2013-cü il
oktyabrın 9-na təyin edilmiş Azərbaycan
Respublikası Prezidentinin seçkilərdə
«ELS» Müstəqil Araşdırmalar Mərkəzinin «exit-poll» keçirmək üçün
qeydə alınması barədə Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı
QƏRAR ¹ 31/178
"ELS" Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərdə "exit-poll" keçirmək niyyətində olduğunu bildirib, bu məqsədlə qeydə alınmasını xahiş etmişdir. Müraciət akkreditasiya üçün zəruri olan sənədlərlə birlikdə 17 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təşkilatın qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 25.2.23-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən "Azərbaycan Respublikasında seçkilərdə "exit-poll" keçirən təşkilatların akkreditasiyası Qaydaları" ilə "exit-poll" keçirmək niyyətində olan qurumların qeydiyyatına dair tələblər müəyyən olunmuşdur. Təqdim edilmiş sənədlər həmin qaydaların tələblərinə cavab verdiyindən "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin akkreditasiyadan keçmək barədə müraciəti təmin olunmalıdır.
"Azərbaycan Respublikasında seçkilərdə "exit-poll" keçirən təşkilatların akkreditasiyası Qaydaları"nın 1-ci və 2.3-cü bəndlərinə əsasən "exit-poll" keçirmək niyyətində olan təşkilatların yazılı müraciətlərinə 10 gün müddətində baxılmalı, müraciətlə birgə təqdim olunmuş sənədlər araşdırılmalı və müvafiq təşkilatın akkreditasiyadan keçirilib-keçirilməməsi barədə əsaslandırılmış qərar qəbul edilməlidir.
Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.23-cü, 28.2-ci, 28.4-cü maddələrinə və göstərilən təlimatın 1-ci və 2.3-cü bəndlərinə əsasən qərara alır:
1. "ELS" Müstəqil Araşdırmalar Mərkəzi 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində "exit-poll" keçirmək üçün qeydə alınsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib
Arifə Muxtarova
Katib
Mikayıl Rəhimov
25.09.2013
Azərbaycan.-2013.- 26 sentyabr.- S.3.