Bakıda uşaq yazıçısı Valeri Voskoboynikovla görüş keçirilmişdir

 

Sentyabrın 24-də  Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi,  ümummilli lider Heydər Əliyevin  90 illik  yubileyinə həsr olunmuş  III Beynəlxalq  Kitab sərgi-yarmarkası  çərçivəsində Rusiyanın tanınmış uşaq yazıçısı və publisisti,  uşaqlar üçün 60-dan çox kitabın  müəllifi Valeri Voskoboynikovun azərbaycanlı oxucularla görüşü olmuşdur.

AzərTAc xəbər verir ki, oxucularla görüşdə V.Voskoboynikov özü və kitabları barədə danışmışdır.  Onun birinci kitabı  (uşaqlar üçün  povest və hekayələri) 1965-ci ildə  çapdan çıxmışdır.

 Təəccüblü deyildir ki,  V.Voskoboynikovun  hekayə və povestləri dünyanın bir çox dilinə tərcümə olunmuşdur, çünki  onun qəhrəmanları müxtəlif ölkələrin, konfessiyaların və mədəniyyətlərin nümayəndələridirlər.

Müəllifin  bir çox kitabı xaricdə yaxşı tanınır. İlk dəfə 1971-ci ildə Leninqradda işıq üzü görmüş  "Qırmızı üzlü dəftər" povesti  Yaponiya, ABŞ, Polşa və Rumıniyada nəşr olunmuşdur. "Sakit ada" kitabı Yaponiyada üç dəfə təkrar çap olunmuşdur.

V.Voskoboynikov  İbn Sina (Avisenna)  barədə yazdığı "Böyük loğman" (Moskva, "Molodaya qvardiya", 1972) tarixi povestindən həvəslə  söz açmışdır.  UNESCO-nun qərarı ilə bu povest İbn Sinanın  1000 illiyi münasibətilə bir çox ölkədə çap edilmişdir.

V.Voskoboynikov  1987-ci ildən  Sankt-Peterburq Yazıçılar İttifaqının  uşaq və gənclər  ədəbiyyatı  bölməsinə başçılıq edir, 1998-ci ildən  Rusiyanın Uşaq Kitabı Şurasının üzvüdür, "Detskaya literatura" jurnalının  redaksiya heyətinin üzvü olmuşdur.  Uzun illərdir  gənc uşaq yazıçılarına  hamilik edir.

Müəlliflərin bir neçə nəsli üçün  çoxsaylı seminar  forumlar  onun rəhbərliyi  ilə   keçirilmişdir. O, Lipki forumunda  uşaq ədəbiyyatı üzrə ustad dərslərinin, gənc uşaq  yazıçıları üçün seminarların (Yasnaya Polyana, Tarxanı, Peredelkino, Staraya Russa, Spassk-Lutovinovo, Melixovo, Karabixa, Mixaylovskoye) əvəzsiz rəhbəri,  habelə  "Detqiz" nəşriyyatının festivalında nəsr əsərləri üzrə seminarın rəhbərlərindən biridir.

V.Voskoboynikov "Görkəmli uşaqların həyatı" silsiləsindən kitablarına görə mədəniyyət sahəsində  RF hökumətinin  mükafatına, H.K.Andersen adına  Beynəlxalq Uşaq Kitabı Şurasının fəxri diplomuna layiq görülmüş, "Görkəmli uşaqların  həyatı"  kitabı  2000-ci ildə  dünyada ən yaxşı uşaq kitabları siyahısına daxil edilmişdir.

Onun Bibliyanın "Ailəvi mütaliə üçün işlənmiş variantı" kitabı "Neva Kitab Forumu -2003-cü il"  Beynəlxalq Salonunun "Gümüş liter" yüksək mükafatına, uşaqlar üçün "Rusiyanın qəlbi"  silsiləsindən tarixi kitablar seriyası "Rusiyanın pravoslav  kitabı - 2003-cü il"  Birinci Ümumrusiya mükafatına, "Görkəmli uşaqların  həyatı - 2" kitabı   2005-ci ildə Marşak adına mükafata, "Hər şey qaydasında olacaq" kitabı  2007-ci ildə  "Müqəddəs  arzu"  milli uşaq mükafatına,  "Görkəmli uşaqların həyatı" kitablar silsiləsi 2008-ci ildə  "Uşaqlar üçün maarifləndirici  ədəbiyyat " nominasiyasında  Rusiya  Federal Mətbuat Agentliyinin  "Al yelkənlər" mükafatına layiq görülmüşdür.

Müəllif öz kitablarından parçalar oxumuş, oxucuların  suallarına cavab vermişdir.

 

Azərbaycan.-2013.- 25 sentyabr.- S.6.