Binə qəsəbəsində 285 nömrəli körpələr-evi

uşaq bağçası üçün tikilmiş yeni binanın açılışı olmuşdur

 

Sentyabrın 25-də Bakının Xəzər rayonu Binə qəsəbəsində 285 nömrəli körpələr-evi uşaq bağçası üçün tikilmiş yeni binanın açılışı olmuşdur.

Açılışda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və fondun vitse-prezidenti Leyla Əliyeva iştirak etmişlər.

Mehriban xanım Əliyevaya və Leyla xanım Əliyevaya gül dəstələri təqdim edildi.

Birinci xanım Mehriban Əliyeva körpələr-evi uşaq bağçasının rəmzi açılışını  bildirən lenti kəsdi.

Heydər Əliyev Fondunun prezidentinə məlumat verildi ki, bağçanın binası 1985-ci ildə tikilmişdir. Sonralar binanın yararsız hala düşməsi burada uşaqların təlim-tərbiyəsinə imkan vermirdi. Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2013-cü ilin martında bağçanın binası sökülərək yerində yenisi inşa edilmişdir.

Mehriban xanım Əliyeva və Leyla xanım Əliyeva bağçanın əvvəlki və indiki görünüşünü əks etdirən fotostendlə tanış oldular.

Bağçanın foyesində ümummilli lider Heydər Əliyevin və onun adını daşıyan fondun uşaqlara diqqət və qayğısı istiqamətində gördüyü işlərdən bəhs edən fotoguşə yaradılmışdır.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bağçanın yeməkxanası ilə tanış oldu. Burada balacaların isti yeməklərlə təmin olunması üçün bütün lazımi şərait yaradılmışdır. İki yüz iyirmi yerlik körpələr evi-uşaq bağçasında Azərbaycan və rus qrupları fəaliyyət göstərəcəkdir.

 Mehriban xanım Əliyeva uşaqların istirahəti üçün yaradılan şəraitlə yaxından tanış oldu. Bildirildi ki, bağçada musiqiidman zalları fəaliyyət göstərir. Mehriban xanım Əliyeva idman zalında yaradılmış şəraitlə tanış oldu.

Heydər Əliyev Fondunun prezidentinə uşaq bağçası-körpələr evinin ətrafında aparılan abadlıq işləri barədə də məlumat verildi.

 

 

AzərTAc

Azərbaycan.-2013.- 26 sentyabr.- S.2.