Buzovna qəsəbəsində 246 nömrəli körpələr

 evi-uşaq bağçasının yeni binası açılmışdır

 

Sentyabrın 25-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və fondun vitse-prezidenti Leyla Əliyeva Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində 246 nömrəli körpələr evi-uşaq bağçasının yeni binasının açılışında iştirak etmişlər.

Mehriban xanım Əliyevaya və Leyla xanım Əliyevaya gül dəstələri təqdim edildi.

Mehriban xanım Əliyeva 246 nömrəli körpələr evi-uşaq bağçasının rəmzi açılışını  bildirən lenti kəsdi.

Azərbaycanın birinci xanımına məlumat verildi ki, bağçanın əvvəlki binası 1985-ci ildə tikilmişdir. Bina son illər yararsız vəziyyətə düşmüş və əsaslı təmirə ehtiyac yaranmışdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu binanın yerində yeni körpələr evi-uşaq bağçası inşa edilmişdir. Tikinti işlərinin qısa zamanda və yüksək keyfiyyətlə həyata keçirilməsi üçün bütün lazımi tədbirlər görülmüşdür. Nəticədə 246 nömrəli körpələr evi-uşaq bağçasındakı şərait ən müasir tələblərə uyğunlaşdırılmışdır.

Mehriban xanım Əliyevanın diqqətinə çatdırılmışdır ki, bağçada Azərbaycan bölməsi ilə yanaşı, rus bölməsi də fəaliyyət göstərəcəkdir. Burada ümumilikdə 220 uşağın təlim-tərbiyəsi ilə peşəkar heyət məşğul olacaqdır.  On bir qrup üzrə fəaliyyət göstərəcək bağçada uşaqların hərtərəfli və sağlam böyümələri üçün lazımi şərait yaradılmışdır. Bu uşaq müəssisəsi balacaların zövqünə uyğun olaraq bütün zəruri avadanlıq, o cümlədən oyuncaqlarla təchiz edilmişdir. Bağçaya Heydər Əliyev Fondu tərəfindən də inventarlar hədiyyə edilmişdir. Həyətyanı sahə abadlaşdırılmış, 4 min 500 kvadratmetr sahədə yaşıllaşdırma işləri aparılmış, oyun meydançaları və köşklər qurulmuşdur.

 

 

AzərTAc

Azərbaycan.-2013.- 26 sentyabr.- S.2.