İqtisadi inkişaf sosial rifaha xidmət edəndə

 

"Yenə tıxacdır, ilişdik, görəsən nə edək? Bəlkə yol polisinin alternativ yolları kara gəldi. Amma əhəmiyyətsizdir. Guya orada maşın az olacaqE" Yəqin avtomobilə istər sürücü, istərsə də sərnişin kimi oturan hər kəs özündən asılı olmayaraq bu deyingən hissləri yaşayıb və sözsüz, əsəbiləşib də. Təbiidir. Çox qısa müddətdə - təxminən 10 il ərzində ölkənin demək olar bütün ərazilərində belə vəziyyətin yaranması heç də hamının, necə deyərlər, "həzm" edə biləcəyi fakt deyil. Odur ki, kimi bunun səbəbini yolların tez-tez təmirə bağlanması, kimi şəhərlərin, o cümlədən paytaxtın xüsusən mərkəzi küçələrinin darlığı, kimi sürücülərin yol hərəkəti qaydalarına əməl etməməsi, kimi də ağlagəlməz digər amillərlə bağlayır. Və əgər bağlayırlarsa, deməli, həmin səbəblərdə həqiqət payı var. Amma o da var ki, həmin amillərdəki ümumi həqiqət payı əsas - avtomobillərin sayının kəskin artması səbəbi ilə müqayisədə dəfələrlə azdır.

Son illər ölkə əhalisinin sosial rifahının yüksəlməsinə aid məqaləni tıxaclardan, avtomobillərin sayının artmasından başlamağımız oxucularımıza qəribə gəlməsin. Əvvəla, bu, indi hamımızın gündəlik qarşılaşdığımız, yaşadığımız, ən azından şahidi olduğumuz mənzərədir və hətta bəzən fərqinə varmasaq da, rifahımızın əyani göstəricisidir. İkincisi, bu göstərici bütün dünyada çoxdan müsbət fakt kimi qəbul və təhlil olunur. Elə isə gəlin biz də belə edək: rəsmi statistikaya görə, 10 il əvvəl Azərbaycanda hər 1000 nəfərə 62 avtomobil düşürdü. Etiraf edək ki, həmin göstərici inkişaf etmiş ölkələrlə müqayisədə aşağı rəqəm idi. Lakin ölkəmizdə sürətli iqtisadi inkişafın insan amilinə, daha doğrusu, əhalinin rifahına xidmət edəcəyinin bəyan olunması və bunun ardınca həmin istiqamətdə əməli tədbirlərin görülməsi nəticədə insanların keçmiş SSRİ dövründən ürəklərində əlçatmaz arzu kimi gəzdirdikləri şəxsi avtomobilə sahib olmaq imkanlarını artırdı. Artıq 2008-ci ildə Azərbaycana rekord miqdarda - 89,1 min (dəyəri 1 milyard 120 milyon dollar) təkcə minik avtomobili gətirildi. 2012-ci ildə isə rekord təzələndi - ötən il ölkəyə 89,6 min minik avtomobili idxal edildi ki, bu da 10 il ərzində Azərbaycana gətirilən avtomobillərin sayının 9,2 dəfə artması deməkdir. İndi ölkəmizin hər 1000 nəfərinə 110 avtomobil düşür, yəni, 2003-cü ildəkindən təxminən 2 dəfə çox. Çox maraqlıdır ki, bu sahədə artan təkcə avtomobillərin sayı yox, həm də dəyəridir. Belə ki, Azərbaycana idxal olunan avtomobillərin dəyəri son 10 ildə 18,7 dəfə artmışdır. Başqa sözlə desək, avtomobil almaq istəyən vətəndaşlarımız artıq işlənmiş, köhnə maşınlardan imtina edərək yenilərinə üstünlük verirlər. Bu isə ilk növbədə onların maddi imkanlarının yüksəlməsi ilə izah edilə bilər.

Lakin evsiz-eşiksiz nə avtomobil?! Məsələ burasındadır ki, son 10 ildə Azərbaycanda inşa olunan yaşayış sahəsinin miqdarı da rekord həddə çatmışdır. Statistikasız da bütün ölkə boyu tikilən evlərin, binaların sayı hamının gözü qarşısındadır. Hara baxırsan tikirlər. Şəhərlərimizin kənarında az qala özləri boyda yeni yaşayış məntəqələri salınır, dünənədək insan ayağı dəyməyən ərazilərdə bir-birindən yaraşıqlı evlər, binalar inşa olunur, infrastruktur yaradılır. Yenə də rəsmi məlumatlarsız keçinə bilməyəcəyik: 2004-2012-ci illər ərzində Azərbaycanda 15 milyon 137 min kvadratmetr yaşayış sahəsi tikilmişdir və bunun 10 milyon kvadratmetrdən çoxu vətəndaşların şəxsi vəsaitləri hesabına ərsəyə gəlmişdir.

Amma şəxsi vəsaiti hesabına ev, mənzil, almaq imkanı olmayanlar da diqqətdən kənarda deyil. Bəli, söhbət dövlət vəsaiti hesabına sosial ipoteka kreditləşməsindən gedir. Yeri gəlmişkən qeyd edək ki, son 10 ildə əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər sırasında bu fakt mütləq vurğulanmalıdır. Məhz dövlət başçısının 2007-ci ildə imzaladığı sərəncamdan sonra müəyyən sosial qruplara, o cümlədən ilk növbədə gənclərə büdcədən ayrılan vəsaitlər hesabına güzəştli və uzunmüddətli mənzil kreditlərinin verilməsinə başlandı. Bu gün Azərbaycan Mərkəzi Bankının yanında İpoteka Fondunun xətti ilə maliyyələşdirilən sosial ipoteka kreditlərinin dərəcəsi illik 4 faizdir. Kreditlərin qaytarılması üçün maksimal müddət isə 30 ildir. Dövlət büdcəsindən ipoteka kreditləşməsinə ayrılan məbləğə gəldikdə bildirək ki, təkcə cari il üçün nəzərdə tutulan həmin məbləğ 40 milyon manatdır. Lakin yaxın gələcəkdə həm bu məbləğin artırılması, həm də kreditlərin verilmə mexanizminin təkmilləşdirilməsi gözlənilir. Deməli, az müddət ərzində ipoteka kreditlərindən istifadə etməklə daha çox vətəndaşımız yaşayış şəraitini yaxşılaşdırmaq imkanı qazanacaq.

Bununla yanaşı, ölkəmizdə elə sosial qruplar da var ki, onların ev və ya mənzillə təminatını dövlət birbaşa öz üzərinə götürmüşdür. Belə qruplardan sayca çoxu məcburi köçkünlərdir. Artıq 20 ildir ki, Dağlıq Qarabağ və ona bitişik 7 rayonun yüz minlərlə əhalisi öz doğma yurdlarından didərgin  düşmüşdür. Hazırda Azərbaycanın elə bir ərazisi yoxdur ki, orada qarabağlı məcburi köçkünlər müvəqqəti yurd salmasınlar. Xüsusən, yeni əsrin əvvəllərinədək onların vəziyyəti daha ağır idi. Ən yaxşı halda yataqxana, məktəb, uşaq bağçalarında, ən pis halda isə vaqon və alaçıqlarda məskunlaşan soydaşlarımız həmin illər az qala o dünyanı görüb gəlmişlər. Məhz bu səbəbdən dövlət maddi imkanı artan ilk andan onu qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılmasına yönəltdi. Əvəzində alaçıqların yerində müasir şəhərciklər, "fin evləri"nin əvəzində daş binalar, köhnə vaqonların ərazisində müasir qəsəbələr salındı. Hamısının da müasir infrastrukturu. Bir neçə fakt: son 10 ildə ölkə ərazisində ümumi sahəsi 1 milyon 241 min kvadratmetr olan 78 qəsəbə salınıb, 129 məktəb, 43 uşaq bağçası, 47 tibb müəssisəsi, 34 rabitə evi tikilib, 600 kilometrə yaxın yol inşa olunub, 726 kilometr su, 213 kilometr qaz, 38 kilometrdən çox kanalizasiya, 6,3 kilometr istilik xətləri çəkilib. Cari il isə daha 4 min ailənin (təxminən 20 min nəfərin) 8 yeni qəsəbə və məhəlləyə köçürülməsi planlaşdırılmışdır və artıq onların əksəriyyəti bu rahatlığa qovuşmuşdur. Ümumiyyətlə, hər il Azərbaycanda təqribən 4 min məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Bu sürətlə yaxın 3-4 ilədək həmin kateqoriyadan olan bütün soydaşlarımızın yeni ünvanlara köçəcəkləri şübhəsizdir.

Müharibə veteranlarının, şəhid ailələrinin, əlil və kimsəsizlərin də problemlərinin həlli dövlətin sosial siyasətində prioritet istiqamətlərdən sayılır. Təkcə 2004-2012-ci illərdə şəhid və əlil ailələrinə 4 mindən çox mənzil verilmişdir. Ümumilikdə son 10 il ərzində 5 mindən çox Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunmuşdur. O cümlədən, regionlarda yaşayan müharibə veteranları üçün 750 ev tikilmişdir. Hazırda hər il orta hesabla bu təbəqəyə aid olan vətəndaşlarımıza 700-dən çox mənzil verilir. Ancaq onların dövlətdən təmənnasız aldıqları təkcə bunlar deyil. Söhbət yenə də avtomobildən gedir. 2009-cu ildə veteranlarımıza dəyəri 500 min, 2010-cu ildə 350 min manat olan "Oka" minik avtomobilləri hədiyyə edilmişdir. Onu da qeyd edək ki, bu zaman İkinci Dünya müharibəsi əlilləri də unudulmur. Məsələn, inişil müharibə əlillərinə verilmiş 304, keçən il isə 325 avtomobil sahibinin arasında onların sayı az olmamışdır.

Bu kateqoriyadan olan insanlardan söz düşmüşkən, başqa qrup əlillərə göstərilən qayğı, verilən dəstək də yaddan çıxmamalıdır. Ümumiyyətlə, əlil vətəndaşların maddi təminatının gücləndirilməsi Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindəndir. Əlillərə ödənilən pensiya və müavinətlərin artırılması, bu təbəqədən olan insanların çoxsaylı sosial proqramlara (reabilitasiya, pulsuz istirahət, texniki bərpa və nəqliyyat vasitələri ilə təminat və s.) cəlb olunması, o cümlədən əlil uşaqların sağlamlığının bərpasına, təhsilinə, peşə vərdişlərinə yiyələnməsinə, işlə təmin edilməsinə dair tədbirlərin həyata keçirilməsi həmin siyasətin tərkib hissəsidir.

Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilən "Əlillərin hüquqları haqqında" Konvensiyasına qoşulandan sonra isə ölkəmizdə belə insanların hüquq və azadlıqlarının təmin olunmasına da diqqət artmışdır. Bu gün əlil vətəndaşlarımız, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlarımız ölkə qanunvericiliyində, eləcə də BMT Baş Məclisinin qəbul etdiyi "Əlillərin hüquq bəyannaməsi"ndə təsbit olunan bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlara malikdirlər.     

Azərbaycanda sosial müdafiəyə ehtiyacı olan təbəqələrdən sayca ən çoxu isə pensiyaçılardır. Hazırda ölkədə sığorta-pensiya sistemi beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanan 3 qanunla ("Sosial sığorta haqqında", "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında") tənzimlənir. Bu yeni sistem pensiya təminatında bərabər şərtlərin tətbiqinə və qazanılan pensiya hüquqlarının reallaşdırılmasına təminat verir. 2006-cı ildən isə Azərbaycanda beynəlxalq təcrübədə özünü doğrultmuş üçpilləli (baza, sığorta və yığım) struktura əsaslanan əmək pensiyası sistemi tətbiq olunur. Məhz bu sistemin tətbiqindən sonra əmək pensiyalarının həm minimal (baza hissəsi), həm də orta aylıq məbləği əhəmiyyətli dərəcədə artmışdır. Dövlət Sosial Müdafiə Fondunun xərclərinin 2006-cı ildən 2012-ci iləcən 4,4 dəfə artması bunun faktiki göstəricisidir. Əmək pensiyalarının verilməsində ən böyük dönüş isə 2011-ci ildə baş vermişdir. Belə ki, həmin il həyata keçirilən islahatlar sayəsində 900 minə yaxın təqaüdçünün pensiyası orta hesabla 40 faiz artmışdır. Ümumiyyətlə, 2006-cı ildən 2013-cü ilədək əmək pensiyalarının minimum məbləğinin artımı 3,4, orta aylıq məbləğinin artımı 5,2 dəfə olmuşdur. Bu artımın məbləği 2003-cü ilə nisbətən isə 8 dəfə çoxdur. Yeri gəlmişkən qeyd edək ki, son artımadək ölkə üzrə orta aylıq əmək pensiyasının məbləği 152, o cümlədən yaşa görə 167 manat olmuşdur ki, bu da MDB-də yüksək göstəricilərdən sayılır.

Son illər Azərbaycanda əhalinin sosial müdafiəsi sahəsində digər tədbirlər də görülmüş, o cümlədən ardıcıl proqramlar həyata keçirilmişdir. Həmin proqramlardan olan ünvanlı sosial yardım mexanizminin üzərində bir qədər geniş dayanaq. Öncə bildirək ki, bu mexanizm dövlət başçısının 2005-ci il oktyabrın 25-də imzaladığı qanunla tənzimlənir və onun əsas məqsədi orta aylıq gəlirləri hər ailə üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailələrə dövlət tərəfindən maliyyə yardımlarının göstərilməsidir. Artıq dövlətin maliyyə dəstəyinə ehtiyacı olan ailələr bu yardımdan yararlanırlar. 2012-ci ilin yekunlarına görə, ölkədə belə ailələrin sayı 124 min (545 min nəfər) olmuşdur. Həmin ailələrin hər bir üzvünə ayda orta hesabla 26 manat (hər ailəyə orta hesabla 114 manat) ödənilmişdir. Etiraf edək ki, bu maddi yardıma ehtiyacı olan ailə üçün elə də kiçik məbləğ deyil. Belə olmasaydı, Dünya Bankı Azərbaycanın bu sahədəki fəaliyyətini həmin sistemi tətbiq edən digər ölkələrlə müqayisədə yüksək qiymətləndirməzdi.

Azərbaycan vətəndaşlarının keçmiş SSRİ-nin əmanət banklarında qalmış vəsaitlərinin qaytarılması da dövlətin son dövr əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün həyata keçirdiyi tədbirlər sırasına daxil edilməlidir. Təkcə bir neçə fakt: ölkə üzrə belə əmanətləri olan əhalinin sayı 2,4 milyon nəfər idi. Həmin əmanətlərin qaytarılmasına isə dövlət büdcəsindən 1 milyard manat vəsait ayrıldı. 7 ay ərzində, yəni, prosesin başlandığı 2012-ci ilin iyunundan sonunadək 1 milyon 450 min nəfərə 550 milyon manat ödəniş edildi. Bu il də proses davam edir və onun başa çatması üçün dövlət büdcəsindən 500 milyon manatın ayrılması nəzərdə tutulub.  Onu da vurğulayaq ki, bu cür əmanətlərin həm qaytarılma mexanizmi, həm də ödəniş faizləri keçmiş SSRİ respublikaları arasında ən ədalətlisi hesab olunur.

Və nəhayət, əhalinin gəlirləri və əməkhaqları barədə. Bu dəfə də rəsmi statistikaya nəzər salaq: 2003-cü ildən 2013-cü ilin əvvəlinədək Azərbaycanda əhalinin gəlirləri 6,1 dəfə artmışdır. Ötən il iqtisadi sektorda çalışanların orta aylıq nominal əməkhaqqı 400 manata yaxın olmuşdur ki, bu da 2003-cü ilə nisbətən 5,1 dəfə artım deməkdir. Bir çox sahələrdə isə orta aylıq maaşlar daha yüksəkdir. Neft sənayesi və emalında, tikintidə, bank və digər maliyyə sektorlarında, eləcə də özəl bölmədə işləyənlər bu gün daha çox əməkhaqları alırlar. Elə son illər (2003-2012-ci illərdə) ölkədə yoxsulluğun səviyyəsinin 7,5 dəfə azalmasının əsas səbəblərindən biri də məhz əhalinin gəlirlərinin artmasıdır. Əks halda, məsələn, son dövr turist kimi xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı ilbəil artmazdı. Bunu konkret faktlar da təsdiqləyir: 2006-cı ildə istirahət və gəzmək üçün xarici ölkələri seçən həmvətənlərimizin sayı 31 min nəfər idisə, həmin göstərici 2007-ci ildə 44 min, 2010-cu ildə 52 min, 2011-ci ildə 65 min, 2012-ci ildə bundan təxminən 30 faiz çox olmuşdur. Araşdırmalar isə göstərir ki, xaricdə istirahət edənlərin orta aylıq qazancları 750 manatdan çoxdur. Bununla bərabər, qiymət sarıdan xarici ölkələrdəkindən ucuz olmayan daxili istirahət və turizm mərkəzlərində dincələn vətəndaşlarımızın da sayı durmadan artır.

Bir sözlə, bütün qeyd olunan faktlar, rəqəmlər bir daha təsdiqləyir ki, Azərbaycanda iqtisadiyyatın inkişafı ilk növbədə əhalinin sosial rifahının yüksəlməsinə, güzəranının yaxşılaşmasına xidmət edir. Və dövlətin bəyan etdiyi məqsədlər, qəbul etdiyi proqramlar göstərir ki, bu istiqamət bundan sonra da uzun müddət dəyişməyəcək.

 

 

 

Raqif MƏMMƏDOV,

Azərbaycan.-2013.- 25 sentyabr.- S.5.