Səhiyyə naziri Göygöl rayonunda vətəndaşları qəbul etmişdir

 

Sentyabrın 24-də səhiyyə naziri Oqtay Şirəliyev Göygöl Mərkəzi Rayon Xəstəxanasında vətəndaşları qəbul etmişdir.

AzərTAc xəbər verir ki, qəbulda respublikamızın qərb bölgəsinin 12 rayon və şəhərindən vətəndaşlar iştirak etmişlər.

Vətəndaşlar əsasən xəstəliklərin pulsuz müalicəsi, kənd və qəsəbələrdə yeni həkim məntəqələrinin tikilməsi, rayonlarda fəaliyyət göstərən səhiyyə ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, bəzi tibb müəssisələrinin əsaslı təmiri və müasir avadanlıqla təchiz edilməsi, ehtiyac olan yaşayış məntəqələrinin ixtisaslı həkimlərlə təmin olunması və s. məsələlərlə bağlı müraciət etmişlər.

Qəbula gəlmiş vətəndaşları diqqətlə dinləyən səhiyyə naziri Oqtay Şirəliyev müraciətlərin həlli ilə əlaqədar tapşırıqlar vermişdir. Nazirliyin səlahiyyətinə aid olmayan bəzi məsələlər isə aidiyyəti təşkilatlara çatdırılması üçün qeydiyyata alınmışdır.

 

Azərbaycan.-2013.- 25 sentyabr.- S.7.