Azərbaycan Prezidenti İlham Əliyev Bakının Nizami rayonunda istifadəyə
verilən 204 nömrəli
elektrik yarımstansiyası ilə tanış olmuşdur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Bakının Nizami rayonu ərazisində istifadəyə verilən 110/35/6 kV-luq 204 nömrəli yarımstansiya ilə tanış olmuşdur.
Azərbaycanda həyata keçirilən sürətli sosial-iqtisadi inkişaf ölkə həyatının bütün sahələrində, o cümlədən elektrik enerjisi təchizatı ilə bağlı müasir infrastrukturun yaradılması istiqamətində mühüm nailiyyətlərin əldə olunmasına əlverişli şərait yaratmışdır. "Bakıelektrikşəbəkə"nin fəaliyyəti bərpa olunduqdan sonra paytaxt və ətraf ərazilərin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülməyə başlanılmışdır. Bu sahədə həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində paytaxtın və Abşeronun fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchizatı təmin olunmuş, şəbəkədə itkilər minimuma endirilmiş, ötürücülük qabiliyyəti artırılmış, qəza açılmaları aradan qaldırılmışdır. Göstərilən dövlət qayğısı nəticəsində "Bakıelektrikşəbəkə" keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Görülən tədbirlər sayəsində paytaxtda dairəvi təchizat sistemi yaradılmış və bu sistemin tətbiq olunması paylayıcı və ötürücü şəbəkələrin dayanıqlılığını artırmaqla bərabər, operativliyi də təmin etmişdir.
Bakı şəhərinin Nizami rayonu ərazisində 110/6 kV-luq 204 nömrəli yarımstansiyanın əsaslı şəkildə yenidən qurulması da bu sahədə həyata keçirilən ardıcıl tədbirlərin davamıdır. Bu yarımstansiya Heydər Əliyev adına neft emalı zavodunu və ətrafdakı digər sənaye obyektlərini elektrik enerjisi ilə təchiz etmək üçün 1980-ci ildə inşa edilmişdir. Ötən müddət ərzində yarımstansiyadakı avadanlıq istismar müddətini başa vurmuşdur. Yarımstansiya artıq müasir tələblərə cavab vermirdi. Son illər respublikada, o cümlədən Bakı şəhərində həyata keçirilən sürətli sosial-iqtisadi inkişaf, ətraf ərazilərdə inşa edilən Gimnastika Kompleksinin, Olimpiya Stadionunun, Olimpiya şəhərciyinin, müxtəlif yol infrastrukturunun, Heydər Əliyev prospekti boyu inşa edilən yeni obyektlərin istifadəyə verilməsi dayanıqlı, fasiləsiz elektrik enerjisinə olan tələbatı artırmışdı. Bu məqsədlə nəzərdə tutulmuş investisiya proqramına uyğun olaraq köhnə 110/6 kV-luq yarımstansiya əsaslı şəkildə yenidən qurularaq müasir qapalı tipli 110/35/6 kV-luq 204 nömrəli yarımstansiya tikilib istismara verilmişdir. Yuxarıda adıçəkilən obyektləri və çoxsaylı yaşayış binalarını elektrik enerjisi ilə təchiz etmək üçün 110/35/6 kV-luq 204 nömrəli yarımstansiyadan qidalanan 3 yeni 35/6 kV-luq "Koroğlu", 208 və 217 nömrəli yarımstansiyalar da inşa edilmişdir. Bu yarımstansiyalar qapalı tipli olmaqla, eleqaz və vakuum tipli avadanlıqlar, elektron rele mühafizəsi sistemi quraşdırılmaqla SCADA sisteminə qoşulmuşdur.
Dövlət başçısı İlham Əliyev əsaslı şəkildə yenidən qurulan müasir tipli yarımstansiyada yaradılan şəraitlə tanış oldu.
Prezident İlham Əliyev yarımstansiyada ulu öndər Heydər Əliyevin elektroenergetikanın inkişaf etdirilməsi istiqamətində göstərdiyi fəaliyyəti əks etdirən fotoguşəyə baxdı.
"Bakıelektrikşəbəkə" ASC-nin İdarə heyətinin sədri Baba Rzayev yarımstansiyada görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi.
İnşa olunan yarımstansiyaların əvvəlki vəziyyətini və yenidənqurmadan sonra yarımstansiyaların birləşmə sistemindən bəhs edən görüntülər nümayiş etdirildi.
Dövlət başçısı Dispetçer İdarəetmə Mərkəzindən kompyuter vasitəsilə yarımstansiyanı işə saldı.
Bildirildi ki, əgər əvvəllər köhnə yarımstansiya açıq tipli paylayıcı qurğusu və yardımçı binaları ilə birlikdə 5 min kvadratmetrdən artıq ərazini əhatə edirdisə, əsaslı yenidənqurma işlərindən sonra yeni qapalı tipli yarımstansiya 1800 kvadratmetrdən artıq ərazidə yerləşdirilmişdir. Ümumi sahəsi 3200 kvadratmetrə yaxın olan yarımstansiyanın binası zirzəmisi ilə birlikdə üç mərtəbədən ibarətdir.
Dövlət başçısı yarımstansiyanın ayrı-ayrı sahələrində yaradılan şəraitlə yaxından tanış oldu.
Diqqətə çatdırıldı ki, yarımstansiyanın zirzəmi qatında müxtəlif gərginlikli giriş və çıxış kabelləri yerləşdirilmişdir. Birinci mərtəbədə Dispetçer İdarəetmə Mərkəzi, 35 və 6 kV-luq qapalı paylayıcı qurğular, reaktorlar, transformator bölmələri, əməkdaşlar üçün iş otaqları, mətbəx və digər yardımçı otaqlar vardır. Yarımstansiyanın 2-ci mərtəbəsində 110 kV-luq elektrik avadanlıqları quraşdırılmışdır. Yarımstansiya havalandırma və yanğına qarşı xəbərdarlıq sistemləri ilə təmin olunmuşdur.
Yarımstansiyanın istismara verilməsi ilə şəbəkədə 8 faiz güc artımı yaradılmış, ümumiyyətlə, "Bakıelektrikşəbəkə" ASC-nin fəaliyyətə başladığı 2006-cı ildən indiyədək şəbəkədə güc artımı 90 faizə çatmışdır. İstismara verilən yarımstansiyalar texniki və texnoloji baxımdan ən müasir avadanlıqla və idarəetmə sistemi ilə təmin olunmuşdur. Yeni yarımstansiyaların ərazilərində abadlıq və yaşıllaşdırma işləri aparılmışdır.
Yarımstansiyada yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivlə görüşdü.
"Bakelektrikşəbəkə"nin kollektivi adından çıxış edən Baxış Babayev elektrik enerjisi sektorunda əldə olunan böyük uğurlara görə dövlət başçısına minnətdarlığını bildirdi.
***
Yarımstansiyanın kollektivini salamlayan Prezident İlham ƏLİYEV dedi:
- Yarımstansiyanın açılışı münasibətilə sizi təbrik edirəm. Mən son illərdə yeni yarımstansiyaların açılışlarında dəfələrlə iştirak etmişəm. Hər dəfə bu yenilikləri görəndə, əlbəttə, mən də sizin qədər sevinirəm. Çünki bu gün Bakının elektrik təsərrüfatı yeniləşir, müasirləşir.
Son illər ərzində bu sahəyə qoyulan investisiyalar yarımstansiyaların tikintisində də özünü göstərməkdədir. Siz də, mən də yaxşı xatırlayırıq ki, vaxtilə Bakı Elektrik Şəbəkəsi xarici firmaya idarəetməyə verilmişdi. Bu işin nəticəsində demək olar ki, olan-qalan təsərrüfat da tamamilə dağıdılmışdı. Bakıda saatlarla fasilələr yaranırdı, elektrik təchizatı çox aşağı səviyyədə idi və əlbəttə ki, bu, əhalinin haqlı narazılığına səbəb olurdu.
Bir neçə il bundan əvvəl mənim göstərişimlə Bakı Elektrik Şəbəkəsi dövlətə qaytarıldı. İdarəetmə artıq dövlət nəzarətinə keçdi və yeni inkişaf dövrü başlandı. Həm şəbəkənin əməkdaşları peşəkarlıq nümayiş etdirmişlər, eyni zamanda, dövlət büdcəsində hər il şəbəkənin inkişafına əsaslı vəsait, kapital qoyuluşu nəzərdə tutulur. Bax, bu iki istiqamətin inkişafı nəticəsində bu gün Bakıda elektrik təsərrüfatı ən yüksək səviyyədədir. Burada ən müasir avadanlıq quraşdırılıbdır, ən gözəl texnoloji şərtlər tətbiq olunub. Sevindirici hal ondan ibarətdir ki, burada quraşdırılan avadanlığın böyük əksəriyyəti Azərbaycanda istehsal olunur. Yəni, dövlət tərəfindən qoyulan investisiyalar özəl sektorun inkişafına da təkan vermişdir. Beləliklə, biznes mühiti bu imkanlardan istifadə edir. Bildiyiniz kimi, növbəti illər üçün Azərbaycanda istehlak edilən bütün mallar ölkəmizdə istehsal olunmalıdır, istər ərzaq məhsulları olsun, istər tikinti materialları, yaxud da ki, müasir avadanlıq.
Bu istiqamətdə
aparılan işlər əlbəttə ki,
hamımızı çox sevindirir. Son on il ərzində Azərbaycanda
2800 meqavata qədər yeni
enerji gücü
yaradılmışdır, 14 elektrik
stansiyası tikilmişdir. Demək olar ki, bizim
mövcud olan enerji potensialımızın
50 faizi son on ildə yaradılmışdır.
Əlbəttə, belə olan halda həm Bakıda, həm bölgələrdə şəbəkələrin
inkişafı xüsusi
əhəmiyyət daşıyır. Bizim indi
kifayət qədər
enerji gücümüz,
stansiyalarımız vardır.
Bizim bir dənə də olsun elektrik
stansiyamız artıq
köhnə qayda ilə işləmir.
Şərti yanacağın sərfiyyatı
da çox aşağı səviyyədədir.
Beləliklə, biz Bakıda, bax
bu şəbəkənin
yeniləşməsi ilə
bağlı olan əsas məsələləri
həll etmişik.
İndi mənə məlumat verildi ki, hələ
12 yarımstansiyanın təmirinə
ehtiyac vardır, eyni zamanda, bölgələrdə.
Mən indi bölgələrdə tez-tez
oluram. Bizdə elə yerlər
vardır ki, orada şəbəkələr
yaxşı vəziyyətdə
deyildir. Bu gün "Azərenerji"yə
tapşırıq verilmişdir
ki, bölgələrdə
də şəbəkəni
normal səviyyəyə çatdıraq
ki, heç bir fasilə olmasın. Əslində fasilə olmamalıdır.
Çünki kifayət qədər
enerji gücümüz
vardır. Fasilə ondan
olur ki, bəzi şəbəkələr,
xətlər nasaz vəziyyətdədir. O köhnə
dirəklər, ağac
dirəklər hələ
də vardır. Onlar tədricən aradan götürüləcək və
Bakıda yüksəkgərginlikli
xətlər yerin altına salınacaqdır,
necə ki, bax burada mənə
göstərildi.
Ona görə
biz gələcəyə nikbinliklə
baxırıq. Mən əminəm ki,
növbəti illərdə
Bakı Elektrik Şəbəkəsinin sərəncamında
olan bütün təsərrüfat ən
yüksək səviyyədə,
bu səviyyədə
olacaqdır.
Nəzərə alsaq ki, ölkəmiz
və Bakı inkişaf edir, əlbəttə, biz tələbatı
qabaqlamalıyıq. Bax, bu zonada tikilən
Olimpiya Stadionu, Gimnastika Mərkəzi, Neft Şirkətinin ofisi, Dövlət Neft Fondunun ofisi,
digər ofis binaları və sənaye müəssisələri
tələb edir ki, bizdə enerji güclərimiz tələbatı daim üstələsin. Biz bu yolla gedəcəyik.
Əminəm ki, gələcəkdə
yeni yarımstansiyaların
tikintisinə ehtiyac olacaqdır. Çünki Azərbaycanın inkişafı
o qədər güclüdür
ki, 5-10 ildən sonra bax indiki
güclər bizə kifayət etməyəcəkdir.
Mən çox
şadam ki, Bakı Elektrik Şəbəkəsi uğurla
fəaliyyət göstərir. Eyni zamanda,
qeyd etməliyəm ki, şəbəkənin
tam şəkildə dövlətə
qayıtması barədə
vaxtilə qəbul etdiyim qərar öz səmərəsini
verməkdədir. Siz - şəbəkənin
əməkdaşları bunu
bilirsiniz, bu fərqi görürsünüz.
Görürsünüz ki, strateji obyekt dövlətin əlində olanda burada nəzarət də, investisiya da və inkişaf
da olacaqdır.
Biz indi bazar iqtisadiyyatı şəraitində
yaşayırıq. İqtisadiyyatımızın 85 faizi özəl
sektorda formalaşır.
Demək
olar ki, iqtisadiyyatımızın əsas
hissəsi özəl
sektora məxsusdur.
Ancaq strateji obyektlər mütləq dövlətin
sərəncamında olmalıdır.
Bu obyektlər insanlara qulluq edir. Bu obyektlərə
qoyulan vəsait kommersiya xarakteri daşımır. "Barmek" olanda, bax bu şəbəkəyə
yalnız gəlir mənbəyi kimi baxırdılar. Baxırdılar ki, harada daha
nə oğurlasınlar.
Ancaq bu obyektlərə dövlət sərmayəsinin
qoyuluşu sırf sosial xarakter daşıyır.
Ona görə
strateji obyektlər dövlətin sərəncamında
olmalıdır. Postsovet məkanında, hesab
edirəm ki, Azərbaycanın təcrübəsi
özünü doğrultdu.
Bizdə
bütün strateji obyektlər dövlətin
əlindədir. Dövlət bu obyektləri saxlamaqla inkişaf etdirir, insanlara xidmət göstərir.
Mən bir daha sizi bu
gözəl hadisə
münasibətilə təbrik
edirəm.
***
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.-2013.- 26 sentyabr.- S. 1.