruhda tərbiyəsi, Azərbaycanın və dünyanın korifey yazıçı və şairlərinin əsərləri ilə yaxından tanış olması, mənəvi cəhətdən kamilləşməsi məqsədindən irəli gəlir.

Son on ildə ölkədə mədəniyyət və incəsənət işçilərinin - rəssamların, heykəltəraşların, eləcə də yazıçı və şairlərin problemlərinin həlli daim diqqət mərkəzində olmuşdur. Bu təbəqədən olan insanların dövlət səviyyəsində təntənəli yubiley mərasimlərinin keçirilməsi, onların sosial durumunun yaxşılaşdırılması istiqamətində konkret addımların atılması, o cümlədən mədəniyyət və incəsənət xadimlərinə fərdi Prezident təqaüdlərinin təsis edilməsi bu siyasətin mühüm tərkib hissəsinə çevrilmişdir. Yaradıcı insanların sosial təminatının yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzindədir: "...Hamımız yaxşı xatırlayırıq ki, ötən əsrin 90-cı illərinin ortalarına qədər Azərbaycanda iqtisadi böhran mövcud idi. Hazırda isə ölkəmiz güclənir, maddi imkanlarımız artır və ilk növbədə, ziyalı insanların bütün təminati daha da yüksək olmalıdır. Prezident təqaüdlərinin təsis edilməsi də bu məqsədi güdürdü. Çünki hansısa işlə, ticarətlə, yaxud da bizneslə məşğul olan insanlar özlərini təmin edirdilər. Ancaq yazıçı, alim, ziyalı insan çətin vəziyyətə düşürdü. Çünki onun qazancı onun kitablarından əldə edilən gəlirlər idi, qonorarlar idi. Kitablar isə çap olunmurdu, vəsait ayrılmırdı. Belə olan halda bu insanlar bir vaxt olduqları ən qabaqcıl mövqelərdən ən çətin vəziyyətə düşdülər. Prezident təqaüdlərinin təsis edilməsində məqsəd də məhz bu insanların sosial ehtiyaclarının ödənilməsi idi".

Son on ildə elmin, təhsilin, mədəniyyətin inkişafını sürətləndirən onlarla fərman və sərəncamlar, dövlət proqramları yetişməkdə olan gənc nəslin mənəvi bütövlüyü, kamilliyi və saflığı, habelə qlobal miqyaslı yad təsirlərə qarşı mənəvi müqavimətin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən siyasətin mühüm məqamlarıdır. Bütün bunlar, eyni zamanda, yüksəlişə, intibaha xidmət edən mühüm addımlar kimi cəmiyyətin pozitiv ruhda inkişafına təkan vermişdir.

Mütərəqqi ruhlu islahatlar cəmiyyətdə mənəvi və mədəni intibah prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını da təmin etmişdir. Yeni mərhələnin səciyyəvi xüsusiyyətlərindən biri də milli mədəniyyəti ümumbəşəri universal dəyərlər səviyyəsinə yüksəltmək, bu zəngin mənəvi xəzinənin qorunmasında nüfuzlu beynəlxalq təşkilatlarların iştirakını təmin etməkdir. Azərbaycanın mədəniyyət abidələrinin qorunması, milli irsin təbliği məqsədilə UNESCO və digər beynəlxalq təşkilatlarla başlanmış əməkdaşlıq münasibətləri də məhz bunun nəticəsidir. UNESCO-nun "Dünya irs siyahısı"na İçərişəhərin Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq Muzeyinin və Atəşgahın da daxil edilməsi dövlətin həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir.

Son illər klassik irs və milli-mənəvi dəyərlərin mühafizəsi istiqamətində reallaşdırılan tədbirlərin praktik nəticələr verməsində Heydər Əliyev Fondunun xidmətləri əvəzsizdir. Fondun prezidenti, UNESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli layihələri birləşdirən ümumi ortaq xətt də məhz milli genefondun qorunması məqsədi daşıyır. Fondun prezidentinin şəxsi səyləri nəticəsində Azərbaycan xalqının milli sərvəti sayılan muğam, aşıq musiqisi, habelə Novruz bayramı UNESCO-nun vasitəsilə bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri sırasına daxil edilmişdir. "Qarabağ xanəndələri" adlı musiqi albomunun buraxılması da fondun mühüm layihələrindən biri kimi qeyd oluna bilər.

Mədəniyyət sahəsində idarəçiliyi, bu sahənin hüquqi təminatını və maliyyələşdirilməsini, informasiya texnologiyaları ilə təchizatını, beynəlxalq əməkdaşlığını, əhalinin mədəni həyatda fəal iştirakını və sair məsələləri əhatə edən "Mədəni Siyasətin Strateji İnkişaf Proqramı" adlı sənədin hazırlanması da olduqca vacib əhəmiyyət kəsb edir. Bundan başqa, bir sıra sərəncam və fərmanlar Azərbaycan ərazisindəki əksər tarixi mədəniyyət abidələrinin qorunmasını, onların əsaslı bərpasını və yenidən qurulmasını nəzərdə tutur.

Azərbaycanda çoxlu sayda maddi mədəniyyət abidələri var və etnoqrafiyamız olduqca zəngindir. Son illər Tarix, Arxeologiya və Etnoqrafiya institutlarında maddi mədəniyyət nümunələri ilə bağlı geniş tədqiqatlar aparılır. Muzeylərimiz bərpa olunur. Bütün rayonlarda kifayət qədər zəngin olan tarix- mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Bakıda, Naxçıvanda, Gəncədə, Şəkidə bu cür mərkəzlərin sayı artırılır. Qeyd edək ki, tarixi mədəniyyət abidələri hər bir xalqın qeydiyyatıdır. Xalqın qədimliyini, mədəniyyətinin zənginliyini ortaya çıxarır. Qız qalası, Şəki Xan Sarayı, Mömünə xatun türbəsi, Yusif Küseyiroğlu Türbəsi, Şuşa abidələrinin mühafizəsi elə xalqın tarixinin qorunması deməkdir. Bunlar yazılan yüzlərlə ədəbiyyatdan, kitabdan daha təsirlidir. Hazırda respublikada tarixi maddi və mənəvi mədəniyyət abidələrinin hifz olunması istiqamətində dövlət xətti ilə böyük iş aparılır. Onlar bərpa olunur, həmin abidələr olan yerlərdə festivallar keçirilir, müxtəlif dillərdə kitablar nəşr edilir, onlayn portlallar yaradılır. Bir çox maddi mədəniyyət nümunələrimizə beynəlxalq status verilir. Abidələrimizin müəyyən hissəsi artıq beynəlxalq turizm şəbəkəsinə daxildir və əcnəbilər həmin abidələri ziyarətə gəlirlər. Bundan başqa, bizim elə dahi şəxsiyyətlərimiz var ki, onların məzarları ziyarətgaha çevrilir. Məsələn, Nizami Gəncəvi və digər şəxsiyyətlər. Onlar da bizim abidələrimizdir. Bu gün mənəvi dəyərlərimizi əks etdirən adət-ənənələrimiz də ciddi şəkildə qorunur, yeni çalarlarla zənginləşdirilir. Respublikada bu istiqamətdə hərtərəfli tədqiqatlar aparılır, xalqın ənənələrdən faydalanması, öz mənəvi ruhi gücünü əldə etməsi üçün geniş şərait yaradılır. Bütün milli-dini və müasir adət-ənənələr, bayramlar dövlət səviyyəsində qeyd olunur.

Məlum bir həqiqətdir ki, cəmiyyət həyatının müxtəlif sahələrinin sürətlə inkişaf etdiyi, elmi-texniki yüksəlişin sürətləndiyi bir mərhələdə sovetlər birliyi dövrünün geridə qalmış texnologiya və infrastrukturu əsasında fəaliyyət göstərən, əsaslı yenidənqurmaya ciddi ehtiyac duyan milli teatr və muzeylər, mədəniyyət ocaqları zəruri tamaşaçı auditoriyası cəlb edə bilməzlər. Əhalinin bir çox hallarda bu mədəniyyət ocaqlarına laqeyd münasibətinin əsasında da məhz bu amillər dayanır. Bu reallıq düzgün dəyərləndirilərək Azərbaycanda, demək olar ki, bütün aparıcı mədəniyyət müəssisələrinin, teatrların, o cümlədən kinoteatrların, muzeylərin əsaslı təmiri və yenidən qurulmasına yönələn sərəncamlar imzalanmışdır.

Hələ 2006-cı ilin yekunlarına həsr olunmuş müşavirədə mədəni sferada zəruri infrastruktur layihələrinin həyata keçirilməsi və mövcud problemlərin həlli üçün dövlət büdcəsindən tələb olunan lazımi vəsaitin  ayrılacağı xüsusi vurğulanmışdır. Qeyd olunmuşdur ki, Azərbaycanın iqtisadi potensialının yüksəlməsi mədəniyyətin və incəsənətin inkişafında da yeni mərhələ açmışdır. Ötən illərdə imzalanan "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında", "Azərbaycan kino sənətinin inkişaf etdirilməsi haqqında", "Azərbaycan muzey işinin yaxşılaşdırılması haqqında" sərəncamlar müasir mədəni həyatın dinamik inkişafı üçün stimul yaratmışdır.

"Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" sərəncamda irəli sürülən problemlərin həlli ölkəmizdə teatr sənətinin güclü tərəqqi yoluna çıxmasını təmin etmişdir. Qısa müddət ərzində Heydər Əliyev Sarayı, Milli Akademik Dövlət Dram Teatrı, Opera və Balet Teatrı, Gənc Tamaşaçılar Teatrı, Rus Dram Teatrı, Kukla Teatrı, Nizami kinoteartı və s. əsasli təmir olunaraq müvafiq texniki avadanlıqlarla təchiz edilmişdir.

Bundan başqa, "Azərbaycan Respublikasının paytaxtı Baki şəhərində İstiqlal muzeyinin yaradılması və İstiqlal abidəsinin ucaldılması haqqında" və "Müasir İncəsənət muzeyinin yaradılması haqqında" sərəncamlardan irəli gələn vəzifələr də uğurla həyata keçirilmişdir. Digər bir sərəncamla yeni tikilməkdə olan Muğam Mərkəzi ilə üzbəüz ərazidə Xalça Muzeyi inşa olunmuşdur. Eyni zamanda regionlarda fəaliyyət göstərən muzeylərin təmir-bərpası da diqqət mərkəzində olacaqdır.

Azərbaycanda zəngin ənənələri olan kino sənətinin son illər inkişafa doğru meyillənməsi də məhz dövlətin bu sahədə həyata keçirdiyi mühüm tədbirlər nəticəsində mümkün olmuşdur. Hazırda kino xadimlərinə xüsusi həssaslıqla yanaşılır, onlara müntəzəm olaraq fəxri adlar, Prezident təqaüdləri və digər mükafatlar verilir. Ölkə rəhbərinin imzaladığı "Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında" sərəncamda isə istifadəsiz qalmış kinoteatrların yenidən qurulması, onların müasir avadanlıqlarla təchizi, yeni filmlərin istehsalı, xarici şirkətlərlə müştərək filmlərin çəkilməsi və digər vacib məsələlər öz əksini tapmışdır. Dünyanın inkişaf etmiş dövlətlərinin kinoteatrlarında bu gün də filmlərə tamaşaçi axını davam edir. Deməli, məsələ xidmət işinin düzgün və müasir formada qurulmasından asılıdır.

Bununla yanaşı, müvafiq sərəncamlarla Azərbaycanda milli serialların çəkilməsi üçün dövlət büdcəsindən ölkə telekanallarına 5 milyon manat vəsait ayrılmış, eyni zamanda, əcnəbi filmlərin Azərbaycan dilinə dublyaj olunması təmin edilmişdir.

Ümumilikdə, son 10 ildə milli mədəniyyət infrastrukturunun formalaşdırılması, bu sahəyə dövlət səviyyəsində diqqət və qayğının artırılması məsələsi prioritetlik təşkil edir. Bütün bunlar isə ən yaxın zamanlarda ölkədə ictimai mühitin saflaşdırılmasına, mədəni-mənəvi dəyərlərin şüurlarda möhkəmlənməsinə xidmət edir. Ən əsası, bir vaxtlar üzləşdiyi tənəzzül mərhələsini çoxdan geridə qoymuş Azərbaycan mədəniyyəti artıq özünün keyfiyyətcə yeni inkişaf mərhələsini yaşayır.

 

 İradə ƏLİYEVA,

Azərbaycan.-2013.- 25 sentyabr.- S.5.