Xarici işlər naziri Elmar Məmmədyarov

Nyu-Yorkda bir sıra görüşlər keçirmişdir

 

BMT Baş Məclisinin 68-ci sessiyasında iştirak edən Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda  sudanlı həmkarı Əli Əhməd Karti ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə nazir Elmar Məmmədyarov Sudanın Bakıdakı səfirliyinin fəaliyyətinin bərpa edilməsinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyini demişdir.

Əli Əhməd Karti Azərbaycanın Sudanı dəstəklədiyinə və xüsusilə BMT Təhlükəsizlik Şurası çərçivəsində göstərdiyi dəstəyə görə təşəkkürünü bildirmiş, ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində daim Azərbaycanın yanında olacağını qeyd etmişdir.

Sudan dövlətinin Azərbaycan ilə bütün sahələrdə, xüsusən də investisiya yatırımında əməkdaşlığa hazır olduğunu deyən sudanlı nazir azərbaycanlı adamlarından ibarət biznes missiyasının təşviq olunmasını xahiş etmişdir.

Nazir Elmar Məmmədyarov Azərbaycanın da Sudan ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu demişiki ölkə arasında biznes missiyalarının mübadiləsinin həyata keçirilməsini təklif etmişdir.

 

***

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində ATƏT-in baş katibi Lamberto Zanier ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə ATƏT ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Həmçinin  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsinin həlli məsələsi ətrafında fikir mübadiləsi aparılmışdır.

 

***

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində isveçrəli həmkarı Didye Burkhalter ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə iki ölkə arasında münasibətlər müzakirə edilmişdir.

Didye Burkhalter "Trans-Adriatik Pipeline" (TAP) boru kəməri layihəsinin seçilməsi münasibətilə Elmar Məmmədyarovu təbrik etmiş və sözügedən layihənin Avropa ölkələrinin enerji təminatına mühüm töhfə verəcəyini qeyd etmişdir.

Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsinin sülh yolu həlli ilə istiqamətində aparılan danışıqlar prosesi barədə qarşı tərəfə məlumat vermişdir. Problemin həlli üçün ilk növbədə, Ermənistan silahlı qüvvələrinin ölkəmizin işğal olunmuş ərazilərindən çıxarılmasının zəruriliyi vurğulanmışdır.

Həmçinin Didye Burkhalter 2014-cü ildə ölkəsinin ATƏT-ə sədrliyi zamanı qarşıda duracaq prioritet məsələlər barədə məlumat vermişdir.

 

Azərbaycan.-2013.- 26 sentyabr.- S.5.