Əli HƏSƏNOV: «Teledebatlarda
namizədlər arasında
qalmaqallar digər ölkələrdə
də baş verir»
Azərbaycan Prezidenti Administrasiyasının şöbə
müdiri ölkədə seçki
öncəsi mühiti dəyərləndirib
"Azərbaycanda prezident seçkiləri öncəsi mühit şəffaf və demokratikdir, bütün məsələlər qanun çərçivəsində tənzimlənir. Seçki institutları öz fəaliyyətlərini qanunauyğun şəkildə qurur".
Bunu APA-ya açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Ə. Həsənov qeyd edib ki, icra və yerli hakimiyyət orqanları qanun əsasında öz funksiyalarını yerinə yetirir, bununla bağlı heç bir problem yoxdur: "Prezidentliyə namizədlər müvafiq olaraq mətbuatda və yerlərdə təbliğat-təşviqat kampaniyası həyata keçirirlər. Qanuna müvafiq olaraq onların həm televiziya və radioda, həm də mətbuatdakı çıxışları bütün ölkə ərazisində yayılır, bu sahədə heç bir maneə, heç bir problem yoxdur. O ki qaldı ayrı-ayrı namizədlərin ətrafındakı insanların toplantılarda, yaxud başqa tədbirlərdə özünü aparması, onların polis orqanları ilə bu və ya digər formada yaranmış qarşıdurması, bunlar hamısı qanun çərçivəsində tənzimlənir. Hakimiyyətin heç kimə qarşı qərəzi, heç kimə qarşı hansısa tədbir həyata keçirmək məqsədi yoxdur. Sadəcə olaraq, müəyyən tədbirlər zamanı qarşıdurma yaratmaq, prosesləri pozmaq istəyənlərə qarşı qanun çərçivəsində tədbirlər görülür.
Məsələn, son vaxtlar ayrı-ayrı namizədlərin plakatlarını cırıb, onların təbliğat materiallarına qarşı bu və ya digər hərəkət eləmək istəyən insanlara rast gəlinir. Əlbəttə ki, belə şəxslərə qarşı qanunvericiliyin tələblərinə uyğun tədbirlər həyata keçirilir. Bunun nə müxalifətlə, nə seçki prosesi ilə, nə də bütövlükdə ayrı-ayrı namizədlərin fəaliyyəti ilə bağlılığı var. Sadəcə bu, asayişin qorunması, sabitliyin təmin olunması və seçki prosesinin insidentsiz, qanuna müvafiq şəkildə həyata keçirilməsi istiqamətində polisin öz funksiyalarına uyğun olaraq gördüyü tədbirlərdir".
Ə.Həsənov
teledebatlarda prezidentliyə namizədlər arasında baş
verən qalmaqallara da toxunub. O bildirib
ki, belə hallar seçki prosesi zamanı
dünyanın digər ölkələrində də
müşahidə olunur: "Namizədlərin
hamısının debat qabiliyyəti, məsələyə
yanaşması eyni deyil.
Əlbəttə bu, arzu
olunan hal
sayılmır. Hər ölkənin seçki
institutları istəyir ki, seçki şəffaf, rəvan keçsin, heç bir insident
yaşanmasın. Bununla belə, arzu edilən olmasa da, belə halların müşahidə
olunması da təbiidir".
Azərbaycan.-2013.- 26 sentyabr.- S.3.