Astanada keçirilən dünya və ənənəvi din liderlərinin qurultayı katibliyinin 12-ci iclasında Azərbaycan nümayəndə heyəti də iştirak etmişdir

 

Astanada dünya və ənənəvi din liderlərinin (DƏDL) qurultayı katibliyinin 12-ci iclası keçirilmişdir.

Toplantıda dünya və ənənəvi din liderləri, beynəlxalq təşkilatların və dövlət strukturlarının nümayəndələri, ictimai-siyasi xadimlər iştirak etmişlər.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də katibliyin iclasında iştirak etmişdir.

Tədbiri Qazaxıstan parlamenti Senatının sədri Kayrat Mami  açaraq bildirmişdir ki, katibliyin iclası Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə 2003-cü il sentyabrın 23-24-də Astanada keçirilən dünya və ənənəvi din liderlərinin birinci qurultayının 10 illik yubileyi münasibətilə keçirilir. Onun sözlərinə görə Astanada keçirilən qurultaylar dünya birliyi tərəfindən səmərəli dialoq məkanı kimi qiymətləndirilir. O demişdir ki, dünya şöhrətli ictimai-siyasi xadimlər, beynəlxalq ekspertlər, həmçinin Birləşmiş Millətlər Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri Astanada keçirilən qurultayların iştirakçıları olmuşlar.

Katibliyin iclasında DƏDL-in ötən ilin mayında keçirilən dördüncü qurultayının yekunları, katibliyin 2012-ci ilin mayında keçirilən dördüncü qurultayının nəticələri, dinlər və sivilizasiyalar arasında dialoqun inkişafı istiqamətində katibliyin beynəlxalq qurumlarla əməkdaşlığı, katibliyin növbəti iclasının keçirilməsi və digər məsələlər müzakirə edilmişdir.

Şeyxülislam Allahşükür Paşazadə DƏDL qurultayının fondunun yaradılmasını təklif etmişdir. Şeyxülislam demişdir ki, burada çox gözəl təkliflər irəli sürüldü, ancaq maliyyə məsələsi haqqında düşünülmür. Bu məsələ həll edilsə, fondun dəstəyi ilə müxtəlif tədbirlər keçirmək, kitablar çap etmək olar.

Katibliyin növbəti iclasının gələn il sentyabrın 17-18-də keçirilməsi qərara alınmışdır.

 

 

Qulu KƏNGƏRLİ,

AzərTAcn xüsusi müxbiri

Astana

Azərbaycan.-2013.- 26 sentyabr.- S.5.