Üçüncü Bakı Beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində

 xalq şairi Zəlimxan Yaqubun 13 cildlik külliyyatı təqdim edilmişdir

 

Sentyabrın 24-də üçüncü Bakı Beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində xalq şairi Zəlimxan Yaqubun 13 cildlik külliyyatının təqdimatı olmuşdur.

AzərTAc xəbər verir ki, təqdimat mərasimində şair və yazıçılar, aşıqlar, mədəniyyət işçiləri, Zəlimxan Yaqub poeziyasının vurğunları iştirak etmişlər.

Tədbirdə məlumat verilmişdir ki, xalq şairinin  13 cildlik külliyyatının I-VII cildlərində şeirlər, VII-XI cildlərdə isə müxtəlif illərdə qələmə aldığı 40 poema yer almışdır. Külliyyatın XII-XIII cildlərində isə Zəlimxan Yaqubun ictimai-siyasi və dövlət xadimlərinə məktubları, rəsmi dövlət tədbirlərindəki çıxışları, kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr, görkəmli ədəbiyyat və sənət adamlarına açıq məktubları və onlar haqqında xatirələri, ayrı-ayrı müəlliflərin kitablarına yazdığı "Ön söz" və rəylər, aşıq sənəti ilə bağlı yazıları toplanmışdır.

Çoxcildlik "Şərq-Qərb" nəşriyyatında nəfis tərtibatda çap olunmuşdur. Külliyyatın tərtibçisi və redaktoru, Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu çıxışında bildirmişdir ki, xalq şairinin  13 cildlik külliyyatı "Şərq-Qərb" nəşriyyatının poeziya həvəskarlarına və Zəlimxansevərlərə layiqli hədiyyəsidir. Qeyd edilmişdir ki, çoxcildlikdə Zəlimxan Yaqubun 2011-ci ilin iyun ayınadək yazdıqları əsərlər yer almışdır. Cildlərin biri isə şairin indiyədək mətbuatda işıq üzü görməyən şeirlərindən ibarətdir.

Bildirilmişdir ki, xalq şairi Zəlimxan Yaqubun Azərbaycanda və xarici ölkələrdə 50-dək kitabı nəşr olunmuşdur. İşıq üzü görən hər kitab əl-əl gəzərək, böyük oxucu rəğbəti qazanmışdır. O bu gün ən çox oxunan, ən çox sevilən şairlərdəndir.

Digər çıxış edənlər də Zəlimxan Yaqub yaradıcılığının məziyyətlərindən danışmışlar. Qeyd edilmişdir ki, Zəlimxan Yaqub sözü ilə dünyanı gözəlləşdirməyə çalışdığına, gücünü, qüvvəsini böyük məhəbbətlə sevdiyi doğma torpağından aldığına, keçdiyi yaradıcılıq yolunda qədimliyə, kökə, böyüyüb başa çatdığı mühitə və aşıq musiqisinin əzəmətinə əsaslandığına görə xalqın sevgisini qazanmışdır.

Tədbirdə həmçinin Zəlimxan Yaqub yaradıcılığından nümunələr səsləndirilmişdir.

 

Azərbaycan.-2013.- 25 sentyabr.- S.6.