Elmi zəkanın
işığında
Akademik Zərifə Əliyevanın
"Seçilmiş əsərləri"
oftalmologiya elminin inkişaf salnaməsidir
Həkim
həm də filosofdur, çünki müdrikliklə təbabətin
fərqi çox azdır.
Hippokrat
Tibbi biliklər, təbabətin sirləri insanın malik olduğu ən qədim informasiyalardan hesab olunur. Bunu həm qədim əlyazmalar, həm də keçmişin ənginliklərinə işıq tutan arxeoloji qazıntılar sübut edir. Əsrlər, qərinələr öncə canlı aləmin xəstəliklərinin müalicəsi bəşəriyyətin inkişafı üçün nə demək idisə, bu gün də həmin mənanı ifadə edir və bu zərurətin miqyası indi bir qədər də genişlənərək tibb, biotibb, bioetika sahəsində, xüsusən da oftalmologiya kimi fövqəladə dəqiqlik və peşəkarlıq tələb edən tibb sahəsində elmi araşdırmaların artmasına, elmi ixtiraların tərəqqisinə müsbət mənada təsir göstərir.
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının son illərdəki uğurlu bibliometrik və statistik araşdırmaları belə deməyə imkan verir ki, tibb ədəbiyyatına, o cümlədən bu sahədə nəşr olunan elmi-nəzəri və praktik vəsaitlərə, məcmuə və jurnallara olan tələbat durmadan artır.
Bu günlərdə Mərkəzi Elmi Kitabxanaya daxil olmuş çox qiymətli, yüksək elmi dəyərə, nəfis bədii tərtibata malik bir əsərə oxucularımız tərəfindən göstərilən diqqət və maraq səbəbsiz deyil. Söhbət Azərbaycanın əməkdar elm xadimi, görkəmli oftalmoloq, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın "Seçilmiş əsərləri"ndən gedir. Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan, vaxtilə ölkəmizdə geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlər yaratmış Zərifə xanım Əliyeva "Seçilmiş əsərləri"nə daxil olan 12 kitabla yanaşı, bir neçə monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin də müəllifidir.
"Seçilmiş əsərlər"ə "Elmi Əsərlər məcmuəsi" (2 cilddə), "Şin istehsalında gözün peşə patologiyası", "Xroniki yod intoksikasiyası zamanı oftalmopotologiya", "Oftalmologiyanın aktual problemləri" (3 cilddə), "Görmə orqanının vərəmi", "Görmə orqanının peşə patologiyası" (2 cilddə), "İridodiaqnostikanın əsasları", "Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri" adlı kitablar daxildir. Oftalmologiyanın müxtəlif sahələrindən bəhs edən hər bir kitaba Azərbaycanın və Rusiyanın görkəmli alimləri tərəfindən müsbət və dəyərli rəylər verilmişdir.
İlk dəfə 1983-cü ildə kitab halında nəşr olunmuş "Oftalmologiyanın aktual problemləri" adlı 3 cildlik əsəri "Seçilmiş əsərləri"nə əlavə edilmiş maraqlı və sanballı elmi əsərlərdən biridir. Burada oftalmologiyanın aktual problemlərinə aid 5 bölmə verilmişdir: həkimin mənəvi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri, gözün biomikroskopiyasının əsasları, oftalmovirusologiyanın müasir aspektləri, görmə orqanının müxtəlif mənşəli zədələnmə məsələləri, göz mikrocərrahiyyəsinin propedevtikası. Akademik Z.Ə.Əliyeva praktik oftalmoloqlar, həkimləri təkmilləşdirmə institutları və institutun müəllimləri üçün nəzərdə tutulmuş bu əsərində ali tibb məktəbi müəllimlərinin mövqeyinə, diplomdan sonrakı təkmilləşdirmənin unifikasiya edilmiş proqramının və oftalmoloqlara təqdim edilən ixtisas tələblərinin məqsədlərinə uyğun şəkildə öz şəxsi elmi töhfəsini əks etdirməklə ixtisasın nəzəriyyə və praktikasında müasir nailiyyətləri işıqlandırmışdır.
"Seçilmiş əsərləri"nə daxil edilmiş digər dəyərli elmi əsərlədən biri də "Görmə orqanının peşə patologiyası" adlı 2 cildlikdir. Kitabda istehsalat amillərinin təsiri altında görmə orqanında yaranan əsas xəstəliklər haqqında məlumat verilmiş, peşə patologiyasının öyrənilməsinin metodları və nəticələri şərh edilmişdir. Sənaye oftalmotoksikologiyası, kənd təsərrüfatı işçilərində gözlərin zəhərli kimyəvi preparatlarla zədələnməsi, görmə orqanının fiziki amillərdən doğan istehsalat yoluxucu və parazitar xəstəlikləri təsvir edilmişdir. Kitab peşəkar patoloqlar və oftalmoloqlar üçün nəzərdə tutulmuşdur.
"Xroniki yod intoksikasiyası zamanı oftalmopotologiya" adlanan digər kitabda qeyd olunur ki, kimya və neft-kimya sənayesinin intensiv inkişafı görmə orqanının peşə patologiyasının müxtəlif növlərinin daha tez-tez yaranmasına səbəb olur ki, bu da sənaye oftalmologiyasının əsas problemini təşkil edir. "Seçilmiş əsərləri"nə daxil edilmiş bu kitabda Bakı yod zavodunun nümunəsi əsasında yod istehsalı zamanı yaranan zərərli maddələrin insanın görmə orqanına toksiki təsirindən danışılır, yodla göz zədələnmələrinin profilaktikası üzrə tövsiyələr verilir.
"Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri (morfohistokimyəvi tədqiqat)" adlı nəşr də "Seçilmiş əsərləri"ndə özünəməxsus yer tutur. Əsərdə göstərilir ki, qocalma bioloji proses kimi canlı materiyanın bütün növlərinə xasdır. Yaş artdıqca görmə analizatoru da dəyişikliklərə məruz qalır. Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişikliklərinə həsr edilmiş tədqiqatların sayı o qədər də çox deyil. Bu kitabda müəlliflər görmə orqanının yaş artdıqca meydana çıxan morfoloji və histokimyəvi dəyişikliklərini təsvir edirlər. Bu nəşr oftalmoloqlarla yanaşı, morfoloqlar və histoloqlar üçün dəyərli vəsaitdir.
"Görmə orqanının vərəmi" adlı monoqrafiya kifayət qədər ciddi və qlobal təhlükəyə çevrilmiş göz vərəmi xəstəliyinin elmi tədqiqinə həsr olunmuşdur. "Seçilmiş əsərləri"ndə xüsusi əhəmiyyət daşıyan bu monoqrafiyada vərəmlə zədələnmiş görmə orqanı haqqında məlumatlar ümumiləşdirilmiş, vərəm patologiyası törədicilərinin təsnifatı və nomenklaturası sistemləşdirilmiş, vərəm mənşəli göz zədələnmələrinin müəlliflər tərəfindən işlənib hazırlanmış təsnifatı verilmişdir. Kitabda vərəmin gedişi üzrə iki formasına - görmə qabiliyyətinin zəifləməsinin əsas səbəbi olan xroniki residiv verən və epidemiya tipli kəskin yayılan formalarına xüsusi diqqət yetirilmişdir. Torpid gedişli vərəm infeksiyası zamanı göz patologiyası haqqında yeni məlumatlar verilmişdir.
Ftiziator və həkim-oftalmoloqlar üçün nəzərdə tutulmuş monoqrafiyada göz vərəmi, xüsusilə onun residiv verən formaları zamanı tətbiq edilən müalicə vasitələri və üsulları, göz vərəminin immunofarmokologiyası haqqında geniş materiallar təqdim edilmişdir. Yeni preparatların, dərman formalarının və göz vərəminin müalicəsi metodlarının işlənib hazırlanması ilə bağlı olan bir çox müddəalar, eksperimental məlumatlar və klinik müşahidələr əsasında ifadə edilmişdir.
"Seçilmiş əsərləri"nə daxil edilmiş "Şin istehsalında gözün peşə patologiyası" adlı digər kitabda haqqında söz açılan şin istehsalı Azərbaycan kimya sənayesində aparıcı sahələrdən biridir. Akademik Zərifə Əliyeva istehsalatda çalışan işçilərin görmə orqanında baş verən funksional və orqanik dəyişiklikləri təhlil edir, onların qarşısını alan profilaktik tədbirləri sadalayır, ilk dəfə olaraq şin istehsalında toksiki amillərin təsiri ilə əlaqədar orqanizmin və gözün intoksikasiyasının erkən əlamətlərini üzə çıxarır.
"İridodiaqnostikanın əsasları" adlı əsər akademik Zərifə Əliyevanın ən sanballı elmi yaradıcılıq nümunələrindən biri kimi dünya oftalmologiya elminə xüsusi töhfələr vermişdir. Mərkəzi Elmi Kitabxanada xüsusi oxucu marağı ilə qarşılanmış "Seçilmiş əsərləri"nin özəyini təşkil edən bu monoqrafiyada gözün bəbəyi, qüzehli qişanın stroması və xromatofor strukturlarının dəyişikliklərinə əsasən insan orqanları və sistemləri xəstəliklərinin qeyri-spesifik topik diaqnostikasının yeni və olduqca perspektivli üsulunun - iridodiaqnostikanın mahiyyəti, məzmunu və metodik xüsusiyyətləri təqdim edilmişdir. Elmi tutumu çox yüksək olan bu əsər cədvəllər, sxemlər və qüzehli qişanın mikrofotoşəkilləri ilə illüstrasiya olunmuşdur.
"Seçilmiş əsərlər" sırasında "Elmi Əsərlər məcmuəsi" adlı 2 cildlik xüsusi əhəmiyyət kəsb edir. Bu məcmuədə akademik Zərifə Əliyevanın oftalmologiyanın aktual problemlərinə həsr olunmuş əsas elmi əsərləri təqdim edilmişdir. Burada akademik Zərifə xanım Əliyevanın müxtəlif illərdə "Azərbaycan tibb jurnalı", "Oftalmologiya", "Oftalmologiya xəbərləri" jurnallarında, ayrı-ayrı konfrans materiallarında, toplu və məcmuələrdə nəşr edilmiş elmi məqalələri cəm edilmişdir.
Zərifə xanım Əliyevanın "Seçilmiş əsərləri" ilə tanış olarkən bir daha əminlik yaranır ki, o, oftalmologiya sahəsində bütün lazımi biliklərə, elmi xüsusatlara yiyələnmiş, elmi tədqiqatları və müalicə prosesini dünya oftalmologiyasında qəbul olunmuş səviyyədə aparmış görkəmli bir alim olmuşdur. Zərifə xanım Əliyeva ona görə böyük alim və hörmətli həkim idi ki, onun peşəkarlığı şəxsiyyəti ilə vəhdət təşkil edirdi. "Yaxşı həkim yalnız yaxşı həkimdirsə, ondan yaxşı həkim olmaz!" - Zərifə xanım Əliyeva bu Şərq hikmətini çox bəyənirdi və kitablarından birinə məhz bu epiqrafı seçmişdi.
"Həkim insanlardan özünü ayırmamalı, özünü sevən, laqeyd insan olmamalıdır" deyən, ömrünü insanların şəfasına, qaranlığa qərq olmuş gözlərin nur tapmasına sərf edən Zərifə xanım Əliyeva bütün ömrünü həsr etdiyi oftalmologiya elmi sahəsində müəllifi olduğu əsərlərlə Azərbaycan tibb tarixində əvəzsiz xidmətlər göstərmişdir. Bu gün Milli Oftalmologiya Mərkəzi, Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu adını daşıdıqları akademik Zərifə Əliyevanın "Seçilmiş əsərləri"nə daxil edilmiş əvəzsiz, yüksək elmi dəyərə malik əsərlərindən doğan elm işığı sayəsində yüksəkixtisaslı elmi tövsiyə, təcrübi yardım və metodik məsləhət mərkəzinə, elmi müəssisəyə çevrilmişdir. Əlbəttə ki, akademik Zərifə Əliyevanın Mərkəzi Elmi Kitabxanaya yenicə daxil olmuş "Seçilmiş əsərləri" hələ bir çox peşəkar həkimin yetişməsinə, püxtələşməsinə təkan verəcək, həmişə aktual və istinadedilən olacaqdır.
Aybəniz
ƏLİYEVA-KƏNGƏRLİ,
filologiya üzrə elmlər doktoru,
AMEA Mərkəzi
Elmi Kitabxanasının direktoru
Azərbaycan.-2013.- 25 sentyabr.- S.6.